Məhkəmə qərarları › İş №1(004)-341/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-341/2025

10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-341/2025 10.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərində müxtəlif saatlarda ünvan 3 ünvanında yerləşən istifadə edərək hər dəfə müxtəlif sayda olmaqla sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 02 ədəd “Christian Breton” firmasına məxsus ümumi dəyəri 300 manat təşkil edən kosmetik vasitəni gizli olaraq talamaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumi dəyəri 5382,40 (beş min üç yüz səksən iki manat qırx qəpik) manat təşkil edən 35 ədəd “Christian Breton” firmasına məxsus kosmetik vasitələri gizli olaraq talayıb zərərçəkmiş şəxsə 5382,40 (beş min üç yüz səksən iki manat qırx qəpik) manat maddi ziyan vurmaqla xeyli miqdarda oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o sonuncu dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə 02 ay vaxtından əvvəl şərti azad olunmuşdur. O, müxtəlif vaxtlarda ümumilikdə beş dəfə olmaqla ünvan 3 ünvanında yerləşən “Aloe Elmlər” aptekinə daxil olmuş, hər dəfə daxil olarkən 3-4 ədəd olmaqla, ümumilikdə 22 ədəd kosmetik vasitəni oğurlamışdır. Ümumilikdə 5382.40 manat yox, təxminən 3000 manat məbləğində maddi ziyan vurmuşdur. Oğurladığı məhsulları Bakı şəhərinin müxtəlif yerlərində tanımadığı qadınlara səyyar satıcı kimi yaxınlaşaraq ucuz qiymətə satmışdır. Bundan əlavə oğurladığı kosmetik vasitələrin bir hissəsini Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən adını bilmədiyi mağazaya 20-30 manata satmışdır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs MMC-nin baş hüquqşünası vəzifəsində çalışır. ünvan 3 ünvanında yerləşən “Aloe Elmlər” apteki Zərərçəkmiş şəxs MMC-yə məxsusdur. xx.xx.2025-ci il tarixdə aptekdə malların sayımı ilə əlaqədar onlar tərəfindən reviziya keçirilən zaman “Christian breton” firmasına məxsus 33 ədəd kosmetik vasitələrin aptekdə olmadığı müəyyən olunmuşdur. Daha sonra onlar aptekdə quraşdırılan videomüşahidə kameralarına baxış keçirilən zaman xx.xx.2024cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə bir nəfər şəxsin aptekə müxtəlif vaxtlarda gələrək “Christian breton” firmasına məxsus 33 ədəd kosmetik vasitələri gizli olaraq oğurlaması aşkar edilmişdir. Sonuncu dəfə isə xx.xx.2025-ci il tarixdə həmin şəxs birdaha aptekə gələrək həmin firmaya məxsus 2 ədəd kosmetik vasitəni oğurlamışdır. Hadisə nəticəsində MMC-yə ümumilikdə 5382,40 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, O, 2018-ci ildən Zərərçəkmiş şəxs MMC-yə məxsus “Aloe Elmlər” aptekdə əczaçı kimi fəaliyyət göstərmişdir. 2025-ci ilin fevral ayından isə aptek müdiri kimi fəaliyyətini davam etdirir. xx.xx.2025-ci il tarixdə aptekdə malların sayımı ilə əlaqədar onlar tərəfindən reviziya keçirilən zaman “Christian breton” firmasına məxsus 33 ədəd kosmetik vasitələrin aptekdə olmadığı müəyyən olunmuşdur. Daha sonra onlar aptekdə quraşdırılan videomüşahidə kameralarına baxış keçirən zaman xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə bir nəfər şəxsin aptekə müxtəlif vaxtlarda gələrək “Christian breton” firmasına məxsus 33 ədəd kosmetik vasitələri gizli olaraq oğurlamasını aşkar etmişdirlər. xx.xx.2025-ci il tarixdə işdə olan əczaçı Şahid2 ona bildirmişdir ki, aptekə bir nəfər şəxs daxil olmuşdur. Türkan həmin şəxsin ətrafda olan şəxslərə və əczaçıya baxdığını həmçinin vitrində olan məhsulları nəzərdən keçirdiyini aşkar etmişdir. Həmin zaman içəridə müştəri çox olduğu üçün Türkan həmin şəxsi diqqət mərkəzində saxlaya bilməmişdir. Daha sonra həmin şəxsin apteki tərk etdiyini görmüşdür. Daha sonra məhsullara baxdıqda isə “Christian Breton” firmasına məxsus məhsulların qoyulduğu vitrinə nəzər yetirdikdə orada bəzi məhsulların olmadığı görmüşlər. Bundan sonra həmin şəxsin yerində olmayan məhsulları oğurladığı onlara aydın olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2022-ci ildən Zərərçəkmiş şəxs MMC-yə məxsus “Aloe Elmlər” aptekində əczaçı kimi fəaliyyət göstərir. xx.xx.2025-ci il tarixdə işdə olan zaman aptekə bir nəfər şəxs daxil olmuşdur. Onun ətrafda olan şəxslərə və onlara baxdığını həmçinin vitrində olan məhsulları nəzərdən keçirdiyini aşkar etmişdir. Həmin zaman içəridə müştəri çox olduğu üçün o, həmin şəxsi diqqət mərkəzində saxlaya bilməmişdir. Daha sonra həmin şəxsin apteki tərk etdiyini görmüşdür. O, həmin şəxsin məhsulları götürdüyündən şübhələnmişdir. Daha sonra məhsullara baxdıqda “Christian Breton” firmasına məxsus məhsulların qoyulduğu vitrində bəzi məhsulların olmadığı görmüşdür. Bundan sonra həmin şəxsin yerində olmayan məhsulları oğurladığı ona aydın olmuşdur. Bundan sonra qeyd olunanlarla bağlı öz rəhbərliyinə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 12 fevral 2025-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus “Aloe Elmlər” aptekində baş verməsi məlum olmuşdur. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. (Cild İ, i.v. 11-14) “Videogörüntüyə baxış keçirilməsi haqqında” 12 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Nümayəndə təhqiqata təqdim etdiyi hadisə yerinə quraşdırlan videomüşahidə kameralarının qeydə aldığı görüntülərə baxış keçirilmişdir. Görüntülərdə xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs günün müxtəlif saatlarında aptekə gələrək kosmetik vasitələri gizli olaraq talaması qeydə alınmışdır. (Cild İ, i.v. 15-16) “Götürmə və baxış keçirilməsi haqqında” 15 fevral 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən olunmuşdur ki, həmin kosmetik vasitələr çəhrayıl qutuda olmaqla birinin üzərində olan sellofan soyulmuş və içərisi açılmış vəziyyətdə digəri isə sellofan bağlamadadır. Sellofan bağlamada olan kosmetik vasitənin üzərində “X5” markası və EXTREME HYDRATİON CREME RİCHE sözləri qeyd edilmişdir. Digər kosmetik vasitənin üzərində isə eyni markanın adı və X2 sözləri həkk edilmişdir. Təqdim edilmiş əşyalara götürmə və baxış keçirilmiş, fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. (Cild İ, i.v. 24-25) xx.xx.2025-ci il tarixli “Aloe Elmlər” aptekinin işçiləri tərəfindən tərtib olunmuş aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə aptekin daxili reviziyası zamanı, aptekdə külli miqdarda kosmetik vasitələrin əskikliyi aşkar edilmişdir. Aptek daxilində olan xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli videogörüntülərə baxdıqda həmin kosmetik vasitələrin 1 (bir) nəfər tərəfindən oğurluq olunması müəyyən edilmişdir və sayım nəticəsində aptekdən 33 (otuz üç) ədəd “Christian breton” firmasına məxsus kosmetik vasitələr cəmi 5082.40 (beş min səksən iki manat qırx qəpik) manat məbləğində əskik olduğu müəyyən olunmuşdur. Aşağıdakı məhsullar aptekdən oğurlanıb: 1. X12 X13 Крем для лица (6470) 50 мл (Krem) (İNTERPRESTİGE) (Франция) 2 ədəd 284.8 AZN 2. X3 Rich интенсивно увлажняющий крем для лица (6517) 50 мл (Krem) (İNTERPRESTİGE) (Франция) 2 ədəd 238.4 AZN 3. X4 крем с коллагеном (6159) 50 мл (Krem) (İNTERPRESTİGE) (Франция) 2 ədəd 204.8 AZN 4. X4 сыворотка Super Power (6104) 30 мл (Sivorotka) (İNTERPRESTİGE) (Франция) 2 ədəd 174.4 AZN 5. X10 Youth крем придающий сияние (3424) 50 мл (Krem) (İNTERPRESTİGE) (Франция) 2 ədəd 273.6 AZN 6. X7 Glow Увлажняющий крем с гиалуроновой кислотой (3660) 50 мл (Krem) (İNTERPRESTİGE) (Франция) 2 ədəd 268.8 AZN 7. X8 супер увлажняющий крем (6401) 50 мл (Krem) (İNTERPRESTİGE) (Франция) 1 ədəd 106.4 AZN 8. X9 Survival Супер увлажняющий крем (3509) 50 мл (Krem) (İNTERPRESTİGE) (Франция) 2 ədəd 256 AZN 9. X11 Ultimate Global антивозрастной крем (3042) 50 мл (Krem) (İNTERPRESTİGE) (Франция) 2 ədəd 443.2 AZN 10. X11 Ultimate Корректирующий ночной крем (3028) 50 мл (Krem) (İNTERPRESTİGE) (Франция) 2 ədəd 420.8 AZN 11. X11 Ultimate Регенерирующий дневной крем (3011) 50 мл (Krem) (İNTERPRESTİGE) (Франция) 1 ədəd 202.4 AZN 12. X11 Ultimate Сыворотка с эффектом лифтинга (3035) 30 мл (Sivorotka) (İNTERPRESTİGE) (Франция) 2 ədəd 380.8 AZN 13. Christian Breton антивозрастная сыворотка с Ретинолом (3417) 50 мл (Sivorotka) (İNTERPRESTİGE) (Франция) 2 ədəd 355.2 AZN 14. Christian Breton Крем с гиалуроновой кислотой + аргановое масло (6821) 50 мл (Krem) (İNTERPRESTİGE) (Франция) 1 ədəd 128.8 AZN

15. Christian Breton Набор: Hyaluronic Acid + Argan/ Крем 50мл + сыворотка 30мл (0974) (Dəst) (İNTERPRESTİGE) (Франция) 2 ədəd 409.6 AZN 16. Christian Breton Осветляющая увлажняющая эмульсия (3646) 50 мл (Emulsiya) (İNTERPRESTİGE) (Франция) 2 ədəd 268.8 AZN 17. Christian Breton Увлажняющий крем с Цинком для возрастной кожи (2618) 50 мл (Krem) (İNTERPRESTİGE) (Франция) 2 ədəd 318.4 AZN

18. Christian Breton Укрепляющий ночной крем (6845) 50 мл (Krem) (İNTERPRESTİGE) (Франция) 2 ədəd 347.2 AZN (cəmi 33 (otuz üç) ədəd məhsullar). (Cild İ, i.v. 62-63) “Götürmə və baxış keçirilməsi haqqında” 16 fevral 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən olunmuşdur ki, Buta Farm” MMC-nin lisenziyası ilə fəaliyyət göstərən “Aloe Elmlər” aptekinin işçiləri tərəfindən tərtib olunmuş akta əsasən xx.xx.2025-ci il tarixədək oğurlanmış məhsulların siyahısı qeyd edilmişdir. Həmin siyahıya əsasən, 5082.40 (beş min səksən iki manat qırx qəpik) manat məbləğində məhsulların oğurlandığı müəyyən olunmuşdur. (Cild İ, i.v. 64) “İfadənin yerində yoxlanılması haqqında” 18 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, o, ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmişdir. İfadənin yerində yoxlanılması ilə bağlı xx.xx.2025-ci il tarixli protokol tərtib olunaraq iş materiallarına əlavə edilmişdir. (i.v. 92) “Maddi sübut kimi tanınması və saxlanılması üçün verilməsi haqqında” 25 fevral 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 02 ədəd “Christian breton” firmasına məxsus kosmetik vasitə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ-nin NH-nə təhvil verilmişdir. (Cild İ, i.v. 95) “Sübutların qiymətləndirilməsi haqqında” 07 may 2025-ci il tarixi qərardan görünür ki, iş üzrə götürülmüş 02 ədəd “Christian breton” markalı kosmetik vasitə maddi sübut kimi tanınmışdır. (Cild İ, i.v. 130-136) Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X1 tərəfindən tərtib olunmuş qəbzdən görünür ki, “Christian breton” firmasına məxsus iki ədəd kosmetik vasitə aptekin müdiri vəzifəsində çalışan Şahid1 qaytarılmışdır. Məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, mütəmadi şəkildə müxtəlif mağazalardan oğurluqlar edib, oğurlanmış əşyaları tanımadığı şəxslərə ucuz qiymətə sataraq dolanmışdır. Qeyd etmişdir ki, o, müxtəlif vaxtlarda müxtəlif günlərdə ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus "Aloe Elmlər" aptekinə daxil olaraq oradan "Christian breton" firmasına məxsus kosmetik vasitələri gizli olaraq oğurlayıb Bakı şəhərinin müxtəlif yerlərində tanımadığı qadınlara səyyar satıcı kimi yaxınlaşaraq ucuz qiymətə satmışdır. Həmçinin oğurladığı kosmetik vasitələri Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən adını bilmədiyi mağazaya 20-30 manata satmışdır. O, həmin məhsulların hamısını birdən oğurlasa vitrinin boşluğu gözə çarpacağından hissə-hissə olmaqla oradan oğurluq etmişdir. Həmin məhsulları oğurlayıb sataraq şəxsi ehtiyaclarını ödəyir və pulu qurtaranda yenidən həmin aptekə məhsulları oğurlamağa gəlmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərəçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən “Aloe Elmlər” aptekindən cəmi 22 ədəd kosmetik vasitə oğurlaması və ümumilikdə 5382.40 manat yox, 3000 manat məbləğində maddi ziyan vurması barədə ifadəsinə tənqidi yanaşır və bunu özünümüdafiə xarakterli hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 16 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:55-də tutulmuşdur. (Cild İ, i.v. 40-41) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 4(004)-154/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 16 fevral 2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild İ, i.v. 87-91) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 may 2025-ci il tarixli, 4(004)-378/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 05 iyun 2025ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2018-ci il tarixli qərar ləğv edilmiş və cəza 03 il 04 aya endirilmişdir. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 01 ay 20 gün vaxtında əvvəl şərti azad olunmuşdur. xx.xx.2019-cu il tarixdə cəzanı tam çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən hökm dəyişdirilərək təyin edilmiş cəza 03 il 10 aya endirilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il tarixdə AR MM-in xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzadan azad olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə 02 ay vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (Cild İ, i.v. 102-104) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-185/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli qərarı ilə təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası münasibətdə onun məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 02 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri və CM-nın 65.2-ci maddəsinin tələblərini nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut iki ədəd “Christian Breton” markalı kosmetik vasitənin “Aloe Elmlər” aptekinin müdiri vəzifəsində çalışan Şahid1 qаytаrılması nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-in 56.1.3). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi ) saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 16 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut iki ədəd “Christian Breton” markalı kosmetik vasitənin “Aloe Elmlər” aptekinin müdiri vəzifəsində çalışan Şahid1 qаytаrılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi ) saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar