Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-342/2021 15.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri Mərkəz vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1999-cu ildə Neftçala şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmayan, Neftçala şəhəri məhəllə 5-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, о, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əsgər yoldaşı Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (bundan sonra SOCAR) işə qəbulla bağlı işləri həll edə bilməsi barədə, bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib, sonuncunun inam və etibarını qazanaraq, İİ Qarabağ müharibəsinin qazisi Zərərçəkmiş şəxs SOCAR-da işə qəbul olunmasına köməklik göstərməsi barədə ona müraciət etdikdə, bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda, yalandan sonuncunu SOCAR-da mühafizə rəisi kimi işə qəbul etdirmək imkanına malik olması görüntüsü yaratmaqla, əslində həmin pulu ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs aldadaraq, 06.04.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu metronun “20 Yanvar” stansiyasının yanında yerləşən "xxxx" ASCnin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs 1800 manat pulunu etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 2017-ci ilin yanvar ayından 2018-ci ilin iyul ayına kimi olan müddətdə Gəncə şəhərində hərbi xidmətdə olarkən tanımışdır. Ordudan tərxis olunandan sonra Kamalla telefon əlaqəsi saxlayıb, arabir görüşmüşlər. 2-ci Qarabağ müharibəsi başlayan vaxt Kamal könüllü olaraq hərbi xidmətə getmiş və bir çox döyüşlərdə iştirak etmiş, sonra isə ağır yaralanmışdır. İİ Qarabağ müharibəsi ordumuzun şanlı qələbəsi ilə başa çatdıqdan sonra bu ilin mart ayında Kamalla telefon əlaqəsi yaradıb hal-əhval tutandan sonra Kamal işsiz olduğunu, dövlət işində işləyərək normal əmək haqqı almaq istədiyini bildirmişdir. Kamala “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayaraq, onu 2000 manat müqabilində «SOCAR»da aylıq əmək haqqısı 800 manat olan mühafizə rəisi vəzifəsinə işə düzəldə biləcəyini demişdir. Kamala belə bir vəd vərməyinin səbəbi onu işə düzətmək deyil, sadəcə özünün pula ehtiyacı olmağı olmuşdur. Lakin Kamal ona inandığı üçün pulu 3-4 günə düzəldib onunla əlaqə yaradacağını bildirmişdir. 06 aprel 2021-ci il tarixdə Kamal ona zəng edərək pulu hazırladığını və görüşmək istədiyini bildirmiş və ondan “20 Yanvar” metrosunun yanına daha doğrusu "xxxx" ASC-nin binasının yanına gəlməsini xahiş etmişdir. Həmin gün saat 15 radələrində o Kamalla həmin yerdə görüşmüşdür. Görüş zamanı Kamal ona 1800 manat pul tapdığını bildirərək həmin pulu ona vermiş, o da Kamaldan pulu götürüb yalandan onun Qarabağ qazisi olduğu üçün çatışmayan 200 manat pulu Kamalın yerinə özü verəcəyini bildirmiş və söz vermişdir ki, ən uzağı 1 ay müddətində həmin vəzifəyə qəbul olunması barədə əmri hazır olacaqdır. Bundan sonra o Kamaldan aldığı 1800 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Kamaldan pulu aldıqdan 10 gün sonra Kamal zəng vurub təkidlə görüşmək istədiyini bildirmiş və o məcbur olub onunla görüşmüşdür. Söhbət zamanı Kamal ondan nə üçün döyüş yoldaşı Fərhadı eyni vəzifəyə 600 manat müqabilində düzəldəcəyinə söz verib, ondan isə 2000 manat istədiyini soruşmuşdur. Kamalın bu sualına o cavab olaraq bildirmişdir ki, Fərhadın işi mühafizə rəisidi, onun vəzifəsi isə Farhadın vəzifəsindən daha yüksəkdi. Lakin Kamal ona inanmamış və ona verdiyi pulu tələb etmişdir. Lakin o Kamaldan aldığı pulu xərclədiyi üçün Kamaldan xahiş etmişdir ki, ona 3 gün vaxt versin və bu barədə öz xətti ilə yazılı qəbz yazıb Kamala vermişdir. Həmin vaxtdan sonra o telefonunu söndürmüş və Kamal onu bir daha görə bilməmişdir. Yekun olaraq o etdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 03 aprel 2021-ci il tarixdə əsgər yoldaşı Təqsirləndirilən şəxs “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə ona yazıb bildirmişdir ki, “səni SOCAR-da mühafizə rəisi vəzifəsinə düzəldə bilərəm, 800 manat əmək haqqı alacaqsan, bunun üçün 2000 manat pul veməlisən”. O Orxanın bu təklifi ilə razılaşıb, evdə məsləhətləşdikdən sonra 1800 manat pul düzəldib 06 aprel 2021-ci il tarixdə saat 15 radələrində Yasamal rayonu metronun “20 Yanvar” stansiyasının yaxınlığında yerləşən "xxxx" ASC-nin qarşısında Orxanla görüşüb 1800 manat pulu Orxana vermiş, həmin vaxt Orxan 200 manatı özünün onun yerinə qoyacağını, İİ Qarabağ müharibəsi qazisi olduğu üçün ona hörmət edəcəyini demişdir. O da işi düzələcəyi təqdirdə Orxana qonaqlıq verəcəyini demişdir. Orxana 1800 manat pulu verən zaman Orxan təxminən 1 ay müddətində işi həll edəcəyinə söz vermişdir. 08 aprel 2021-ci il tarixdə əsgər yoldaşı Orxan və döyüş yoldaşı Fərhad Nəcəfovla birlikdə Sumqayıt şəhərində yerləşən kafelərin birində oturub çörək yemişdir. Həmin gün axşam Fərhad zəng edib demiş ki, Orxan kafedə ona bildirmişdir ki, 600 manat qarşılığında onu 800 manat əmək haqqı olan işə düzəldə bilər. Bu zaman Orxanın onu aldatdığını başa düşmüş və Orxana zəng edib pulunun qaytarılmasını tələb etmiş, lakin Orxan görüşlərdən yayınmağa başlamışdır. 16 aprel 2021-ci il tarixdə saat 14 radələrində Orxanla görüşüb 1800 manat pulu qaytarmasını tələb etmiş, həmin vaxt Orxan öz xətti ilə qəbz yazmışdır ki, 3 gün müddətinə pulu qaytaracaqdır. Son olaraq təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 03 aprel 2021-ci il tarixdə oğlu Kamalın əsgər yoldaşı Təqsirləndirilən şəxs “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə Kamala yazıb bildirmişdir ki, 2000 manat müqabilində onu «SOCAR»da aylıq əmək haqqısı 800 manat olan mühafizə rəisi vəzifəsinə işə düzəldə bilər. Kamal evdə bu barədə ona deyib məsləhətləşdikdən sonra 1800 manat pul düzəldib 06 aprel 2021-ci il tarixdə saat 15 radələrində Yasamal rayonu metronun “20 Yanvar” stansiyasının yaxınlığında yerləşən "xxxx" ASC-nin qarşısında Orxanla görüşüb 1800 manat pulu Orxana vermişdir. Kamal Orxana 1800 manat pulu verdikdə yanında kənar şəxs olmamışdır və Orxan təxminən 1 ay müddətində işi həll edəcəyinə söz vermişdir. Orxan pulu aldıqdan sonra oğlu Kamalı aldatmasını başa düşmüş, 16 aprel 2021-ci il tarixdə saat 14 radələrində oğlu Kamal ilə birgə Orxanla görüşüb 1800 manat pulu qaytarmasını tələb etmiş, həmin vaxt Orxan öz xətti ilə qəbz yazmışdır ki, 3 gün müddətinə pulu qaytaracaqdır. Lakin Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə onları aldadaraq pulu ələ keçirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.» Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Beləliklə, məhkəmə istintaqı zamanı tətdiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yalan məlumatlar verməklə vədd etdiyi öhdəlikləri yerinə yetirməmiş və onların əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Təqsirləndirilən şəxs məqsədi öz həqiqi niyyətini gizlədərək, zərərçəkmiş şəxsdən yalan vədlərin köməyi ilə müxtəlif bəhanələrlə əmlakını ələ keçirmək olmuşdur. Nəticədə zərərçəkmiş şəxsin əmlakını mənimsəməklə, o, dələduzluq cinayətini törətmiş və zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan 16 aprel 2021-ci il tarixli əlyazmadan görünür ki, xx xxxxxx 1999-cu il tarixdə Neftçala şəhərində anadan olmuş Təqsirləndirilən şəxs əsgər yoldaşı Zərərçəkmiş şəxs işə düzəltmək adı ilə 2000 manat pul almış və həmin pulu 3 gün müddətində geri verəcəyini qeyd edib imzası ilə təsdiqləmişdir. (i.v.12) İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 16 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 1800 manat pulun Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq pulu ələ keçirilməsi barədə daxil olmuş məlumatı hadisə baş vermiş “Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti metronun “20 Yanvar” stansiyasının yaxınlığında yerləşən "xxxx" ASC-nin qarşısına baxış keçirilmişdir. Vətəndaş Zərərçəkmiş şəxs 1800 manat pulu əlbəəl Təqsirləndirilən şəxs "xxxx" ASC-nin qarşısında yerləşən transformatorun yanında vermişdir. Hadisə yerində iş üzrə əhəmiyyət kəsb edən predmet aşkar edilməmişdir. (i.v. 13-14) İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 23 iyun 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v.52) İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi barədə” 25 avqust 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş və Yasamal RPİ-nin MSY-dən azad olunmuşdur. (i.v. 105-106) İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında və cinayət təqibi üzrə icraatın materiallarına əlavə olunması haqqında” 26 avqust 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi əlyazma öz xüsusiyyətinə və əlamətlərinə görə cinayət təqibi üzrə sübutedici əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən bir əşya kimi maddi sübut hesab edilmiş və cinayət təqibi üzrə icraatln materiallarına əlavə edilmişdir. (i.v. 109) İş materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 30 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs qarşı dələduzluq yolu ilə vurulmuş maddi ziyanın məbləği 1800 manat kimi qəbul edilib qiymətləndirilmişdir. İş üzrə Təqsirləndirilən şəxs ifadələri işin digər halları ilə təsdiq edildiyindən, Zərərçəkmiş şəxs, Şahid ifadələri, üzləşdirmə, hadisə yerinə baxış protokolları və əlyazma sübut növü kimi qiymətləndirilmişdir. (i.v.110-115) İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdikləri ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyanı tamamilə ödədiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73-1ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CMin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi materialına CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut, mülki iddia, həmçinin məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-342/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-342/2021
15.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver