Məhkəmə qərarları › İş №1(004)-340/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-340/2021

12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-340/2021 12.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Zərər çəkmiş şəxslər: 1) Zərərçəkmiş şəxs2 Qüdrət oğlu, 2) X5 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə Təqsirləndirilən şəxs: xx.xx.1987-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə 06 iyun 2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Yasamal rayonu H.B.ünvan 2 ünvanında yerləşən Azza şirniyyat evinin qarşısında rastlaşdığı 19 avqust 2011-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 əlində gördüyü “İphone 12 pro max” markalı mobil telefonu ələ keçirmək niyyəti ilə ona yaxınlaşaraq mobil telefonla şirniyyat evinə girişin qadağan olması adı ilə sonuncunu aldadıb mobil telefonu ondan alıb qaçaraq sonuncunun faktiki istifadəsində olmaqla atası X1 məxsus olan dəyəri 20 manat olan ***-***-**-** GSM nömrəsini və dəyəri 2980 manat olan “İphone 12 pro max” markalı mobil telefonu açıq yolla talayıb zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X1 ümumilikdə 3000 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2021-ci ilin iyun ayının əvvəllərindən işdən çıxmış, başqa iş tapa bilmədiyindən işsiz qalmışdır. 06 iyun 2021 -ci il tarixdə səhər saatlarında anası X3 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamış və anası ona səhətinin daha da pisləşdiyini bildirmişdir. Anasının boğazında olan zob xəstəliyi onu normal nəfəs almasına maneçilik törədirmiş. Anasının səsinin yaxşı olmadığını eşitdiyi üçün narahatçılıq keçirmişdir. Buna görədə onun müalicəsi üçün lazım olan 400 manat pulu göndərməli olduğunu bildirmişdir. O, pul tapmaq üçün Yasamal rayonu ərazisində gəzirmiş ki, saat 13 radələrində Yasamal rayonu H.B.Zərdabi küçəsində yerləşən “Azza” şirniyyata bir nəfər uşağın gəlməsini görmüşdür. Uşağın əlində markasını bilmədiyi böyük bir telefon olduğunu görmüşdür. O, həmin telefonun bahalı olmasını fikirləşib həmin uşağa şirniyyat yerinə mobil telefonla buraxılışn qadağan olduğunu demişdir. Uşaq onun təklifi ilə razılaşaraq mobil telefonu ona vermişdir. Uşaq şirniyyat yerinə keçmək istəyirmiş ki, o, oradan qaçaraq uzaqlaşmışdır. Həmin mobil telefonu İnşaatçılar metrostansiyasının yaxınlığında telefon mağazasına apararaq 400 manat pula satmışdır. Buna görə satıcı ondan şəxsiyyət vəsiqəsinin surətini istədiyi üçün o, şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. Cinayət yolu ilə əldə etdiyi mobil telefondan aldığı 400 manat pulu Xaçmaz şəhərinə taksi kimi fəaliyyət göstərən “mercedes” markalı qara rəngli avtomobili idarə edən Elvin adlı şəxsə vermişdir ki, anasına çatdırsın. Hazırda dəymiş zərəri ödəməyə imkanı olmadığını, gələcəkdə işləyib ödəyə biləcəkdir. Əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, etirafedici ifadəsini nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 06 iyun 2021-ci il tarixdə saat 13:30 radələrində yoldaşı Qanuni nümayəndə ona zəng edərək oğlu Tufanın mobil telefonunu tanımadığı bir şəxsin alaraq qaçdığını ona bildirmişdir. O, işdən çıxaraq evə gəldikdən sonra oğlunun evdə olduğunu görmüş və oğlu baş vermiş hadisəni ona danışmışdır. Həmin mobil telefonu 31 dekabr 2020-ci il tarixdə oğlu Tufana yeni il hədiyyəsi olaraq 3250 manat pul ödəyərək “İphone 12 pro max” markalı mobil telefonu hədiyyə kimi almışdır. Baş vermiş soyğunçuluq hadisəsi nəticəsində ona 3000 manat məbləğində ziyan dəymişdir. Həmin telefonu 3250 manat pul ödəyərək əldə etsə də hazırda həmin mobil telefon istifadə olunduğu üçün dəyəri 3000 manat olduğunu, mobil telefonun qızılı rəngli olmasını bildirmişdir. Cinayətin azyaşlı övladına qarşı törədildiyinə görə şikayət etdiyini, ona vurulmuş ziyanın ödənilmədiyini, lakin hazırda hər hansı şikayətinin olmadığını, təqsirləndirilən şəxsə cəza təyin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 06 iyun 2021-ci il tarixdə saat 13 radələrində anası Günel ona evlərinin yaxınlığında yerləşən mağazaya şirniyyat almaq üçün göndərmişdir. O, yaşadığı binanın aşağı hissəsində yerləşən “Azza” mağazasına çatmağına az qalmış, bir nəfərin onu yanına çağırdığını, həmin şəxsin onu anasının göndərdiyini və onu qoruyacağını bildirmişdir. Həmin tanımadığı şəxs ona “Azza” şirniyyat evinə mobil telefonla girməyin qadağan olmasını demişdir. Buna görə də o, mobil telefonunu həmin şəxsə vermişdir. O, şirniyyat evinə keçmək istəyirmiş ki, həmin şəxs oradan qaçaraq uzaqlaşmışdır. Buna görə də o, arxadan uca səslə telefonunu geri gətirməyini desə də, həmin şəxs geriyə gəlməmişdir. Buna görə də o, şirniyyat evində işləyən işçilərin köməkliyi ilə onların telefonu ilə anasına zəng edərək baş vermiş hadisə ilə bağlı anasına məlumat vermişdir. Anası onun yanına gəldikdən sonra baş vermiş hadisə ilə bağlı polis orqanlarına məlumat vermişdirlər. Hadisə zamanı tək olduğunu, yanlarında başqa heçkəsin olmadığını, cinayət əməlini törədən şəxsin ondan böyük olmasını, təqribən 25-30 yaşları olduğunu, üzündə saqqal, əynində qara şalvar və ağ köynək geyindiyini bildirmişdir. Bir il bundan əvvəl həmin telefonu atası Zərərçəkmiş şəxs2 ona yeni il hədiyyəsi olaraq almışdır. Mobil telefonun dəyəri həmin zaman 3250 manat olsa da, hazırda həmin telefonun dəyərinin 3000 manat olmasını bildirmişdir. “İphone 12 pro max” markalı mobil telefon qızılı rəngli olmasını, cinayət əməlini törədən şəxsin mobil telefonu ondan alarkən ona qarşı heç bir zor tətbiq etmədiyini, mobil telefonu ondan aldıqdan dərhal sonra qaçdığını bildirmişdir, zərərçəkmiş şəxs qismində əlavə dindirilmiş Zərərçəkmiş şəxs1 ekspert rəyi ilə razı olmayaraq telefonun dəyərinin 3000 manat göstərilməsini xahiş etmiş, İphone 12 pro max mobil telefonunda ***-***-**-** GSM mobil nömrə olasını, həmin mobil nömrəni atası telefonu hədiyyə alarkən aldığını, mobil nömrənin hansı qiymətə alınmasından məlumatı olmasada həmin mobil nömrə ilə birlikdə ümumilikdə 3000 manat maddi ziyan dəydiyini, mobil telefonda kobra olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, 06.06.2021-ci il tarixdə saat 13 radələrində oğlu Zərərçəkmiş şəxs1 yaşadıqları binanın aşağı hissəsində yerləşən Azza şirniyyat mağazasına şirniyyat almaq üçün göndərmişdir. Oğlunun üzərində İphone 12 pro max markalı mobil telefon olmuşdur. O, oğluna şirniyyat mağazasına çatdıqdan sonra lazım olan şirniyyatları demək üçün telefonla zəng edərək satıcıyla onu danışdırmasını bildirmişdir. Üzərindən 10 dəqiqə keçməsinə baxmayaraq oğlu ona zəng etməmişdir. Az keçmişdi ki, tanımadığı mobil nömrədən ona zəng gələrək həmin mobil nömrəylə zəng edən şəxsin oğlu Zərərçəkmiş şəxs1 olduğunu müəyyən etmişdir. Oğlu ona telefonunun bir nəfər şəxsin alaraq qaçdığını və geri gətirmədiyini bildirmişdir. O, dərhal şirniyyat evinə getmişdir. Orada oğlu Tufandan hadisənin necə baş verməsini soruşmuşdur. Oğlu həmin tanımadığı şəxsin ondan mobil telefonla şirniyyat evinə girişin qadağan olmasını deyərək mobil telefonu oğlundan aldığını və daha sonra qaçaraq oradan uzaqlaşmasını ona bildirmişdir. Oğlu Tufan həmin şəxsin arxasınca telefonu geri gətirməsi üçün çağırsa da həmin şəxs oğlunun sözlərinə fikir vermədən oradan uzaqlaşmışdır. Buna görədə onlar dərhal DİN-in 102 Zəng Mərkəzinə məlumat verərək baş vermiş hadisə barədə bildirmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. Polis əməkdaşlarınında iştirakı ilə hadisə yerinə baxıldıqdan sonra onları Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə dəvət etmişlər. Orada izahat verdikdən sonra evə getmişdirlər. Həmin mobil telefonu əri Zərərçəkmiş şəxs2 oğluna yeni il hədiyyəsi olaraq almışdır. Həmin telefon oğlunun istifadəsində olmuşdur. Baş vermiş cinayət hadisəsi zamanı onlara 3000 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu İnşaatçılar metrosunun yaxınlığında “Mikro telecom” mağazasını icarə əsasında işlədir. 06 iyun 2021-ci il tarixdə saat 14 radələrində əvvəllər tanımadığı bir şəxs mağazaya yaxınlaşaraq İphone 12 pro max markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. Həmin şəxs mobil telefonu 1500 manata satmaq istədiyini demişdir. O, həmin şəxsdən telefonun iclodunu və ekran parolunu deməsini bildirmişdir. Həmin şəxs mobil telefonun iclodunu və ekran kodunu anasının bildiyini ona demişdir. Anasının xəstə olduğunu deyərək aşağı qiymətə almağını xahiş etmişdir. O, həmin şəxsə ehtiyyat hissəsi formasında alacağını demiş və həmin telefona maksimum 400 manat pul verəcəyini bildirmişdir. Həmin şəxs onun təklifi ilə razılaşmışdır. O, alqı satqı üçün həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini tələb etmişdir. Şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra onun anket məlumatlarına baxdıqda Təqsirləndirilən şəxs olmasını müəyyən etmişdir. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətinə özü barədə anket məlumatlarını, həmin telefonun özünə məxsus olmasını və mobil telefonu ehtiyyat hissəsi kimi 400 manata satacağını öz dəstixətti ilə yazaraq imzalamışdır. O, Təqsirləndirilən şəxs 400 manat pul vermişdir. Təqribən 08 iyun 2021-ci il tarixdə mağazaya bir nəfər şəxs yaxınlaşaraq İphone 12 pro max modelinin ekranının olub-olmadığını ondan soruşmuşdur. O, həmin şəxsə onda iphone 12 pro max modeli telefonu olduğunu və həmin telefonu ehtiyyat hissə kimi satmaq istədiyini demişdir. O, həmin şəxsə 700 manat pula telefonu satmaq istədiyini bildirmiş, lakin həmin şəxs 650 manat pulu olduğu üçün həmin şəxsin təklifi ilə razılaşaraq mobil telefonu ehtiyyat hissə kimi 650 manat pula satmışdır. 14 iyun 2021-ci il tarixdə saat 18 radələrində tanımadığı mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişdir. Onlar İphone 12 pro max mobil telefonu alıb almadığımı ondan soruşmuşdur. O, polis əməkdaşlarına iphone 12 pro max mobil telefonunu ehtiyyat hissə kimi aldığını və həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətinin onda olmasını demişdir. Sonra İphone 12 pro max markalı mobil telefonu ona satmış Təqsirləndirilən şəxs mağazaya gətirmişlər. Təqsirləndirilən şəxs mobil telefonu ehtiyyat hissəsi kimi ona satdığını bildirmişdir. Polis əməkdaşları onu Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə dəvət etmişlər. Orada izahat verdikdən sonra şöbədən getmişdir. İphone 12 pro max markalı mobil telefonun işlək vəziyyətdə olduğunu, lakin üzərində sim kart olmamasını, həmin telefonun cinayət yolu ilə əldə olunmasından məlumatlı olmadığını, İphone 12 pro max markalı mobil telefonun yenisinin bazar dəyərinin təqribən 2500 (iki min beş yüz) manat olmasını, İphone 12 pro max markalı mobil telefonun istifadə olunmuş halda alış qiyməti 1400 manat olmasını bildirmişdir, telefonu aldıqdan sonra üzərinə müəyyən məbləğdə pul qoyub 1700-1800 manat aralığında satdıqlarını, Təqsirləndirilən şəxs İphone 12 pro max markalı mobil telefonun iclodunu və ekran şifrəsini bilmədiyi üçün o, həmin telefonun satış üçün yarasız olduğunu deyib ehtiyyat hissəsi kimi alacağını dedikdən sonra həmin telefonu ehtiyyat hissə qiymətinə ona 400 manat pula satdığını, İphone 12 pro max markalı mobil telefonu satdığı şəxsin anket məlumatlarını bilmədiyini qeyd etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Cinayət Məcəlləsinin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxslərə vurulmuş ziyan ödənilməmişdir. Həmçinin təqsirləndirilən şəxs azyaşlı uşağa qarşı cinayətin törədilməsində təqsirləndirilir. Belə olduğu təqdirdə Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən cinayətin təqsirkar üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın, habelə azyaşlı, qoca və ya köməksiz vəziyyətdə olan və ya təqsirkardan asılı vəziyyətdə olan şəxsə qarşı törədilməsi cəzanı ağırlaşdıran hallar hesab edilir. Məhkəmə qeyd edilənləri təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır və göstərilən bütün halları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə az ciddi cəza növünün təyin edilməsilə cəzanın məqsədləri təmin oluna bilməz, ona görə də daha ciddi cəza təyin edilməlidir. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti səmimi etiraf edib, peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16.06.2021-ci il tarixli qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 14.06.2021-ci il tarixdən hesablanmışdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surəti əks edilmiş sənəd cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il (bir il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 14.06.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surəti əks edilmiş sənəd cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 250 (iki yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar