Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-335/2022 14.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən hakim Daşdəmirov Rauf Məhərrəməli oğlu, Məhkəmə iclasının katibi: X6, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X2, Xüsusi ittiham qaydasında şikayət verən şəxslərin nümayəndəsi və vəkili: Bakı Şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X5, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin nümayəndəsi və vəkili: Müdafiəçi iştirakı ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı X9 ona qarşı AR CM-nin 147 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri törədib. Belə ki, Y.Ələkbərova 2019-cu ildən başlayaraq, internet sosial şəbəkələrində yayılan çıxışında onun oğlunu dövlətə xəyanət etməkdə, yəni xüsusilə ağır cinayət törətməkdə ittiham edərək ona böhtan atmış, onu isə, bir ana kimi oğlunu vətənpərvər ruhda tərbiyə etmədiyini bildirərək təhqir etmişdir. O bunu ilk dəfə “Bizim Media” adlı sayt vasitəsi ilə yayılan çıxışında edib. Yeganə Ələkbərova özünün, məsələn, “Youtube” internet şəbəkəsində yayın edən “AzerFreedom TV”-nin həm, xx.xx.2022-ci il tarixli, həm də, xx.xx.2022-ci il tarixli proqramlarında verilən çıxışının ilk saniyələrindən başlayaraq deyir: “...Mən birmənalı şəkildə deyirəm: - O vətən xainlərinə heç bir səkildə, heç bir şəkildə güzəşt olunmamalıdır! Əgər bu gün onlara güzəşt olunsa, o zaman mən düşünürəm ki, bir, bütün millət ayağa qalxar ki, bu dövlət, vətən xaininin müdafiəsinə nə ad qoymaq olar? Mən düşünürəm ki, onlar layiqli cəzalarını almalıdırlar. Bir şəhid ailəsi kimi, mən şəxsən onu bağışlamaram, heç bir halda! Vətən xainlərinin tutulmasının həbsi ilə bağlı onların valideynlərinin etirazına necə deyərək, öz münasibətimi bildirmək istəyirəm; - Hər halda, bu günki gündə bizim bu güc orqanlarımızda, təhlükəsizlik orqanımızda yetərincə mütəşəkkil kadrlarımız var və həbs olunan kəslər elə belə həbs olunmur. Deməli bunun əsası var ki, kökü var ki, onlar bu günkü gündə həbs olunmuşlar. Və həmin valideynlər nə haqnan, onlar zamanında əgər öz övladlarına o vətənpərvərlik ruhunu tərbiyə eləməyiblərsə, bu zaman, bu indiki halda onlar nə haqnan hökumətdən, o güc orqanlarından hərbi prokurorluqdan onnarın azad olmasını tələb eləyirlər? Onların heç mənəvi haqqı yoxdur! Və şəhid ailəsi olaraq, mən bütün, yəni, haqqım çatır ki, bütün şəhid ailələri adından dövlətimizdən, hərbi prokurorluqdan xahiş edim ki, onlar layiqli cəzalarını alsınlar. Çünki, mən düşünürəm ki, onlara istənilən bir halda cüzi güzəşt olunması elə bilərəm ki, o şəhidlərin qanını...”. Onun oğlu X13 2017-ci ildə, şərti adı “Tərtər hadisələri” olan cinayət təqibi prosesində ermənilərə işləməkdə ittiham olunaraq, xüsusi vəhşiliklə və amansızlıqla, qəddarcasına verilmiş işgəncələr nəticəsində bir neçə gün içində qətlə yetirilmiş və 16 dekabr 2021-ci ildə yenilənmiş istintaq nəticəsində oğlunun təqsirsizliyi barədə qərar qəbul edilmişdir. O isə, övladını məhz vətənpərvərlik ruhunda, xalqına, Vətəninə sədaqət, sevgi ruhunda tərbiyə edən bir ana olaraq, oğlunun təqsirsizliyinə elə birinci gündən inandığı üçün, həmin vaxtdan da, oğlunun haqq və hüquqlarının müdafiəsi uğrunda mübarizə aparırmışdır. Lakin bu bağışlanmaz əməli ilə X9 ona - yeganə oğlu dəhşətli işgəncələrlə öldürülən, hər gün yarasının qaysağı qoparaq qanayan, oğul dağlı bir anaya və onun ailəsinə çox böyük mənəvi zərər vurub. O 5 ildir cəmiyyətin Yeganə Ələkbərova kimi kəsimi tərəfindən vətən xaininin anası kimi, övladını vətənpərvəlik ruhunda tərbiyə etməyi bacarmayan ana kimi tanınmış və hər addımda bu cür insanların tənəli baxışları üzərində hiss etmişdir. Bütün bunlara səbəb isə məhz, Yeganə Ələkbərova və onun kimi, öz maraqları fonunda danışan insanlar olub. Özünə şəhid ailəsi deyən, X1 və hansı məcburiyyətdən ona aidiyyatı olmayan işdən danışır, kimlərisə təhqir edir, yaxud böhtan atır? 2016-cı ildə baş tutan “aprel döyüşləri”ndə xüsusilə qəhrəmanlıqlar göstərmiş şanlı ordumuzun igid, rəşadətli əsgər və zabitlərinə qarşı 2017-ci ilin may ayından başlayaraq törədilmiş vəhşi və qəddar cinayət işindən hansı formada xəbərdardır? Həmin cinayət işinin materialları ilə tanışdırımı? Onu kim vadar edir ki, qəhrəman vətən oğullarına ’’vətən xaini” damğası vursun? Ümumiyyətlə, onun bu işlərlə hansı şəkildə əlaqəsi var və Ələkbərova bir şəhid ailəsi olaraq, günahsız olduqları halda vəhşicəsinə döyülərək və tikətikə, qınq-qınq edilərək öldürülmüş oğulların analarına necə həqarət edə bilir, onlan nədə haqsız hesab edir”? O hesab edir ki, bütün bu sualların hal-hazırda Yeganə Ələkbərova tərəfindən cavablandırılması mümkünsüzdür. Lakin oğlu, X8 günahsız olduğuna əmin olub, inandığı kimi inanır ki, Y.Ələkbərova söylədiyi böhtan və təhqirlər üçün, həmçinin, yuxanda qeyd etdiyi suallar əsasında bir gün mütləq cavab verməli olacaq. Lakin indiki halda, X9 “Bizim Media” saytında getmiş çıxışı ilə ona həm mənəvi, həm də maddi ziyan vurub. O Yeganə Ələkbərovanın ona vurduğu mənəvi ziyanı 30 000 (otuz min) manat, oğluna vurduğu mənəvi ziyanı isə 100 000 (yüz min) manat məbləğində qiymətləndirir. Təbii ki, bu məbləğlər onlara vurulmuş ziyanın real əvəzi deyil və heç bir məbləğ də bunu əvəz edə bilməz. Ancaq bu aşağılama, təhqir etmə prosesi, Y.Ələkbərovanın milyonlarla insana yayılan bu yalan və böhtanlarının nəticələrini aradan qaldırmaq üçün, oğlunun vətən xaini olmadığını, özünün isə nümunəvi övlad böyütdüyünə insanları inandırmaq üçün ən azı 5 il boyunca da internet sosial şəbəkələrində, eləcə də müxtəlif saytlarda və kütləvi informasiya vasitələrində təbliğat aparmalıdır. Buna isə xeyli maddi vəsait lazımdır. Azərbaycan Respublikasının vətəndaşı X9 AR CM nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilsini və ona 147.2-ci maddənin sanksiyasında göstərilən ən ağır cəza - 3 il azadlıqdan məhrum etmə cəzası verilməsini, Yeganə Ələkbərovadan onun xeyrinə 130 000 (yüz otuz min) manatın tutulması haqqında qərar qəbul edilməsini, Yeganə Ələkbərovanın üzərinə onun və oğlu Elçin Quliyevin haqqında dediyi əsassız fikirlərin “Bizim Media” adlı saytda təkzib etmək vəzifəsi və “X3, X7 və onun oğlu X10 atdığım böhtana və haqlarında yaydığım yalana görə üzr istəyirəm” məzmunlu üzr istəmə vəzifəsi qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş X7 şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin icraata qəbul edilməsini və onu xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, ağır və xüsusi ilə ağır cinayətdə əsassız olaraq ittiham etməklə barəsində böhtan xarakterli yalan məlumatlar yaymış X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şəxslərin nümayəndəsi və vəkili Bakı Şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X12 şikayətin icraata qəbul edilməsini və X2 xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, ağır və xüsusi ilə ağır cinayətdə əsassız olaraq ittiham etməklə barəsində böhtan xarakterli yalan məlumatlar yaymış X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin nümayəndəsi və vəkili Müdafiəçi şikayətin icraata qəbul edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. İş materiallarında olan cinayət təqibinə hissəvi xitam verilməsi haqqında 18 aprel 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməlində cinayət tərkibi olmadığı üçün müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, kiçik çavuş X8 barəsində Azərbaycan Respublikası CM-nin 274, 338.1, 338.2 və 341.3-cü maddələri ilə həyata keçirilən cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan video görüntüdən görünür ki, X9 çıxışında bildirmişdir ki, “...Mən birmənalı şəkildə deyirəm: - O vətən xainlərinə heç bir səkildə, heç bir şəkildə güzəşt olunmamalıdır! Əgər bu gün onlara güzəşt olunsa, o zaman mən düşünürəm ki, bir, bütün millət ayağa qalxar ki, bu dövlət, vətən xaininin müdafiəsinə nə ad qoymaq olar? Mən düşünürəm ki, onlar layiqli cəzalarını almalıdırlar. Bir şəhid ailəsi kimi, mən şəxsən onu bağışlamaram, heç bir halda! Vətən xainlərinin tutulmasının həbsi ilə bağlı onların valideynlərinin etirazına necə deyərək, öz münasibətimi bildirmək istəyirəm; - Hər halda, bu günki gündə bizim bu güc orqanlarımızda, təhlükəsizlik orqanımızda yetərincə mütəşəkkil kadrlarımız var və həbs olunan kəslər elə belə həbs olunmur. Deməli bunun əsası var ki, kökü var ki, onlar bu günkü gündə həbs olunmuşlar. Və həmin valideynlər nə haqnan, onlar zamanında əgər öz övladlarına o vətənpərvərlik ruhunu tərbiyə eləməyiblərsə, bu zaman, bu indiki halda onlar nə haqnan hökumətdən, o güc orqanlarından hərbi prokurorluqdan onnarın azad olmasını tələb eləyirlər? Onların heç mənəvi haqqı yoxdur! Və şəhid ailəsi olaraq, mən bütün, yəni, haqqım çatır ki, bütün şəhid ailələri adından dövlətimizdən, hərbi prokurorluqdan xahiş edim ki, onlar layiqli cəzalarını alsınlar. Çünki, mən düşünürəm ki, onlara istənilən bir halda cüzi güzəşt olunması elə bilərəm ki, o şəhidlərin qanını...”. Belə ki, xüsusi ittihamçı X2 məhkəməyə xüsusi ittiham qaydasında şikayət etməsinə səbəb barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 “youtube.com” internet informasiya ehtiyatında “AzerFreedom TV” youtube kanalı vasitəsilə etdiyi çıxışı olmuşdur. Məhkəmə X2 ərizəsində qeyd etdiyi hallara hüquqi qiymət verərək bildirir ki: X7 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs olan X9 tərəfindən edilən çıxışda olan məlumatların Validə Əhmədovanın oğluna aid olmasını əsaslandırmamışdır. Belə ki, şikayətin mətnində göstərilmiş ifadələrin onun və oğlunun barəsində olduğunu iddia etsə də, göründüyü kimi şikayətçinin soyadı, adı və atasının adı X7, oğlunun isə X11r. Lakin paylaşılan həmin mətndədə hər hansı bir şəxsin ad, soyad və atasının adı qeyd edilməmişdir. Bununla da şikayətçinin adı qeyd edilmədiyi üçün həmin paylaşımda barəsində söhbət edilən şəxsin ona aid olması şikayətdə kifayət qədər əsaslandırılmamışdır. Bundan əlavə X9 etdiyi çıxışında vətən xainlərinə münasibətdə fikirlərini ifadə edir, lakin 18 aprel 2022-ci il tarixli qərardan görünür ki, X2 oğlu X13 vətən xaini deyildir. Qeyd edilənlərə əsasən şikayət əsassızdır. Azərbaycan Respublikası CPM-nin 302.1.3, 302.1.6-cı və 302.1.7-ci maddələrinə əsasən «şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda», «cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda» və «şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə» məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə həmçinin qeyd edir ki, "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Belə ki, faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan öz rəyini ifadə etmək azadlığını pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında nəzərdə tutulanlara uyğun olaraq məhkəmə hesab edir ki, hazırki xüsusi ittiham qaydasında verilmiş şikayətin dəlilləri yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi baxımından fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, şikayətçi ərizəsində törədilməsinə dair ittiham irəli sürdüyü böhtanın təsdiqinə dair mötəbər, tutarlı və birbaşa sübutları iş materiallarına əlavə etməmişdir və məhkəməyə təqdim etdiyi barəsində şikayət edilən şəxsin qeydinin (şərhinin) fikir və ya fakt olmasının fərqləndirilməsi baxımından qiymətləndirmə aparılması üçün hər hansı dəlil göstərməmişdir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq “açıqlanmış fikir qiymətləndirici mülahizə sayıldığı halda belə, müdaxilənin mütənasib olub-olmamasına verilən qiymət etiraz olunmuş rəyin yetərli faktual əsasının varlığından asılı ola bilər. Hətta hər hansı faktual əsasa söykənməyən qiymətləndirici mülahizəyə qarşı müdaxilə tədbirinin özü də zəruri həddi aşa bilər.” (Yerusəlim Avstriyaya qarşı. 2001, Dixand və başqaları Avstriyaya qarşı, 2001) Beləliklə, CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-335/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-335/2022
14.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver