Məhkəmə qərarları › İş №1(004)-340/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-340/2023

16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-340/2023 16.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən hakim Daşdəmirov Rauf Məhərrəməli oğlu, Məhkəmə iclasının katibi: X6, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X1 və onun nümayəndəsi və vəkili Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, X5 onun barəsində mənfi rəy yaradılması məqsədi ilə «Space» TV-nin efirində Amil Xəlilin aparıcığı ilə birbaşa efirə gedən «Gəl danış» proqramında onun barəsində həqiqətə uyğun olmayan və onun şərəf və ləyaqətini ləkələyən fikirlər ifadə edərək ümumrespublika səviyyəsində yaymışdır. Belə ki, X5 11 oktyabr 2022-ci il tarixdə və 03 noyabr 2022-ci il İ tarixdə «Space» TV-nin efirində Amil Xəlilin aparıcığı ilə birbaşa efirə gedən «Gəl danış» proqramında onun barəsində «çəkir, içir, butulkaları qonşunun həyətinə atır, 2017-ci ildə gecə vaxtı onların evinə 4-5 nəfərlə hücum edib qoca anasına ağır bədən xəsarətləri yetirmişəm» və s. fikirlər ifadə etmişdir. Həmçinin onun barəsində dəfələrlə əsassız olaraq yalan məlumatlar yayaraq şikayətin məzmumunda şərəf və ləyaqətini ləkləyən məlumatlar yayılmışdır. Müxtəltif təşkilatlara etdiyi şikayətlər müxtəlif orqanlar tərəfindən araşdırılmış və beləliklə yaydığı məlumatlar qeyri-müəyyən şəxslər dairəsini əhatə etmişdir. Beləliklə, R.Əliyevanın onun barəsində həm kütləvi informasiya vasitəsi olan «Space» TV-də ifadə etdiyi fikirlər və həm də barəsində yazdığı əsassız-şikayətlərdə ifadə olunmuş həmin fikirlər həqiqətə uyğun olmayan fkirlər olmaqla onun şərəf və ləyaqətini ləkələmək məqsədi ilə ifadə olunmuşdur. Belə ki, 20 ildən artıq X3 xidmət etmişdir. Hazırda təqaüddədir. Ailəlidir və himayəsində yetkinlik yaşlarına çatmamış uşaqları vardır. Onları layiqli vətəndaşlar kimi tərbiyə edir. Cəmiyyətdə (qohum-qonşular, el arasında və onu tanıyanlar arasında) sakit və tərbiyəli şəxs kimi hörmətə malikdir. X2 11 oktyabr 2022-ci il tarixdə və 03 noyabr 2022ci il tarixdə «Space» TV-nin efirində Amil Xəlilin aparıcığı ilə birbaşa efirə gedən «Gəl danış» proqramında onun barəsində ifadə etdiyi «çəkir, içir, butulkaları qonşunun həyətinə atır» və s. fikirlər onun barəsində əxlaqi prinsiplər, cəmiyyət və ayrı-ayrı şəxslər arasında onun barəsində mənfi rəy yaradılmasına doğru yönəldilmiş fikirlərdir. Bununla da ona qarşı Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmişdir. X2 11 oktyabr 2022-ci il tarixdə və 03 noyabr 2022-ci il tarixdə «Space» TV-nin efirində Amil Xəlilin aparıcığı ilə birbaşa efirə gedən «Gəl danış» proqramında onun barəsində ifadə etdiyi «çəkir, içir, butulkaları bizim həyətə atır» və s. fikirlər onun barəsində əxlaqi prinsiplər, cəmiyyət və ayrı-ayrı şəxslər arasında onun barəsində mənfi rəy yaradılmasına doğru yönəldilmiş fikirlərdir. Belə ki, «çəkir» dedikdə bir qayda olaraq şəxs barəsində narkotik vasitədən istifadə, «içir» dedikdə isə spirtli içkilərdən istifadə və hətta spirtli içkilərə aludəçilik başa düşülür. Göstərdiyi kimi, 20 ildən artıq X3 xidmət etmişdir. Hazırda təqaüddədir. Ailəlidir və himayəsində yetkinlik yaşlarına çatmamış uşaqları vardır. Onları layiqli vətəndaşlar kimi tərbiyə edir. Cəmiyyət üzvləri arasında kifayət qədər hörmətə malikdir. Cavabdeh R.Əliyevanın onun barəsində kütləvi informasiya vasitəsində ifadə etdiyi fikirlər ümumrespublika səviyyəsində yayılmışdır. Hansı ki, həmin fikirlər ona yaraşan fikirlər olmamaqla ümmumiyyətlə onun tərəfindən belə hərəkətlərə yol verilməmişdir. R.Əliyeva isə həmin fikirlərin yalan olduğunu bilə-bilə kütləvi informasiya vasitəsi olan «Space» TV-nin efirində və bununla da kütləvi informasiya vasitəsində yaymaqla ona qarşı Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmişdir. R.Əliyevanın onun barəsində yalan olduğunu billəbilə yaydığı böhtan və təhqir xarakterli məlumatlar kütləvi informasiya vasitəsi olan «Space» TV-nin efirində yayılmışdır. «Space» TV Bakı şəhəri Hüseyn Cavid, prospekti 8, (Bakı, Yasamal, AZ1073) ünvanda yerləşir. Həmin ünvan isə Bakı şəhəri Yasamal rayon məhkəmsinin ərazi yurisdiksiyasına aiddir. Həmçinin Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə aiddir. Odur ki, R.Əliyevanın ona qarşı törətdiyi Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri nəzərdə tutulmuş cinayət əməli ərazi və məhkəmə aidiyyətinə görə Bakı şəhəri Yasamal rayon məhkəməsinə aiddir. 01 dekabr 1970-ci il tarixdə Masallı rayonunun Qəzvinoba kəndində anadan olmuş, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, T.Əmirov küçəsi, X7 ev 83 ünvanda qeydiyyatda olan X2 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş X1 nümayəndəsi və vəkili Nümayəndə şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin icraata qəbul edilməsini və onu xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, ağır və xüsusi ilə ağır cinayətdə əsassız olaraq ittiham etməklə barəsində böhtan xarakterli yalan məlumatlar yaymış, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş vəkil Nümayəndə şikayətin icraata qəbul edilməsini və X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 şikayətin icraata qəbul edilməməsini məhkəmədən xahiş etdi. CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, şikayətin məzmununa aid CPM ilə müəyyən edilmiş tələblərə əməl edilməmiş, yəni, şikayətin vermiş şəxsin doğulduğu il, bundan əlavə şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub olmamasını yoxlasınlar. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası. Xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. CPM-nin 302.1-ci maddəsinə əsasən məhkəmə şikayətin məzmunu CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. (293.3.1 - şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) və 293.3.6 - şikayətin verildiyi tarix (il, ay və gün) və yer) Beləliklə, CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar