Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-345/2021 11.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Fizuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş, orta təhsilli, subay, himayəsində iki azyaşlı uşaqları olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərə görə özgənin əmlakını açıq talamanı başa çatdıra bilməyib soyğunçuluğa cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaq məqsədilə 13 iyul 2021 ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində Bakı Metropoliteninin “20 Yanvar” metrostansiyasının yeraltı keçidində yerləşən “Zeytun” aptekinin ön şüşəsinin qarşısında dayanıb əvvəlcədən düşündüyü cinayət əməlini törətmək üçün guya üzərində olan 10 (on) manat pulu iki ədəd 5 (beş) manatlıq Azərbaycan Respublikasının əsginazlarına dəyişdirilməsini həmin aptekin satıcısı işləyən Zərərçəkmiş şəxs xahiş etdikdən sonra sonuncunun qeyd olunan məbləğdə pulu dəyişdirmək adı ilə əlində olduğunu və açıq talamanın həyata keçirilməsi üçün əlverişli şəraitin yaranmasını görüb aptekin ön şüşəsinin pəncərəsindən əlini içəri salmaqla Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq sonuncunun əlində olan iki ədəd 5 (beş) manatlıq Azərbaycan Respublikasının əsginazlarından ibarət ümumilikdə 10 (on) manat təşkil edən pulu əlindən götürüb açıq talamaqla hadisə yerindən uzaqlaşmaq istəyərkən, Zərərçəkmiş şəxs qışqıraraq ətrafdakıları köməyə çağırmasından sonra həmin aptekin yaxınlığında olan digər şəxslərin onun hüquqazidd hərəkətinin qarşısını almaqdan ötrü qarşısını kəsərək saxladıqlarından cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib soyğunçuluğa cəhd etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü tam təqsirli bilərək ifadələrində göstərmişdir ki, əvvəllər qaynaqçı kimi günəmüzd işləyərək dolanmış, lakin son zamanlar pandemiya ilə əlaqədar olaraq sifarişlər azaldığından dolana bilməmiş, maddi vəziyyəti pis olmuşdur. Buna görə də çox maddi və mənəvi sıxıntı keçirərək stres keçirmişdir. 13 iyul 2021-ci il tarixdə iş axtarmaq məqsədi ilə evdən çıxmış, Bakı metropoliteninin 20 yanvar metrostansiyasının yeraltı keçidinə düşərək orada olan “Zeytun” aptekin qarşısından keçdikdə onda tamah niyəti yaranmış, aptekin qarşısında bir neçə saniyə dayanıb sağa sola baxmış, niyətini həyata keçirmək üçün əlverişli zəmin yaranmasını və orada olan digər müştərilərin aptekdən uzaqlaşmasını gözləmişdir. Müştərilər getdikdən sonra orada heç kim olmadığından aptekin pəncərəsinə yaxınlaşmışdır. Əvvəllər tanımadığı, sonradan Zərərçəkmiş şəxs olmasını bildiyi satıcıya yaxınlaşaraq onu şübhələndirməyəcək tərzdə xahiş edərək 20 (iyirmi) manat pulunu xırdalamasını xahiş etmiş, həmin an Fəridəyə iyirmi manat pulu göstərməmiş və ona təqdim etməmişdir. Fəridə ona kassada xırda olmadığı üçün iyirmi manatı xırdalaya bilmədiyini bildirmiş, o, bir daha heç olmasa on manat xırdalamasını xahiş etmiş, Fəridə onunla razılaşaraq, iki ədəd beş manatlıq halında xırdalaya biləcəyini bildirmiş, kassadan iki ədəd beş manatlıq əsginazı götürüb ona uzadaraq gözləmiş, o, əllərini cibinə salaraq guya cibindən həmin on manatı çıxarması barədə yalandan görüntü yaratmış Fəridə isə onun talama niyətindən şübhələnməmişdir. Birdən ani olaraq cəld halda sol əlini pəncərədən içəri salaraq Fəridənin əlində olan həmin iki ədəd beş manatlıq əsginazları dartıb ələ keçirmiş, sağ tərəfə çevrilib yeraltı keçidlə "xxxx" ASC-nin inzibati binası istiqamətinə təxminən 3-4 metr qaçmış, Fəridə isə qışqıraraq aptekdən çıxaraq onun arxasınca qaçmağa başlamışdır. Qaçarkən əvvəllər tanımadığı, əynində sarı-narıncı rəngli qısa qol köynək, açıq mavi rəngli cins şalvar və qara rəngli ayaqqabılar geymiş bir nəfər cavan oğlan onun qarşısını kəsərək tutub saxlamış, həmin an keçiddən keçən əynində qara rəngli yay papağı, qara rəngli qısa qol köynək, qara rəngli cins şalvar, qara rəngli ayaqqabılar olan digər tanımadığı şəxs də onu tutaraq saxlamışdır. Artıq yaxalandığına və qaça bilməyəcinə əmin olduğundan sol əlində olan həmin iki ədəd beş manatlıq əsginazları yerə atmış, Fəridə ona yaxınlaşaraq onu tutmuşdur. Həyəcanlı halda bir neçə dəfə dartınaraq onların əlindən çıxıb qaçmağa cəhd etmiş, lakin onlar onu möhkəm tutduqları üçün qaça bilməmişdir. Bir neçə saniyə sonra iki nəfər polis əməkdaşı Fəridənin qışqırıq səsini eşidərək onlara yaxınlaşmaqla özlərini təqdim etmişlər, nə baş verməsini soruşmuşlar. Fəridə onu polis əməkdaşlarına göstərərək baş vermiş hadisə barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları onu və Fəridəni Bakı Metropolitenində polis şöbəsinə dəvət etmişdirlər. Törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olmasını, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, həmin cinayət əməlini maddi imkansızlıq ucbatından törətdiyini, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Vüqarla heç bir qərəzçilik və ədavəti olmamışdır. Bakı Metropoliteninin “20 Yanvar” metrostansiyasının yeraltı keçidində yerləşən “Zeytun” aptekdə əczaçı işləyir. 13 iyul 2021-ci il tarixdə təxminən saat 12 radələrində tək həmin aptekdə olarkən bir neçə tanımadığı şəxs aptekin pəncərəsinə yaxınlaşaraq ondan dərman soruşaraq almışlar. Həmin ərəfədə təxminən boyu 172 sm boyu olan, arıq bədən quruluşlu, saçı seyrəlmiş, təxminən 40-42 yaşlarında əynində qara rəngli qısa qol köynək, qara rəngli şalvar, qara ayaqqabı, ağzında qara rəngli tibbi maska olan, sonradan Təqsirləndirilən şəxs olmasını bildiyi şəxs aptekin qarşısında bir qədər dayanaraq bir neçə dəfə sağa-sola baxmış, ətrafdakı şəxslərin aptekin qarşısından getməsindən sonra aptekin pəncərəsinə yaxınlaşmış və ondan 20 (iyirmi) manat pulu xırdalamasını xahiş etmişdir. Həmin an Vüqar ona heç bir məbləğdə pul təqdim etməmiş, o sadəcə sözlə bunu demişdir. O, Vüqara kassada xırda pul olmadığından onun iyirmi manat pulunu xırdalaya bilməyəcəyini bildirmiş, Vüqar ondan heç olmasa 10 (on) manat pulu xırdalamasını xahiş etmişdir. O, razılaşaraq Vüqara on manat pulu iki ədəd 5 (beş) manatlıq əsginazlar halında xırdalaya biləcəyini demiş, kassadan özünə məxsus şəxsi pulu olan iki ədəd beş manatlıq əsginazı götürüb əlində saxlayaraq Vüqarı gözləmişdir ki, Vüqar ona on manatı versin. Həmin an Vüqar əllərini cibinə salaraq guya ona pul verəcəyi kimi yalandan görüntü yaratmış, o isə Vüqarın ona qarşı talama cinayəti törədəcəyindən şübhələnməmiş və dayanaraq Vüqarı gözləmişdir. Vüqar qəfildən sol əlini cəld formada pəncərənin bayır tərəfindən içəri salaraq onun hər iki əli ilə saxladığı həmin iki ədəd beş manatlıq pul əsginazlarını dartıb qaçmışdır. O, həmin an ucadan qışqıraraq aptekdən çıxıb Vüqarın arxasınca qaçarkən görüb ki, aptekdən təxminən 4-5 metr aralıda Vüqar qaçmaq istəyərkən onun qışqırıq səsin eşidib və Vüqarın qaçmasından şübhələnən tanımadığı bir nəfər əynində sarı-narıncı rəngli qısa qol köynək, açıq mavi rəngli göy cins şalvar və qara ayaqqabılar olan cavan oğlan Vüqarı tutaraq saxlamış, o da yaxınlaşaraq Vüqarı tutmuşdur. Sonra iki nəfər polis əməkdaşı onun qışqırıq səsini eşidərək ona yaxınlaşmaqla özlərini təqdim etmiş, o da polis əməkdaşlarına baş vermiş hadisə barədə məlumat vermişdir. Vüqar tərəfindən törədilmiş soyğunçuluq cinayəti nəticəsində ona ümumlikdə 10 (on) manat maddi ziyan dəymişdir. Sonradan həmin iki ədəd beş manatlıq pul əsginazlarını təhqiqat araşdırması zamanı polis əməkdaşına təqdim etmişdir. Vüqarın qarşısını kəsərək onu tutub saxlayan şəxsləri tanımır, onlar barədə heç bir məlumatı yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Bakı şəhər BPİ-yə biləvasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin polis nəfəri vəzifəsində xidmət edir, polis serjantıdır. Xidməti vəzifəsi posta çıxdığı metronun xidməti ərazisində ictimai qaydanı qorumaq, ictimai təhlükəsizliyi təmin etmək, cinayətkarlıqla mübarizə aparmaq, qabaqlayıcı-profilaktik tədbirlər keçirməklə istənilən hüquqazidd əməllərin qarşısını almaqdan ibarətdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onlarla heç bir münasibət, qərəzçilik və ədavəti olmamışdır. 13.07.2021-ci il tarixdə təxminən saat 12 radələrində iş yoldaşı Şahid2 ilə birlikdə Bakı Metropoliteninin 20 Yanvar stansiyasının keçidində metronun giriş hissəsində xidmətdə olarkən metronun girişinə yaxın olan yeraltı keçiddə yerləşən “Zeytun” aptekdən qışqırıq səsləri eşitmiş və Elgünlə birlikdə cəld təxminən 2-3 saniyə ərzində həmin aptekə tərəf qaçmışdır. Aptekin qarşısında sonradan Zərərçəkmiş şəxs olmasını bildiyi həmin aptekin satıcısının ucadan qışqıraraq bir nəfər şəxsə “utanmırsan? mənim əlimdən on manat pulu dartıb qaçırsan?” sözlərini dəfələrlə deməsini görmüşlər. Həmin şəxs isə qaçmağa cəhd etdiyi üçün onu digər tanımadığı vətəndaşlar tutaraq saxlamışlar. Həmin şəxsin əynində qara rəngli qol qısa köynə, qara rəngli şalvar, qara rəngli ayaqqabılar olmuş, o, arıq bədən quruluşlu, təxminən 170-172 sm boyu olan, təxminən 40-42 yaşlarında, saçı bir qədər seyrəlmiş, qara buğdayı kişi olmuşdur. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və nə baş verməsini soruşmuşlar. Həmin şəxs özünü itirərərək həyəcanlı halda olmuşdur. Zərərçəkmiş şəxs onlara bildirib ki, bir qədər əvvəl həmin şəxs aptekə yaxınlaşaraq ondan on manat pulu xırdalamasını xahiş etmiş, o, iki ədəd beş manatlıq əsginası əlində tutarkən həmin şəxs qəfildən həmin iki ədəd beş manatlıq əsginası onun əlindən dartaraq qaçmağa cəhd etmiş, lakin metronun keçidində olan digər vətəndaşlar onun qarşısını kəsərək saxlamışlar. Həmin şəxs məyus halda Fəridənin dediklərini tamlıq təsdiq edərək Fəridə ilə razılaşmışdır. Bundan sonra həmin şəxsi Bakı metropolitenində polis şöbəsinə dəvət etmişlər. Orada məlum olub ki, həmin şəxs xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Cinayət hadisənin baş verdiyi yer, yəni Bakı Metropoliteninin “20 Yanvar” metrostansiyasının keçidindəki “Zeytun” aptek və həmin aptekin qarşısı Bakı şəhəri Yasamal rayonunun xidməti ərazisidir. Vüqarın qarşısını kəsəkərək qaçmasına imkan verməyən digər şəxslərin ad, soyad, ata adı və onlar barədə digər zəruri məlumatları bilmir, həmin şəxsləri tanımır. Təqsirləndirilən şəxs Fəridənin əlindən dartıb alaraq ələ keçirdiyi iki ədəd beş manatlıq pul əsginasın yerə atması anını görməmişdir. Sonradan eşitdiyinə görə Vüqar həmin əsginasları Fəridənin əlindən dartıb qaçarkən digər şəxslər tərəfindən saxlanılmasını görüb həmin pulları yerə atmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 eyni xususuatlar üzrə ifadə verərək X1 ifadəsinə göstərilənləri təsdiq etmişdir. İş materiallarında olan 13 iyul 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi” haqqında protokoldan və foto-cədvəldən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 13.07.2021-ci il tarixdə Bakı Metropoliteinin 20 Yanvar metrostansiyasının yeraltı keçidində “Zeytun Aptek”in qarşısında Təqsirləndirilən şəxs tərəfindən on manat pulunun talanmasına cəhd olunmasını öz konkret hərəkətləri göstərmişdir (cild 1, səh. 6-7). İş materiallarında olan 13 iyul 2021-ci il tarixli “götürmə aparılması haqqında” qərardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs talamağa cəhd etdiyi iki ədəd Azərbaycan Respublikasının beş manatlıq əsginasını təhqiqat araşdırması zamanı təqdim etdiyindən götürülmüşdür (cild 1, səh. 14). İş materiallarında olan 14.07.2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, İstintaq zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qız ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun əlindən on manat pulu dartıb qaçaraq talamağa cəhd etməsi xüsusatını üzünə qarşı deməklə onu cinayət törətməkdə bir daha ifşa etmiş, Təqsirləndirilən şəxs isə həmin xüsusatı təsdiq edərək cinayət törətməsini bir daha səmimi olaraq etiraf etmişdir (cild 1, səh. 69-71). İş üzrə maddi sübut kimi tanınmış digər DVD diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, video müşahidə metronun keçidində qeydə alınmışdır. Sağ tərəfdə şüşə-dəmir çərçivədən ibarət qapının beş girişi var, həmin girişlərdən metronun platformasına kişi və qadın olmaq şərti ilə bir neçə sayda şəxs keçir, digər şəxslər isə keçidlə keçərək hərəkət edirlər. Sağ tərəfdə iki ədəd milli ön və e-manat ödəmə terminalı qoyulmuşdur. Bir qədər qabaq sağ tərəfdə aptek var, bir neçə kişi qadın cinsində olan şəxslər həmin aptekin ön tərəfinə yaxınlaşaraq nəsə soruşur, eyni zamanda alır. 00:03 dəqiqədə əynində qara rəngli qısa qol köynək, qara rəngli şalvar, qara rəngli ayaqqabılar, sifətində qara rəngli tibbi maska olan arıq bədən quruluşlu orta boylu saçı seyrəlmiş kişi cinsindən olan şəxs həmin aptekin qarşısında dayanaraq bir neçə dəfə sağa-sola baxır, digər müştərilər getdikdən sonra aptekin ön tərəfmə yaxınlaşır, aptekin satıcısı ilə nəsə barədə söhbət edərək bir neçə dəfə də sağa sola boylanaraq baxır. Saat 00:50-də həmin şəxs sol əlini qəfildən aptekin daxilinə uzadaraq oradan nəsə götürüb sürətlə qaçır, sol əlində sarı rəngli kağız halında premetlə bir qədər məsafə qət etdikdən sonra onunla üzbəüz istiqamətdə gələn əynində sarı rəngli qısa qol köynək, açıq mavi rəngli cins şalvar, qara rəngli ayaqqabılar geymiş bir nəfə cavan oğlan onun qarşısını kəsərək onu tutub salxayır, qaçmasına imkan vermir. O, özünü itirmiş halda dayanır, əynində qara rəgli yay papağı, qara rəngli qısa qol köynək, qara rəngli cins şalvar və qara rəngli ayaqqabılar olan digər cavan oğlan da onu tutub saxlayır. 00:56 dəqiqədə o, sol əlində olan kağızları yerə atdıqda məlum olur ki, yerə düşən iki ədəd sarı rəngli kağız pul əskinazlarına bənzəyir. Həmin an aptekdən arıq bədən quruluşlu, qara saçlı, əynində qara rəngli enli şalvar, ağ-qəhvəyi rəngli qısa qol köynək olan qadın həmin şəxsə yaxınlaşaraq onu tutur və ona qışqıraraq nəsə deyir. Həmin yaxalanan şəxs isə yayınaraq yenidən qaçmağa cəhd edir. İş materiallarında olan 09 avqust 2021-ci il tarixli “pul əsginazlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, iş materiallarına əlavə edilmiş həmin pul əsginaslarının biri köhnə digəri isə Azərbaycan Respublikasının Milli Bankı tərəfindən sonuncu təkmilləşdirmə nəticəsində dövriyyəyə buraxılmışdır. Hər iki əsginaz 5 (beş) manatlıq nominal dəyəri əks etdirir. Nisbətən yeni əsginazın ön tərəfindən Azərbaycan Mərkəzi Bankı, beş manat sözləri, quş lələyi, çernil qabı və üç ədəd üs-üstə qoyulmuş kitab, 5 rəqəmi və beş manat sözü əks edilmiş, arxa tərəfində isə 5 rəqəmi, beş manat sözü, Azərbaycan Respublikasının xəritəsi, A08881601 nömrəsi əks edilmişdir. Digər əsginazın üzərində Azərbaycan Mərkəzi Bankı, 5 rəqəmi, beş manat sözü altı nəfər şəxsin heykəli, ö və g hərfləri, Azərbaycan Respublikasının himninin mətnindən çıxarış və üç ədəd üs-üstə qoyulmuş kitab əks edilmiş, həmin əsginasın arxa tərəfində isə 5 rəqəmi, beş manat sözü, Azərbaycan Respublikasının xəritəsi, qədim əlifbada yazı mətni və B22845316 nömrəsi əks edilmişdir (cild 1, səh. 139-141). İş materiallarında olan 10 avqust 2021-ci il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, bir ədəd disk və iki ədəd Azərbaycan Respublikasının beş manatlıq əsginazları maddi sübut kimi tanınmışdır (cild 1, səh. 142-143). İş materiallarına əlavə olunmuş 13 iyul 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2021-ci il tarixdə saat 12:00-da şübhəli şəxs qismində tutulmuşdur (cild 1, səh. 45-46) İş materiallarına əlavə olunmuş Yasamal Rayon Məhkəməsinin qətimkan tədbiri seçilməsi haqqında 15.07.2021-ci il tarixli 4(004)-364/2021 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 13 iyul 2021-ci il tarixindən hesablanılmaqla, 13 oktyabr 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (cild 1, səh. 78-79). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27.07.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair iş üzrə Məhkəməsinin 05.11.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 11 yanvar 2005-ci il tarixində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21.12.2004-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.3.2-ci maddəsinə əsasən 1 il 5 gün vaxtından əvvəl şərti azad olunmuşdur (cild 1, səh. 97-98). İş materiallarında olan Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 05 noyabr 2001-ci il tarixli A-2044 nömrəli hökmünün surətindən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.5-ci maddəsi ilə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə qəti olaraq üzərində 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (cild 1, səh. 116- 123). İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 21 dekabr 2004-cü il tarixli 8- 171/2004-cü il nömrəli qərarının surətindən məlum olur ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 1 il 5 ay 5 günün çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunub və onun üzərində 1 il müddətə nəzarət təyin olunmuşdur (cild 1, səh. 112). İş materiallarında olan 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 78 saylı Mənzil-Kommunal İstismar sahəsinin 588 saylı 09 avqust 2021-ci il tarixli arayışından görünür ki, Məmmədov X5 rayonu Zahid Qənbərov küçəsi 9 ev 207 nömrəli mənzilində Füzuli rayonundan məcburi köçkün kimi məskunlaşmışdır (cild 1, səh. 126). İş materiallarında olan 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 78 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilmiş 09 avqust 2021-ci il tarixli xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur (cild cild 1, səh. 127). İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində 21.12.2008-ci il təvəllüdlü X6 və 27.11.2009-cu il təvəllüdlü X4 adlı övladları vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs oğlunun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzanı yüngülləşdirən halları və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 13 iyul 2021-ci il tarixdən 11 noyabr 2021-ci il tarixədək tutulduğu 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməli, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, onun haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs oğlu yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00- dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, iş üzrə maddi sübut kimi tanınmış, cinayət işinin materiallarında saxlanılan iki ədəd Azərbaycan Respublikasının 5 (beş) manatlıq əsginazı Zərərçəkmiş şəxs qaytarılmalı, içərisində cinayət hadisəsinin görüntüləri olan bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05.10.2021-ci il tarixli, 1(004)-345/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 30 (otuz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 13 iyul 2021-ci il tarixdən 11.11.2021-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 2 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, cinayət işinin materiallarında saxlanılan iki ədəd Azərbaycan Respublikasının 5 (beş) manatlıq əsginazı Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış, içərisində cinayət hadisəsinin görüntüləri olan bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-345/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-345/2021
11.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver