Məhkəmə qərarları › İş №1(004)-335/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-335/2021

25.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-335/2021 25.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X6 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Xəzər Rayon Məhkəməsinin 28.02.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum edilməklə həmin cəzanın hazıradək 1250 (bir min iki yüz əlli) manat hissəsi çəkilməmiş qalan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 07 may 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Yasamal rayonu “Şamaxinka” adlandırılan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,181 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlamaqla daşımış, 07 may 2021-ci il tarixdə saat 19:50 dəqiqədə Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq şöbənin inzibati binasına gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,181 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilib götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə aludəçisidir, narkotik vasitə olan heroini yandırıb tüstüsünü nəfəsinə çəkməklə qəbul etmişdir. Bədənində ağrılar olduğundan o, özünün istifadəsi üçün narkotik vasitə olan heroin almaq məqsədilə 07 may 2021-ci il tarixdə səhər radələrində Bakı şəhəri Yasamal rayonu “Şamaxinka” adlandırılan əraziyə getmiş və yol kənarında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsə yaxınlaşıb narkotik vasitə olan heroini olub-olmamasını soruşmuşdur. Həmin şəxs onda narkotik vasitə olan heroin olduğunu bildirdikdən sonra 20 manat pul verib şəxsi istifadəsi üçün bir ədəd bükümdə narkotik vasitə heroini satın almış və əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxlayaraq oradan uzaqlaşmışdır. Daha sonra əldə etdiyi narkotik vasitəni axşam radələrində qəbul etməyi qərara almışdır. Həmin gün, yəni 07 may 2021-ci il tarixdə saat 19:50 radələrində o, Yasamal rayonu D.Bünyadzadə küçəsi 12 saylı ünvanın qarşısında olanda ona iki nəfər mülki geyimli şəxs yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra polis əməkdaşları ondan kim olduğunu soruşmuş və şəxsiyyət vəsiqəsini təqdim etməyi xahiş etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu və üzərində heç bir sənədin olmadığını demişdir. Sonra həmin polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz əldə edilməsində və istifadəsində şübhəli olduğunu bildirib onu Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər. O, etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nə gəlmişdir. Polis şöbəsində ona üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Daha sonra təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşları, ona təqdim edilmiş vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər. Bu zaman ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsini təklif etmişlər. O, da 07.05.2021-ci il tarixdə “Şamaxinka” adlanan ərazidən əldə etdiyi və əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümdəki qəhvəyi rəngli tozşəkilli maddə olan heroini çıxarıb masanın üzərinə qoymuşdur. Təqdim etdiyi büküm polis əməkdaşı tərəfindən açılaraq içərisinə baxış keçirilmiş və o, baxış zamanı bükümün içərisində olan maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni Şamaxinka adlanan ərazidə üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını etiraf etmişdir. Aşkar edilən narkotik vasitə heroin zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, o vəkilin və polis əməkdaşlarının iştirakları ilə tərtib edilmiş protokolu və zərfi imzalamışdır. Daha sonra isə onun izahatı alınmışdır. Göstərilənlərlə yanaşı Təqsirləndirilən şəxs son sözündə hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsi nəzərə alınaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 29-cu PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 07 may 2021-ci il tarixdə xidmət etdiyi Yasamal RPİ-nin 29-cu PŞ-nə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə dərhal onun tərəfindən raportla şöbənin rəisinə məruzə edilərək məlumatın təxirə salınmadan yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün ondan və şöbənin əməliyyat müvəkkili X2 ibarət əməliyyat qrupu yaradılmaqla təxirəsalınmaz tədbirlərin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul edilmiş, əməliyyat qrupuna rəhbərlik isə ona həvalə edilmişdir. 07.05.2021-ci il tarixdə saat 19:50 radələrində əməliyyat qrupunun üzvü Şahin Atakişiyevlə birlikdə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Təqsirləndirilən şəxs ünvan 4 ünvanın qarşısında aşkar edilərək saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs saxlayarkən özlərini ona təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatlarının olduğunu bildirib ondan Yasamal RPİnin 29-cu PŞ-nə gəlməsini təklif etmişlər. Təqsirləndirilən şəxs təkliflə razılaşıb onlarla birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nə gəlmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilməsi barədə dərhal raport əsasında şöbənin rəisinə məruzə edilmiş və zəruri təhqiqat hərəkətlərinin keçirilməsi şöbənin təhqiqatçısı Tural Mahmudova həvalə olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona müdafiəçi seçmək hüququnu izah edərək vəkillərin siyahısını təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim edilən siyahıdan istənilən vəkilin onun hüquqlarını müdafiə etməsinə etiraz etmədiyini bildirmişdir. Bu səbəbdən qərar əsasında Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi1 dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs 07.05.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, bundan sonra videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa, könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs özü əynindəki qara rəngli cins şalvarının sağ yan cibində olan siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümü könüllü olaraq təqdim edib içərisindəki maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini 07.05.2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu «Şamaxinka» adlanan ərazidə üzdən tanıdığı şəxsdən özünün istifadəsi üçün 20 manata aldığını, əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığını bildirmişdir. Həmin bükülü açıldıqda içərisində narkotik maddə hesab olunan heroinə oxşar maddə aşkar edilmişdir. Daha sonra keçirilmiş şəxsi axtarışla bağlı təhqiqatçı tərəfindən müvafiq protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs aşkar olunmuş həmin maddə zərfə qoyularaq möhürlənmişdir. O, da şəxsi axtarışda iştirak edərək bütün iştirakçılar kimi həmin protokolun düzgünlüyünü öz imzası ilə təsdiq etmişdir. Həmçinin şəxsi axtarış və götürmə aparılarkən «Samsung» markalı telefon vasitəsilə video çəkiliş aparılıb qeydə alınmış görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 29-cu PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili X5 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, protokollarla və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan 07 may 2021-ci il tarixli raportlar, əmr, protokol və qərardan müəyyən edilir ki, həmin tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 şöbənin rəisi Ayxan Bağırova müraciət edərək ünvan 5 ünvanında qeydiyyatda olan xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatının daxil olmasını bildirib, daxil olmuş məlumatın yoxlanılması və sonuncunun cinayət əməllərinin ifşa olunması üçün əməliyyat qrupu yaradılmaqla müvafiq tədbirlərin keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. Şöbə rəisi Ayxan Bağırov tərəfindən əməliyyat qrupunun təşkil edilməsi, qrupun tərkibinə şöbənin əməliyyat müvəkkilləri Şahid1 və Şahin Atakişiyev daxil edilməklə, qrupa rəhbərliyin əməliyat müvəkkili Şahid1 həvalə edilməsinə dair Ə16-095-21 nömrəli əmr verilmişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 tərəfindən müvafiq əməliyyat tədbirlərinin keçirilməsi və keçirilmiş tədbirlər barədə 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar şöbə rəisi Ayxan Bağırov tərəfindən təsdiq edilmişdir. Üzərində 07 may 2021ci il tarixli 1782 nömrəli daxil olma ştampı olan, əməliyyat müvəkkilləri Şahid1 və Şahin Atakişiyev tərəfindən tərtib edilmiş raportdan müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz əldə olunması və istifadəsində şübhəli olan Təqsirləndirilən şəxs 07 may 2021-ci il tarixdə saat 19:50 radələrində Yasamal rayonu, D.Bünyadzadə küçəsi 12 ünvanının qarşısında saxlanılaraq 29-cu PŞ-nə gətirilmişdir. Cəfərov X8 RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı Tural Mahmudov tərəfindən ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 07 may 2021ci il tarixli protokoldan müəyyən edilir ki, narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanılmasında və istifadə edilməsində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürülmə aparılmazdan əvvəl ona üzərində olan hər hansı qanunsuz əşyanı təqdim etməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülünü çıxararaq təqdim etmiş, həmin bükülü açılan zaman içərisində narkotik vasitə olan heroinə oxşar maddə aşkar edilərək götürülmüş, zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 169 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı digər qanunsuz əşya aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə aparılarkən “Samsung” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmaqla diskə köçürülmüş və protokola əlavə edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntülərin olduğu 1 ədəd CD disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə haqqında 07 may 2021-ci il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarına əsasən əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 5(004)-441/2021 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair Yasamal RPİ-nin 29-cu PŞ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş qərar məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanuni hesab edilmişdir. Odur ki, əməliyyat-axtarış tədbirləri nəticəsində yuxarıda qeyd edilən materiallar məhkəmə tərəfindən sübut kimi qəbul edilir. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2021-cı il tarixli 6/1870 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs...” yazısı olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,181 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Rəydən həmçinin görünür ki, tədqiqata sərf edildikdən sonra 0,131 qram heroin qalıq qalmışdır. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-narkoloji ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 dair ekspert komissiyasının 30 iyul 2021-ci il tarixli 2573 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşıması cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri və digər iş materiallarında olan sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan mümkün miqdarı hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə görə narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin təmiz çəkisi 0,181 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə 07 may 2021-ci il saat 19:50-dən hesablanmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 may 2021-ci il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroru Elman Süleymanovun 09 may 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Miraqil Qiyasovun 09 may 2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və həmin tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs istintaq orqanından gizləndiyinə görə 01 iyul 2021-ci il tarixdə barəsində axtarış elan edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 29-cu PŞnin polis əməkdaşları tərəfindən 28 iyul 2021-ci il tarixdə saxlanılaraq istintaq orqanına təhvil verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən ötrü 29 iyul 2021-ci il tarixdə istintaq orqanı tərəfindən vəsatət və təqdimatla Yasamal Rayon Məhkəməsinə müraciət olunmuş, həmin Məhkəmənin eyni tarixli 4(004)-404/2021 nömrəli qərarı ilə barəsində həbsetmənin əvvəli 28 iyul 2021-ci il tarixdən hesablanmaqla 01 (bir) ay 07 (yeddi) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Yasamal Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli 4(004)-485/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 15 sentyabr 2021-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 21 may 2021-ci il tarixli tələbnamədən və hökmlərdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş və əvvəlki məhkumluqları ödənilmişdir. Sonuncu dəfə o, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli 1(003)-60/2018 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 23 iyul 2021-ci il tarixli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli 1(003)-60/2018 nömrəli hökmü ilə ona təyin edilmiş 1500 manat cərimə cəzasının 250 manat hissəsini ödəmiş, hazırda isə ödənilməmiş cərimə məbləği 1250 manat təşkil edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərində məhkəmənin hökmü ilə təyin edilmiş və hazıradək çəkilməmiş qalan 1250 manat məbləğində cərimə cəzası vardır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Tələbnamədən və iş materiallarından müəyyən edilir ki, hazırda Təqsirləndirilən şəxs üzərində məhkumluğu olsa da o, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan, yəni cərimə cəzasına məhkum olunduğu üçün onun əməlində residivlik yaranmır. Odur ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halı, onun cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 may 2021-ci il tarixdən 09 may 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün bərabər tutulmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli 1(003)-60/2018 nömrəli hökmü ilə ona təyin edilmiş 1500 manat cərimə cəzasının hazıradək çəkilməmiş qalan 1250 (bir min iki yüz əlli) manat hissəsi hazırki hökmlə ona təyin edilmiş cəza ilə tamamilə toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 28 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cərimə cəzası müstəqil icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən isə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı «Qərarı»nın 26-cı bəndində qeyd olunur ki, «məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-nin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir». İbtidai istintaq zamanı təyin edilmiş məcburi-narkoloji tibbi yoxlamanın rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaqla ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmaqla o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş materialları ilə həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,131 qram narkotik maddə heroin cinayətin predmeti olduğuna görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün olduğu 1 ədəd disk iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat təşkil edir. Beləliklə maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Yasamal RPİ-nin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,131 qram narkotik maddə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zaman qeydə alınmış videogörüntünün olduğu 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 may 2021-ci il tarixdən 09 may 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli 1(003)-60/2018 nömrəli hökmü ilə təyin edilmiş 1500 manat cərimə cəzasının hazıradək çəkilməmiş qalan 1250 (bir min iki yüz əlli) manat hissəsi hazırki hökmlə ona təyin edilmiş cəza ilə tamamilə toplanılsın və ona qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) müddətinə azadlıqdan məhrum etmə və 1250 (min iki yüz əlli) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 28 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Yasamal RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,131 qram narkotik maddə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun Azərbaycan X9 filialı, Bankın kodu 805142, VÖEN ********** AZ39İBAZ********************, SWİFT İBAZAZ2X M/h AZ03NABZ013501**********2944 (VÖEN **********) hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar