Məhkəmə qərarları › İş №1(004)-338/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-338/2025

10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-338/2025 10.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyev Çingiz Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yasamal Rayon Məhkəməsinin 1(004)- 80/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, sonradan Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(007)-1131/2024 saylı qərarı ilə təyin edilmiş cəzanın çəkilməmiş 03 ay 26 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etməklə saxlayaraq daşımışdır. Belə ki, o, 10 fevral 2025-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 0,499 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq daşımış, 11 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində xidmət aparılarkən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əsaslı şübhələr yarandığından qeyd olunan tarixdə saat 12:00-da həmin küçədə 7 ünvanının qarşısında saxlanılaraq, Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin inzibati binasına aparılmış, Bölmədə onun üzərində aparılmış şəxsi axtarış zamanı təmiz çəkisi 0,499 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin 1 ədəd bükümdə onun əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, həmin cinayət əməlini törətməmişdir. Belə ki, o, ibtidai istintaq zamanı vediyi ifadəsini qorxduğundan, ona fiziki təsir göstərildiyindən həqiqətdə olmadığı kimi vermişdir. Halbuki, o həmin əməli törətməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə təqsirli olmadığından barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməməsini, ona fiziki təsir göztərildiyini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, təqsirləndirildiyi cinayət əməlini etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu və nəticəsini ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onun məhz ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda yaşayır. Heç bir psixi dispanserdə qeydiyyatda deyil. Əvvəllər oğurluq cinayətləri törətdiyinə görə məhkum olunmuşdur. Sonuncu dəfə 25 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinməklə, barəsində 2 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası seçilmiş, 15 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmişdir. 3-4 ildir ki, psixotrop maddə və narkotik vasitələrdən istifadə edir. Həmin kütlələri o, tanımadığı şəxslərdən pul qarşılığında alır. 10 fevral 2025-ci il tarixdə saat 22 radələrində ünvan 4 ünvanında yaşayan İlkin adlı şəxsdən 20 manat pul verməklə bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş formada “patı”, yəni psixotrop maddə metamfetamin almış və sonradan istifadə etmək üçün üzərinə qoyaraq saxlamışdır. Səhərisi gün, yəni 11 fevral 2025-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxıb yaşadığı ünvanın qarşısında dayanmışdır. Əldə etdiyi psixotrop maddə metamfetamin də bir ədəd bükümdə əynindəki qara rəngli idman şalvarının sağ yan cibində olmuşdur. Həmin gün saat 12:00-da yaşadığı ünvanın qarşısında olan zaman iki nəfər şəxs ona yaxınlaşaraq, Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşları olduqlarını və ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, onu Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinə dəvət etmişlər. Onun üzərində psixotrop maddə metamfetamin olduğuna görə həyəcanlı olmuş və qorxmuşdur. Ona görə də, o, polis əməkdaşlarından yayınmaq istəsə də, bunun mümkün olmadığını bilmişdir. Ona görə də, etiraz etməyərək, həmin polis əməkdaşları ilə birlikdə Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinə getmişdir. Polis bölməsində barəsində şübhəli şəxs qismində tutulması ilə əlaqədar qərar qəbul edilmişdir. O, dövlət hesabına vəkillə təmin edilmiş, şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, bununla bağlı qərar qəbul edilmiş, o, həmin qərarla tanış edilmişdir. Bundan sonra, üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarışın video-çəkilişlə həyata keçiriləcəyi bildirilmiş və o, bununla bağlı heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra, video-çəkilişlə şəxsi axtarış başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olubolmaması soruşulmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoyduğu bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisinə baxış keçirilərkən ondan həmin kütlənin nə olması, haradan və neçəyə əldə etməyi barədə soruşulduqda o, həmin maddənin “patı”, yəni psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün İlkin adlı şəxsdən 20 manat verməklə, əldə etdiyini bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılsa da, əlavə heç bir əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə psixotrop maddə metamfetamin zərfdə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, digər iştirakçılarla birlikdə o da zərfin üzərini və protokolu imzalamışdır. Təqsirləndirilən şəxs ona əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, o, narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul olmur. Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanıldıqda, tutulduqda və üzərinə şəxsi axtarış və götürmə keçirildikdə ona qarşı zor tətbiq edilməmişdir. O, mobil telefondan istifadə etmir. Saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinə aparılan zaman da üzərində mobil telefon olmamışdır. Beləliklə də, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini və şahidlərin ifadələrini, ekspertiza rəylərini və digər istintaq hərəkətlərinin protokollarını, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımaq cinayətinin törədilməsində təqsiri tam sübuta yetirildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin sahə inspektoru vəzifəsində xidmət edir və polis baş leytenantı rütbəsindədir. 11 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayon polis idarəsinin, 26-cı polis bölməsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə 26-cı polis bölməsinin inzibati ərazisi olan Bakı şəhəri, Yasamal rayonu A.Ağayev küçəsində xidmətdə olarkən, həmin tarixdə saat 12:00-da həmin küçədə 7 ünvanın qarşısında bir nəfər şəxsin özünü qeyri-adekvat apardığını görüb, həmin şəxsin narkotik vasitə və ya psixotrop maddənin təsiri altında olduğundan şübhələndikləri üçün həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Qeyd olunan şəxsə yaxınlaşdıqda o, özünü daha da şübhəli aparmış və onun narkotik vasitənin təsiri altında olması hərəkətlərindən hiss olunmuşdur. Onlar həmin şəxsə özlərini təqdim etdikdən sonra onun adını soruşmuşlar və həmin şəxs onlara adının Orxan olduğunu bildirmişdir. Onlar Orxan adlı şəxsi Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinə dəvət etmişlər. Həmin şəxs ilk öncə onlardan yayınmağa çalışmışdır. Onlar həmin şəxsə yayınmamasını və onlarla birlikdə polis bölməsinə getməli olduğunu bildirmişlər. Həmin şəxs artıq etiraz edə bilməmiş və onlarla birlikdə 26-cı polis bölməsinə getməyə razılaşmışdır. Polis bölməsində olarkən həmin şəxsin xx xxxxxx 1993-cü ildə anadan olmuş Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və polis bölməsində olarkən Təqsirləndirilən şəxs ilə şifahi söhbət zamanı o, üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs polis bölməsinə gətirilməsi ilə bağlı onlar tərəfindən 26-cı polis bölməsinin rəhbərliyinə raportla məruzə olunmuşdur. Araşdırma aparılması 26-cı polis bölməsinin təhqiqatçısı, polis mayoru Natiq Abdullayevə tapşırılmışdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş və onun hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri, “Mərkəz” Vəkil Bürosundan vəkil dəvət edilmişdir. Dəvət edilmiş vəkil Təqsirləndirilən şəxs təqdim olunmuş və ona hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə video-çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və bu barədə qərar ona və müdafiəçisinə təqdim edilmişdir. Bundan sonra, şəxsi axtarışın keçirilməsi üçün müdafiəçinin, onun və əməliyyat müvəkkili Şahid2 iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə video-çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. İlk öncə şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin qızılı kağızında olan bükümü çıxardıb təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində şəffaf rəngli, kristal şəkilli, spesifik iyə malik olan psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs siqaretin qızılı rəngli kağızına bükülmüş bükümdə olan maddənin metamfetamin kimi tanıdığı psixotrop maddə olduğunu, həmin psixotrop maddəni 10 fevral 2025-ci il tarixdə axşam saatlarında ünvan 4 ünvanında yaşayan İlkin adlı şəxsdən 20 manata aldığını, sonradan istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, digər iştirakçılarla birlikdə o da həmin protokolu və qablaşdırılmış zərfin üzərini imzalamışdır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində ona əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan, tutulan, üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə polis bölməsinə hər hansısa məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları mahiyyəti üzrə tam təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 12 fevral 2025-ci il tarixli qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ.V.1) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və eyni adlı qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə (saat 12:00-da) Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 8). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 11 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə olan psixotrop maddəni çıxarıb təqdim etməsi, həmin bükülü, istifadə etmək məqsədi ilə ünvan 5 ünvanında yaşayan “İlkin” adlı şəxsdən 20 manat verməklə aldığını bildirməsi, həmin kütlənin təhqiqatçı tərəfindən qablaşdırılıb üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanması görünür. (İ/V.28-29). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 11 fevral 2025-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 fevral 2025-ci il tarixli 6/616 nömrəli nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Din Zərflər üçün No 170...» dairəvi möhür əksi və «1...Təqsirləndirilən şəxs..» və s. soyadlar, imzalar olan yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 0,499 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqatın dəyəri 110 (bir yüz on) manat təşkil edir. (İ/V.37-39). Məhkəmə-narkoloji ekspertizasının 1 may 2025-ci il tarixli 2512 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ/V.174-175). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-137/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DlN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 29 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 170.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 07 ay azadlıqdan məhrum etmə cəzası həbsdə saxlandığı müddət nəzərə alınaraq cəzası çəkilmiş hesab edilməklə azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 02 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28 dekabr 2021 -ci il tarixdə Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisin xx.xx.2021 -ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılaraq üzərində 02 il azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 26 fevral 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 25 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayon məhkəməsinin qərarı ilə 03 ay 26 gün vaxtından əvvəl şərti azad edilmişdir. (İ/V.110-152). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ- nin 10 mart 2025-ci il tarixli 3-28-29/2-2530/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adı göstərilən xəstəxanada müalicədə olmamışdır. (İ/V. 159) “Sübutların qiymətləndirilməsi” haqqında 02 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus təmiz çəkisi 0,499 qram olan, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,449 qram psixotrop maddə - metamfetamin maddi sübut kimi tanınaraq Yasamal RPİ-nin saxlancına təhvil verilmiş, eləcə də 11 fevral 2025-ci il tarixli şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü 01 ədəd DVD- R formatındakı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. (İ/V.180-191). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-192/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 07 ay (yeddi ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-146/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək cəza çəkmənin əvvəli 27 fevral 2020-ci il tarixindən hesablanmaqla 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası təyin eilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-744/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 1(004)-146/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə seçilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılaraq üzərində 02 il azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-80/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək cəza çəkmənin əvvəli 20 avqust 2020-ci il tarixindən hesablanmaqla 02 il 06 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli 7(007)- 1131/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-80/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə seçilmiş qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından 03 ay 26 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni psixotrop maddə olan metamfetamini xeyli miqdarda əldə edib saxlaması özünün ibtidai istintaq zamanı olan etirafı, şahidlərin ifadələri, şəxsi axtarışın aparılması ilə əlaqədar videogörüntü, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır və iş materiallarında olan tələbnamədən və məhkəmə hökmün surətindən məlum olur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-80/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək CM 66.5-ci maddəsini nəzərə alaraq üzərində qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təyin edilmiş cəzanın çəkilməmiş 03 ay 26 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli 10 fevral 2025-ci il tarixində yəni şərti cəza maddəti başa çatmadığı müddətdə törətdiyi üçün və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş təhlükəli residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 76.6.3cü maddəsinə əsasən Bakı şəhər Nizami Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli 7(007)-1131/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-80/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 16 (on altı) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdam məhrum etmə cəzasına qismən birləşdirilərək ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Beləliklə, Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, ona narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,499 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, X2 vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(004)- 338/2025 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında iştirak etməyə sərf edilmiş vaxtın 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 330 (üç yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(007)-1131/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-80/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 26 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 il 07 ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli tutulduğu xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (yüz on) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 0,449 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 330 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar