Məhkəmə qərarları › İş №1(004)-339/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-339/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-339/2023 13.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, xüsusi ittihamçı X1 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 və onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X1 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X4 məhkəmə prosesinin həqiqət və ədalət prinsiplərini qorumağa dəvət edilməsini, müttəhim X4 bu xüsusi ittihamnamədə təqdim olunan ittihamlara görə cavabdehlik daşımasını, məhkəmədə yalan ifadə verən X4 andının ağırlığını və vicdansızlığını nəticələrini başa düşməsi üçün qanunvericiliyə uyğun olaraq müvafiq cəzalar təyin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X10 onun barəsində CM-nin 147, 148 ci maddələrilə xx.xx.2023- cü il tarixdə 1 (004)-304/2023 xüsusi ittiham qaydasında Yasamal Rayon Məhkəməsinə müraciət edərək əsası olmayan şər, böhtan xarakterli, məhkəmə zalında and içərək ifadə verərkən məlumatın həqiqətə uyğun olmadığını bilərəkdən qəsdən yalan ifadə vermişdir. Şikayət ərizəsində qeyd olunmuşdur ki, guya o, saxta profil açaraq X4 şəxsiyətini alçaldacaq sözlər istifadə etmişdir. X2 onun adından profil açaraq Teleqram qurplarda onun adından yazılar yazıb sora silmişdir. 2021-ci il noyabr ayının 21 də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən CM-nin 178.3.2 -193 maddələrilə ********* nömrəli cinayyət işi açılaraq Ocos.uk dələduz piramida şəbəkəsinin iki məsul şəxsini həbs etdilər. Hal hazırda istintaq hərəkatı yekunlaşmamış cinayətkar dəstənin digər üzvləri barəsində istintaq hərəkatı aparılır. Bu şirkətin dört nəfəri artıq istintaq təcridxanasındadır və məhkəmə istintaqı yekunlaşmayıb, digər mütəşəkkil cinayətkar dəstə üzvlərinin istintaq hərakatında aydınlaşdırılaraq cəlb olunacaqlar. Onun barəsində şikayət verən X10 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində CM-nin 178.3.2 -193 maddələrilə ********* nömrəli cinayət işində şahid qismində istintaqa cəlb olunmuşdur. Bakı şəhər Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı davam edir. X4 zərərçəkənləri vardır. Külli miqdarda vəsait alaraq aldatdığı çoxsaylı vətəndaşlar var, özünün şikayətçisi və aralarında zərərçəkənlərlə ədavəti vardır və buna görə o, məsuliyyət daşımır. Öz əməlinə görə insanların nifrətini qazanıb. Bu şəxs Ocos.uk dələduz pirammida şirkətinin dırnaqarası özünü lider adlandıraraq dediyinə görə 140 min Azərbaycan vətəndaşını, ancaq qanuni 216 nəfər vətəndaşları bu şirkətin məsul şəxsləri ilə əlbir olaraq aldadadaraq əmlak və pul vəsaitlərini ələ keçirmişdirlər. O, istintaqın birinci yekunlaşmış qisminin zərərçəkəni kimi tanınmışdır. 216 nəfər zərərçəkənlə birgə Ağır Cinayətlər Məhkəməsində zərərçəkən qismində iştirak edir. Cavabdeh X10 xx.xx.2023- cü il tarixdə l(004)-304/2023 nömrəli xüsusi ittiham qaydasında Yasamal Rayon Məhkəməsinə müraciət edərək məhkəmədə xx.xx.2023- cü il tarixdə ifadə verərkən aldatmaq və ədalət mühakiməsinə mane olmaq məqsədi ilə and içərkən bilərəkdən yalan ifadə vermişdir. Bu şəxslə onun heç bir ədavəti və şəxsi tanışlığı olmadan ilk dəfə xx.xx.2023- cü il tarixdə məhkəmə prosesində görüb və tanımışdır. Bu hərəkət məhkəmə sisteminin bütövlüyünü pozur. Yalan ifadə verərək qeyd elədi ki, Günay onu təhqir eləyib, amma bununla bağlı maddi sübut və heç bir əsas gətirə bilməmişdir. X10 ifadəsi zamanı bilərəkdən yalan ifadə vermiş və bununla da ədalətin əsas prinsiplərini pozmuşdur. Cavabdeh X4 yuxarıda qeyd olunan hərəkəti məhkəmədə düzgün ifadə vermək vəzifəsinə bilərəkdən etinasızlıq nümayiş etdirdi, bu- şəxs and içərək yalan ifadə verməklə məhkəmə prosesinin bütövlüyünü pozmuş və onun hüquqlarını təhlükə altına qoymuşdur. Bu cür davranış ədalət mühakiməsinin həyata keçirilməsinə mane olur və ictimaiyyətin hüquq sisteminə inamını sarsıdır. Yalan şahidlik hüquq sisteminin təməlini sarsıdır və ədalət mühakiməsinin həyata keçirilməsinə ictimai inamı azaldır. Ədalətlilik və dürüstlük prinsiplərinə xəyanət etməyi seçən X7 məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X3 xüsusi ittiham qaydasında verdiyi şikayəti müdafiə edərək barəsində şikayət verilmiş şəxs X6 təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X4 müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X11, B.Babayeva barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs B.Babayeva şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd etməyi zəruri hesab edir ki, əvvəla, şikayətçi X3 tərəfindən məhkəməyə verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsində qeyd edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 onu xx.xx.2023- cü il tarixdə ifadə verərkən aldatmaq və ədalət mühakiməsinə mane olmaq məqsədi ilə and içərkən bilərəkdən yalan ifadə verərək ona böhtan atmışdır. Lakin bu hissədə şikayətçi heç bir konkretləşdirmə aparmamış, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hansı maddələrin məhz hansı bəndləri ilə ittiham etdiyini göstərməmiş, sadəcə olaraq şikayət ərizəsinin “qanunverici” başlıqlı hissəsində epizodik olaraq bəzi fərqləndirmələr aparmış, ərizənin giriş hissəsində isə AR CM-nin 147.1, 147.2, 296, 297-ci maddələrini ümumi şəkildə qeyd etmişdir. Həmçinin, şikayət ərizəsindəki bu nöqsandan irəli gələrək şikayətçi tərəfindən digər bir qüsura da yol verilmişdir. Belə ki, şikayətçi şikayət ərizəsində barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin ona istinad etdiyi cinayət əməllərini sadalayarkən AR CM-nin 296, 297-ci maddələrini qeyd etmişdir. Halbuki, AR CPM-nin 37-ci maddəsinə əsasən Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayətin məzmunu Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyil. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək şikayət vermiş şəxsin vəzifəsidir. Lakin xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər qanunvericliklə üzərlərinə düşən vəzifələri icra etməyərək şikayət ərizəsinin forma və məzmununda yuxarıda qeyd edilən qüsurlara yol verməklə məhkəməyə müraciət etmişlər. Digər tərəfdən xüsusi ittiham qaydasında şıkayətin məzmununun CPM-nin tələblərinə uyğunluğu ilə bağlı məhkəmə qeyd edir ki, həmin şikayət tərtib edilərkən CPM-nin 293.3.1ci və 293.3.6-cı maddələrinin tələblərinə tam riayət edilməmişdir. Belə ki, şikayət verilmiş şəxsin məşğuliyyət növü, vəzifəsi, eləcə də şikayətin verildiyi yer, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş göstərilməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X8 ibtidai araşdırma zamanı göstərilmiş 05 (beş) iş saatı həcmində hüquqi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 30 (otuz) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.3 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 X10 barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 30 (otuz) manat məbləğində pul köçürülsün. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HakimRəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar