Məhkəmə qərarları › İş №1(004)-338/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-338/2023

17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-338/2023 17.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:45 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinin səlahiyyətli nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, 24 avqust 1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Rəqəmsal inkişaf və nəqliyyat nazirliyi HMİ-nin mühafizəçisi işləmiş, məhkum olunmamış, Bakı şəhəri Səbail rayonu 2-ci ünvan 1 ünvanda yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxx 1995-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Tərtər rayonu Hacıqərvənd kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 5 küçəsində yerləşən 24 saylı fərdi yaşayış evində yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri Yasamal rayonu İnşatçılar prospekti 6 ünvanında yerləşən X8 aid olan EATS-538 obyektinin daxili ərazisinə yəni saxlanc yerinə 09 fevral 2023-cü il tarixdə saat 22:00 radələrində qanunsuz daxil olaraq inzibati binanın divarına quraşdırılmış Azərbaycan Respublikası Xüsusi Rabitə və X1 Xidmətinə məxsus 3.700 manat dəyərində bir ədəd iki hissədən ibarət (2 mühərrikli) “Gree” markalı «GMA48AL-M3NNC7A/0» model kondisionerin mühərrikini və eyni üsulla 19 fevral 2023-ci il tarixdə həmin yerdə quraşdırılmış 3.700 manat dəyərində bir ədəd iki hissədən ibarət (2 mühərrikli) “Gree” markalı «GMA48AL- M3NNC7A/0» model kondisionerin mühərriklərini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Xüsusi Rabitə və X1 Xidmətinə 7.400 (yeddi min dörd yüz) manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri Yasamal rayonu İnşatçılar prospekti 6 ünvanında yerləşən X8 aid olan EATS-538 obyektinin daxili ərazisinə yəni saxlanc yerinə 09 fevral 2023-cü il tarixdə saat 22:00 radələrində qanunsuz daxil olaraq inzibati binanın divarına quraşdırılmış Azərbaycan Respublikası Xüsusi Rabitə və X1 Xidmətinə məxsus 3.700 manat dəyərində bir ədəd iki hissədən ibarət (2 mühərrikli) “Gree” markalı «GMA48AL-M3NNC7A/0» model kondisionerin mühərrikini və eyni üsulla 19 fevral 2023-ci il tarixdə həmin yerdə quraşdırılmış 3.700 manat dəyərində bir ədəd iki hissədən ibarət (2 mühərrikli) “Gree” markalı «GMA48AL- M3NNC7A/0» model kondisionerin mühərriklərini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Xüsusi Rabitə və X1 Xidmətinə 7.400 (yeddi min dörd yüz) manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 6 ildir ki, Rabitə və yüksək texnologiya nazirliyinin Hərbiləşdirilmiş mühafizə idarəsində mühafizəçi olaraq işləmişdir. İş saatı bir gün səhər saat 08:00-dan axşam saat 20:00-dək işləmiş və növbəti gün axşam saat 20:00-dan səhər saat 08:00-dək işləməşdir növbəti iki gün isə istirahət günləri olmuşdur. Rabitə və yüksək texnologiya nazirliyinin Hərbiləşdirilmiş mühafizə idarəsində EATS-538-də isə 01 fevral 2023-cü il tarixindən xidmət edir. Yeni iş yerində xx.xx.2023-cü il tarixdə gecə növəsinədə olan zaman binanın divarlarında olan kondisonerlərin mühərriklərini oğurlamaq niyyətində olmuşdur. xx.xx.2023-cü il tarixdə axşam saat 20:00-da işə gəlmişdir. Həmin gün saat 22:00 radələrində Hikmətə zəng vuraraq işlədiyi yerdə binaya quraşdırılmış markasını bilmədiyi kondisonerin oğurlamaq lazım olduğunu bildirmişdir. Hikmət onunla razılaşaraq xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində Hikmət onun iş yerinə gəlmiş və o, qapını açaraq Hikmətə binanın həyətinə girməsi üçün şərait yaratmışdır. Onlar birlikdə binanın divarında olan bir ədəd kondisionerin mühərrikini sökmüş və taksi çağırmışlar. Həmin zaman ikinci mühərriki aparmaq üçün şərait olmadığından sökməmiş, ikinci mühərriki isə bir neçə gün keçdikdən sonra oğurlamaq barədə razılaşmışlar. Hikmətlə birlikdə həmin mühərriki taksiyə yüklədikdən sonra Hikmət taksi ilə həmin mühərriki Nəsimi rayonu ərazisində yerləşən 3 mkr dairəsinə getmişdir. O, isə öz xidmət yerinə qaytmışdır. Hikmət həmin mühərriki Elburs adlı şəxsə satmalıymış. xx.xx.2023-cü il tarixdə saat 00:00 radələrində Hikmət ona zəng vuraraq mühərriki Elburus adlı tanışına 450 manata satması barədə məlumat vermişdir. Elbrus pulu Hikmətə məxsus pul kartına göndərmişdir. Daha sonra isə xx.xx.2023-cü il tarixdə saat 20:00-da yenə gecə növbəsinə gəlmişdir. xx.xx.2023- cü il tarixdə saat 23:00 radələrində yenə eyni qayda ilə Hikmətə zəng vuraraq məlumat vermişdir.Hikmət saat 23:00 radələrində onun iş yerinə gəlmiş, yenə eyni qayda olaraq qapını açaraq Hikməti içriyə buraxmışdır. Onlar yenə birlikdə əvvəl sökdükləri mühərrikin yanındakı mühərriki də sökmüş və taksiyə yüklədikdən sonra Hikmət getmiş, eyni qayda olaraq Hikmət xx.xx.2023-cü il trixdə saat 00:00 radələrində Elburs adlı tanışlarına aparıb satmışdır. xx.xx.2023-cü il tarixdə ona Mikayıl müəllim zəng vuraraq oğurluq olduğunu polislərin araşdırdığını demişdir. Bundan sonra o, dəstəyi asıb iş yerinə gəlmiş, işdə olan zaman polis əməkdaşları ona sual verdiklərində o, səmimi olaraq etiraf etmiş və təxminən saat 18:30-dəqiqə də onu 26-cı polis bölməsinə dəvət etmişlər. Polis bölməsində o, hər şeyi etiraf etmişdir. Həmin vaxt Hikmətə zəng vuraraq saxlanılmağı ilə bağlı məlumat vermiş və Elbrusun nömrəsini alıb Elbursa zəng vurub sonuncudan mühərriki geri istəmiş, Elbrus da ona bildirmişdir ki, 3 mkr dairsəində yolun kənarındadır. O, polis əməkdaşları ilə birlikdə həmin mühərriki götürmüşdür. O, Hikməti təxminən 1 ildir ki tanıyır, əvvəllər Səbail rayonu 2-ci Salyan döngəsində yerləşən avtoyuma məntəqəsində işləmişdir, oradan çıxdıqdan sonra onun yerinə Hikmət işləməyə gəlmiş, münasibətləri oradan yaranmışdır. O əvvəlcədən oğurluq barədə Hikmətlə danışıb razılıq ələd etmişdir. Elbrusa məlumat verməmişlər ki, həmin mühərriklər oğurluqdur ona söküntü olan yerdən əldə etdiklərini bildirmişlər. O həmin mühərriklərin işlək olmadığını düşündüyü üçün oğurlamaq fikrində olmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi əmələ görə peşmançılıq çəkməsini, səmimi etiraf etməsini, bir daha belə əməllər törətməyəcəyinə söz verməsini, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsini və zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, digər Təqsirləndirilən şəxs1 təxminən 1 ilə yaxındır tanıyır. xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində ona zəng edərək iş yerində yararsız vəziyyətdə olan kondisoner mühərrikinin olduğunu demiş və bildirmişdir ki, oğurlayaraq satıb mənfəət əldə etsinlər, o, da Səbuhi ilə razılaşmış və saat təxminən 23:00 radələrində Yasamal rayonu ərazisində Səbuhinin iş yerinə gəlmişdir. Orada birlikdə binadan markasını bilmədiyi kondisonerin mühərrikini sökmüş, bundan sonra taksi çağırmışlar. Həmin zaman ikinci mühərriki iaparmaq üçün şərait olmadığından sökməmiş, ikinci mühərriki isə bir neçə gün keçdikdən sonra oğurlamaq barədə razılaşmışlar. Mühərriki taksiyə yükləyib Nəsimi rayonu ərazisində yerləşən 3 mkr dairəsi yaxınlığında Elburs adlı tanışına 450 manat qarşılığında satmışdır. Elbrus pulu onun istifadəsində olan «LeoBanka» məxsus pul kartına göndərmişdir. Daha sonra zəng vuraraq Səbuhiyə məlumat vermişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Səbuhi ona zəng vuraraq yenə mühərrik olduğunu demiş və onu çağırmışdır. O, təxminən saat 23:00 radələrində Səbuhinin iş yerinə gəlmiş, eyni qayda ilə əvvəl sökdükləri mühərriki yanındakı mühərriki sökərək taksiyə yükləmişdir və o, xx.xx.2023-cü il tarixdə saat 00:00 radələrində yenə aparıb onu eyni yerdə Elbrusa satmışdır. Lakin Elburs həmin an pul verməmişdir sonradan karta göndərəcəyini demişdir. xx.xx.2023-cü il tarixdə Səbuhi ona zəng vuraraq polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. O, saat 19:00 radələrində bölməyə çatdıqda artıq mühərrikin birini qaytarılmışdır. Səbuhi ona ilk dəfə xx.xx.2023-cü il tarixdə məlumat vermişdir ki, mühərrik var oğurlayaıb sata bilərik o da onun təklifi ilə razılaşmış və bu əməli birlikdə etmişdirlər. O həmin mühərriklərin işlək olmadığını düşündüyü üçün oğurlamaq fikrində olmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkməsini, bir daha belə əməllər törətməyəcəyinə söz verməsini, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsini və zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinin səlahiyyətli nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, həmin Dövlət Xidmətində baş zabit mütəxəsis vəzifəsində çalışır. Yasamal rayonu İnşatçılar prospekti 6 ünavmda yerləşən EATS-538-də onların xüsusi rabitə otağları vardır və həmin otağa soyutma sistemi quraşdırlmışdır. Soyutma sistemi “Gree” markalıdır. Həmin obyektin mühafizəsi isə Rəqəmsal inkişaf nəqliyyat nazirliyi HMİnin MMC tərəfindən həyata keçirlir. Həmin otaqda iki ədəd soyutma sistemi vardır. Həmin soyutma sisteminin işləmə müxanizimi belədir ki, biri işlədiyi müddətdə digəri daimi olaraq passiv vəziyyətdə olur. Biri yarasız vəziyyətə düşdükdə isə passiv vəziyyətdə olan soyutma sistemi ilə əvəz edilir. xx.xx.2023-cü il tarixdə saat 05:00 radələrində növbətçi hissə məlumat vermişdir ki, ATS-538 olan xüsusi rabitə otağında soyutma sistemi işləmədiyi üçün otağın temperaturu qalxmışdır. Həmin otağa cavabdeh olan əməkdaş otağa baxan zaman kondisonerin işləmədiyini görmüşdür. Bundan sonra binanın çöl tərəfinə baxana zaman aşkar etmişdir ki, kondisonerin mühərrik hissələri oğurlanmışdır. Bundan sonra isə araşdırma aparılması üçün ona məlumat verilmişdir. O, hadisə yerinə gedən zaman görmüşdür ki, həqiqətən hər iki kondisonerin mühərrik hissəsi yoxdur bundan sonra Yasamal RPİ 26-cı PB-yə məlumat vermişlər. Polis əməkdaşları gəlmişlər və hadisə yerinə baxış keçirmişlər. Polis əməkdaşları gəlməmişdən əvvəl onların əməkdaşları müşahidə kamera görüntülərinə baxan zaman aşkar etmişlər ki, mühafizəçi binanın ətrafında fırlanıb öz otağına gəldikdən sonra orada olan müşahidə kamerasını cərayandan ayırır. Daha sonra mühafizəçi özü etraf etmişdir ki, həmin hadisəni dostu ilə birlikdə törətmişdir. Hadisə zamanı idarəyə məxsus 02 ədəd mühərrik oğurlanmış, həmin mühərriklərin birinin təxminən dəyəri 3700 manatdır, ikisi birlikdə isə təxminən 7.400 manat məbləğindədir. Hazırda isə həmin mühəriklər onlara qaytarılmışdır, kondisionerlərin quraşdırılması üçün çəkilmiş xərc tam şəkildə ödənilmişdir, ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbləri yoxdur. Onlara cəza təyin edilərkən bu halları nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 2016-cı il tarixdən «DT qrup» şirkətində mühafizəçi kimi işləyir. O, həm Bakı şəhərində, həm də Füzuli rayonunda yaşayır. Bundan əlavə o, ev ustası kimi də çalışır. Təxminən 4 il əvvəl internet saytından direl alan zaman Təqsirləndirilən şəxs2 tanımışdır. Həmin vaxtdan sonuncu ilə münasibəti yaranmışdır. Bir neçə dəfə ona evlərində olan, lazım olmayan əşyaları göndərməsinə baxmyaraq almamışdır. O, Hikmətin atasının tikinti işləri ilə məşğul olduğunu bildirmiş. Bunu ona Hikmət özü demişdir. xx.xx.2023-cü il tarixdə Hikmət ona zəng vuraraq bildirmişdir ki, binanın çöl tərfindən söküntüsünə başlayıblar, hələki binanın daxilinə girməyiblər. Bundan sonra Hikmət ona kondisioner mühərrikinin olduğunu demiş və 500 manata satdığını bildirmişdir. O, 500 manata razılaşmamış, həmin mühərriki 450 manat alamağa razılaşmışdır. Həmin tarixdə saat 23:00 radələrində Hikmət həmin mühərriki Nəsimi rayonu ərazisində 3 mkr dairəsinə taksi ilə gətirmişdir. O, mühərriki alan zaman pulu karta göndərəcəyini demiş və elə də etmişdir. Mühərriki aldıqdan sonra yaşadığı Füzuli rayonuna aparmışdır. xx.xx.2022-ci il tarixdə 00:00 radələrində Hikmət yenidən ona zəng vurmuş və yenə mühərrik olduğunu demiş, o, Hikmətlə eyni qiymətə razılaşdıqdan sonra mühərriki gətirməsini demişdir. Hikmət mühərriki 3 mkr dairəsi yaxılığma gətirmişdir. Onun üzərində nağd pul olmadığı üçün sonuncuya 170 manat pul vermiş, qalanını isə sonra verəcəyini demiş, Hikmət də razılaşmışdır. Hikmət hər iki kondisioner mühərrikini ona verən zaman söküntü zamanı əldə etdiyini dediyi üçün o, sonuncuya inanmış və tanıdığına görə sənədinin surətini istəməmişdir. O, həmin mühərriklərin oğurluq olduğunu bilsəymiş qəbul etməzmiş. xx.xx.2022-ci il tarixdə Füzuli rayonuna gedən zaman ona tanımadığı nömrədən zəng gəlmiş, telefonu açan zaman həmin şəxs özünü Yasamal rayonu 26-cı PB-nin əməliyyat müvəkkili Rəvan olduğunu demiş və onu bölməyə dəvət etmişdir. O, rayona getməmiş, İmişli rayonundan geriyə qaytmışdır. Bölmədə olan zaman ona məlum olmuşdur ki, Hikmət həmin mühərrikləri Səbuhi adlı tanışı ilə birlikdə oğurlamışdır. Polis əməkdaşları mühərrikin harada olduğunu soruşmuşlar, o, həmin vaxt ikinci aldığı mühərriki rayona aparsın deyə verdiyi taksi sürücüsünə zəng etmiş və 26-cı polis bölməsinə gətirməsini demişdir. Birinci aldığı mühərriki rayonda olduğunu gətirəcəyini demişdir. Rayonda olan mühərriki isə xx.xx.2022ci il tarixdə isə digər mühərriki polis əməkdşalarma təhvil vermişdir. O, təhvil verdikdən sonra əməkdşalar ona 620 manat maddi ziyan dəydiyini demiş, ödənilməsini xahiş etmişdir. Polis əməkdaşları onların valideynləri ilə danışdıqdan sonra onun kartına 620 manat pul göndərilmişdi. Bundan sonra o, bölmədən çıxıb getmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yasamal RPİ-nin 26-cı PB-nin baş təhqiqatçısı Elnur Heydərov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 6 ünvanında yerləşir (i/v 5-6). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 20 fevral 2023-cü il tarixli “Şübhəli şəxs qismində tutma barədə” qərardan və eyni tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 24-27). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 22 fevral 2023-cü il tarixli 4(004)158/2023 saylı və 4(004)159/2023 saylı “Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin rədd edilməsi barədə ” qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qismində qətimkan tədbiri seçilməsi barədə vəsatət və təqdimatlar təmin ediməmişdir, təqsirləndirilən şəxslər zaldan dərhal azad edilmişlər (i/v 123-124). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 20 fevral 2023-cü il tarixli “Şübhəli şəxs qismində tutma barədə” qərardan və eyni tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (səh. 24-27). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Başqa yerə gütməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında 22 fevral 2023-cü il tarixli qərarlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam seçilmişdir (i/v 125-132). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsini yerində təsdiq etməklə bir daha bildirmişdir ki, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Bakı şəhəri Yasamal rayonu İnşatçılar prospekti 6 ünvanında yerləşən X8 aid olan EATS-538 obyektinin daxili ərazisinə yəni saxlanc yerinə 09 fevral 2023-cü il tarixdə saat 22:00 radələrində qanunsuz daxil olaraq inzibati binanın divarına quraşdırılmış Azərbaycan Respublikası Xüsusi Rabitə və X1 Xidmətinə məxsus 3.700 manat dəyərində bir ədəd iki hissədən ibarət (2 mühərrikli) “Gree” markalı «GMA48AL-M3NNC7A/0» model kondisionerin mühərrikini və eyni üsulla 19 fevral 2023-ci il tarixdə həmin yerdə quraşdırılmış 3.700 manat dəyərində bir ədəd iki hissədən ibarət (2 mühərrikli) “Gree” markalı «GMA48AL- M3NNC7A/0» model kondisionerin mühərriklərini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamışlar (i/v 66-70). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsini yerində təsdiq etməklə bir daha bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Bakı şəhəri Yasamal rayonu İnşatçılar prospekti 6 ünvanında yerləşən X8 aid olan EATS-538 obyektinin daxili ərazisinə yəni saxlanc yerinə 09 fevral 2023-cü il tarixdə saat 22:00 radələrində qanunsuz daxil olaraq inzibati binanın divarına quraşdırılmış Azərbaycan Respublikası Xüsusi Rabitə və X1 Xidmətinə məxsus 3.700 manat dəyərində bir ədəd iki hissədən ibarət (2 mühərrikli) “Gree” markalı «GMA48AL-M3NNC7A/0» model kondisionerin mühərrikini və eyni üsulla 19 fevral 2023-ci il tarixdə həmin yerdə quraşdırılmış 3.700 manat dəyərində bir ədəd iki hissədən ibarət (2 mühərrikli) “Gree” markalı «GMA48AL- M3NNC7A/0» model kondisionerin mühərriklərini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamışlar (i/v 71-75). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinin 21 fevral 2023-cü il tarixli etibarnaməsindən görünür ki, Dövlət Xidmətini təmsil etmək səlahiyyəti Zərərçəkmiş şəxs verilmişdir (i/v76). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “təqdim olunmuş əşyanın götürülməsi haqqında” 20 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Şahid tərəfindən təqdim edilmiş 02 ədəd «Gree» markalı kondisioner mühərriki götürülmüşdür (i/v 12). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş qəbzdən görünür ki, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinin səlahiyyətli nümayəndəsi 02 ədəd «Gree» markalı kondisioner mühərrikini təhvil almışdır (i/v 14). Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinin səlahiyyətli nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, vurulmuş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda məhkumluğu olmayan şəxsdir (i/v 141). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində hazırda hazırda məhkumluğu olmayan şəxsdir (onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə Səbail RPİ-də cinayət işi vardır) (i/v 142). İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2021-ci il təvəllüdlü Cəlil və xx.xx.2022-ci il təvəllüdlü Cəmil adlı iki azyaşlı uşağı vardır (i/v 144,145). İş materiallarında olan Səbail Mənzil komunal təsərrüfatı birliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i/v 147). İş materiallarında olan Hacıqərvənd kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i/v 148). İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023- cü il tarixli 9/3391 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd 2 hissədən ibarət (2 mühərrikli) «Gree» markalı «GMA48AL-M3NNC7A/0» model kondisioner mühərrikin istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 1200 manat müəyyən edilir.Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir (i/v 175- 177). Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri özlərinin etirafları, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ifadənin yerində yoxlanması protokolları, baxış və götürmə protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş hüquqi şəxsə vurduğu ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş hüquqi şəxsə vurduğu ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət qanunun təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hər iki təqsirləndirlən şəxs barəsində daha ağır cəzanın tətbiq edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri Səbail rayonu 2-ci Salyan döngəsi ev 12 “V” ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, eləcə də Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs1 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 5 küçəsində yerləşən 24 saylı fərdi tikili ev ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, eləcə də Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs2 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertizanın dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslərdən müştərək qaydada (hər birinə 25 manat məbləğində pul vəsaiti aid edilməklə) tutulmalı, göstərilmiş hüquqi yardımla bağlı isə dövlət büdcəsinin hesabından X2 və X5 vəkil işlədikləri Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-338/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-338/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı yaşadığı Bakı şəhəri Səbail rayonu 2-ci Salyan döngəsi ev 12 “V” ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 5 küçəsində yerləşən 24 saylı yaşayış evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd «Gree» markalı kondisioner mühərrikləri iş üzrə zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinin səlahiyyətli nümayəndəsinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertizanın dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada (hər birinə 25 manat məbləğində pul vəsaiti aid edilməklə) tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar