Məhkəmə qərarları › İş №1(004)-345/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-345/2022

15.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-345/2022 15.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 27 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx xxx 2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 mart 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsində narkotik vasitələrin satışı ilə məşğul olan Şahid4 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağızda olan bükümdə təmiz çəkisi 1,012 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manata əldə edib üzərində saxlamaqla daşımış, 28 mart 2022-ci il tarixdə saat 16:00-da Yasamal RPİnin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı sonuncu ünvan 2 ünvanın qarşısında saxlanılaraq bölmənin inzibati binasına gətirilmiş və həmin tarixdə barəsində keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 1,012 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, valideyinləri məlum olmadığından Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən Şahid3 və Ağca Kərimovaya övladlığa verilmişdir. Xəstə olduğundan həqiqi hərbi xidmətə getməmiş, orta təhsillidir, heç bir yerdə işləməsə də Bakı şəhəri, Yasamal rayonu ərazisində plastmast qabları toplayıb satışı ilə məşğul olmuşdur. Bir il yarımdır ki, narkotikdən istifadə etmiş, inyekiya yolu ilə narkotiki bədəninə yeritmiş və narkotikdən asılılıq dərəcəsinə düşmüşdür. Narkotik vasitələri adətən Bakı şəhəri, Yasamal rayonu “Mərkəzi Univermaq”ın yaxınlığından tanımadığı adamlardan alıb istifadə etmişdir. Əvvəllər “Qış Parkının” yaxınlığında avtomobil dayanacağında işləmiş, nakotik satışı ilə məşğul olan Şahid4 bir ilə yaxındır ki, tanımış, hərdən bir ondan narkotik alıb istifadə etmişdir. 28 mart 2022-ci il tarixdə onun bədənində ağrılar baş qaldırdığından narkotik almaq qərarına gəlmiş və həmin gün saat 14 radələrində Şahid4 ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində olan Mərkəzi univermağın yaxınlığında Zərgərpalan küçəsində görüşmüş və ona 10 manat pul verərək bir ədəd siqaretin gümüşü kağızına bükülmüş heroin almışdır. Şahid4 aldığı heroini axşam saatlarında istifadə etmək üçün göy rəngli cins şalvarının sağ cibinə qoymuş və həmin gün saat 16:00 radələrində Yasamal rayonu Zərgərpalan küçəsi 9 ünvanın qarşısı ilə gedərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin əməkdaşları kimi təqdim edərək, onun şəxsiyyətini müəyyənləşdirmişlər. Daha sonra polislər narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bilərək onu Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin inzibati binasına gəlmişdir. Polis bölməsinin təhqiqatçısı ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutmamışdan əvvəl şübhəli şəxsin hüquq və vəzifələrini, o cümlədən müdafiəçi tutmaq hüququnu izah etmişdir. Müdafiəçi ilə təmin olunduqdan sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı onun üzərində qanunla qadağan olunmuş əşya, narkotik və psixotrop maddə təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarının sağ cibində saxladığı 01 ədəd bükümdə olan heroini polislərə təqdim etmişdir. Təhqiqatçı tərəfindən 01 ədəd siqaret kağızına bükülünü açdıqda bükülünün içərisindəki qəhvəyi rəngli tozşəkilli heroini aşkar etmişlər. Onun üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılması davam etdirilsə də onda başqa narkotik vasitə aşkar edilməmişdir. Polis əməkdaşları ondan narkotik vasitəni, haradan kimdən almasını sorğu-sual edən zaman narkotik vasitəni 28 mart 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsindən Şahid4 özü istifadə etmək üçün 10 manata aldığını bildirmişdir. Ondan aşkar edilmiş narkotik maddə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş və bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və protokol iştirakçıları tərəfindən imzalanmışdır. Həmin gün ona narkotik vasitə heroin satan Şahid4 da polislər tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğundan tutulması xəbərini eşitmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, narkotik vasitəni həmişə öz şəxsi istehlakı üçün almış, polis əməkdaşları tərəfindən Yasamal rayonu ərazisində saxlanılarkən və Yasamal RPİ-nin 26cı polis bölməsinə gətirilərkən, o cümlədən üzərində şəxsi axtarış və götürmə aparılarkən ona qarşı hər hansı fiziki və psixi zor və sair təziqlər göstərilməmiş, törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. Əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, atasının müharibə veteranı olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis kapitanıdır. 28 mart 2022-ci il tarixdə etimad doğuran, məlum, qərəzsiz mənbədən Yasamal RPİ-nin 26-cı Polis bölməsinə xx xxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin şəxsi istehlakı üçün əldə etməsi, özündə saxlayaraq daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Polis Bölməsinin rəisinin əmrinə əsasən Təqsirləndirilən şəxs qanunsuz narkotiklərin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması və onun cinayət əməlinin ifşa edilməsi, güdülməsi, cinayət törədərkən və yaxud cinayət əməlini törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə digər zəruri əməliyyat tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri o, üzvü isə Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 təyin olunmuşdur. Bununla bağlı 28 mart 2022-ci il tarixdə polis kapitanı Şahid1la birlikdə Yasamal rayonunun inzibati ərazisində Təqsirləndirilən şəxs ətrafında zəruri əməliyyat-axtarış tədbirləri keçirmişlər və həmin gün saat 16:00-da əməliyyat məlumatında bildirilən zahiri əlamətlərindən Təqsirləndirilən şəxs bənzər şəxsin ünvan 3 ünvanın qarşısı ilə piyada hərəkət etdiyini görmüşlər. Şahid1la ona yaxınlaşaraq xidməti vəsiqələrimi təqdim etməklə özlərini Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin polis əməkdaşları kimi təqdim etmişlər. Onun anket məlumatları ilə maraqlandıqda məlum oldu ki, həmin şəxs Təqsirləndirilən şəxsdur.Təqsirləndirilən şəxs saxlayarkən onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatlarının olduğunu bildirərək onaYasamal RPİ-nin 26-cı PB-nə getməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs onların təklifi ilə razılaşaraq birlikdə oradan 26-cı Polis Bölməsinə gəlmişlər. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilməsi barədə raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Yasamal RPİ-nin 26-cı Polis bölməsinin təhqiqaçısı polis mayoru Ramil Qafarova həvalə edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməmişdən əvvəl onun hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutaraq, ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra təhqiqatçı polis mayoru Ramil Qafarov tərəfindən axtarış və götürülmə aparılacaq şübhəli şəxs Təqsirləndirilən şəxs qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitələri, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülünü təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu, bu maddəni 2022-ci ilin mart ayının 28-də günorta vaxtlarında Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsində üzdən tanıdığı Elmar adlı şəxsdən 10 manata şəxsi istifadəsi məqsədi ilə aldığını, üzərində saxlayıb, gəzdirdiyini, habelə həmin tarixdə saat 16:00 radələrində ünvan 4 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanıldığını və Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə gətirildiyini bildirmişdir. Sonra təhqiqatçı Ramil Qafarov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi davam etdirilmiş, lakin onun üzərindən başqa heç bir qanunsuz narkotik və psixotrop maddə, əşya və ya predmet aşkar olunmamışdır. Təhqiqatçı polis mayoru Ramil Qafarov tərəfindən müvafiq protokol tərtib olunmaqla Təqsirləndirilən şəxs aşkar olunmuş həmin narkotik vasitə heroin zərfə qoyulmuş və möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılarkən videoyazan texniki vasitə olan «İphone» markalı mobil telefon aparatının video çəkmə funkiyası ilə çəkilmiş görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə Təqsirləndirilən şəxs yalnız narkotik vasitələrin və psixotrop maddələrin öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Onun narkotik vasitələrdən və psixotrop maddələrdən satması barədə 26-cı Polis bölməsinə məlumat daxil olmamışdır. Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri ilə 28 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan heroin satan Şahid4 şübhəli şəxs qismində saxlanılaraq ondan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, onun barəsində cinayət işi başlanılaraq aidiyyəti üzrə istintaqın davam etdirilməsi üçün Yasamal RPİ-nin İŞ-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs 28 mart 2022-ci il tarixdə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinib saxlanılarkən və Yasamal RPİ-nin 26cı Polis Bölməsinə gətirilərkən ona qarşı tərəflərindən hər hansı bir fiziki və psixi zorakılıq göstərilməmiş, ona qarşı işgəncə, yaxud qeyri insani hərəkətlərə yol verilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hal-hazırda barəsində Yasamal RPİ-nin İŞ-si tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə 30 mart 2022-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. X4 bir ilə yaxındır ki, tanımış, ona həmişə narkotik vasitə satmışdır. 28 mart 2022-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxsla Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsində görüşərək bir ədəd siqaretin gümüşü kağızına bükülmüş heroini 10 manata satmışdır. Həmin gün saat 16:00-də Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmış və 26-cı Polis Bölməsinə gətirilmiş onun üzərində şəxsi axtarış və baxış keçirilərkən əynində olan boz rəngli cins şalvarının sağ cibində saxladığı 01 ədəd bükümdə olan heroini polislərə təqdim etmişdir. Narkotik vasitə heroin satdığı Təqsirləndirilən şəxs da narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğundan tutulması xəbərini eşitmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Onun Elnur, Elvin, Günel və Günay adlı övladları vardır. 2002-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs 2014-cü ildə övladlığa götürmüşdür. Oğulluğu Təqsirləndirilən şəxs orta məktəbi bitirmiş, heç bir yerdə işləməmişdir. 28 mart 2022-ci il tarixdə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşı ona telefon vasitəsi ilə Elvinin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib PB-də saxlanılması xəbərini vermişdir. Onun əvvəllər oğulluğu Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/1688 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 170” dairəvi möhür əksi olan , “Zərfin içərisində narkotik vasitəyə bənzər maddə” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1,012 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2022-ci il tarixli 3009 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkonaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarında olan Səbail rayon hərbi komissarlığı tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş vəsiqənin surətinə əsasən Şahid3 müharibə veteranıdır. İş materiallarında olan Səbail rayon ƏSMM tərəfindən xx.xx.2014-cü ildə verilmiş vəsiqənin surətinə əsasən Şahid3 İİ qrup əlildir. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ailəli olmasını, atasının müharibə veteranı olmasını, İİ qrup əlil olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 09 ay (doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 28 mart 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 65 manat (altmış beş manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,962 qram narkotik vasitə-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 27 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 27 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar