Məhkəmə qərarları › İş №1(004)-346/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-346/2022

29.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-346/2022 29.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, BDU-da rabitə texniki işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi RPİ-nin inzibati binasında qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 16 fevral 2022-ci il tarixdə saat 18:30-da futbol oyunlarına mərc yazmaq məqsədi ilə gəldiyi Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 25 saylı binanın 1-ci mərtəbəsində yerləşən «Topaz» mərc oyunları məntəqəsində əvvəllər tanımadığı və heç bir münasibətinin olmadığı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun guya onun ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edib özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoymaqla həmin «Topaz» mərc oyunları məntəqəsində sonuncunun ünvanına nalayiq ifadələr işlədərək davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına etinasızlıq göstərib heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə bir dəfə başı ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən zərbə vuraraq ona burun sümüklərinin yerdəyişmiş sınığı və burun nahiyəsinin qançırı kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti yetirərək Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17:20-də atası Mehman və qardaşı Tural ilə birlikdə işdən çıxaraq yaşadığı evə gedərkən ünvan 2 ünvanında yerləşən «Topaz» mərc oyunları məntəqəsinin yanından keçərkən o, «Qarabağ» komandasının oyunu ilə maraqlandığı üçün həmin məntəqəyə daxil olmuş və atası ilə qardaşı da onunla birlikdə içəri girmişdirlər. Atası, qardaşı Tural ilə birlikdə masada əyləşmişdilər. O isə oyunlarla maraqlanmaq və hesab yazmaq üçün irəliyə doğru getmişdir. Oynanılacaq oyunlarla maraqlandıqdan sonra zalda dayanmış tanımadığı bir kişiyə monitorda göstərilən oyunun nəticəsi barədə sual vermişdir. Həmin şəxs ona oyunun nəticəsini dedikdən sonra o həmin şəxsə minnətdarlıq etmişdir. Həmin vaxt həmin kişi ona onu tanıdığını bildirmişdir. O isə həmin şəxsdə onu haradan tanıdığını soruşmuşdur. Həmin şəxs isə sualın cavabında ona nəsillikcə hamınız qumarbazsınız deyə tanıyıram demişdir. Həmin şəxsin bu sözü onun xoşuna gəlmədiyindən niyə belə danışdığını soruşmuşdur. Qardaşı həmin kişiyə yaxınlaşıb belə sözlər istifadə etməyinin ayıb olduğunu demişdir. Həmin şəxs isə cavabında dediyi sözdə heç bir nöqsan olmadığını təkrarən bildirmiş və yaxşı etdiyini demişdir. Həmin zaman o, əsəblərini cilovlaya bilməyib, həmin şəxsə bir dəfə başı ilə üz nahiyəsinə zərbə vurmuşdur. Atası cəld yaxınlaşaraq, onu sakitləşdirmiş və həmin kişidən onun əvəzinə üzrxahlıq etdikdən sonra «Topaz» məntəqəsini birlikdə tərk etmişlər. Sonra isə həmin gün Yasamal RPİ-nin 28-ci PB-dən zəng edilərək PB-nə dəvət olunmuş və birlikdə PB-nə gedərək izahat vermişdir. Münaqişə qısa müddətdə təxminən 5 dəqiqə davam etmiş, hadisəni həmin vaxt məntəqənin içində olan 3 nəfər tanımadığı şəxs görmüşdür. Hadisə zamanı ona heç kim xəsarət yetirməmişdir. Daha sonra özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, hazırda zərərçəkmiş şəxsin ona qarşı hər hansı tələbi, şikayəti və mülki iddiasının olmamasını, ailəli olmaqla himayəsində 1 azyaşlı uşağının olmasını və ilk dəfə məhkum olunmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 16 fevral 2022-ci il tarixdə saat 18:30 radələrində ünvan 3 ünvanında yerləşən «Prestij» adlı şirkətin komputer kursuna getməyi üçün oraya gəldikdə kursun başlanmasına 30 dəqiqə qaldığını görüb vaxtını keçirmək üçün qonşuluqda yerləşən «Topaz» mərc oyunları məntəqəsinə girmişdir. O, zalda dayanıb monitorda gedən futbol oyununa baxarkən məntəqəyə əvvəllər tanımadığı bir ata və yanında iki cavan oğulları girmişdirlər. O, həmin şəxslərin danışığından onlardan birinin ata digər şəxslərin isə qardaş olmasını bilmişdir. Bir qədər sonra qardaşlardan biri ona yaxınlaşıb monitorda gedən futbol oyunun hesabını soruşduqda, o, həmin şəxsə hesabın 1:1 olmasını bildirmişdir. Həmin şəxs ona bildirmişdir ki, onu hardansa tanıyır. O isə, xatirəsində həmin şəxsləri bir neçə dəfə Futbol mərclərinin göstərildiyi yerdə görməyi ağlına gəldiyindən həmin şəxsə bildirmişdir ki, nəsillikcə Topaz məntəqələrinə gəldiklərindən ola bilsin ki, onu görmüşdür. Bu zaman adını bilmədiyi şəxs onunla sözlə mübahisə etməyə başlamış, onun ünvanına tanımadığı şəxslərin yanında ucadan müxtəlif nalayiq söyüşlər işlətmişdir. O isə, yenə də artıq söhbət etməyin mənası olmadığını və bu söhbəti qurtarmağı xahiş etsə də, həmin şəxs yenə də onu söyməyə davam etmişdir. O, həmin şəxsə bildirmişdir ki, o həmin sözü pis mənada işlətməmişdir. Həmin şəxsin qardaşı ilə söhbət etdiyi vaxt sonradan adını bildiyi İlkin ona qəflətən başı ilə burun nahiyəsindən bir dəfə zərbə endirmişdir. Nəticədə burnundan qan açılmışdır. O, telefon vasitəsi ilə DİNin 102 xidmətinə zəng edərək döyülərək xəsarət aldığını bildirmiş və hadisə yerinə gələn polislərlə birlikdə Yasamal RPİ-nin 28-ci PB-nə gedərək ərizə vermişdir Münaqişə təxminən 5 dəqiqə davam etmiş, hadisəni həmin vaxt Topaz məntəqəsində olan tanımadığı şəxslər görmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17:20-də oğulları İlkin və Turalla birlikdə işdən çıxaraq yaşadığı evə gedərkən ünvan 4 ünvanında yerləşən «Topaz» mərc oyunları məntəqəsinin yanından keçərkən oğlu İlkin «Qarabağ» komandasının oyunu ilə maraqlandığı üçün həmin məntəqəyə daxil olmuş və onlar da onunla birlikdə içəri girmişlər. O, Turalla birlikdə masada əyləşmiş, İlkin isə oyunlarla maraqlanmaq və hesab yazmaq üçün irəliyə doğru getmişdir. Oynanılacaq oyunlarla maraqlandıqdan sonra zalda dayanmış tanımadığı bir kişidən monitorda göstərilən oyunun nəticəsi barədə ona sual vermişdir. Həmin şəxs ona oyunun nəticəsini dedikdən sonra oğlu ona minnətdarlıq etmişdir. Həmin vaxt həmin kişi İlkinə onu tanıdığını bildirmişdir. İlkin isə ondan onu haradan tanıdığını soruşmuşdur. Həmin şəxs isə sualın cavabında «nəsillikcə sizi qumarbaz kimi tanıyıram» demişdir. Həmin şəxsin bu sözü oğullarının xoşuna gəlmədiyindən niyə belə danışdığını soruşmuşlar. Həmin şəxs isə, cavabında dediyi sözdə heç bir nöqsan olmadığını təkrarən bildirmiş, yaxşı etdiyini demişdir. Həmin zaman İlkin əsəblərini cilovlaya bilməyib həmin şəxsə bir dəfə başı ilə onun üz nahiyəsinə zərbə vurmuşdur. O, cəld yaxınlaşaraq İlkini sakitləşdirmiş və həmin kişidən oğlunun əvəzinə üzrxahlıq etdikdən sonra Topaz məntəqəsini tərk etmişdir. Münaqişə qısa müddətdə təxminən 5 dəqiqə davam etmiş hadisəni həmin vaxt məntəqənin içində olan 3 nəfər tanımadığı şəxs görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, təxminən 3 ildən artıqdır ki, ünvan 5 ünvanında yerləşən «Topaz» mərc oyunları məntəqəsinə ara-sıra gedərək futbol oyunlarına hesab yazır. xx.xx.2022-ci il tarixdə saat 18:15 radələrində o yenə də, məntəqəyə gedib zalda masaların birinin arxasında oturub hesab yazıdığı zaman, məntəqəyə əvvəlcə 50-55 yaşında bir kişi daxil olmuşdur. Sonradan isə bir yaşlı kişi yanında 2 nəfər cavan oğlan ilə məntəqəyə gəlmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin yaşlı kişinin yanında olan 2 nəfər onun oğullarıdır. Həmin oğlanlardan biri sonradan adın bildiyi İlkin adlı şəxs saat təxminən 18:30-da həmin 50-55 yaşında kişiyə yaxınlaşıb ondan moniorda göstərilən oyunun aqibətini soruşduqda həmin şəxs İlkinə nəsə cavab verdikdən sonra İlkin və yanında olan qardaşı həmin yaşlı adamla mübahisə etməyə başlamışdırlar. Həmin vaxt İlkin həmin kişinin sifətinə başı ilə bir dəfə zərbə vurmuşdur. İlkinin yanında olan atası onu aralayaraq tənbeh etmiş və onlar Topaz məntəqəsini tərk etmişdirlər. Münaqişə qısa müddətdə təxminən 5 dəqiqəyə yaxın davam etmiş hadisəni həmin vaxt məntəqənin içində olan o və «Topaz» məntəqəsini işlədən şəxs görmüşdür. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid4 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, təxminən 1 ildən artıqdır ki, ünvan 5 ünvanında yerləşən «Topaz» mərc oyunları məntəqəsini sahibi olaraq fəaliyyət göstərir. xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində məntəqənin kassasında müştəridən hesab qəbul edib yola saldığı zaman zaldan yüksək səslə kiminsə mübahisə etməsini eşidib oraya doğru getdiyi zaman tez-tez məntəqəyə gələrək hesab yazan İlkin adlı şəxsin tanımadığı yaşlı bir şəxsin üz nahiyəsinə başı ilə xəsarət yetirməsini və həmin yaşlı adamın sifətindən qan axmasını görmüşdür. Bundan sonra İlkin atası və qardaşı ilə birlikdə məntəqəni tərk edərək çıxıb getmişdirlər. Münaqişə qısa müddətdə təxminən 5 dəqiqəyə yaxın davam etmiş, hadisəni həmin vaxt məntəqənin içində olan şəxslər və o görmüşdür. Münaqişə edən şəxslərdən İlkini tanıyır, İlkin dəfələrlə məntəqəyə gəlib hesab yazıdığı üçün yaddaşında qalmışdır. İlkin çox zaman məntəqəyə atası və qardaşı ilə birlikdə gələrək hesab yazmışdır. Cinayət işinin 133-134-cü vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 05 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 28-29-cu vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 məhkəmə tibb ekspertizasının 17 fevral 2022-ci il tarixli, 160 saylı rəyindən görünür ki, 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs almış olduğu xəsarət - burun sümüklərinin yerləyişmiş sınığı ilə müşayiət olunun burun nahiyəsinin qançırı küt əşya təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddir. Göstərilən xəsarətin şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. Cinayət işinin 92-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 05 aprel 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona vurulmuş zərər Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş və hazırda onlara qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan AZ-İİ seriyalı, 642201 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 15 mart 2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə X3r. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər iş materialları ilə onun xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, hazırda zərərçəkmiş şəxsin ona qarşı hər hansı tələbi, şikayəti və mülki iddiasının olmamasını, ailəli olmaqla himayəsində 1 azyaşlı uşağının olmasını və ilk dəfə məhkum olunmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 127.2.3-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və onun üzərinə Abşeron rayonunun və Bakı, Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Ə.O.Bünyada dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Ə.O.Bünyada məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunun və Bakı, Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar