Məhkəmə qərarları › İş №1(004)-344/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-344/2021

26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-344/2021 26.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qəimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 iyun 2021 -ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən «Kaktus» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə içərisində ümumi təmiz çəkisi 1,489 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan bükümü 50 manat ödəməklə əldə edib üzərində saxlamaqla daşımış və həmin tarixdə saat 17:45-də ünvan 2 ünvanının yaxanlığında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə içərisində ümumi təmiz çəkisi - 1,489 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o ünvan 3 ünvanında anası X6, atası X3, arvadı X8, 2003-cü təvəllüdlü Hüseyn Məmmədov və 2008-ci il təvəllüdlü Bibixanım Məmmədova ilə yaşayır. Əvvəllər məhkum olunmuşdur. Belə ki, Ağır Cinayələr Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3cü maddələri maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum edilmiş, 2016-cı ildə azadlığa çıxmışdır. Təxminən 10 il müddətdir ki, narkotik vasitə olan heroindən inyeksiya yolu ilə damarına vurmaqla istifadə etmişdir. Belə ki, o, narkotik vasitə olan heroini vaxt aşırı qəbul etmişdir, çünki bədənində ağrılar olmuş və bu ağrıları aradan qaldırmaq üçün narkotik vasitə olan heroini qəbul etmişdir. 07 iyun 2021 -ci il saat təxminən 13 radələrində Yasamal rayonu ərazisində yerləşən “Kaktus” adlanan əraziyə gedib, oradan üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsə 50 manat pul ödəyərək şəxsi istifadəsi üçün 01 ədəd bükümdə narkotik vasitə heroin almışdır. Həmin narkotik vasitəni istifadə etmək üçün əynindəki göy rəngli şalvarın sağ yan cibinə qoyub üzərində saxlamış və özü ilə gəzdirərək bədənində ağrıların olmasını gözləmişdir ki, istifadə etsin. Təxminən 5 saat sonra, yəni 07 iyun 2021- ci il tarixdə saat 17:45 radələrində yaşadığı ünvan 3 ünvanında dayanan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Sonra onun, qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində olan əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmişdilər, daha sonra onun narkotik vasitələrin əldə olunması və istifadəsində şübhəli olduğunu bildirərək Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasına dəvət etmişdirlər. O, polis əməkdaşları ilə razılaşaraq birlikdə 28-ci PB-nə getmişdir.Polis Bölməsində xidməti otaqların birində dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Sonra ona, hüquq və vəzifələri izah edilmiş, bildiriş təqdim edilmiş, üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilən zaman ona üzərində olan qanunsuz əşyaların və narkotik vasitələrin olub- olmaması soruşulmuş, varsa könüllü təqdim etmək təklif edilmişdir. Bundan sonra o, şəxsi istifadəsi üçün əldə etdiyi və əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə maddəni çıxarıb təqdim etmişdir. Həmin 01 ədəd bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitələri 07 iyun 2021-ci il tarixdə saat 13 radələrində Yasamal rayonu ərazisində adını və anket məlumatlarını bilmədiyi şəxsdən 50 manat ödəyərək şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa digər yerlərdə narkotik vasitə saxlamadığını, narkotik vasitə olan heroini yalnız istifadə etdiyini və heç vaxt satışı ilə məşğul olmadığını bildirmişdir. Sonra üzərində axtarış aparılmışdır. Axtarış zamanı əynində olan şalvarın arxa sol cibindən bir ədəd “ODSCN” markali mobil telefon aşkar edilmişdir. Bundan başqa üzərində heç bir əşya aşkar edilməmişdir. Saxlanılan və üzərinə baxış zamanı polis əməkdaşları tərəfindən ona hər-hansı bir formada təzyiq göstərilməmişdir. Təqdim etdiyi bükülünün içərisində tünd qəhvəyi rəngli, tozşəkilli, spesifik qoxuya malik narkotik vasitə heroin olmuşdur. Həmin bükülü bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan başqa şəxsi axtarış zamanı üzərindən heç bir qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar olunmamışdır. Törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını, evli olmasını, uşaqlarının olmasını, nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində polis baş leytenantı xüsusi rütbəsi ilə xidmət edir. 07 iyun 2021-ci il tarixdə ona etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri Bakı şəhəri Yasamal rayonunda üzərində gəzdirməsi göstərilmişdir. Göstərilənlərə əsasən həmin tarixdə daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitə, habelə prekursorlarınının, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə Baş İdarə rəisinin əmri ilə əməliyyat qrupu yaradılmış, o, qrupun rəhbəri, XMİÜ baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 isə qrupun üzvü təyin edilmişdir. Keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 07 iyun 2021-ci il tarixdə saat 17:45-də ünvan 2 ünvanının yaxınlığında - küçədə saxlanılmış, özlərini təqdim etdikdən sonra ona, ərazi üzrə Yasamal RPİ-nin 28-ci PB-nə getməsi təklif edilmişdir. Həmin şəxs nəzarət altında onlarla birlikdə həmin polis bölməsinə gətirilmişdir. Polis Bölməsində bir daha Təqsirləndirilən şəxs işin mahiyyəti, həmçinin üzərində şəxsi axtarış və götürmə aparılacağı izah edilmişdir. Eyni zamanda müvafiq araşdırmanın aparılması BNMİ-nin TQnin təhqiqatçısı polis baş leytenantı Nəcəf Aburşuya həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün oraya Bakı şəhəri «Mərkəz» Vəkil Bürosundan müdafiəçi qismində X12 dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «şəxsi axtarış və götürülmə aparılması haqqında» 07 iyun 2021-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərar əsasında Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl təhqiqatçı, barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs X2 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddəni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan göy rəngli şalvarın sol arxa cibindən 1 (bir) ədəd, “ODSCN” markalı mobil telefon aşkar olunmuşdur. Sonra 1 (bir) bükümdə heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 1.75 qram təşkil etmişdir. Həmin maddə bir ədəd içərisi boş olan zərfin içərisinə qoyularaq üzəri DİN-in «zərflər üçün 7 saylı» möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş maddəni Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini, əvvəllər məhkum olunduğunu, polis tərəfindən ona hər hansı zor tətbiq olunmadığını bildirmişdir. Həmçinin göstərilənlərlə bağlı müvafiq protokol tərtib edilərək həmin prosessual sənədləşmə protokol iştirakçılarına ucadan oxunmuş, doğru tərtib edildiyi üçün orada olan iştirakçıların imzası ilə təsdiq edilmişdir. Axtarış və götürmə aparılan zaman qeydə alınmış videoçəkiliş sonra diskə köçürülərək protokola əlavə edilmişdir. Daha sonra iş üzrə götürülmüş ifadəsində qeyd etdiyi vasitənin tərkibinin müəyyən edilməsi məqsədi ilə müvafiq ekspertiza təyin edilmişdir. İş üzrə alınmış 08 iyun 2021-ci il tarixli 6/2314 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd bükümdə heroinə bənzər kütlə» yazısı olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,489 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində toplanmış materiallar onun şəxsiyyəti ilə birlikdə Yasamal RPİ-yə göndərilmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/2314 saylı 08 iyun 2021 -ci il tarixli ekspertiza rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükümdə heroinə bənzər kütlə» yazısı olan olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,489 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş ümumi təmiz çəkisi 1,489 qram ekspertiza tədqiqatına 0,1 qram sərf edildikdən sonra qalıq 1,389 qram çəkidə narkotik vasitə heroin qalığı bağlamaya qoyularaq möhürlənib qaytarılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 2850 saylı 13 avqust 2021-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 26.08.2011-ci il tarixli hökmü ilə CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum edilmişdir. 21.07.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli Amnistiya qərarına əsasən cəzadan azad olunub. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarına əsasən Təqsirləndirilən şəxs evli olmaqla 2003-cü təvəllüdlü Hüseyn Məmmədov və 2008-ci il təvəllüdlü Bibixanım Məmmədova adlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ailəli olmasını, 2 uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs barəsində 09.06.2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 07.06.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd CD-R formatında disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 02 ay (iki il iki ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 07 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 114 manat (yüz on dörd manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 1,389 qram narkotik vasitə olanheroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı CD-R formatlı 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 250 (iki yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar