Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-33/2024 12.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X1, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri yetirmişdir. Belə ki, o, 14 mart 2023-cü il tarixdə saat təxminən 00:45 radələrində ünvan 2 ünvanda yerləşən «Art» otelin qarşısında Zərərçəkmiş şəxs ona yalnız masaj xidməti göstərməsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoymaqla həmin otelin qarşısında sonuncunun ünvanına nalayiq ifadələr işlədərək davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə sonuncunun üz və baş nahiyəsinə yumruqla bir neçə dəfə qəsdən vurub, Zərərçəkmiş şəxs qızma baş-beyin silkələnməsi ilə müşaiyət olunan sağ alın nahiyəsinin hematoması və əzilmiş yarası, üst dodağın içəri səthinin əzilmiş yarası, sol gicgah nahiyəsinin sıyrığı, üst çənədə 5(beş) ədəd dişlərin travmatik sınması ilə nəticələnən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən (10%) az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, heç kəsə xəsarət yetirməmiş, əksinə o xəsarət almış, evinə masaj üçün getdiyi xanımlar ondan pul almağa çalışmışdırlar. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, uşaq vaxtı yıxıldığı üçün başından xəsarət almış və bununla əlaqədar hazırda psixi xəstəliyi vardır. Daha sonra o, iş üzrə heç kəsi tanımadığını bildirərək ifadə verməkdən və sualları cavablandırmaqdan imtina etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, masaj xidməti göstərməklə məşğul olur. xx.xx.2022-ci il tarixində tanımadığı şəxs onun mobil telefonuna zəng edərək ona masaj etdirmək istədiyini bildirmişdir. O, həmin şəxsə masaj etdirmək üçün gələ biləcəyini, lakin onu başqa bir xanımın masaj edəcəyini bildirmişdir. Həmin şəxs onunla razılaşaraq onun kirayə yaşadığı evinə gəlmişdir. Bu vaxt onun evinə gələn həmin şəxs özünü çox normal şəkildə aparmış və burada həmin şəxsə rəfiqəsi Nübar tərəfindən masaj xidməti göstərilmişdir. Nübar həmin şəxsi masaj etdikdən sonra masaj etdiyi şəxsdən xidmət haqqını tələb etmiş, lakin həmin şəxs masaj xidmətinin pulunu ödəməkdən boyun qaçırmışdır. Bundan sonra yaranan mübahisə ilə bağlı o, Nübarın yanına gələrək nə baş verdiyini soruşmuş, Nübar isə ona masaj etdiyi şəxsin ödəniş etməkdən boyun qaçırdığını bildirmişdir. O, masaj etdirən şəxsdən hansı səbəbdən ona göstərilən xidmətin pulunu ödəmədiyini soruşduqda həmin şəxs ona pulunun olmadığını bildirmişdir. O isə həmin şəxsə özünün yaşadığı evdə kirayə qaldığını, ona göstərilən xidmətin pulunu verməməsinin “şərəfsizlik” olduğunu bildərərək ona “nakişi” olduğunu söyləmiş və yaşadığı evin qapısını açaraq çıxıb getməsini tələb etmişdir. Bundan sonra həmin şəxs oradan çıxaraq uzaqlaşmışdır. 13 mart 2023-cü il tarixində onun mobil telefonuna yenidən bir nəfər tanımadığı şəxs zəng edərək ondan masaj xidməti göstərib-göstərmədiyini soruşmuş, o isə masaj xidməti göstərdiyini, lakin hazırda yaşadığı evdə qonaqları olduğunu, evdən kənarda masaj edə biləcəyini bildirmişdir. Bundan sonra telefonda danışdığı həmin şəxs taksi ilə gələrək onu götürmüş və təxminən saat 00:45 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “ART” otelə gətirmişdir. O, bu müddət ərzində həmin şəxsin rəfiqəsi Nübarın göstərdiyi masaj xidmətinin pulunu ödəməyən şəxs olduğunu bilməmiş və onu tanımamışdır. Onlar oteldə yerləşən otaqların birinə keçdikdən sonra adının sonradan Comərd olduğunu öyrəndiyi şəxs ona qarşı “yadındadırmı mən kiməm?”, “mən sənin mənə nakişi dediyin oğlanam” cümlələrini işlətmiş, o yalnız bundan sonra Comərdin həmin şəxs olduğunu xatırlamışdır. Daha sonra Comərd onun üzərinə gələrək onu özüylə intim münasibətdə olmağa məcbur etmiş, lakin o, müştərilərlə intim münasibətə girmədiyini, sadəcə masaj xidməti göstərdiyini bildirirək çantasını götürüb otel otağından çıxmışdır. Bundan sonra Comərd onun arxasınca gəlmiş və onlar birlikdə liftlə aşağı enmişdirlər. Həmin vaxt onlar arasında heç bir mübahisə yaşanmamışdır. Daha sonra Comərd ona yaşadığı evə taksi ilə ötürməyi təklif etmiş, o da Comərdin təklifi ilə razılaşaraq onunla birlikdə oteldən çıxmışdır. Onlar oteldən çıxıb yolu sola dönmüşlər, bu zaman Comərd qabaqda, o isə ondan arxada hərəkət etmişdir. O, başıaşağı şəkildə yolunu getdiyi anda anidən başını qaldırdığı zaman Comərd yumruğu ilə onun alın və üz nahiyəsindən, daha sonra isə dişlərinə vurmuş, həmin vaxt onun dişləri qırılmış, burnu və çənəsi sınmışdır. Hadisə baş verən zaman ətrafda digər şəxslər də olmuş və onun qışqırığını eşidən otelin işçiləri gələrək onları ayırmışdırlar. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 12 aprel 2023-cü il tarixli, 258 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan sağ alın nahiyəsinin hematoması və əzilmiş yarası, üst dodağın içəri səthinin əzilmiş yarası, sol gicgah nahiyəsinin sıyrığı, üst çənədə 5 (beş) ədəd dişlərin travmatik sınması küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən (10%) az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılması nəticəsində törənməsi inkar olunur. (i.v. 30-33) 05 iyun 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilkin verdiyi ifadəni təkrar olaraq Təqsirləndirilən şəxsun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (i.v. 118-121) “Hadisə yerinə baxış keçirilməsi haqqında” 10 iyun 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinin ünvan 2 ünvanda yerləşən “Art” otelin qarşısı olması müəyyən edilmişdir. (i.v. 135-138) “CD diskin baxış keçirilməsi haqqında” 13 iyun 2023-cü il tarixli protokoldan görünür ki, «VİDEO-2023-08-15-14-48-10» adlı görüntü açıldıqda, 00:17 saniyəlil görüntü olması, görüntünün günün qaranlıq vaxtı qeydə alınması müşahidə olunur. Görüntüdə qarşı-qarşıya dayanmış oğlan və bir nəfər qız olması müşahidə edilir və həmin zaman oğlanın ilkin olaraq qarşısında dayanmış qızın baş nahiyəsinə, daha sonra isə üzünə bir neçə dəfə yumruqla zərbələr vurması müşahidə edilir, sonda isə onlar bir qədər kameraların görüntü ala bilmədiyi hissəyə keçirlər və oradan aydın olmasa da, oğlanın həmin qıza qarşı zor tətbiq etməsi müəyyən edilir. (i.v. 140) “Sübutların qiymətləndirilməsi haqqında” 31 iyul 2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 207-216) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni onun Zərərçəkmiş şəxs xəsarət yetirməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Göründüyü kimi xx.xx.2022-ci il tarixində Təqsirləndirilən şəxs ona göstərilən masaj xidmətinin ödənişini etmədiyi üçün Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış və həmin vaxt sonuncu ona qarşı “şərəfsiz” və “nakişi” ifadələrini işlətmişdir. Bundan uzun müddət keçdikdən sonra yəni, 13 mart 2023-cü il tarixində Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs zəng edərək onunla görüşüb birlikdə otelə getmişlər. Oteldə olan zaman Comərd Günay ilə intim münasibətdə olmaq istəmiş, lakin sonuncu bundan imtina etmiş və oradan getmişdir. Onlar həmin binadan çıxdıqdan sonra Comərd Günaya xəsarət yetirmişdir. Yəni göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə görüşən və yolda olan zaman deyil yalnız onunla intim münasibətdə olmaq istəyinə nail ola bilməməsindən sonra sonuncuya xəsarət yetirmişdir. Bundan əlavə Günayın onu təhqir etməsindən təxminən 05 ay sonra hazırki hadisə baş vermişdir. Yəni Təqsirləndirilən şəxs məqsədi Zərərçəkmiş şəxs onun təhqir etdiyi üçün qısas almaq olsaydı, bunu qısa müddət ərzində və ya sonuncu ilə görüşən zaman edə bilərdi. Təqsirləndirilən şəxs öz istəyinə nail olmamasından sonra Zərərçəkmiş şəxs xəsarət yetirməsi onun əməlində xuliqanlıq niyyətinin olnasının göstəricisidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”nın 15-ci bəndinə əsasən, Az ağır zərər vurmanın əlamətlərinə aşağıdakılar aiddir: - həyat üçün təhlükəliliyin olmaması; - Azərbaycan Respublikası CM-in 126-cı maddəsində göstərilmiş və hazırkı «Qaydalar»ın İ fəslində qeyd edilmiş ağır zərər vurmanın əlamət və nəticələrinin olmaması; - sağlamlığın uzun müddət pozulması; - ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsi. Sağlamlığın uzun müddət pozulması Həmin Qaydaların 17-ci bəndinə əsasən, ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10 faizdən 33 faizə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Qaydalarda sağlamlığa az ağır zərər vurmanın ifadə olunduğu xəsarətlər sadalanmasa da, belə zərərə xırda sümüklərin sınığı, kiçik oynaqların çıxığı, müalicəsi 21 gündən artıq davam edən yaralanmalar, nitqin çətinləşməsi, eşitmə və görmə qabiliyyətinin əhəmiyyətli dərəcədə zəifləməsi və.s aid edilir. Cinayət qanunvericiliyində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti həyat və sağlamlıq əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər çıxış edir. Qəsdən sağlamlığa az ağır zərər vurma obyektiv cəhətdən CM-in 127-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərlə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlərin törədilməsi nəticəsində CM-nin 126-cı maddəsində nəzərdə tutulmuş nəticələr mövcud olmamalıdır; ikincisi, belə ictimai təhlükəli nəticə sağlamlığın uzun müddət pozulmasında və ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsində ifadə olunmalıdır; üçüncüsü isə bu əməllə ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmalıdır. Qeyd olunmalıdır ki, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına az ağır zərər vurmada ifadə olunur. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi sağlamlığa zərər vurmaq üçün bəhanə etməklə törədilir. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox hallarda təqsirkarın neqativ davranışı barədə zərərəçkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Əməlin xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Əgər digər motivlər (qisas, qısqanclıq və.s) xuliqanlıq niyyətinin tərkib hissəsi kimi çıxış edirsə, bu zəmində törədilən qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Buna görə də, qəsdən sağlamlığa az ağır zərər vurmada motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın sağlamlığa zərər vurmadan əvvəlki, sağlamlığa zərər vurma prosesində və cinayət törədildikdən sonra hər bir davranışı dərindən təhlil edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 25 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-da Azərbaycan şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 60-61) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli 4(004)-407/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. (i.v. 91-96) Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, 4(004)-407/2023 nömrəli prosessual məcburiyyət tədbirinin tətbiq edilməsinə dair iş materialları 26 may 2023-cü il tarixdə saat 17:45-də məhkəməyə daxil olmuşdur. Təqsirləndirilən şəxs azadlıq hüququ 24 saatdan artıq məhdudlaşdırılmışdır. “Qətimkan tədbiri seçilməsi haqqında” 26 may 2023-cü il tarixli qərardan görünür ki, X4 barəsində “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 97-98) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 08 iyun 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 03 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay 10 gün müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 132-134) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli 1(006)-275/2017 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç ay iyirmi beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Səbail rayon Məhkəməsinin 02 mart 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 4 (dörd) ay 10 (on) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. (i.v. 188-206) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(004)-442/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmiş və onun barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bakı Şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş zərəri tam olaraq ödəmişdir. Buna görə də onunla barışmışdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Barəsində olan cinayət işinə xitam verilməsini tələb etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 xx.xx.2023-cü il tarixli192 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan 18 may 2017-ci il tarixli hökm üzrə məhkumluğu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona qarşı şikayət və tələbin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs münasibətdə CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, yəni zərərçəkmiş şəxsə barışmasını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 may 2023-cü il tarixdən 26 may 2023-cü il tarixədək olan 02 (iki) gün və həbsdə saxlanıldığı 13 sentyabr 2023-cü il tarixdən 12 mart 2024-cü il tarixədək olan 05 (beş) ay 28 (iyirmi səkkiz) gün cəmi 06 (altı) ay müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 65 (altmış beş) saata görə 390 (üç yüz doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı 25 may 2023-cü il tarixdən 26 may 2023-cü il tarixədək olan 02 (iki) gün və həbsdə saxlanıldığı 13 sentyabr 2023-cü il tarixdən 12 mart 2024-cü il tarixədək olan 05 (beş) ay 28 (iyirmi səkkiz) gün cəmi 06 (altı) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə 01 (bir) il ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 65 (altmış beş) saata görə 390 (üç yüz doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-33/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-33/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver