Məhkəmə qərarları › İş №1(004)-333/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-333/2023

22.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-333/2023 22.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:15 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, zərərçəkmiş şəxsin hüquqi varisi X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla ehtiyyatsızlıqdan zərərçəkmiş şəxin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 26 avqust 2022-ci il tarixdə saat 23:30 radələrində AD081253 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə baş etibarnamə əsasında idarə etdiyi X1 adına olan «Mersedes Benz 500 minik» markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi ilə saatda 40 km saat sürətlə hərəkətdə olan zaman 50 saylı ünvanın qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyərək, yol hərəkəti qaydalarını pozmaqla yolu sağdan sola doğru keçən piyada Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə vuraraq ehtiyyatsızlıqdan piyada Zərərçəkmiş şəxs ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağr zərər vurmanın əlamətlərinə malik, ölümün baş vermə səbəbi ilə bilavasitə əlaqəli qaraciyərin cırılması, sağ körpücük, sol kürək, sağ ön qoltuqaltı xətt üzrə İV qabırğa, solda isə orta körpücük xətt üzrə İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİ, sol fəqərəyanı xətt üzrə İX qabırğaların sınıqları küt, bədənin çoxsaylı sıyrıq, qançır və səthi əzilmiş yaraları ilə nəticələnən bədən xəsarətləri yetirmiş, 14 sentyabr 2023-cü il tarixdə saat 07:25 radələrində müalicə aldığı X17 almış olduğu travma nəticəsində qaraciyərin cırılmasından xeyli qanitirmə ilə əlaqədar ona çoxlu miqdarda qan və qanəvəzedicilər köçürülməsi və böyrək çatışmazlığı ilə əlaqədar döş və qarın boşluğuna həddindən artıq meyinin yığılması və döş boşluğuna yığılmış mayenin ürəyi və ağciyərləri sıxması nəticəsində baş vermiş, ürək-ağciyər çatışmazlığından ölmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 26 avqust 2022-ci il tarixdə saat 23:30 radələrində Z.Əhmədbəyov küçəsi ilə Tbilisi prospekti istiqamətinə sağdan 1-ci və 2ci zolağın təxminən ortası ilə saatda 40 km surətlə hərəkət edirmiş. Bir qədər getdikdən sonra 50 saylı evin qarşısında təxminən 10-12 metr məsafədən yolu sağdan-sola keçən piyadanı görmüşdür. Məsafə çox az olduğundan o, avtomobili saxlamaq istəmişdir, lakin dayana bilməyərək avtomobilin sağ qabaq bamperi ilə həmin piyadanı vurmuşdur. Avtomobili saxladıqdan sonra dərhal enib, həmin kişi piyadanı avtomobilinə əyləşdirib xəstəxanaya aparmışdır. Bu vaxt orada olan şəxslərdən biri, təxminən 28-30 yaşlarında oan tanımadığı bir oğlan da onlarla gəlmişdir. Yolda xəsarət yetirdiyi şəxsdən onun adını soruşduqda həmin şəxs özünü Zərərçəkmiş şəxs kimi təqdim etmiş və bildirmişdir ki, atası ölüb, anası da uzun illər əvvəl ondan imtina edərək Türkiyə Respublikasına köçmüşdür, digər qohumları ilə hər hansı yaxın münasibəti yoxdur. Xəstəxanada həmin şəxsi reanimasiyaya yerləşdirmişlər, xəstəxanada üzərindən aşkar edilən şəxsiyyət vəsiqəsindən də həmin şəxsin xx.xx.1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs olduğu müəyyən edilmişdir və 14 sentyabr 2022-ci il tarixədək reanimasiyada qalmışdır. Həmin günlər ərzində o, hər gün xəstəxanaya getmiş, həkimlərdən Zərərçəkmiş şəxs barədə maraqlanmışdır.Həkimlər ona bildirirmişlər ki, vəziyyəti ağır olaraq qalır, hər hansı qohumu onun barəsində maraqlanmamışlar. 14 sentyabr 2022-ci il tarixdə xəstəxanadan ona məlumat vermişlər ki, Zərərçəkmiş şəxs xəstəxanada ölmüşdur. Zərərçəkmiş şəxsnın hər hansı bir yaxın qohumu müəyyən olunmadığından adət-ənənəyə uyğun olaraq o, xəstəxanaya gedərək mərhumun dəfn işlərini və ona yas mərasimi təşkil etmiş, dəfndən sonra qısa müddət ərzində mərhuma məzar daşı düzəltdirmişdir. Sonradan Zərərçəkmiş şəxsnın qohumu qismində onunla əlaqə saxlayan Gülzədə Babayeva ilə görüşduyunu ona Zərərçəkmiş şəxs dəfn olunduğu yeri, onun məzarını göstərdiyini, mərhuma onların həyətində yas mərasimi keçirdiyini həmin şəxsin isə hazırda ondan razılıq etdiyini, şikayətçi olmadıqlarını bildirməsini qeyd etmişdir. İfadəsinin sonunda o, törətdiyi əməldən səmimi peşman olmasını, ehtiyatsızlıqdan baş vermiş cinayət hadisəsində öz təqsirini dərk etdiyini, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayət və tələbinin olmadığını nəzərə alaraq ona daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 2018-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaqla, hazırda 22 saylı Vəkil Bürosunun müdiri vəzifəsində çalışır. 15 may 2023-cü il tarixdə istintaq orqanının qərarına əsasən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə mərhum - Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. İstintaq zamanı ona məlum olmuşdur ki, 26 avqust 2022-ci il tarixdə saat 23:30 radələrində Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi «Mersedes Benz 500 minik» markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi 50 ünvanının qarşısında piyada Zərərçəkmiş şəxs vurması və xx.xx.2022-ci il tarixdə sonuncunun müalicə aldığı X17 ölmüşdür. Həmin fakt üzrə 14 sentyabr 2022-ci il tarixdə cinayət işi başlanılmışdır.Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxsnın adət-ənənəyə uyğun olaraq dəfn edilməsini təşkil etməsinə, ona yas mərasimi təşkil etməsinə və məzar daşı düzəltdirməsini nəzərə alaraq hazırda ondan tələb və şikayəti yoxdur. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, iş üzrə zərərçəkmiş şəxs olan mərhum Zərərçəkmiş şəxs onun quhumudur, Zərərçəkmiş şəxs üç yaşı olanda anası onu atıb getmişdir, mərhumu o, saxlayıb böyütmüşdür. Zərərçəkmiş Zərərçəkmiş şəxs atası dünyasını dəyəşmişdir, anası X6 isə 20 ildən çoxdur ki, ölkədən çıxıb getmiş, hal-hazıradək onlarla heç bir əlaqə yaratmamış, ölü ya da diri olmasını da bilmirlər. Zərərçəkmiş şəxs yas mərasimi Təqsirləndirilən şəxs tərəfindən onların həyətində təşkil edilərək keçirilmişdir. Təqsirləndirilən şəxsdən şikayət və tələbləri yoxdur. Ona görə ki, o əlindən gələn bütün yardımı göstərmişdir, mərhumu avtomobillə vurduqdan sonra xəstəxanaya aparmışdır, mərhumun dəfnini təşkil etmişdir, ona yas mərasimi keçirmişdir və baş daşı düzəltdirmişdir. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs onun qohumudur. O da digər şahid - X3 eyni ifadəni verərək bildirmişdir ki, zərərçəkmişin yas mərasimi onların həyətində keçirilmişdir. Təqsirləndirilən şəxsdən şikayət və tələbləri yoxdur. Ona görə ki, o əlindən gələn bütün yardımı göstərmişdir, yas mərasiminin keçirilməsinə və qəbrin üzərində baş daşı qoydurmağa maddi köməklik etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2022ci il tarixli «baxış aparılması haqqında» protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanın qarşısında yerləşir. Yol 4 hərəkət zolağından ibarət olmaqla ümumi eni 12 metr təşkil edir, hərəkətə başlayandan 4,8 metr, səkinin kənarından isə vurulmaya qədər 2,6 metr məsafə qət etmişdir. (cild 01, iş vər. 5-9). İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2022ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2022-ci il tarixdə saat 23:30 radələrində Z.Əhmədbəyov küçəsi ilə Tbilisi prospekti istiqamətinə sağdan 1-ci və 2-ci zolağın təxminən ortası ilə saatda 40 km surətlə hərəkət etdiyini bir qədər getdikdən sonra 50 saylı evin qarşısında təxminən 10-12 metr məsafədən yolu sağdan-sola keçən piyadanı gördüyünü bildirir. Məsafə çox az olduğundan o, avtomobili saxlamaq istəmişdir. Lakin dayana bilməyərək avtomobilin ön qabaq bamperi ilə həmin piyadanı vurduğunu bildirir. (cild 01, iş vər. 72-73). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protoklda qeyd olunanlar öz təsdiqini tapmışdır. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 2/28550 nömrəli «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktından görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. (cild 01, iş vər. 10). İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmətibb ekspertizasının 922 nömrəli 12 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, körpücük sümüklərinin, sol kürək və sağda İV, solda İİİ- V-Vİ=Vİİ- Vİİİ-İX qabırğaların sınıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Vətəndaş Zərərçəkmiş şəxs xəstəxanada müayinəsi zamanı və onun meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edildi: qaraciyərin cırılması, sağ körpücük, sol kürək, sağ ön qoltuqaltı xətt üzrə İV qabırğa, solda isə orta körpücük xətt üzrə İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİ, sol fəqərəyam xətt üzrə İX qabırğaların sınıqları küt, bədənin çoxsaylı sıyrıq, qançır və səthi əzilmiş yaraları. Bu xəsarətlər həyati olub, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, belə ki, qərarda qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərdi, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə, canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağr zərər vurmanın əlamətlərinə malikdir, ölümün baş vermə səbəbi ilə bilavasitə əlaqəlidir. Vətəndaş Zərərçəkmiş şəxs ölümünə səbəb - almış olduğu travma nəticəsində qaraciyərin cırılmasından xeyli qanitirmə ilə əlaqədar ona çoxlu miqdarda qan və qanəvəzedicilər köçürülməsi və böyrək çatışmazlığı ilə əlaqədar döş və qarm boşluğuna həddindən artıq meyinin yığılması və döş boşluğuna yığılmış mayenin ürəyi və ağciyərləri sıxması nəticəsində baş vermiş - ürək-ağciyər çatışmazlığı olmuşdur. Ölüm «X21» publik hüquqi şəxsində xx.xx.2022-ci il tarixdə saat 07:25-də baş vermişdir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi də təsdiq edir. Vətəndaş Zərərçəkmiş şəxs meyidindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində narkotik maddələr aşkar edilməmişdir. (cild 01, iş vər. 42-48). İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmətibb ekspertizasının 109 nömrəli 14 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, «X21» publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixdə tərtib etdiyi 12021 saylı xəstəlik tarixinin kserosurətində qeyd edilir ki, vət. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 00:36-da «Müştərək travma. Qapalı kəllə beyin travması. Döş qəfəsinin küt travması. Sağdan İV, soldan 3,5,6,7,8-ci qabırğaların sınığı. Hemotoraks. Sağ və sol körpücüyün sınığı, sol kürək sümüyünün sınığı Qarının qapalı küt travması. Qaraciyərin sol payının cırılması. Daxili qanaxma. Sol ağ ciyərin aşağı payının bronx obsetuksiyası. Atelektaz. Hər iki ağ ciyərin əzilməsi. Kəskin böyrək çatışmazlığı. Kəskin tənəffüs çatışmazlığı» diaqnozu ilə xəstəxanaya daxil olmuşdur, qaraciyərin cırılması əməliyyatı aparılmışdır. Aparılan reanimasiyon tədbirlərə baxmayaraq o, xx.xx.2022-ci il tarixdə saat 07:25-də xəstəxanada vəfat etmişdir. (cild 1, səh. 94). İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 09 yanvar 2023-cü il tarixli 8/3463 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən «Mersedes Benz 500 minik» markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Ekspertiza tədqiqinin dəyəri 85 manat təşkil edir (cild 1, iş vər. 59-62). İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 04 may 2023-cü il tarixli 8/1185 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən «Mersedes Benz 500 minik» markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqinin dəyəri 85 manat təşkil edir (cild 1, iş vər. 81-84). İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Yasamal RPİ-nin DYPŞ-in xx.xx.2023-cü il tarixli 3-13-53/2-220090593 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə AD081253 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. (cild 1, iş vər. 70-71). İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Yasamal Rayon Polis İdarəsinin 30 aprel 2023-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində mərhum Zərərçəkmiş şəxs anası Abice (Babazadə) Sevda Seyidağa qızının Türkiyyə Respublikasına köçməsi səbəbindən sonuncunun istintaq orqanına gəlməsinin təmin edilməsi mümkün olmamışdır. Həmçinin, əməliyyat tədbirləri baxmayaraq Zərərçəkmiş şəxs yaxın qohumları və ya qohumluq münasibətində olan şəxslərin müəyyən edilməsi mümkün olmamışdır. (cild 1, səh. 80). İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş 30 aprel 2023-cü il tarixli Azərbaycan Respublikası DİN-in “Elektron sənəd dövriyyəsi” sistemindən əldə edilmiş qeydiyyat məlumatından görünür ki, Abice (Babazadə) Sevda Seyidağa qızı xx.xx.2011-ci il tarixdə Heydər Əliyev adına X8 çıxış edərək Türkiyyə Respublikasına keçid etmişdir və orada qeri qayıtması ilə bağlı məlumat yoxdur. (cild 1, səh. 58). İş materiallarında olan “Zərərçəkmiş şəxsin hüquqi varisi təyin edilməsi haqqında” 16 may 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə 22 saylı Vəkil Bürosundan dəvət edilmiş vəkil X9 mərhum Zərərçəkmiş şəxs hüquqi varisi qismində təyin edilmişdir. (cild 1, səh. 48). Zərərçəkmiş şəxsin hüquqi varisi X5 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin hüquqi varisinin iş materiallarında olan ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, maddi sübut kimi cinayət işində olan DVD disk, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—ki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1- ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir Məhkəmə, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə uyğun olaraq cinayətin törədilməsindən bilavasitə sonra Zərərçəkmiş şəxs tibbi yardım göstərilməsi üçün onu dərhal tibb müəssisəsinə aparması, eləcə də zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmaması və məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində və nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 170 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməli, cinayət işi üzrə maddi sübut kimi tanınmış -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, «Mersedes Benz 500 minik» markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X7 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347- 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin ona 01 (bir) il 06 (altı) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “Mersedes Benz 500 minik” markalı **- SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə yol nəqliyyat hadisəsi ekspertizalarının keçirilməsinə xərclənmiş 170 (yüz yetmiş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət nəfinə köçürülsün. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar