Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-349/2022 15.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 13:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Abşeron rayonu Hökməli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli hökmü ilə 01 (bir) il 09 (doqquz) ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin hökm Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilərək, 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhtum etmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 29, 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, özgənin əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etməyə cəhd etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 aprel 2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Yasamal rayonu H.B.Zərdabi prospekti 92 A nömrəli ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının qarşısına gələrək binaya gələn şəxslərin sərbəst şəkildə daxil olub çıxa bilməsi üçün açıq vəziyyətdə olan giriş qapısından həmin binaya daxil olub lift vasitəsilə sonuncu mərtəbəyə qalxdıqdan sonra cinayətkar niyyətini həyata keçirmək üçün pilləkan vasitəsilə mərtəbələri aşağı enib on dördüncü mərtəbənin dəhlizindəki su borusuna plastik borucuq vasitəsilə bağlanılmış vəziyyətdə saxlanılan Zərərçəkmiş şəxs1 məxsus 550 (beş yüz əlli) manat dəyərində olan bir ədəd “Sportmaster” markalı velosipedi plastik borucuğu sındırmaqla açaraq gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 550 (beş yüz əlli) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 aprel 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Yasamal rayonu H.B.Zərdabi prospekti 92 A nömrəli ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının qarşısına gələrək binaya gələn şəxslərin sərbəst şəkildə daxil olub çıxa bilməsi üçün açıq vəziyyətdə olan giriş qapısından həmin binaya daxil olub lift vasitəsilə sonuncu mərtəbəyə qalxdıqdan sonra cinayətkar niyyətini həyata keçirmək üçün pilləkan vasitəsilə mərtəbələri aşağı enib on ikinci mərtəbədə yerləşən 1058 nömrəli mənzilin qarşısında bağlanılmamış vəziyyətdə saxlanılan Zərərçəkmiş şəxs2 qızma məxsus 400 (dörd yüz) manat dəyərində olan bir ədəd “Yavahs” markalı velosipedi pilləkanla binanın həyətinə düşürdükdən sonra sürüb apararkən binanın həyətinin çıxış hissəsində mühafizə xidmətinin əməkdaşı tərəfindən saxlanılaraq polis əməkdaşlarına təhvil verilməsi səbəbindən bilavasitə cinayət törədilməyə yönəldilmiş qəsdən edilən əməllərini öz iradəsindan aslı olmayan qeyd edilən səbəbdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs2 qızma məxsus 400 (dörd yüz) manat dəyərində “Yavahs” markalı velosipedi gizli olaraq talayıb təkrar oğurluq etməyə cəhd etmişdir Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 29,177.2.2-ci maddələri ilə ittiham elan edilərək cinayət işi məhkəməyə verilmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Dövlət ittihamçısı Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 29,177.2.2-ci maddələri ilə olan ittihamın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2-ci maddəsi ilə əhatə olunduğunu bildirərək hazırda Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamdan Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin (rəqəm ifadəsinin) xaric edilməsinin və təqsirləndirilən şəxsə qarşı ittihamın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2-ci maddəsi ilə müdafiə edilərək davam etdirilməsinin məqsədəmüvafiq olduğunu bildirmişdir. Hazırda ittiham həmin maddə ilə müdafiə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2-ci maddələrinin müddəalarına əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talayıb və təkrar törətməyə cəhd etmə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə heroin almaq üçün pulu olmadığından oğurluq etmək, daha doğrusu velosiped oğurlamağı qərarlaşdırmışdır. Beləki, velosipedlər adətən yaşayış binalarının dəhlizlərində saxlanıldığından və oğurlanması nisbətən asan olduğundan bu qənaətə gəlmişdir. Yaşadığı Abşeron rayonu Hökməli qəsəbəsində isə oğurluq etməyin nisbətən çətin olacağını düşündüyündən 08 aprel 2022-ci il tarixdə günorta saatlarında “20 Yanvar” metrostansiyasının yaxınlığına gələrək oradan isə piyada hərəkət edib oğurluq edə biləcəyi məkanları, yaşayış binalarını nəzərdən keçirərək Bakı şəhəri Yasamal rayonu H.B.Zərdabi prospektində yerləşən “Melissa Park” yaşayış kompleksinə gəlmişdir. Yaşayış kompleksinə daxil olduqdan sonra isə binalardan birinə daxil olub lift vasitəsilə on doqquzuncu mərtəbəyə qalxmışdır. Liftdən çıxdıqdan sonra isə pilləkanla aşağı düşərək hər mərtəbəyə daxil olub dəhlizdə velosiped olub-olmamasına baxmışdır. On dördüncü mərtəbəyə daxil olduqda dəhlizdə qarışıq rəngli “Sportmaster” markalı velosipedin olmasını, lakin velosipedin plastik borucuq vasitəsilə su borusuna bağlanılmasını görmüşdür. Ehmalla ətrafı müşahidə edib heç kimin olmadığına əmin olduqdan sonra isə əli ilə həmin plastik borucuğu sındırıb velosipedi su borusundan ayıraraq dərhal həmin dəhlizi tərk etmişdir. Bundan sonra isə oğurladığı velosipedi pilləkanla aşağı düşürüb binanı tərk edərək yaşayış kompleksinin həyətindən həmin velosipedi sürərək uzaqlaşmışdır. Daha sonra isə həmin velosipedlə Bakı şəhəri Nəsimi rayonu “Şamaxinka” adlı əraziyə gedib oğurladığı velosipedi “DobroMed” adlı klinikanın qarşısında 40 (qırx) manat müqabilində tanımadığı şəxsə satmışdır. Əldə etdiyi 40 (qırx) manat məbləğində pulu isə narkotik vasitə alınmasına sərf etmişdir. 13 aprel 2022-ci il tarixdə saat 15 radələrində isə yenidən narkotik vasitə almaq üçün pula ehtiyacı olduğundan yenidən Bakı şəhəri Yasamal rayonu H.B.Zərdabi prospektində yerləşən “Melissa Park” yaşayış kompleksinə gəlib yenə də həmin binaya daxil olaraq eyni formada hərəkət edərək bu dəfə on ikinci mərtəbənin dəhlizinə daxil olmuşdur. Həmin dəhlizdə velosiped olmasının şahidi olub eyni qaydada ehmalla ətrafı müşahidə edib heç kimin olmadığına əmin olduqdan sonra bağlanılmamış vəziyyətdə olan həmin velosipedi oğurlayıb pilləkanla aşağı düşmüşdür. Lakin binanı tərk edib həyətə çıxan zaman isə həyətdə olan tanımadığı şəxs onu saxlamış və bundan sonra həmin velosipedin sahibi olan tanımadığı qadın da həyətə düşərək onun barəsində polisə məlumat vermişdirlər. Həmin vaxt oğurladığı velosipedi ondan geri almışdırlar. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini, ibtidai istintaqda verdikləri ifadələrini təsdiq etdiklərini və hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələblərinin olmadığını bildirmişdirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdikləri ifadələrini əsas götürməklə məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2021-ci ilin yay aylarında, 400 (dörd yüz) manat dəyərində velosiped almışdır. Həmin velosipedi mütamadi olaraq yaşadıqları mənzilin yerləşdiyi dəhlizdə su borusuna plastik borucuqla bağlamışlar. Binanın mühafizə xidmətinin əməkdaşı şəhərdaxili telefon vasitəsilə onunla əlaqə saxlayaraq ona məxsus olan velosipedi oğurlayan şəxsi binanın həyətində saxlaması barədə məlumat vermişdir. Bundan sonra o, dərhal binanın həyətinə düşərək həqiqətən adını bilmədiyi mühafizə xidməti əməkdaşının təxminən 25-30 yaşlarında bir şəxsi saxladığını, özünə məxsus olan velosipedin də onların yanında olmasını görmüşdür. Bundan sonra isə o, oğurluq edən həmin şəxsə iradını bildirib velosipedi təhvil alaraq uzaqlaşmışdır. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2021-ci ilin yay aylarında 550 (beş yüz əlli) manat dəyərində “Sportmaster” markalı velosiped almışdır. Həmin velosipedi mütamadi olaraq yaşadıqları mənzilin yerləşdiyi dəhlizdə su borusuna plastik borucuqla bağlamışdır. X3 08 aprel 2022-ci il tarixdə saat 13 radələrində mənzili tərk edən zaman həmin velosipedin dəhlizdə olmasının şahidi olmuş, həmin tarixdə axşam saat 18 radələrində isə mənzilə qayıdan zaman velosipedin bağlanıldığı yerdə olmadığını görmüş və bu barədə mobil telefon vasitəsilə ona məlumat vermişdir. O isə həmin velosipedin oğurlanmasını oğlu vasitəsilə dəqiqləşdirdikdən sonra Azərbaycan Respublikası DİN-in 102 Zəng Mərkəzinə baş vermiş oğurluq hadisəsi ilə bağlı məlumat vermişdir. Yaşadıqları bina kamera sistemi ilə təmin olunduğundan hadisəni törədən şəxsin görüntüləri qeyd olunmuş və o, özü də həmin görüntülərə sonradan baxmışdır. Bundan sonra isə 08 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in 102 Zəng Mərkəzinə verdiyi məlumatla bağlı 13 aprel 2022-ci il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis şöbəsinə gedərək ərizə ilə müraciət etmişdir. Şöbədə olan zaman həmin şəxsin Abşeron rayon sakini Təqsirləndirilən şəxs olmasını bilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 13 aprel 2022-ci il tarixdə saat 15 radələrində xidmət yoldaşı polis nəfəri Şahid2 ilə birlikdə təhkim olunmuş ərazidə avtopatrulla xidmət aparan zaman efir vasitəsilə “Melissa Park” yaşayış kompleksinin ərazisində velosiped oğurluğu hadisəsi baş verməsi barədə məlumat verilmişdir. Onlar dərhal “Melissa Park” yaşayış kompleksinin yerləşdiyi ünvana yaxınlaşaraq kompleksin həyətinə daxil olmuşdurlar. Orada isə mühafizə xidmətinin əməkdaşının yanında bir nəfər təxminən 20-25 yaşlarında olan bir nəfər kişi cinsindən olan şəxsin dayanmasının şahidi olmuşlar. Mühafizə xidmətinin əməkdaşı əli ilə onlara işarə verdiyindən avtomobildən enib onların yanına yaxınlaşmışdırlar. Adını bilmədikləri mühafizə xidmətinin əməkdaşı isə yanındakı şəxsi onlara təqdim edərək həmin şəxsin velosiped oğurlayaraq binanı tərk etdiyini, kompleksi tərk etmək istəyən zaman isə onu tutub saxlaması və velosipedi sahibinə qaytarması barədə məlumat vermişdir. Yerində həmin mühafizə xidmətinin əməkdaşı tərəfindən saxlanılan şəxslə şifahi sorğu-sual edən zaman o, törətdiyi əməli etiraf etmişdir. Bundan sonra isə onlar həmin şəxsi xidməti avtomobilə əyləşdirib inzibati ərazi üzrə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis şöbəsinə təhvil vermişlər. Şöbədə isə həmin şəxsin Abşeron rayon sakini Təqsirləndirilən şəxs olması onlara məlum olmuşdur. Onu şöbəyə aparan zaman o, təxminən 4-5 gün əvvəl də eyni binadan velosiped oğurlaması və satıb narkotik vasitə əldə etməsi barədə məlumat vermişdir Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 13 aprel 2022-ci il tarixdə saat 15 radələrində xidmət yoldaşı polis nəfəri Şahid1 ilə birlikdə təhkim olunmuş ərazidə avtopatrulla xidmət aparan zaman efir vasitəsilə “Melissa Park” yaşayış kompleksinin ərazisində velosiped oğurluğu hadisəsi baş verməsi barədə məlumat verilmişdir. Onlar dərhal “Melissa Park” yaşayış kompleksinin yerləşdiyi ünvana yaxınlaşmışdırlar. Kompleksin həyətində mühafizə xidmətinin əməkdaşının yanında bir nəfər təxminən 20-25 yaşlarında olan bir nəfər kişi cinsindən olan şəxsin dayanmasının şahidi olmuşdurlar. Mühafizə xidmətinin əməkdaşı yanındakı şəxsi onlara təqdim edərək həmin şəxsin velosiped oğurlayaraq binanı tərk etdiyini, kompleksi tərk etmək istəyən zaman isə onu tutub saxlaması və velosipedi sahibinə qaytarması barədə məlumat vermişdir. Onlar həmin şəxsi xidməti avtomobilə əyləşdirib inzibati ərazi üzrə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis şöbəsinə təhvil vermişlər. Onu şöbəyə aparan zaman o, təxminən 4-5 gün əvvəl də eyni binadan velosiped oğurlaması onlara bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 13 aprel 2022-ci il tarixdə saat 15 radələrində o, yaşayış kompleksinin əsas giriş hissəsindəki postda xidmətdə olan zaman bir nəfər təxminən 20- 25 yaşlarında ilk dəfə gördüyü kişi cinsindən olan şəxsin velosipedlə hərəkət etməsini görüb həmin şəxsin kimliyi barədə maraqlanmaq üçün onu səslədikdə o, velosipedi postun yaxınlığında saxlayaraq düşüb ona yaxınlaşaraq söhbət etməyə başlamışdır. Onunla burada yaşayıb-yaşamaması və hansı binada yaşaması barədə soraqlaşdıqda o, suallarına qeyri-adekvat cavab verdiyindən həmin şəxsin kompleks sakini olmamasını yəqin etmişdir. Bir müddət sonra isə həmin şəxsin velosipedi oğurlamasından şübhələndiyi üçün bu barədə digər postlarla maraqlandıqda onun 92 A nömrəli binadan velosipedi oğurlamasını bilmişdir. O, özü də səmimi şəkildə etiraf etdikdən sonra bu barədə velosipedin sahibi Xəyalə adlı qadına məlumat vermiş və o, gəlib velosipedi təhvil almışdır. Daha sonra isə polis əməkdaşlarına məlumat verilmiş və onlar gəlib oğurluq edən şəxsi polis şöbəsinə aparmışlar. Sonradan həmin şəxsin Təqsirləndirilən şəxs olmasını və bir neçə gün əvvəl də eyni binadan velosiped oğurlamasını bilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 aprel 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 08 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus “Sportmaster” markalı velosipedin oğurlanması hadisəsinin baş verdiyi ünvan Bakı şəhəri Yasamal rayonu H.B.Zərdabi prospekti 92 A nömrəli ünvandakı 1075 nömrəli mənzilin yerləşdiyi dəhlizdir (səh. 12-15). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 aprel 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 13 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus “Yavahs” markalı velosipedin oğurlanması hadisəsinin baş verdiyi ünvan Bakı şəhəri Yasamal rayonu H.B.Zərdabi prospekti 92 A nömrəli ünvandakı 1058 nömrəli mənzilin yerləşdiyi dəhlizdir (səh. 20-21). İş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il saat 13:44:20-13:44:26dək olan müddət ərzində əynində boz rəngə bənzər gödəkçə, tünd rəngli şalvar və baş geyimi olan bir nəfər kişi cinsindən olan şəxsin yaşayış binasının pilləkan meydançasında liftin qarşısı ilə sürətli addımlarla hərəkət edərək markası və rəngi görünməyən bir ədəd velosipedi uzaqlaşdıraraq həmin ünvanı tərk etməsi və daha sonra isə görüntüdən itməsi müşahidə olunur. Şübhəli şəxs Təqsirləndirilən şəxs görüntüdə olan həmin şəxsin, yəni velosipedi oğurlayan şəxsin özü olmasını və həmin görüntünün 08 aprel 2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu H.B.Zərdabi prospektində yerləşən yaşayış binasının on dördüncü mərtəbəsinin dəhlizindən velosipedi oğurladığı zaman qeyd olunduğunu göstərmişdir (səh. 60). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 17 may 2022-ci il tarixli 9/2796 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, ekspertizaya nəzəri olaraq təqdim edilmiş bir ədəd 2021-ci il istehsalı olan qarışıq rəngli 26 ölçülü “Sportmaster” markalı velosipedin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri qaydada təxminən 250,00 manat müəyyən olunur (səh. 78-79, 155-157). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 may 2022-ci il tarixli “götürmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən özünə məxsus olan “Yavahs” markalı velosiped 24 may 2022-ci il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsində istintaq orqanına təqdim olunmuş və tərəfindən götürülmüşdür (səh. 145-146, 148-150). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 03 iyun 2022-ci il tarixli 9/3817 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, ekspertizaya təqdim edilmiş bir ədəd 2021-ci il buraxılışlı “Yavahs” markalı olan təkər ölçüsü 26 sm olan velosipedin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hazırki bazar qiyməti təxminən 250,0 manat müəyyən olunur (səh. 151, 158-160). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 aprel 2022-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, üzərində 700 MB/80 Min yazısı həkk olunmuş bir ədəd “BİNGO” markalı CD-R modelli disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (səh. 61-63). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 iyun 2022-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, bir ədəd “Yavahs” markalı velosiped maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs2 qaytarılmışdır (səh. 170-172). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (səh. 99-100, 106-115). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 24 fevral 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (səh. 128-133). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsinin 1(103)-946/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, apellyasiya protesti təmin edilərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli hökmü dəyişdirilərək, Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (səh. 46, 48-49). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Yasamal Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 4(004)-301/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh. 90-94). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 iyun 2022-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1, 29, 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmiş və onun barəsində 15 aprel 2022-ci il tarixdə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır (səh. 205-207, 216). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş teleqramlardan məlum olur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, məhkəmədə teleqramlar ünvanlayaraq, təqsirləndirilən şəxsə qarşı şikayəti və hər hansı tələblərinin olmadığını bildirmişdirlər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi halı onun əvvəllər məhkum edilmiş şəxs hesab edilməsi üçün əsasdır və törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı Apellyasiya Məhkəməsinin 16 may 2022-ci il tarixli, 1(103)-946/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edildiyindən hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 16 may 2022-ci il tarixli, 1(103)-946/2022 saylı qərarı ilə qəti olaraq təyin edilmiş 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin 16 may 2022-ci il tarixli, 1(103)-946/2022 saylı qərarı ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs 100 (bir yüz) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Yavahs” markalı velosiped Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD-R modelli disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)- 349/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 30 (otuz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5. və 66.2-ci maddələri tətbiq edilməklə, hazırkı hökmlə təyin edilmiş cəza ilə Bakı Apellyasiya Məhkəməsinin 16 may 2022-ci il tarixli, 1(103)-946/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin 16 may 2022-ci il tarixli, 1(103)-946/2022 saylı qərarı ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Yavahs” markalı velosiped Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD-R modelli disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 100 (bir yüz) manat məbləğində pul tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-349/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-349/2022
15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver