Məhkəmə qərarları › İş №1(004)-342/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-342/2024

03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-342/2024 03.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Lənkəran rayonu Sütəmurdov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Lənkəran rayonu Sütəmuradov Ərazi Dairəsi Sütəmurdov kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə, o, 08 sentyabr 2023-cü il tarixdə saat 16 radələrində idarə etdiyi “Toyota Prius” markalı ** BX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə ünvan 1 ünvanda göstərdiyi taksi xidməti fəaliyyəti ilə əlaqədar hərəkətdə olan zaman guya ki, onun hərəkət zolağına çıxmaqla qəza şəraiti yaratmış markası istintaqla müəyyən edilməyən mopedin sürücüsü Zərərçəkmiş şəxs ilə münasibətləri ayırd etmək və öz üstünlüyünü nümayiş etdirmək üçün sonuncunun həmin ünvanda, yəni ictimai yer hesab olunan avtomobil yolunun kənarında mopedi saxlamasına nail olduqdan sonra qeyd edilən məzmunda aralarında baş vermiş münaqişə zamanı heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini orada olan digər şəxslərin şəxsiyyətinin fövqündə tutaraq öz üstünlüyünü nümayiş etdirməklə Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər işlədərək ictimai qaydanı yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək başı ilə Zərərçəkmiş şəxs burun nahiyəsinə bir zərbə vurub sonuncuya burun sümüyünün distal ucunda qığırdaq səthindən qopma xarakterli sınığı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ittiham edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, “Toyota Prius” markalı ** BX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili icarəyə götürərək taksi fəaliyyəti ilə məşğul olmuşdur. Sonradan adını bildiyi Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti və ya qohumluğu olmamışdır. 08 sentyabr 2023-cü il tarixdə saat təxminən 16 radələrində o, idarə etdiyi “Toyota Prius” markalı ** BX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhəri Yasamal rayonu B.Bağırov küçəsi ilə hərəkətdə olan zaman qəflətən sol tərəfdən hərəkətdə olan moped onun yoluna çıxaraq qəza şəraiti yaratması səbəbindən o, avtomobilini saxlamadan əl qol hərəkəti ilə iradını bildirərək hərəkətini davam etdirərək bir qədər sonra yolun sağ kənarında saxlamış, mopedin sürücüsü isə onu ötüb getmişdir. O avtomobildə əyləşmiş vəziyyətdə olmuşdur, bir qədər sonra zərərçəkmiş şəxs onun əyləşdiyi avtomobilin qarşı tərəfindən ona yaxınlaşdığını gördükdə, o, avtomobilin qapısını bağlamışdır. Lakin zərərçəkmiş şəxs qapını açmaq məqsədi ilə dartışdırmağa başlamışdır, o, avtomobilin qapısını açmasına imkan verməmiş, lakin sonradan həmin şəxs avtomobilin qapısını zorla açılmasına nail olduqdan sonra “gəl çıx bayıra səninlə işım var demişdir”, lakin o, yenidən avtomobildən bayıra çıxmaq istəmədikdə Zərərçəkmiş şəxs avtomobilin içərisinə əyilərək onu qucaqlayaraq bayıra dartıb çıxartmağa cəhd etdikdə o məcbur olub ona müqavimət göstərərkən sonuncuya bir zərbə vurmuşdur. İfadəsinin sonunda onun əməlinin xuliqanlıq maddəsi ilə deyil, qəsdən sağlamlığa yüngül zərər vurma kimi tövsif edilməsini və ümumən törətdiyi əməldən peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs ilə barışdığını, vurulmuş zərərin tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını qeyd edib, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İfadəsinin dəqiqləşdirilməsi ilə bağlı ona verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişir ki, hadisə baş verən vaxt ətrafda onlardan başqa digər şəxslər olmamışdır, hadisə təxminən ümumilikdə 1-2 dəqiqə ərzində davam etmişdir. Mübahisənin yaranmasına səbəb Zərərçəkmiş şəxs ona yaxınlaşaraq ilk əvvəl əyləşdiyi avtomobilin qapısını zorla açmağa calışması buna nail olduqdan sonra qucaqlayaraq onu avtomobildən kənara dartması olmuşdur. Zərərçəkmiş şəxs ona yaxınlaşıb avtomobilin qapısını onun iradəsindən kənar açmaq istədikdə ilk əvvəl o buna müqavimət göstərmişdir lakin sonradan Zərərçəkmiş şəxs daha güclü müqavimət göstərdiyindən qapının açılmasına nail olmuşdur, o, münaqişənin pis nəticələnməməsi üçün qapını açmaq istəməmişdir, lakin ona qarşı edilmiş hücuma qarşılıq vermək məcburiyyətində qalmışdır, onu qucaqlayaraq yerdən qaldırdığı üçün onu özündən ayırmaq məqsədilə onu bir dəfə vurmuşdur. Məhz bundan sonra zərəçəkmiş şəxs onu buraxmışdır. Eyni zamanda bildirmişdir ki, ibtidai istintaq tərtib edilmiş ifadəsində “Atomobilini saxlayaraq avtomobilin pəncərəsini açmaqla həmin şəxsə öz iradını bildirdikdə, sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs mopeddən enərək ona yaxınlaşması, avtomobilinin qapısının acmasının istəməsi” ilə bağlı qeyd edilmiş ifadəsi, eləcə də “orada olan bir iki nəfər şəxs onları ayırmışlar” kimi qeyd edilmiş ifadələr həqiqəti əks etdirmir.Belə ki, zərərçəkmiş özü də etiraf edir ki, o, idarə etdiyi mopedi 70-80 metrə aralıda saxladıqdan sonra piyada gəlib ona yaxınlaşmışdır. İfadəsinin hansı səbəbdən həmin qaydada yazılması ona məlum deyildir. Hadisəinin baş vemə qaydası yuxarıda qeyd etdiyi kimi olmuşdur, yəni avtomobilini saxlamadan, pəncərəni acmadan, normal şəkildə əl hərəkəti ilə mopedin sürücüsünə düzgün monevr etmədiyini, onu və özünü təhlükədə qoya biləcəyini bildirmişdir, bir qədər getdikdən sonra avtomobilini saxlamışdır və gözləmədiyi halda, öz təşəbbüsü ilə Zərərçəkmiş şəxs ona yaxınlaşmışdır və hadisə bundan sonra cərəyan etmişdir. Bu zaman həmin şəxs onu qucaqlayaraq zorla yerdən qaldırdığı üçün qeyri ixtiyarı hərəkət etdirərək ona xəsarət yetirmişdir. Məhkəmə iclasında zərərcəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirmişdir ki, mopeddən istifadə etməklə kuryerlik fəaliyyəti ilə məşğul olur. İdarə etdiyi mopedlə müxtəlif ünvanlara sifarişlər çatdırır. 08 sentyabr 2023-cü il tarixdə təxminən saat 16 radələrində idarə etdiyi mopedlə Bakı şəhəri Yasamal rayonu B.Bağırova küçəsi ilə İzmir küçəsi istiqamətinə hərəkət etmişdir. Bu vaxt arxadan hərəkətdə olan “Toyota prius”markalı avtomobilin sürücüsü adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən ona tərəf əl-qol hərəkətləri etdiyini görmüş bir qədər getdikdən sonra həmin avtomobilin B.Bağırova küçəsində yol kənarında dayandığını görmüş və o bir xeyli qabaqda mopedi yolun kənarında saxlamışdır. O, “Toyota Prius” markalı avtomobilin sürücüsünə yaxınlaşıb nə səbəbə əl-qol hərəkətləri etməsini soruşmuş, həmin sürücü isə ona kobud cavab qaytarmışdır. O, avtomobilin qapısını açmaq istədikdə qapının bağlı olduğunu görmüşıb, belə olan halda həmin şəxsə irad bildirirək aşağı düşüb söhbət edib aydınlaşdırmağı demişdir. Mübahisənin yaranmasına səbəb özünün də əsəbi olduğunu deyərək, öz günahını boynuna almışdır. Həmçinin, göstərmişdir ki, o, Nurlanın idarə etdiyi avtomobilin qapısını dartaraq açmaq istəmiş, buna nail olduqdan sonra onu qucaqlayaraq avtomobildən kənara çıxarmaq istəmişdir bu zaman təqsirləndirilən şəxs onu başı ilə vurmuşdur. İfadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tamamilə ödənildiyini, şikayət və tələbinin olmadığını nəzərə alıb ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İfadəsinin dəqiqləşdirilməsi ilə bağlı ona verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişir ki, hadisə baş verən vaxt ətrafda onlardan başqa digər şəxslərin olub olmamasını dəqiq xatırlamır, hadisə təxminən ümumilikdə 1-2 dəqiqə ərzində davam etmişdir.Təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilin dayanmasını o, tələb etməmişdir, lakin dayanmasını mopedin güzgüsü vasitəsi ilə gördükdən sonra qarşıda təxminən 70— 80 metrə məsafədə saxladıqdan sonra arxaya piyada hərəkət edərək təqsirləndirilən şəxsin idarə etdiyi “Toyota prius” avtomobilinə yaxınlaşmışdır və hadisə də elə bundan sonra baş vermişdir. Zərərçəkmiş şəxs eyni zamanda bildirmişdir ki, o, geriyə qaytmasa idi hadisə baş verməyəcəkdir.Əsasbi olmuşdur və öz günühi üzündən belə bir hal baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanıb icraata qəbul edilməsi haqqında” 23 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır. (İ/V. 1). “157-Döymə” 08 sentyabr 2023-cü il tarixli HK-1861 nömrəli raportdan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs B.Bağırova küçəsində kuryer kimi fəaliyyət göstərdiyi motorskletə Toyoto markalı a/m tərəfindən qəza şəraitinin yaradılması, irad bildirdikdə isə döyülməsi faktı ilə xx.xx.2023-cü il tarixdə ssaat 16:07-də DİN-nin 102 z/x-nə məlumat vermişdir. (İ/V. 26-27). “Baxış keçirilməsi haqqında” 9 sentyabr 2023-cü il tarixli protokol və foto şəkildən görünür ki, cinayət hadisəsinin baş verdiyi ünvan ünvan 2nun kənarı olmaqla ictimai yer hesab olunur. (İ/V. 11-13). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik hüquqi şəxsin Yasamal rayon şöbəsinin 9 sentyabr 2023-cü il tarixli 1074 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət-burun sümüyünün distal ucunda qığırdaq səthindən qopma xaratkerli sınığı küt əşyanın təsirindən törənmişdir, qeyd olunan müddətdə və şəraitdə yəni 08 sentyabr 2023-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (İ/V. 21-23). “Şübhəli şəxs barəsində axtarış elan etmə haqqında” 15 fevral 2024-cü il tarixli qərardan görünür ki, şübhəli Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (İ/V. 40). “Tutma haqqında” 16 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00-da ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 53). “Şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 18 mart 2024cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə AR CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Kərimov X2 RPİ-nin MSY-dən azad edilmişdir. (İ/V. 81). “Qətimkan tədbirinin seçilməsi haqqında” 18 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. (İ/V. 83-84). “Üzləşdirmə haqqında” 15 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini təsdiq edərək 08 sentyabr 2023-cü il tarixdə saat 16 radələrində ünvan 3 ünvanda baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə yaxınlaşsa da onu dartıb bayıra çıxarmaq istəmədiyini, sadəcə iradə bildirdiyini və sonuncunun isə avtomobildən enərək qəfildən başı ilə onun sifət nahiyəsinə zərbə vurmasını göstərmiş, Təqsirləndirilən şəxs isə ifadələrini təsdiq edərək qeyd edilən tarixdə və ünvanda Zərərçəkmiş şəxs onun idarə etdiyi avtomobilin qapısını açıb onu bayıra çıxarmasını, qucağına alıb qaldırarkən ondan yayınmaq məqsədi ilə əli ilə sonuncunun sifət nahiyəsinə bir zərbə vurmasını göstərmişdir. (İ/V. 99-100). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum olunmasına dair məlumat yoxdur. (İ/V- 104). “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” 15 aprel 2024-cü il tarixli qərardan görünür ki, cinayət əməli Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilərək istintaq davam etdirilmişdir. (İ/V. 105-113). Zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə istintaqında təqdim etdiyi ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır, vurulmuş ziyan tamamilə ödənilmişdir, şikayət və tələbi yoxdur, cinayət işinə xitam verilməsinə etiraz etmir. Eyni zamanda ərizədə bildirmişdir ki, baş vermiş hadisə onun günahı üzündən baş vermişdir, peşimandır, şikayət barədə ərizəsini geri götürür. Məhkəmə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının CM-nin 221.1-cü maddəsindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə isə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. İttihamı, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İş materiallarından və məhkəmə araşdırmasından müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyəti olmayıb. Həmçinin mübahisə zərərçəkmiş şəxsin təşəbbüsü ilə konkret desək onun təqsirləndirilən şəxsi tanımadığı halda, əvvəllər heç bir münasibət və tanışlığı olmadığı halda hər ikisi nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən biri birlərinin qarşılıqlı surətdə qəza şəraiti yaratmaqda ittiham etmələri səbəbindən biri birlərinə (əl qol hərəkətləri, jestlə bildirməklə) irad bildirməsindən sonra Zərərçəkmiş şəxs “Toyota prius” markalı avtomobilin dayanmasını gördükdən sonra idarə etdiyi mopedi bir xeyli aralıda (özü qeyd elədiyi kimi təxminən 70-80 metr aralıda) saxladıqdan sonra piyada geri qayıdaraq Təqsirləndirilən şəxs əyləşdiyi avtomobilə yaxınlaşmasından sonra başlanmışdır. Təqsirləndirilən şəxs məhz onun əyləşdiyi avtomobilin qapısını zorla açılmasının qarşısını almaq, avtomobildən çıxmaq istəməməsi səbəbindən qapının Zərərçəkmiş şəxs tərəfindən açılmaması üçün tədbirlər görmüş lakin sonuncu qapının aşılmasına nail olduqdan və onun özünü qucaqlayaraq avtomobildən kənara dartıb çıxarmaq istədikdə Təqsirləndirilən şəxs zərbə vuraraq Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Başqa sözlə desək Zərərçəkmiş şəxs tərəflərin biri birlərinə irad bildirmələrindən və hərəkətlərini davam etmələrindən sonra nəqliyyat vasitəsini dayandırıb xeyli məsafə qət edərək hadisənin baş verdiyi əraziyə gəlməsi və nəticə ehtibarı ilə mübahisəyə başlaması, onların arasında hazırda məhkəmədə araşdırılan cinayət hadisəsinin baş verməsinə gətirib çıxarmışdır. Məhkəmə iş materiallarını, məhkəmə istintaqı zamanı verilmiş ifadələri nəzərə alaraq belə qənaətə gəlir və hesab edir ki, zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs əyləşdiyi avtomobilə yaxınlaşıb həmin avtomobilin qapısını N.Kəromovun iradəsinə zidd olaraq açmaq istəməsi, sonradan həmin qapını açdıqdan sonra Təqsirləndirilən şəxs öz iradəsi əleyhinə dartıb bayıra çıxarmaq kimi bir hərəkət etməsə idi, ümumiyyətlə təqsirləndirilən şəxsə yaxınlaşmayacağı təqdirdə təqsirləndirilən şəxslə aralarında xəsarətin yetirilməsinə gətirib çıxaran mübahisə baş verməyəcəkdi. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər mövcud olmamış, onun hərəkətlərində xuliqanlıq niyyəti olmamışdır. Belə ki, işdəki sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik niyyəti ilə deyil, zərərçəkmiş şəxsin hərəkətlərindən törəyən təqsirləndirilən şəxsin kriminal davranışının irəli gəlməsinə səbəb olan aralarında yaranmış şəxsi münasibətlər zəminində sonuncuya sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Ümumiyyətlə, verilmiş ittihamda Təqsirləndirilən şəxs 08 sentyabr 2023-cü il tarixdə saat 16 radələrində ünvan 1 ünvanda ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməsi göstərilsə də, onun öz davranışı ilə ictimai qaydalara qarşı etinasızlıq göstərməsinin, özünü ətrafdakılara qarşı qoymasının, ətrafdakılara qarşı laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı hörmətsizlik göstərməsinin, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmasının nədən ibarət olması və nədə ifadə olunması, başqa sözlə, onun hərəkətlərində ictimai qaydanın kobud şəkildə pozulmasının və cəmiyyətə açıqca hörmətsizliyin nədə ifadə olunması öz əksini tapmamışdır, qeyd edilən halları təsdiq edən mötəbər sübut mövcud deyildir. Halbuki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin mənasına görə xuliqanlığın mahiyyəti ondan ibarətdir ki, onu törədən şəxs özünün şəxsiyyətini, başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, bunlara etinasızlıq göstərən hərəkətlər edir. İstintaq orqanı baş vermiş hadisəni kifayət qədər ətraflı araşdırmamış, yaranmış vəziyyəti əsaslı dəyərləndirməmiş, hadisəyə birtərəfli yanaşmış, bunun nəticəsi olaraq təqsirləndirilən şəxsin əməlini düzgün qiymətləndirməmiş və faktiki hallara uyğun tövsif etməmişdir. Belə ki, ibtidai istintaq orqanı xuliqanlıq cinayətinin formal tərkibli olmasına lazımi səviyyədə yanaşmayaraq əməlin xuliqanlıq hərəkətləri kimi tövsifini yanlız hadisənin baş verdiyi yerə görə qiymətləndirmişdir. Məhkəmə qeyd edir ki, hadisənin Yasamal rayonu B.Bağırova küçəsində, yəni ictimai hesab edilən yerdə baş verməsi, əməlin xuliqanlıq kimi tövsif edilməsinə kifayət etmir. Bunun üçün ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin də mövcudluğu tələb olunur. Hazırki işdə əməlin ictimai qayda əleyhinə, ictimai qaydanı pozmağa yönəldiyi, qəsdin həmin istiqaməti görünmür. Ona görə də əməlin xuliqanlıq olmasını demək mümkün deyildir. Cinayət işinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, baş vermiş hadisənin yaranma və davam etmə mexanizmindən də göründüyü kimi (zərərçəkmiş şəxsin bilavasitə avtomobilə yaxınlaşması, avtomobilin qapısını zor tətbiq etməklə açmaq istəməsı, sonradan açması və təqsirləndirilən şəxsi qucaqlayaraq onu avtomobildən kənara dartışdırması və sairə kimi hallar) hadisənin heç bir səbəb olmadan deyil, səbəbli yəni zərərçəkimiş şəxsin təqsirləndirilən şəxsə qarşı etmiş olduğu aktiv hərəkətlər nəticəsində baş verdiyini göstərmişdir. Eyni zamanda cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma orqanı hadisənin baş verdiyi ərazidə olan obyektlərdə fəaliyyət göstərən şəxsləri dindirməmiş, hadisədən xəbəri olan, narahatçılıq keçirən, iş fəaliyyəti pozulan olmamış, onlar ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlər görməmişlər. Zərərçəkən şəxslə təqsirləndirilən şəxsdən başqa digər şəxslərin hadisə yerində olması iş materialları ilə təsdiq edilmir. Digər əhəmiyyətli hal ondan ibarətdir ki, ibtidai araşdırma orqanı cinayət işini CM-nın 128-ci maddəsi ilə başlayıb istintaqını aparmış, istintaq yuxarıda sadalananları müəyyən etmiş, lakin buna baxmayaraq, əlavə hər hansı bir mötəbər sübut toplamadan, eyni sübutlar bazası əsasında, yalnız hadisənin baş verdiyi yerə görə şəxsin əməlini xuliqanlıq əməli kimi qiymətləndirib CM-nın 221.1-ci maddəsinə tövsif etmişdir. Lakin Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Yəni ictimai qaydanın kobud şəkildə pozulduğunu, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunduğunu, digər mühüm halları təsdiq edən, o cümlədən ictimai qaydanın kobud pozuntusunun baş verməsinə, cəmiyyətə qarşı açıqca hörmətsizliyinin ifadə edilməsinə dəlalət edən hal kimi zor tətbiq etmənin və yaxud digər qərəzli hərəkətlərin ictimai yerdə (ətrafdakı şəxslər üçün aşkar surətdə qeyd edilsə də) törədilməsinə istinad edildiyi halda başqalarının gözü qarşısında olmasına dair sübutlar gətirilməmiş, sübutlar bazası müstəsna olaraq münaqişə tərəfləri ilə məhdudlaşmışdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs öz hərəkətləri ilə təqsirləndirilən şəxsin onu vuraraq sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirməyə sövq etmişdir. Təqsirləndirilən şəxsin məqsədi ictimai qaydanın kobud surətdə pozulmasına yönəldilmiş, qəsdən edilən hərəkətlər olmamışdır. Cinayətkar hərəkətlərin faktik məzmunu və xuliqanlıq niyyətinin olmaması isə, məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs ictimai-təhlükəli qəsdinin ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə açıqca hörmətsizlik ifadə olunmasına deyil, müstəsna olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı, onun sağlamlığına zərərin vurulmasına yönəldiyini, yəni xuliqanlıq cinayətinin tərkibi ilə ehtiva olunan əsas obyektə (ictimai qaydaya) zərərin vurulmadığını göstərir. İbtidai istintaq orqanı isə səhvən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlini xuliqanlıq cinayətini törətməsi kimi qiymətləndirmişdir. Məhkəmə işin həqiqi hallarından, hətta ittihamın özündə təsvir edilmiş faktlardan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs səbəbsiz hərəkət etməmiş, əslində zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin əyləşdiyi avtomobilin qapısını zorla açmaq istəməsi, açdıqdan sonra qucaqlayaraq şəxsi öz iradəsi əleyhinə əyləşdiyi avtomobildən kənara çıxarması ilə bağlı aktiv hərərkətlər sonda xəsarətin yetirilməsinə səbəb olmuşdur. Digər tərəfdən qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin avtomobilin qapısını bağlayaraq açmaq istəməməsi, Zərərçəkmiş şəxs qapının açılması ilə əlaqədar etdiyi aktiv hərəkətlərə qarşı müqavimət göstərməsi onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs mübahisədən yayınmaq istəmiş, mübahisənin yaranmasının qarşını almaq məqsədi ilə ondan asılı olan hərəkətlər etmişdir, lakin Zərərçəkmiş şəxs zorla qapını açmaq üçün etdiyi hərəkətlərə davam gətirə bilmədiyi üçün sonda məlum hadisə baş vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq hərəkətləri ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi təsbit edilmişdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirinin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, habelə qanunvericilklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər-təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Cinayət qanununun bu maddəsinin tərkibi üçün istər əşyaların məhv etmə xüsusiyyətlərinin, istərsə də təqsirkarın xuliqanlıq hərəkətlərində bu xüsusiyyətlərdən istifadə etmə məqsədinin göstərilməsi müstəsna əhəmiyyət kəsb edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə istintaq zamanı elan olunmuş ittihamın mahiyyəti, yəni Təqsirləndirilən şəxs təqsirləndirildiyi xuliqanlıq hərəkətlərinin mahiyyəti açıqlanmamışdır. İşin obyektiv vəziyyətindən isə aydın olur ki, ictimai qaydanın kobud surətdə pozulması hadisənin baş verdiyi ünvan 2nun kənarı ilə ifadə olunmuş, lakin ictimai qaydanı kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik edilməsi hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. Belə olan halda qeyd edilməlidir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək “niyyətinin olduğu” müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Xuliqanlıq cinayətinin yaranması üçün təqsirli şəxsin niyyəti ya əvvəlcədən formalaşmalı, ya da onun əməli hadisənin gedişi zamanı xuliqanlıq əməlinə çevrilməlidir. Göründüyü kimi, ibtidai istintaq orqanı, Təqsirləndirilən şəxs əməlini xuliqanlıq əməli kimi, yəni Azərbaycan Respublikası CM-in 221-ci maddəsi ilə tövsif etsə də, sonuncunun öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq etməsinin, özünü ətrafdakılara qarşı qoymasının, həmçinin ətrafdakılara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməsinin, birgə yaşayış qaydalarının və əxlaq normalarının kobud surətdə pozulmasının nədən ibarət olduğunu, ya da nədə ifadə olunduğu istintaq orqanı tərəfindən əsaslandırmamışdır. Halbuki qanunun mənasına əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, həmin əməli törədən şəxs özünün şəxsiyyətini, başqa şəxsin və digər, onun ətrafından olan şəxlərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, onlara etinasızlıq göstərən hərəkətlər edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Təqsirləndirilən şəxsə elan olunmuş xuliqanlıq ittihamında onun ünvan 2nun kənarında zərərçəkmişə xəsarət yetirməsi göstərilsə də bununla yanaşı xuliqanlıq cinayətinin qanunda təsbit olunmuş əlamətləri sadalansa da, hansı ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizliyin konkret hansı hərəkətlərdə ifadə olunması dəqiq göstərilməmişdir və bu halları təsdiq edən mötəbər və obyektiv sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə baş vermiş hadisəyə hüquqi qiymət verərkən təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında qarşılıqlı münasibətləri, hadisənin baş vermə yeri və hadisənin davam etmə müddəti ilə bağlı onu qeyd edir ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş arasında əvvəllər hər hansı bir münasibət olmamışdır. Digər tərəfdən hadisənin baş verməsinə səbəb Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı aktiv qayada güc tətbiq edərək onu avtomobildən yerə düşürmək istəməsi ilə əlaqədar etmiş olduğu aktiv hərəkətlər olmuşdur. Başqa sözlə desək zərərçəkənin səhv əməllərindən, hərəkətlərindən irəli gəlmişdir. Sonuncu isə bu hərəkətə görə Zərərçəkmiş şəxs vuraraq ona xəsarət yetirmişdir. Hadisə ümumilikdə qısa müddət ərzində 1-2 dəqiqəyə yaxın bir vaxt kəsiyində davam etmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını,cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı yönəlmiş qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan, onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma- beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəyərək onunla barışması eləcə də zərərçəkmiş şəxsin ondan hər hansı şikayət və tələbinin olmaması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmamasını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidie. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 1(004)-342/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosu hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.8, 43.1.2, 73, 175, 321, 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunsun. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinə AR CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Qərar elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar