Məhkəmə qərarları › İş №1(004)-338/2018

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-338/2018

26.12.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-338/2018 26.12.2018 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı: Bakı şəhər prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 01 saylı vəkil bürosunun vəkili X3 iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1987-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.156 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib özündə saxlamaqla daşıyan zaman xx xxxxxxxx 2018-ci il tarixdə saat 12.05 radələrində Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 523-cü məhəllə, ev 18B-nin qarşısında Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmiş, bölmənin inzibati binasının xidməti otaqlarının birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan olan qara rəngli parça şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə həmin narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 10 ildən artıqdır ki, narkotik vasitə olan heroindən və tiryəkdən istifadə edir. Tiryəki ağızdan udmaq və qızdırmaqla iynə ilə, heroini isə iynə vasitəsilə qəbul edir. 2015-ci ildə ilk dəfə narkotik vasitələrdən istifadəyə görə həbs olunmuş və bir il səkkiz ay müddətə məhkumluq həyatı yaşamışdır. Lakin buna baxmayaraq yenə də imkan olduqca narkotik vasitədən istifadə etmişdir. Narkotik vasitəni əvvəllər Nəsimi rayonunda yerləşən “Kubinka*’ adlanan yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən almışdır. İX sentyabr 2018-ci il tarixdə təxminən saat 11:00 radələrində yenə də Nəsimi rayonunda yerləşən “Kubinka” adlanan yerə getmiş və üzdən tanıdığı, lakin adını bilmədiyi qısa boylu, qarabəniz, təxminən 40 yaşlı kişiyə yaxınlaşaraq narkotik vasitə almaq istədiyini bildirdikdə həmin şəxs ondan 10 manat pul alaraq ona siqaretin gümüşü rəngli kağızına bükülmüş bir büküm narkotik vasitə olan “Heroin” vermişdir. O, həmin narkotik vasitəni sonradan istifadə etmək üçün əynində olan qara rəngli parça şalvarın sağ yan cibinə qoymuş və yaşadığı evin qarşısına gəlmişdir. Təxminən saat 12:00-da həyətdə olarkən özlərini Yasamal RPİ-nin əməkdaşları kimi təqdim edən mülkü geyimli şəxslər ona yaxınlaşaraq onu narkotik maddə qəbulu ilə bağlı şübhələr əsasında Yasamal Rayon Polis İdarəsinin 26-cı PB-nə dəvət etmişlər. Polis bölməsində xidməti otaqların birinə dəvət edilmiş və təhqiqatçı tərəfindən videoçəkiliş aparılmaqla orada ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində olan qeyri-qanuni əşyaları onlara təqdim etməyini təklif etmişlər. O, da bildirmişdir ki, narkotik maddələrin istifadəçisidir və üzərində istifadə etməyi üçün “Heroin” vardır. Sonra əynində olan qara rəngli parça materialdan olan şalvarın sağ yan cibindən aldığı narkotik vasitə olan “Heroini" çıxarıb təqdim etmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə müdafiəçinin iştirakı ilə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edildikdən sonra özü, müdafiəçisi və iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya göndərilmişdir. Daha sonra isə o, Yasamal RPİ-nin MSY-nə göndərilmişdir. Qeyd etmişdir ki, o tutularkən və bölmədə olarkən, istərsə də MSY-də saxlanılarkən ona heç bir zor tətbiq edilməmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Əldə etdiyi narkotik vasitə olan heroini özü istifadə etmək üçün almışdır və heç kəsə narkotik vasitə satmamış və hədiyyə verməmişdir. Törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ailəli olmasını, 2 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-də sahə inspektoru vəzifəsində işləyir. xx xxxxxxxx 2018-ci il tarixdə bölmənin əməliyyat müvəkkili Şahid1 əməliyyat yolu ilə məlumat əldə elmişdir ki, Yasamal rayonu Z.Xəlilov küçəsi 523-cü məhəllə ev 18A mənzil 20-də yaşayan Təqsirləndirilən şəxs adlı şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib qəbul etdiyi məlum olmuşdur. Həmin məlumat bölmə rəisinə məruzə olunduqdan sonra qərara alınmışdır ki, məlumatı yoxlamaq məqsədi ilə əməliyyat tədbirləri keçirilsin. Bu məqsədlə bölmə rəisinin xx xxxxxxxx 2018-ci il tarixli əmri ilə rəhbəri özü təyin edilməklə, onun və Şahid1 ibarət qrup yaradılmışdır. Bundan sonra xx xxxxxxxx 2018-ci il tarixdə ünvan 2 saylı ünvanın qarşısına gedib orada əməliyyat tədbirinə başlamışlar. Əldə etdikləri əməliyyat məlumatına əsasən yuxarıda göstərilən ünvanın qarşısında olduqarı zaman saat 12.05-də Təqsirləndirilən şəxs Yasamal rayonu Z.Xəlilov küçəsi 523-cü məhəllə ev 18B saylı ünvanın qarşısına gəlib çıxmış və onlar özlərini ona təqdim edərək polis bölməsinə aparmışlar. Yasamal rayonu Z.Xəlilov küçəsi 523-cü məhəllə ev 18B saylı ünvan ilə Təqsirləndirilən şəxs yaşadığı Yasamal rayonu Z.Xəlilov küçəsi 523-cü məhəllə ev 18A saylı ünvan yan-yanadır. Təqsirləndirilən şəxslə birlikdə 26-cı PB-nin inzibati binasına gəldikdən sonra raportla bu barədə məruzə etmişdir. Bundan sonra bölmənin təhqiqatçısı Elşad Məmmədov tərəfindən video çəkiliş aparılmaqla və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs hüquqları izah edildikdən və çəkiliş aparılacağı bildirildikdən sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli parça şalvarın sağ yan cibindən gümüşü rəngli kağıza bükülmüş bir bükümü çıxarıb masanın üzərinə qoyub açaraq bildirmişdir ki, bükümün içindəki heroindir, xx xxxxxxxx 2018-ci il tarixdə saat 11.00 radələrində özü istifadə etmək məqsədi ilə tanımadığı şəxsdən “Kubinka” adlanan yerdən 10 manata almışdır və üstündə saxlamışdır. Həmin bir ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və özü də zərfin üzərində və protokolda imza etmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2018-ci il tarixli, 24278 №saylı ekspert rəyinə tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq...” yazı, imzalar olan zərfdəki, bir bükümdə, təmiz çəkisi 0,156 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2018-ci il tarixli 1973 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxstərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxshəmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və X2 arayışından və hökmün surətindən görünür ki, məhkumluğu ödənilməmiş cinayətlərdən Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, səmimi peşman olmasını, ailəli olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs barəsində xx.xx.2018-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli,şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 09 ay (bir il doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx xxxxxxxx 2018-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsna narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 106,2 manat (yüz altı manat 02 qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,106 qram narkotik vasitə olanheroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar