Məhkəmə qərarları › İş №1(004)-334/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-334/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-334/2023 27.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs iştirakları ilə, 10 avqust 2005-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-cü maddəsi ilə məhkum olunmuş, Abşeron rayonu Xırdalan şəhəri Masazır qəsəbəsi yeni məhlələrdə yaşayan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİyə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını cibindən gizli olaraq talayıb zərərçəkmiş şəxslərə ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 06 fevral 2023-cü il tarixdə saat 06:55 radələrində Bakı şəһəri Binəqədi rayonu Çiçək qəsəbəsi ünvanı yaxınlığında yerləşən dayanacağa gəlmiş, həmin vaxt dayanacaqda dayanıb şəhərdaxili avtobus gözləyən Zərərçəkmiş şəxs2 əynində gödəkçənin sağ yan cibində olan sonuncuya məxsus 250 manat dəyərində içərisində 070 *** ** ** və 051 *** ** ** saylı mobil nömrələr olan bir ədəd Samsung Galaxy A 50 markalı mobil telefonu gizli yolla oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 250 (iki yüz əlli) manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 23 fevral 2023-cü il tarixdə saat 09:00 radələrində ünvan 2 ünvanda yerləşən dayanacağa gəlmiş, həmin vaxt dayanacaqda dayanıb şəhərdaxili avtobus gözləyən Zərərçəkmiş şəxs1 əynində gödəkçənin sağ yan cibində olan sonuncuya məxsus 300 manat dəyərində içərisində 077 *** ** ** saylı mobil nömrələr olan bir ədəd Xiaomi Poco M 53 markalı mobil telefon, həmin telefonun arxasında telefon qabının içərisində olan 100 manat nağd pulu və həmin telefonun üzərində olan 5 manat dəyərində telefon qabını gizli yolla oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 405 (dörd yüz beş) manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Azərbaycan dilinin latın qrafikalı əlifbası ilə sərbəst şəkildə yazıb oxumağı bacarır. Fiziki və psixi cəhətdən sağlamdır, heç bir dispanserdə qeydiyyatda durmur. O, verilən sualları başa düşüb cavab vermək iqtidarındadır. İfadəsinin alınmasında mütəxəssisin iştirakına ehtiyacı yoxdur. İfadəsində bildirmişdir ki, pulsuzluqdan oğurluq edir və əvvəllər oğurluğa görə məhkum olunmuşdur. Qeyd edir ki, 06 fevral 2023-cü il tarixdə səhər saat 06:50 radələrində Bakı şəhəri Binəqədi rayonu Çiçək qəsəbəsi yaxınlığında yerləşən avtobus dayanacağına gəlmişdir. Bir qədər orada dayanmış və görmüşdür ki, sıxlıqdır və hamı bir-bir avtobusa minir. Adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 orada dayanıb əlində telefona baxırdı. O, Vüsalı izləmiş və kənardan müşahidə etmişdir. Görmüşdür ki, Vüsal telefona baxdıqdan sonra telefonu gödəkçənin sağ yan cibinə qoymuşdur. Vüsal avtobusa minən zaman o, sıxlıqdan istifadə edib Vüsalın cibində olan həmin telefonu gizli olaraq oğurlamış və oranı tərk etmişdir. Vüsalın isə xəbəri olmadan avtobusa minmişdir. Bundan başqa xx.xx.2023cü il tarixdə səhər saat 09:00 radələrində oğurluq və cibgirlik etmək məqsədi ilə Şamaxinka adlanan ərazidə, yəni Moskva prospekti 75 ünvanının qarşısında yerləşən avtobus dayanacağına gəlmişdir. Bir qədər orada dayanmış və görmüşdür ki, bir nəfər qız, adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 orada dayanıb əlində telefona baxır. O, Fatiməni izləmiş və kənardan müşahidə etmişdir. Görmüşdür ki, Fatimə telefona baxdıqdan sonra telefonu gödəkçənin sağ yan cibinə qoymuşdur. Fatimə avtobusa minən zaman o, sıxlıqdan istəfadə edib Fatimənin cibində olan həmin telefonu gizli olaraq oğurlamış və oranı tərk etmişdir. Fatimə isə xəbəri olmadan çıxıb getmişdir. O, həmin telefonu satmamış və düşünmüşdür ki, bir neçə gün gözləsin və sonra satar. Lakin sonradan polislər tərəfindən saxlanılmış və polis şöbəsində telefonu araşdırmaya təqdim etmişdir. Özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, təzəliklə 18 yaşına çatmasını və zərərçəkmiş şəxslərdən birinə dəymiş ziyanın ödənilməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyi, CD diskdə video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 06:55 radələrində evdən işə gedərkən 2 saylı avtobusda olarkən özünə məxsus Samsung A 50 markalı dəyəri 250 manat olan mobil telefonunun naməlum şəxs tərəfindən naməlum şəraitdə oğurlandığını aşkar etmişdir. Həmin mobil telefonumun üzərində *** *** ** **, *** *** ** **, İMEİ kodu 356 666 100 268 106 və 356 645 100 268 103 idi. Oğurlanan telefonu 3 il əvvəl 680 manata almışdır. Hazırda telefonun orta bazar qiyməti 250 manat təşkil edir. Ona məxsus mobil telefonun içərisində olan 070 *** ** ** və 051 *** ** ** saylı mobil nömrələr telefonu alarkən üzərində hədiyyə olunmuşdur. Daha sonra o, məhkəməyə təqdim etdiyi ərizədə ona dəymiş ziyanın tamamilə ödənilməsini, Təqsirləndirilən şəxs qarşı heç bir tələbinin, şikayətinin və mülki iddiasının olmamasını və onunla barışmasını göstərmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 09:00 radələrində 142 saylı marşrut avtobusundan Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 75 ünvanının qarşısında düşmüşdür. Orada telefonunda saata baxıb digər marşrutu gözləyirdi. O, özünə məxsus olan Xiami Poco M 3 markalı mobil telefonunu əynimdəki gödəkçənin sağ yan cibinə qoyub dayanmışdır. Həmin vaxt 1 nəfər orta yaşlı qadın qarşısında dayanaraq marşrut avtobusunun gec gəlməsinə aqressiv halda öz narazılığını gileylənərək bildirdi. Bundan sonra onun minəcəyi 199 sayılı marşrut avtobusu gəlmişdir. O, avtobusa minmiş və avtobusa hərəkətə başlayanda telefonunu cibindən götürmək istəyən zaman cibində olmadığını aşkar etmişdir. O, növbəti dayanacaqda avtobusdan düşmüşdür. Çantalarının içərisini axtarıb tapa bilməmişdir. Daha sonra tanımadığı şəxsdən telefonunu istəyərək öz nömrəsinə zəng vurmuşdur. Telefonu çağırsa da lakin telefonuna cavab verilməmişdir. Yenidən avtobusa mindiyi dayanacağa qayıtmışdır. Orada da ətrafa baxmış, lakin telefonunu tapa bilməmişdir. Telefonunun cibindən oğurlandığını zənn etmişdir. Həmin telefonunun dəyəri 300 manat idi və telefonun qabında arxa hissədə 100 manatlıq pul əskinası var idi. Telefonunun qabı isə 5 manat təşkil edirdi. Ümumilikdə ona 405 (dörd yüz beş) manat maddi ziyan dəymişdir. Ona məxsus mobil telefonun içərisində olan 077 345 85 15 saylı mobil nömrə telefonu alarkən üzərində hədiyyə olunmuşdur. Cinayət işinin 129-136-cı vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd CD disk və 01 ədəd “Xiaomi Poco M 53” markalı mobil telefon maddi sübut kimi tanınmışdır. Mobil telefon aparatı saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 təhvil verilmiş, CD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 110-112-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2023-cü il tarixli 9/3570 nömrəli rəydə göstərilmişdir ki, 01 ədəd “Xiaomi Poco M3” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 200,00 (iki yüz) manat müəyyən edilir. Cinayət işinin 111-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri - 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.5, 181.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddəti 01 oktyabr 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən, həmçinin məhkəmə hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki Təqsirləndirilən şəxs avtobusa sərnişin qismində minmək istəyərkən Zərərçəkmiş şəxs2 yaxınlaşaraq gödəkçəsinin sağ cibindən bir telefonu gizli yolla oğurlayaraq hadisə yerini tərk edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını cibindən gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyi, CD diskdə olan video görüntülərlə və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrinə əsasən oğurluq, yəni zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndinə əsasən ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, cinayət əməllərini törədərkən yetkinlik yaşına çatmadığını və zərərçəkmiş şəxslərdən birinə dəymiş ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə məhkəmə hesab edir ki, hazırkı iş üzrə cinayət əməli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törədildiyi müəyyən olunduğundan, həmin hökm ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) günə 01 (bir) gün hesablanaraq, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və hazırki hökmlə ona təyin edilmiş cəza ilə həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən 03 yanvar 2023-cü il tarixdən 05 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına barabər tutularaq hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə ki, “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008ci il tarixli Qərarının 21-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 55 və 85-ci maddələrinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən, hökm çıxarılanadək 18 yaşı tamam olmayan şəxslər ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələrinə yerləşdirilirlər. Bu zaman yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş yetkinlik yaşına çatmayan oğlanlar isə cəzalarını möhkəm rejimli tərbiyə müəssisələrində çəkməlidirlər. Yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət (o cümlədən xüsusilə ağır cinayət) törətmiş şəxs hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ehtiyatsızlıqdan cinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildikdə isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli hazırki hökmün çıxarıldlığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd “Xiaomi Poco M 53” markalı mobil telefon aparatı saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 verildiyindən onun istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 67 saata görə 402 (dörd yüz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) günə 01 (bir) gün hesablanaraq, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və hazırki hökmlə ona təyin edilmiş cəza ilə həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən 03 yanvar 2023-cü il tarixdən 05 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına barabər tutularaq, hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 27 sentyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə digər maddi sübut olan “Xiaomi Poco M 53” markalı mobil telefon aparatı saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 verildiyindən onun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna məhkəmədə iştirak etdiyi 67 saata görə 402 (dörd yüz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar