Məhkəmə qərarları › İş №1(004)-343/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-343/2023

03.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-343/2023 03.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2 hüquqi varisi X8, müdafiəçi “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Özbəkistan Respublikasının Səmərqənd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkum olunmayan, fərdi ticarətlə məşğul olan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin olumünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 14 mart 2023-cü ildə saat 06:50 radələrində Bakı-Kənar-Dairəvi yolunun Yasamal rayonu ərazisindən keçən 4,1-ci kilometrində «X15» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı ilə 100 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində KİA RİO minik markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobili 110 km/saat sürətlə idarə edib üç zolaqlı yolun orta zolağı ilə rayon istiqamətində hərəkətdə olarkən, relssiz nəqliyyat vasitəsinin yalnız sol tərəfdən ötməsinə icazə verildiyi üçün qarşıda zolaqların hər birində asta sürətlə hərəkətdə olan yük avtomobillərinin onunla eyni istiqamətdə düzünə hərəkətdə olmasını nəzərə alaraq həmin avtomobilləri sağından ötüb keçməməli halda bunu etməyib «X15» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin tələblərini və diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «X15» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib avtomobili sağa doğru istiqamətləndirərək sağ zolaqdakı avtomobilin sağından ötmək istədikdə idarəetməni itirib avtomobil yoldan çıxaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin metal təhlükəsizlik səddinə çırpılmış, nəticədə ehtiyatsızlıqdan avtomobildə olan sərnişin X3 ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran onurğa beynin boyun şöbəsinin əzilməsi, İ-İİ boyun fəqərələrinin sınığı, baş beyinin yumşaq qişası altına, yan mədəciklərə qansızmalar, hər iki ağciyərin, qaraciyərin və dalağın cırılmaları, burun sümüyünün və yuxarı çənədə dişlərin sınıqları, sol İİİ-İV-V-Vİ- Vİİ-İX, sağ V-Vİ qabırğaların və döş sümüyünün sınıqları, sol baldır sümüklərinin qapalı sınığı, başın və bədənin əzilmiş yaraları, qançırları və sıyrıqları xəsarətlərini yetirməklə ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və ona xx.xx.2019-cu ildə xx.xx.2029-cu il tarixədək etibarlı olan «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 14 mart 2023-cü ildə saat 06:50 radələrində Bakı-Kənar-Dairəvi yolunun Yasamal rayonu ərazisindən keçən 4,1-ci kilometrində anası X4 məxsus olmaqla etibarnamə ilə idarə etdiyi KİA RİO minik markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobillə üç zolaqlı yolun orta zolağı ilə 110 km/saat sürətlə rayon istiqamətində hərəkət edirək Qaradağ rayonuna gedirmiş. Bu zaman qarşıda zolaqların hər birində asta sürətlə hərəkətdə olan yük avtomobillərini görmüşdür. Sağ zolaqla hərəkət edən qoşqulu yük avtomobilini sağdan ötmək üçün avtomobili sağa istiqamələndirib həmin yük avtomobilinin sağ yan tərəfindən ötüb keçmişdir. Yük avtomobilini sağdan ötüb keçərkən idarə etdiyi avtomobilin sağ təkərləri yoldan sağdakı çınqıllı hissəyə çıxaraq idarəetməni itirmiş və dərhal sükanı sola, yəni yola yönəltmək istəmişdir. Həmin anda güclü küləkli hava şəraiti olduğundan özündən asılı olmayaraq avtomobil sola gedib orta ayrıcı metal təhlükəsizlik səddinə sağ tərəfi çırpılaraq aşmışdır. Hadisə nəticəsində idarə etdiyi avtomobilin qabaq sağ oturacağında oturmuş, yəni Sədərək ticarət mərkəzində onunla eyni mağazada işləyən tanışı 1991-ci il təvəllüdlü X5 avtomobilin alın şüşəsindən uçub yıxılaraq yerə duşüb ağır xəsarət almış və «Namiq, Namiq» deyib onu çağırmış, amma sonradan danışa bilməmişdir. Sabınanı yol maşını ilə Bakı şəhərindəki X13 aparmışdır. Orada həkim Sabınanı müayinə edib onun öldüyünü bildirmişdir. Hadisə zamanı özü də xəsarət almış, idarə etdiyi avtomobil və orta ayrıcı metal təhlükəsizlik səddi əzilmişdir. Hadisə zamanı sərxoş deyilmiş, idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş və avtomobildə Sabınadan başqa sərnişi olmamışdır. Özünü təqsirli bilməsini, gənc olmasını, ilk dəfə hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan cinayət törətməsini, ailəli olmaqla himayəsində 2 azyaşlı uşağının olmasını, mərhum zərərçəkmiş şəxsin ailəsinə köməklik etməsini, onun dəfni ilə bağlı olan xərcləri öz üzərinə götürməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, ekspertiza rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs X2 hüquqi varisi X11 ifadəsində göstərmişdir ki, 14 noyabr 1991-ci il təvəllüdlü X5 ilə 2014-cü ildə rəsmi nikahları bağlanmış və bu nikahdan iki azyaşlı uşaqları vardır. 14 mart 2023-cü ildə səhər vaxtı Sədərək ticarət mərkəzində işləyən Təqsirləndirilən şəxs idarə etdiyi KİA RİO minik markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Kənar-Dairəvi yolunun Yasamal rayonu ərazisindən keçən 4-cü kilometrində baş vermiş yol nəqliyyat qəzasında X5 ölmüşdür. Həmin gün meyit morqda müayinə olunduqdan sonra Qaradağ rayonu Şenqar qəbiristanlığında dəfn etmişlər.Daha sonra zərərçəkmiş şəxsin hüquqi varisi bildirdi ki, təqsirləndirilən şəxsi bağışlayıb, ona qarşı hər hansı bir tələbi və şikayəti yoxdur. Cinayət işinin 98-99-cu vərəqələrində olan xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam qətimkan» tədbiri seçilmişdir. Cinayət işinin 49-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Ü.V.Aslanlı zərərçəkmiş şəxs mərhum S.D.Magerramovanın hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin 62-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYP Qİİ-nin verdiyi xx.xx.2023-cü il tarixli 3-13-16/2-41851-2023 nömrəli arayışla müəyyən edilmişdir ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildə xx.xx.2029-cu il tarixədək müddətə etibarlı olan AD 145638 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işinin 33-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 39-43-cü vərəqələrində olan məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X16 xx.xx.2023-cü il tarixli, 32 saylı meyitin ekspertizası rəyindən görünür ki, X2 meyitində onurğa beynin boyun şöbəsinin əzilməsi, İ-İİ boyun fəqərələrinin sınığı, baş beyinin yumşaq qişası altına, yan mədəciklərə qansızmalar, hər iki ağciyərin, qaraciyərin və dalağın cırılmaları, burun sümüyünün və yuxarı çənədə dişlərin sınıqları, sol İİİ-İV-V-Vİ- Vİİ-İX, sağ V-Vİ qabırğaların və döş sümüyünün sınıqları, sol baldır sümüklərinin qapalı sınığı, başın və bədənin əzilmiş yaraları, qançırları və sıyrıqları olmuşdur, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidir, ölümün baş verdiyi vaxtdan az əvvəl bərk küt əşyanın təsirindən törənmişdir, xx.xx.2023-cü ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və onun ölümünə səbəb İ-İİ boyun fəqərələrinin sınığı ilə müşayiət olunan onurğa beynin boyun şöbəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin müayinəsindən 4-6 saat əvvələ uyğun gəlir. X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Cinayət işinin 20-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli, 1614 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. Cinayət işinin 24-cü vərəqəsində olan X7 tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, “Kia Rio minik” marlalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobil sonuncu tərəfindən idarə edilməsi üçün Təqsirləndirilən şəxs etibar edilmişdir. Cinayət işinin 66-69-cü vərəqələrində olan məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 8/1025 nömrəli rəyində göstərilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində KİA RİO minik markalı 90NE840 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X15» Azaybaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 51-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı ilə 100 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 110 km/saat sürətlə idarə etdiyindən hərəkətlərində «X15» Azaybaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 67-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat müəyyən edilmişdir. Cinayət işinin 73-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli maddi sübutun tanınması və saxlanca verilməsi haqqında qərardan görünür ki, “Kia Rio minik” marlalı, **- NE-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq sahibi Ş.C.Məmmədovaya qaytarılması nəzərə alınmışdır Cinayət işinin materiallarında olan doğum haqqında AZ-İV 866280 və AZ-İV 866281 şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022ci il təvəllüdlü Seyidova Melisa və Seyidova Alina adlı 2 qız övladı var. Cinayət işinin materiallarında olan mərhum zərərçəkmiş şəxs S.D.Magerramovanın hüquqi varisi Ü.V.Aslanlının təqdim etdiyi ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, ekspertiza rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayəti törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “X15 və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsipi və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, gənc olmasını, ailəli olmaqla himayəsində 2 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin ailəsinə maddi köməklik etməsini, həmin Məcəllənin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, 59.1.11-ci maddəsinə əsasən hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərməsini, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını və ilk məhkumluğunu cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 60-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, N.M. Seyidova təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və sonuncu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış “Kia Rio minik” marlalı, **-NE-*** dövlət qeydiyat nişanlı avtomobil isə sahibi Ş.C. Məmmədovaya qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış “Kia Rio minik” marlalı, **-NE-*** dövlət qeydiyat nişanlı avtomobil isə sahibi X4 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X6, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa getməmək haqqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar