Məhkəmə qərarları › İş №1(004)-347/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-347/2023

16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-347/2023 16.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X4 iştirakı ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, ona həmin maddədə nəzərdə tutulmuş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, barəsində şikayət edilən şəxs X3 tərəfindən bir sıra internet informasiya ehtiyatlarında müxtəlif vaxtlarda şərəf və ləyaqətini alçaldan təhqiramiz xarakterli və həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır. Qeyd olunan qanuna zidd hərəkətlərin baş vermə şəraitini aydınlaşdırmaq məqsədilə barəsində onu qeyd etmişdir ki, törədilən əməl direktor müavini vəzifəsində çalışaraq əməkdaşlıq etdiyi “X10” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bənzər sahədə fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bir müddət əvvəl başlayan və hazırda hüquqi müstəvidə davam edən mübahisə ilə əlaqəlidir. Belə ki, müxtəlif vaxtlarda “İnstagram” və “You Tube” internet informasiya platformalarında "xxxx" şirkətinə, eləcə də digər istifadəçilərə aid olan hesablarda “X10” MMC-nin fəaliyyətinə dair əsassız və çaşqınlıq yaradan paylaşımlarla qarşılaşdığı üçün yayılmış fikirlərin yanlışlığını bildirmək məqsədilə şəxsinə məxsus olan sosial şəbəkə hesabları vasitəsilə həmin paylaşımlara münasibətdə tərəfindən rəylər paylaşılmışdır. "xxxx" şirkətinin əməkdaşı olan Hacıyeva Samirə qanuna zidd əməllərini məhz həmin rəylərə təhqiramiz formada və böhtan xarakterli cavablar ünvanlamaqla həyata keçirmişdir. Barəsində şikayət edilən şəxs ilkin olaraq “İnstagram” sosial şəbəkəsində “aliquluzade001” istifadəçi hesabı ilə yazdığı rəyə etik normalara uyğun olmayan müxtəlif təhqiramiz ifadələrlə münasibət bildirərək şəxsiyyətini qəsdən nalayiq formada alçaltmışdır. Ərizəyə əlavə edilmiş çıxarışdan göründüyü kimi Samirə Hacıyeva “Axmaqla mübarizə aparmaq çətindir”, “Vay o gündən ki, kişinin fahişəsinə rast gələsən” ifadələri ilə hər kəsə açıq internet informasiya məkanında onu təhqir etmişdir. Qeyd olunan əməl “haciyeva_samire” adlı istifadəçi hesabı ilə törədilmişdir. Hacıyevə Samirənin qərəzli və təhqir dolu rəyləri yuxarıda qeyd olunanla bitməmiş, qanuna zidd əməli “You tube” internet informasiya platformasında davam etmişdir. Belə ki, sözügedən platformada paylaşılmış video-çarxa onun tərəfindən yazılmış rəyə münasibətdə “Lazer epilyasiya cihazlari” adlı istifadəçi tərəfindən bənzər xarakterli cavab verilmişdir. Həmin rəylə ünvanına “abırsız insan”, “kişiyə yaraşmayan hərəkətlər” kimi ifadələr yönləndirilməklə yenidən şərəf və ləyaqətini alçaldılmışdır. Sözügedən istifadəçi hesabının məhz Samirə Hacıyevaya aidliyi elə özü tərəfindən yazılmış cavab rəyləri ilə təsdiqini tapmışdır. Ərizəyə əlavə edilmiş internet informasiya çıxarışdan da görünən “X8. Dediyim bütün cümlələrin arxasındayam.”, “keçən dəfə sizə ünvanladığım cümləni unutmusunuzsa burada hər kəsin içərisində xatırladım” cümlələri sözügedən istifadəçi hesabının məhz Samirə Hacıyevaya aidliyini aşkara çıxarmışdır. Hacıyeva Samirənin digər qanunsuz əməli böhtan şəklində təzahür etmişdir. Barəsində şikayət edilən şəxs müvafiq paylaşımın rəy bölməsinə yazdığı “Qorxmaq yalnız sizin kimi qanunsuz işlər görənlər üçündür. Mənim qorxacaq və cavab verə bilməyəcəyim heç bir mövzu yoxdur!” ifadələri ilə onu qanunsuz əməllərlə məşğul olmaqda əsassız ittiham etmiş, yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları kütləvi informasiya ehtiyatlarında yayaraq böhtan əməlinə yol vermişdir. Göründüyü kimi barəsində şikayət edilən şəxs tərəfindən şəxsiyyəti, şərəf və ləyaqəti hədəf alınmış, onun haqqında yanlış fikirlər formalaşdırmaq, onu alçaltmaq məqsədilə qərəzli şəkildə həqiqəti əks etdirməyən alçaldıcı məlumatlar yayılmışdır. Şikayət ərizəsinə əlavə edilən çıxarışlardan aydın olduğu kimi barəsində şikayət edilən şəxs tərəfindən istifadə edilən ifadələr onun şərəf və ləyaqətini ləkələyib. Həmin ifadələrin məzmununda barəsində təhqiredici sözlərin olmasını görməmək mümkün deyil. Samirə Hacıyeva şərəf və ləyaqətini ləkələməklə yanaşı, ona böhtan atmışdır. Belə ki, o, bu rəylərdə onu fəaliyyət göstərdiyi şirkətin timsalında qanunsuz hərəkətlərə yol verməkdə günahlandırmışdır. Müvafiq əməlin törədildiyi məkan hər kəsə açıq olan internet informasiya ehtiyatı olduğu və müvafiq paylaşımlar hər kəs üçün əlçatan rejimdə yayınlandığı üçün yazılmış təhqiramiz rəylər geniş izləyici kütləsinə məlum olmuşdur. Həmin şəxslərin arasında əməkdaşı olduğu şirkətin digər əməkdaşları, eləcə də bənzər sahədə fəaliyyət göstərən digər şəxslər, müştərilər və potensial müştərilər olmuşdur. Bu hal, xüsusilə də eyni iş mühitində çalışdığı həmkarlarının həmin rəylərlə tanış olması öz növbəsində həm şərəf və ləyaqətinin, həm də də işgüzar nüfuzunun əsaslı şəkildə zədələnməsinə səbəb olmuşdur. Göstərilənləri nəzərə alaraq xx.xx.1995-ci il təvəllüdlü, ünvan 1i ünvanında qeydiyyatda olan, ünvan 2 X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, ona həmin maddədə nəzərdə tutulmuş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X7 şikayətin dəlillərinə uyğun çıxış etdərək, şikayətin Bakı Şəhəri Yasamal rayon Məhkəməsində icraata qəbul edilərək baxılmasını məhkəmədən xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Göyçay Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, X2 Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətinə baxılması Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin yurisdiksiyasına aid deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir; 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 300.1 və 300.1.4-cü maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də, müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsidir; 302.1 və 302.1.1-ci maddələrinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.2 və 302.2.1-ci maddələrinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarın 12-ci bəndi ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-in 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. İş materiallarından müəyyən edilir ki, X7 xususi ittham qaydasında ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edirək X2 barəsində xüsusi ittiham qaydasında cinayət işinin başlanmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırınmişdir ki, X1 nümayiş etdirilən “youtube.com” internet informasiya ehtiyatında həmçinin “İnstagram” sosial şəbəkəsində X5 təhqir etmiş və barəsində böhtan xarakterli məlumatlar yaymışdır. Elektron Məhkəmə Sisteminin Şəxsiyyət vəsiqəsi məlumatları bölməsindən çıxarışdan görünür ki, X3 xx.xx.1995-ci il tarixdə ünvan 1ində doğulmuş, Göyçay rayonu, Şəkər ərazi dairəsi, Qaraxıdır kəndində yaşayır. Məhkəmə belə qənaəti gəlir ki, xususi ittiham qaydasında şikayətdə qeyd edilən hazırkı halda xüsusi ittiham qaydasında şikayətin verilməsinə əsas olmuş məlumatların yayıldığı “Youtube.com” internet informasiya ehtiyatının və “İnstagram” sosial şəbəkəsinin Azərbaycan Respublikasında hüquqi ünvanı mövcud deyidir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 isə yaşadığı ünvanı Göyçay rayonu, Şəkər ərazi dairəsi, Qaraxıdır kəndidir. Həmin ünvan isə Göyçay Rayon Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən isə Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı xüsusi ittiham qaydasında şikayətə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin yaşayış yeri üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılmalıdır. Odur ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Göyçay Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 74.1, 75.1, 299.1, 299.3.1, 300.1.4, 302.1.1, 302.2.1 və 302.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Göyçay Rayon Məhkəməsinə göndərilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar