Məhkəmə qərarları › İş №1(004)-339/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-339/2021

01.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-339/2021 01.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs: xx.xx.1983-cü ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli-2 uşaq atası, işləməyən, məhkum olunmamış, Goranboy rayonu Xanqərvənd kəndində qeydiyyatda olub həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 iyun 2021-ci ildə saat 12:45-də Bakı-Kənar-Dairəvi avtomobil yolunun Yasamal rayonu ərazisindən keçən 5,5-ci kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq yəni, nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsitz olsun və hərəkətin digər iştirakçıları üçün maneə yaratmasın, lazım gəldikidə, sürücü başqa şəxslərin köməyindən istifadə etməli və həmin maddənin tələblərinə riyaət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyib, Goranboy rayonu istiqamətinə sağ zolaqla idarə etdiyi “Mercedes Benz 212D” markalı, ** DY *** dövlət qeydiyyat nişanlı mikroavtobusu saxlayaraq həmin zolaqda geriyə 10-15 km/saat sürətlə hərəkət edərkən həmin zolaqda rayon istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs1 80-90 km/saat sürətlə idarə etdiyi “Mercedes Benz C230” markalı, ** MP *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi onun avtomobilinin arxa sol hissəsi ilə toqquşmuş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan “Mercedes Benz C230” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, almın, sifətin sağ yarısının əzilmiş yaraları, sağ qulaq seyvanının səthi əzilmiş yaraları, sağ qamış sümüyünün qapalı sınığı kimi səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti almasına habelə, “Mercedes Benz C 230” markalı, ** MP *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 5500 manat məbləğində və “Mercedes Benz 212D” mikroavtobus markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 3080 manat ziyan yetirməsnə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 04 iyun 2021-ci il tarixdə saat 12:45 radələrində etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz 212D” mikroavtobus markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Goranboy rayonuna gedərkən Bakı-Kənar-Dairəvi avtomobil yolunun Yasamal rayonu ərazisində yolu səhvən sağ zolaqda mərkəzə doğru gedən yola çıxmış, mikroavtobusu saxlayıb elə həmin sağ zolaqla arxa-arxaya 10-15 km/saat sürətlə hərəkət etdirmiş, birdən həmin zolaqda rayon istiqamətinə gələn avtomobillərdən Mercedes Benz minik markalı avtomobil gəldiyi sürətlə onun idarə etdiyi mikroavtobusla toqquşmuş, zərbədən mikroavtobus irəliyə atlımşı, mikroavtobusda ondan başqa 10 sərnişin olmuş, onlar xəsarət almamışlar. Toqquşma zamanı o, avtomobildən düşüb “Mercedes Benz” markalı avtomobilin sürücüsünə yaxınlaşanda sürücü sağ əlində mobil telefon tutmuş, başını isə sükana qoymuşdur. Həmin sürücü xəsarət aldığı üçün tez təcili tibbi yardımla onu yola salmışlar. İdarə etdiyi mikroavtobusu arxa-arxaya verərkən sol yan güzgüdə arxaya baxmış, həmin sürücü idarə etdiyi avtomobilə onun sol yan tərəfindən ötüb keçərək gedə bilərdi, lakin gəldiyi sürətlə də onun idarə etdiyi mikroavtobusu vurmuşdur. Törətdiyi əməli etiraf etməsini, özünü təqsirli bildiyini, əməlindən səmimi peşman olmasını, zərər çəkən şəxslərə dəyən ziyanı tamamilə ödədiyini, zərərçəkən şəxslərin ondan şikayət və tələbinin olmadığını, onunla barışdığını, buna görə də onun cinayət məsuliyyətindən azad edilməsini və cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 04 iyun 2021-ci il tarixdə saat 12:40 radələrində idarə etdiyi özünə məxsus “Mercedes Benz C230” markalı, ** MP *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən çıxıb Səbail rayonu Badamdar qəsəbəsinə gedərkən Bakı- Kənar-Dairəvi avtomobil yolunun 5-ci kilometrini keçdikdən sonra avtomobili sağ zolaqda təxminən 80-90 km/saat sürətlə hərəkət etdirən zaman qarşısında ağ rəngli mikroavtobusunarxa-arxaya gəldiyini 5-10 metrdən görüb sükanı sola almış, lakin avtomobilinin ön sağ tərəfi mikroavtobusun sol arxa tərəfi ilə toqquşmuşdur. Toqquşmanın səbəbi o, mikroavtobusu qarşıda gördükdə zənn etmişdir ki, avtomobil dayanıb, lakin çatmağa az qalmış arxa-arxaya hərəkət etdiyini görüb dərhal sükanı sola almış, lakin toqquşma baş vermiş və o, xəsarət almışdır. Hadisə zamanı o, avtomobildə tək olmuşdur, avtomobil texniki cəhətdən saz və yüksüz vəziyyətdə olmuş, avtomobildə sərnişin olmamışdır. Mikroavtobusun sürücüsünü tanımamışa, həmin avtomobilin sürətini dəqiq bilməmişdir. Lakin hazırda ona dəyən ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışmasını nəzərə alaraq cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, “Mercedes Benz 212D” mikroavtobus markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 26.05.2021-ci il tarixdə həmin mikroavtobusu idarə etmək üçün Təqsirləndirilən şəxs etibarnamə vermişdir. 0.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs telefon vasitəsilə zəng vuraraq bildirmişdir ki, Bakı-kənar- Dairəvi yolunda qəza törətmiş, mikroavtobusda xəsarət alan olmamış, toqquşduğu avtomobilin sürücüsü xəsarət almışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 04 iyun 2021-ci il tarixdə saat 12.45 radələrində uzaq qohumu Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz 212D” mikroavtobus markalı **- DY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Goranboy rayonuna gedərkən Bakı-kənar-Dairəvi avtomobil yolunda Azər yolu səhvən Yasamal tərəfə daxil olmuş, Azər mikroavtobusu saxlayıb asta sürətlə arxa-arxaya sürərək rayon istiqamətinə yola daxil olmaq istəmiş, birdən sağ zolaqda Bakı istiqamətindən gələn minik avtomobili Azərin idarə etdiyi mikroavtobusu arxa hissəsi ilə toqquşmuşdur. O, mikroavtobusda qabaq sağ oturacaqda əyləşmişdir. Mikroavtobusda 9-10 nəfər sərnişin olmuşdur. Heç kim xəsarət almamışdır. Hadisə zamanı Azərin idarə etdiyi mikroavtobusla toqquşan “Mercedes Benz” minik markalı avtomobilin sürücüsü cavan oğlan xəsarət almışdır. Həmin sürücü avtomobildə tək olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 04 iyun 2021-ci ildə saat 12:45 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi Benz markalı mikroavtobusla Bakı şəhərindən Goranboy rayonuna gedərkən o, sərnişin qismində mikroavtobusda arxada sağ oturacaqda əyləşmişdir. Bakı-Kənar-Dairəvi yolunun Yasamal rayonu ərazisində o, mürgüləmiş, gözünü açdıqda Azərin idarə etdiyi mikroavtobusu sağ zolaqda asta sürətlə arxa-arxaya idarə etdiyini görmüş, bir dəqiqə keçməmiş Bakı şəhəri istiqamətindən gələn avtomobil mikroavtobusun arxa tərəfindən zərblə toqquşduğunu hiss etmişdir. Zərbədən mikroavtobus azca irəliyə atılmış, avtomobildə düşdükdə mikroavtobusun arxa tərəfində ön sağ hissəsi tam əzilmiş vəziyyətdə Mercedes Benz markalı minik avtomobilinin dayandığını görmüşdür. Mikroavtobusun arxa sol tərəfi əzilmişdir. Mikroavtobusu arxadan vuran minik avtomobilinin sürücüsü tək olmuş, xəsarət almışdır. Həmin sürücünün əlində telefon olmuşdur. Mikroavtobusda 10 nəfər sərnişin olmuş, onlardan xəsarət alan olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 04 iyun 2021-ci il tarixdə saat 12:45 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi Benz markalı mikroavtobusla Bakı şəhərindən Goranboy rayonuna gedərkən Bakı-Kənar-Dairəvi yolunun Yasamal rayonu ərazisində Azər mikroavtobusu yolun sağ kənarında saxlamış, rayon istiqamətinə getmək məqsədilə mikroavtobusu sağ zolaqda asta sürətlə arxa-arxaya idarə edərkən təxminən 1 dəqiqə sonra Bakı istiqamətindən gələn minik avtomobili mikroavtobusun arxa hissəsindən vurmuşdur. O, mikroavtobusda qabaq sağ oturacaqda əyləşmişdir. Hadisə nəticəsində mikroavtobusda sərnişinlərdən xəsarət alan olmamış, o, da xəsarət almamışdır. Təkcə mikrolavtobusu arxadan vuran Mercedes markalı avtomobilin sürücüsü xəsarət almış, həmin sürücü avtomobildə tək olmuşdur. Hadisə baş verdikdən sonra, mikroavtobusdan düşüb “Mercedes Benz” markalı minik avtomobilinə yaxınlaşmış, sürücünün sol əli sükanda, sağ əlində isə mobil telefon olmuşdur. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş 527 saylı 19.06.2021-ci il tarixli rəydən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, almın, sifətin sağ yarısının əzilmiş yaraları, sağ qulaq seyvanının səthi əzilmiş yaraları, sağ qamış sümüyünün qapalı sınığı küt əşyanın (əşyaların) təsirindən törənməklə 04.06.2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və dərəcəsinə görə, səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmanm əlamətlərinə malikdirlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzi tərəfindən verilmiş 8/1288 saylı, 30.06.2021-ci il tarixli rəyindən görünür ki, “Mercedes Benz 212” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslər və şahid ifadələrinə, yuxarıda qeyd edilən məhkəmə aktlarına, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, iş materiallarında olan zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 ərizələrinə əsasən onlara vurulmuş ziyanın tamamilə ödədiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmadığını, təqsirləndirilən şəxslə barışdıqlarını bildirmişlər. Bununla da məhkəmədə müəyyən edildi ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilir, əməlindən peşmandır, zərər çəkmiş şəxslər təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur, zərərçəkmiş şəxslərə dəymiş ziyan tam ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydinin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində 16.08.2021-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınan “Mercedes Benz 212D” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu və “Mercedes Benz C230” markalı, **- MP-*** dövlət qeydiyyat nişanlı avtomobilin məhkəmənin qanuni hökmü qüvvəyə minənədək qorunub saxlanılmasından ötrü müvafiq olaraq sahiblərinə qaytarılmaları nəzərə alınmalıdır. Həmçinin iş üzrə mülki iddia var. Belə ki, Zərərçəkmiş şəxs1 8500 manat, Zərərçəkmiş şəxs2 3080 manat ziyan ödənilməsinə dair həmin zərərçəkmiş şəxslər tərəfindən mülki iddialar verilmişdir. Zərərçəkmiş şəxslər yazılı ərizə məhkəməyə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını, şikayət və tələbinin olmadıqlarını, onlara dəyən ziyanın tam ödənildiyini, mülki iddiaya xitam verilməsini xahiş etmişlər. Zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənildiyindən, şikayət və tələbi olmadığı üçün mülki iddiaya xitam verilməlidir. Belə ki, iş üzrə tələb yoxdur. Belə olduğu təqdirdə CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və həmin maddə üzrə barəsində olan cinayət təqibinə xitam verilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı maddi ziyanla bağlı mülki iddialarına xitam verilsin. İş üzrə maddi sübut kimi tanınan “Mercedes Benz 212D” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu və “Mercedes Benz C230” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 100 manat (yüz manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar