Məhkəmə qərarları › İş №1(004)-332/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-332/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-332/2024 30.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:40 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Zəngilan rayonu, Mincivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu, Mincivan qəsəbə ərazi dairəsi, Mincivan qəsəbəsi, Nəsimi küçəsi, ev 21-də qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi dalan 15 ev 8-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etməklə saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Kubinka” adlanan ərazidən istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 0,292 qram ağ-çəhrayımtıl rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq daşımış, 30 mart 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin PPXB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsində xidmət aparılarkən narkotik vasitə, psixotrop maddələrin istifadəsində və üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlayaraq daşımasında əsaslı şübhələr yarandığından qeyd olunan tarixdə saat 19:30-da həmin küçədə 90 saylı ünvanın qarşısında saxlanılaraq, Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin inzibati binasına aparılmış, Bölmədə onun üzərində aparılmış şəxsi axtarış zamanı təmiz çəkisi 0,292 qram ağ-çəhrayımtıl rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin 1 ədəd siqaretin qızılı rəngli kağız bükümündə onun əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, Zəngilan rayonu, Mincivan qəsəbə ərazi dairəsi, Mincivan qəsəbəsi, Nəsimi küçəsi, ev 21-də qeydiyyatda olmaqla, ünvan 4-də yaşayır. Heç bir psixi dispanserdə qeydiyyatda deyil. Əvvəllər məhkum olunmamış, 5 aydır ki, psixotrop maddələrin istifadəsi ilə məşğuldur. 30 mart 2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Kubinka” deyilən yerdən üzdən tanıdığı, adını bilmədiyi, əvvəllər də psixotrop maddə aldığı şəxsdən 10 manat pul verməklə bir ədəd siqraetin qızılı kağızına bükülmüş psixotrop maddə metamfetamini almış, sonradan istifadə etmək üçün əynindəki qara rəngli idman şalvarının sağ yan cibinə qoyaraq üzərində saxlamış, həmin gün saat 19:30-da ünvan 2 ünvanın qarşısında küçədə piyada olarkən üç nəfər polis xidməti geyim formasında olan post patrul xidməti əməkdaşları ona yaxınlaşaraq üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd təqdim etməyini istəmişlər. O, üzərində psixotrop maddə olduğu üçün həyəcanlanmış, qorxmuş, ona görə də, polis əməkdaşlarından yayınaraq oradan tez uzaqlaşmaq istəmiş, polis əməkdaşları onun hərəkətlərindən şübhələnib onu Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinə dəvət etdikdə o, etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə qeyd etdiyi polis bölməsinə getmişdir. Bölmədə barəsində videçəkilişlə şəxsi axtarış başlanılmış, şəxsi axtarış zamanı üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olubolmaması soruşulmış, bu təklifdən sonra əynində olan qara rəngli idman şalvarının sağ cibinə qoyduğu bir ədəd qızılı rəngli siqaret kağızı bükümünü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümün içərisində olan maddə aşkar edildikdə, həmin maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alıb barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 30 mart 2024-cü il tarixdə saat 19:30 radələrində Yasamal rayon Polis İdarəsinin PPXB-nin polis nəfərləri, polis serjantı Şahid2 və polis serjantı Şahid3 ilə birlikdə Bakı şəhəri, ünvan 3 ünvanının qarşısında bir nəfər kişi cinsindən olan şəxsin onları görən kimi hərəkət istiqamətini dəyişib, yayınmağa çalışmaqla özünü şübhəli apadığını görüb həmin şəxsə yaxınlaşmışlar. Onlar tanımadıqları həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib, onunla bir qədər söhbət etdikdən sonra üzərində şəxsiyyətini təsdiq edən sənədinin olubolmamasını soruşduqda həmin şəxs özünü şübhəli aparmağa davam edərək üzərində şəxsiyyətini təsdiq edən heç bir sənədinin olmadığını bildirmiş, onlardan yayınmağa çalışırmış, ondan yayınmaq istəməsinin səbəbini soruşduqda, həmin şəxs üzərində psixotrop maddə olduğunu bildirmiş, ona görə də, həmin şəxsi Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinə dəvət etmişlər, o, etiraz etməmişdir. Bölmənin növbətçi hissəsi ilə telefon əlaqəsi saxlayıb bir nəfər şübhəli şəxsin tərəflərindən Bölməyə gətirilməsini bildirmişlər. Bundan sonra, tanımadıqları şəxslə birlikdə 26-cı polis bölməsinə getmişlər, müvafiq qaydada həmin şəxsin gətirilməsi ilə bağlı bölmənin rəhbərliyinə raportla məruzə etmişlər. Bölmədə həmin şəxs Təqsirləndirilən şəxs olduğu məlum olmuş. Bölmənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş, onun hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri, 22 saylı Vəkil Bürosundan vəkil dəvət edilmiş, dəvət edilmiş vəkil Təqsirləndirilən şəxs təqdim olunmuş, ona hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarışın keçiriləcəyi bildirilmiş, şəxsi axtarışın keçirilməsində, Təqsirləndirilən şəxs təqdim edilmiş müdafiəçisi, polis serjantları Şahid2 və Şahid3 ilə birlikdə iştirak etmişlər. Şəxsi axtarış başlanıldıqda Təqsirləndirilən şəxs şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmiş, sonuncu da bununla bağlı heç bir etirazının olmadığını qeyd etmiş, şəxsi axtarış zamanı ilk öncə ona üzərində, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü surətdə təqdim etməsi bildirilmiş, həmin təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümünü çıxarıb otaqda olan stolun üzərinə qoymuş, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olduğu soruşulduqda, o, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni 30 mart 2024-cü il tarixdə saat 19 radələrində, Bakı şəhəri, Nəsimi rayonu ərazisindəki, «Kubinka» deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən 10 manata aldığını, şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölməsinin polis nəfəri Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi halları və faktları təsdiq etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki o da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi halları və faktları təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdə (saat 19:30 dəqiqədən) Yasamal Rayon Polis İdarəsinin 26-cı PŞ-nin təhqiqatçısı polis polkovnik-leytenantı X5 tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 16). “Şəxsi axtarış və götürmə aparılması” haqqında 30 mart 2024-cü il tarixli protokoldan görünür ki, 30 mart 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı Məlik Məlikov tərəfindən tərtib edilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etməsi, həmin bükümün içində metamfetamin olduğunu, özü istifadə etmək məqsədi ilə 30 mart 2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisindəki “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən 10 manat verməklə aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirməsi, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin kütlənin təhqiqatçı tərəfindən qablaşdırılıb üzərinin möhürlənərək iştirakçılar tərəfindən imzalanması görünür.Həmçinin, göstərilən şəxsi axtarış və götürmə aparılarkən videoçəkilişdən istifadə edilməklə gürüntülər 01 ədəd elektron məlumat daşıyıcısına köçürülüb protokola əlavə edilmişdir. (İ/V. 28-29). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı, 30 mart 2024 -cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1748 nömrəli ekspertiza rəyinə əsasən müəyyən olmuşdur ki, Tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan DİN Arayışlar üçün N° 170» dairəvi möhür əksləri olan, «...Şübhəli şəxs 1. «imza» Təqsirləndirilən şəxs...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,292 qram olan ağ-çəhrayımtıl rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. (İ/V. 35-39). “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri Elman Süleymanov tərəfindən vəsatətin müdafiə edilməsində imtina edilməsi, Təqsirləndirilən şəxs Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilməsi və başqa qətimkan tədbiri seçilməsinin təmin edilməsi qərara alınmışdır. (İ/V. 66-67). “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (İ/V. 68-69). İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır.(İ/v 96). Məhkəmə ambulator məcburi-narkoloji ekspertizasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsin Ambulator Məcburi- X3 xx.xx.2024-cü il tarixli, 2406 nömrəli rəyinə əsasən müəyyən olmuşdur ki, rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ/V. 97-98) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. (İ/V. 100) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0, 0,292 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunduğu yerə, vaxtına və digər xüsusiyyətlərinə görə iş üzrə maddi sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, məhkəmə kimyəvi ekspertizası tədqiqatına 0,05 qram çəkidə hissəsi sərf edildikdən sonra qalıq çəkisi 0,242 qram təşkil edən həmin psixotrop maddələrin metamfetamin saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin “maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Eləcə də, Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış keçirilmə və götürmə” istintaq hətəkətinin aparılmasına dair videogörüntünü özündə əks etdirən 1 ədəd “DVD" diskə iş üzrə madi sübut kimi qiymətləndirilmişdir. (İ/V. 101-107). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD disk və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Psixotrop maddələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən psixotrop maddələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla psixotrop maddələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, psixotrop maddələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan psixotrop maddələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən psixotrop maddələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir psixotrop maddənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan psixotrop maddələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşman olmasını, himayəsində iki azyaşlı üşağının olmasını onun vəziyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,242 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından vəkili X2 vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-332/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 30 (otuz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (saatlarla hesablanmaqla) sübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 4 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,242 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar