Məhkəmə qərarları › İş №1(004)-35/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-35/2021

19.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-35/2021 19.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, ünvan 1 mənzil 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 267.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində “xxxx” MMC ilə aralarında bağlanılmış əmək müqaviləsinin tələblərindən irəli gələn çatdırılma fəaliyyətinin icrası ilə əlaqədar həmin MMC-yə məxsus idarə etdiyi mühərriklə hərəkətə gətirilən və mühərrikin iş həcmi 48 kub santimetr olan “NAMA 48-2” markalı mopedlə yol hərəkətinin digər iştirakçısı kimi Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti ilə M.Müşfiq küçəsi istiqamətində 40 km/saat hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə baş verə biləcək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyərək Bakı şəhəri Yasamal rayonu 171 nömrəli ünvanda yerləşən “Bağça Bağ” adlı kafenin qarşısında öz hərəkəti istiqamətində yolun sağ tərəfindən sol tərəfinə keçməkdə olan piyada Zərərçəkmiş şəxs mopedin qabaq hissəsi ilə vurub sonuncuya daxili qanaxma ilə müşayiət olunan dalağın cırılması, sol baldır (qamış və incik) sümüklərinin qapalı, çox qəlpəli yerdəyişmiş sınıqları ilə müşayiət edilən ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 267.1-1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə iclas protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 267.1-1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əmək müqaviləsi əsasında “xxxx” MMC-də sürücü-kuryer işinə qəbul edildikdən sonra “NAMA” markalı mopedlə xidmət göstərmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində çatdırılma ilə əlaqədar idarə etdiyi mopedlə Bakı şəhəri N.Nərimanov prospekti ilə Dövlət Statistika Komitəsi tərəfdən Nərimanov heykəli istiqamətində təxminən 40 km/saat sürətlə hərəkətdə olub N.Nərimanov prospektində yerləşən “Bağça Bağ” kafesinin qarşısı ilə yolun 1-ci zolağı ilə hərəkətini davam etdirərkən sağ tərəfdən maşınların arasından, 20-30 metr qabaqda piyada keçidi olmasına baxmayaraq, piyada keçidi olmayan yerdən yolu keçən Zərərçəkmiş şəxs anidən qarşısına çıxmış, qadının onun qarşısına çıxması anidən olduğundan yüksək sürətlə hərəkət etməsə də əyləci basmağa və mopedi saxlamağa imkanı olmamış və nəticədə Zərərçəkmiş şəxs vurub xəsarət yetirmişdir. O, mopedi saxlayıb dərhal Zərərçəkmiş şəxs yardım etmiş və təcili yardıma zəng edib hadisə yerində gözləmişdir. Həmçinin hadisə barədə işlədiyi müəssisənin rəhbərliyinə məlumat vermiş və müəssisə tərəfindən Zərərçəkmiş şəxs ilkin olaraq göstərilən tibbi yardımlara görə təxminən 300-400 manat məbləğində maddi ziyan ödənilmişdir. Lakin sonradan Zərərçəkmiş şəxs və əri ona zərərçəkmiş şəxsin fərdi qaydada işləməklə ayda 120 manat məbləğində qazanc əldə etdiyini, himayələrində olan üç övladını həmin qazanc hesabına dolandırdıqlarını və ipoteka krediti ödədiklərini bildirib, övladlarını saxlamaq və hər ay ipoteka kreditini ödəməsi üçün ondan pul istəmişlər. Buna isə onun maddi imkanı olmadığından imtina etmiş, hazırda da Zərərçəkmiş şəxs ondan tələb etdiyi 5000 manat məbləğində maddi ziyanı ödəməyə imkanı yoxdur. Təqsirləndirilən şəxs son sözündə hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində tibbi müalicəyə ehtiyacı olan yenidoğulmuş (dörd aylıq) azyaşlı övladının olmasını nəzərə almaqla barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küşəsi 171 ünvanında yerləşən “Bağça Bağ” kafesinin yanından qarşı tərəfə keçmək üçün sol tərəfdən hərəkətdə olan avtomobillərin xeyli aralı məsafədə olduqlarını görüb tələsik addımlarla yolu keçən zaman anidən sol tərəfdən sürətlə hərəkətdə olan moped onun sol tərəfindən vurmuş və o, zərbənin təsirindən huşunu itirərək yerə yıxılmışdır. X6 Mərkəzin reanimasiya şöbəsində olmasını görmüş və Təqsirləndirilən şəxs onu mopedlə vurub xəsarət yetirdiyini öyrənmişdir. Hadisə nəticəsində onun sol baldır sümükləri sınmış və dalağı cırıldığından amputasiya olunmuşdur. Təqsirləndirilən şəxs hadisə günü ona maddi yardım etsə də sonradan maddi imkanının olmadığını əsas gətirərək yardım etməkdən imtina etmişdir. Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, həmin vaxt o, yolun kənarında dayanmış avtobusu keçib bir neçə addım atdıqdan sonra sol tərəfə baxanda həmin istiqamətdən avtomobillərin yaxınlaşmadığını gördüyü üçün rahatlıqla yolu keçmək istərkən Təqsirləndirilən şəxs mopedlə onu vurmuşdur. Mopedin hansı sürətlə gəldiyini bilməsə də moped ona zərblə dəydiyindən ağır xəsarətlər almışdır. Təqsirləndirilən şəxs mopedlə onu vurmazdan əvvəl ona çatmasına çox qısa məsafə qalanda onun işığını görsə də zərbədən yayına bilməmişdir. Zərərçəkmiş şəxs ifadəsində aldığı xəsarət ilə bağlı göstərilən müayinə və müalicələrə görə xərclədiyi 5000 manat məbləğində pulun Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməsini tələb etdiyini və Təqsirləndirilən şəxs barəsində ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, “xxxx” MMC-də iş icraçısı işləyir. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə əmək müqaviləsi əsasında şirkətdə sürücü-kuryer vəzifəsinə işə qəbul olunmuş və xx xxxxx 2020-ci il tarixdə öz təşəbbüsü ilə işdən azad edildiyi üçün onunla bağlanılmış əmək müqaviləsinə həmin tarixdə xitam verilmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs şirkətə məxsus olan “NAMA” markalı mopedlə xidməti vəzifəsini yerinə yetirən zaman Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 171 nömrəli ünvanda yolu keçməkdə olan piyadanı vurduqdan sonra mobil telefon vasitəsilə bu barədə məlumat verdiyindən onlar xəsarət alan şəxsin qohumları ilə əlaqə saxlayıb vəziyyəti ilə maraqlanmışlar. O, şəxsən Zərərçəkmiş şəxs əri ilə görüşmüş və ona bildirmişdir ki, həkim xərclərini ödəməyə hazırdır. Hətta bununla bağlı əməliyyatı aparan həkimlə görüşmüş, sonuncu isə dövlət xəstəxanası olduğundan heç bir xərcə ethiyacın olmadığını bildirmişdir. Buna baxmayaraq o, yenə də zərərçəkmiş şəxsin ailə üzvlərinə tibbi xərclərin ödənilməsi üçün öz köməkliyini təklif etmiş, onlar isə ipoteka kreditinin ödənilməsini tələb etmişlər. Onların bu təklifi isə şirkət rəhbərliyinin narazılığına səbəb olmuş və imtina etmişlər. Lakin zərərçəkmiş şəxsə ilkin tibbi xərcləri üçün 300-400 manat məbləğində ödəniş edilmişdir. Həmin gündən sonra isə mütəmadi olaraq xəsarət alan şəxsin səhhəti ilə bağlı Nicatdan maraqlandıqda o, xəstəyə baş çəkdiyini, lakin zərərçəkmişin ailə üzvlərinin onu yaxın buraxmadıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs təxminən 2 ay müddətində şirkətdə çalışdıqdan sonra isə xx xxxxx 2020-ci il tarixdə öz təşəbbüsü ilə işdən azad edilmişdir. Təqsirləndirilən şəxs həmin gündən sonra görməmiş və bundan sonra sadəcə bir dəfə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb xəsarət yetirdiyi şəxsin səhhəti ilə maraqlanmışdır. Şahid əlavə olaraq ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs işə qəbul edəndə moped sürmək üçün sürücülük vəsiqəsi tələb olunmadğına görə onun sürücülük hüququnun olması ilə maraqlanmamışlar, baş vermiş hadisə zamanı mopeddə kiçik zədələnmələr olsa da, həmin zədələr əhəmiyyətli olmadığından xxxx” MMC-yə heç bir məbləğdə maddi ziyan vurulmamışdır. Ona görə həmin faktla bağlı Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsi və ifadəsində Zərərçəkmiş şəxs 20-30 metr qabaqda piyada keçidi olduğu halda həmin piyada keçidindən keçməyib anidən onun yoluna çıxıb onun üçün qəza şəraiti yaratması, onun hadisənin qarşısının alınmasına texniki imkanının olmaması kimi göstərdiyi xüsusatlar iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq olunmadığından özünü müdafiə xarakterli məlumat olaraq qiymətləndirilməlidir. Belə ki, onun Azərbaycan Respublikası CM-nin 267.1-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri, hadisə yerinə baxış protokolu ilə və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokol, sxem və fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 171 nömrəli ünvanda yerləşən “Bağça-Bağ” kafesinin qarşısında bir hərəkət istiqamətli, üçzolaqlı yolun orta zolağında baş vermişdir. Protokoldakı qeydə əsasən müəyyən edilir ki, hadisə yerində tormoz izləri aşkar edilməmişdir. Bununla da dolayısı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs hadisə anında idarə etdiyi mopedin əyləcini basmamışdır. Həmçinin iş materiallarında olan nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında protokol və fotoşəkillərdən görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi “NAMA” markalı mopedə baxış keçirilərkən üzərində bəzi xırda zədələr aşkar edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və X3 rayon şöbəsinin xx xxxxx 2020-ci il tarixli, 60 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, Zərərçəkmiş şəxs aşkar edilmiş daxili qanaxma ilə müşayiət olunan dalağın cırılması, sol baldır (qamış və incik) sümüklərinin qapalı, çox qəlpəli yerdəyişmiş sınıqları xəsarətləri bərk küt əşyanın (əşyalar) təsirindən törənmişlər, yuxarıda qeyd olunan şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İş üzrə təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 8/406 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, “NAMA” markalı mopedin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə, məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəylərini tədqiq edib hesab edir ki, həmin rəylər iş üzrə toplanmış digər sübutlarla ziddiyyət təşkil etmədiyindən və məhkəmə baxışı zamanı müəyyən edilmiş hallara uyğun gəldiyindən mötəbər sübut olaraq qəbul edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 2/1245 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan müəyyən edilir ki, hadisə baş verən vaxt sürücü Təqsirləndirilən şəxs ayıq olmuş və onda alkoqolun, narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış şərxoşluq vəziyyəti aşkar olunmamışdır. İş materiallarında olan 893417 nömrəli mədaxil qəbzindən müəyyən edilir ki, 48 kub santimetr mühərrikli “Nama Moto” markalı moped “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi Şahid tərəfindən ödəniş edilərək əldə edilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli İR027-20 nömrəli əmrdən və əmək müqaviləsinə dair bildirişdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs “xxxx” MMC-yə sürücü-kuryer vəzifəsinə təyin edilmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır bədən xəsarətləri yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətməsi zərərçəkmiş şəxsin, şahidin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri, hadisə yerinə və nəqliyyat vasitəsinə baxış protokolları və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 267.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 267.1-1-ci maddəsinə əsasən həmin Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş əməllər, yəni sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda, həmin əmələ görə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından müəyyən edilir ki, cinayət işi üzrə aparılan istintaq gedişatı zamanı Təqsirləndirilən şəxs istintaqdan yayındığına görə barəsində ittiham elan edilməsi və tutulması üçün axtarış verilmiş, bundan sonra o, xx xxxxxxxx 2020-ci il tarixdə saat 12:55 radələrində Yasamal RPİ-nin 26-cı PB-nin polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutularaq Yasamal RPİ-nin MSY-nə yerləşdirilmiş, xx xxxxxxxx 2020-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 267.1-1-ci maddəsi ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Yasamal RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 1(004)-254/2020 nömrəli məhkəmənin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzindən verilmiş xx xxxxxx 2020-ci il tarixli nikah haqqında və xx xxxxxxx 2020-ci il tarixli AZ-İV seriyalı 523271 nömrəli doğum haqqında şəhadətnamələrdən müəyyən edilir ki, Əsədli X2 Rövşanə Abdul qızı ilə rəsmi nikahda olmaqla himayəsində xx xxxxxxxx 2020-ci il təvəllüdlü (5 aylıq) İradə Əsədli adında bir azyaşlı övladı vardır. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx xxxx 2020-ci il və xx xxxxxxx 2020-ci il tarixli tələbnamələrdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkumluğunun olmamasını, ilk dəfə olaraq hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, evli olmaqla ailədə yeganə qazanc gətirən şəxs olmasını, himayəsində bir azyaşlı övladının olmasını, vurulmuş zərərin bir qisminin ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən bütün halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və yaşına tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 267.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 267.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020ci il tarixədək tutulduğu ümumilikdə 02 (iki) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “NAMA” markalı mopedin qanuni sahibi “xxxx” MMC-yə qaytarılması nəzərə alınmalı, məhkəmə məsrəflərinə daxil olan ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X4 və Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X4 məhkəməyədək icraat zamanı iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat, Müdafiəçi məhkəmədə iştirak etdiyi 70 (yetmiş) saata görə 420 (dörd yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə baxışı gedişatında Zərərçəkmiş şəxs tərəfindən ona dəymiş ziyana görə Təqsirləndirilən şəxs 5000 manat məbləğində pulun ödənilməsi şifahi qaydada tələb edilməsinə baxmayaraq məhkəməyə hər hansı bir yazılı mülki iddia ərizəsi daxil olmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək tutulduğu ümumilikdə 02 (iki) gün müddətin bir günü ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “NAMA” markalı mopedin qanuni sahibi “xxxx” MMC-yə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X4 məhkəməyədək icraat zamanı iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat, Müdafiəçi məhkəmədə iştirak etdiyi 70 (yetmiş) saata görə 420 (dörd yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar