Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-35/2022 09.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları Vəkil Bürosunun” vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1986-cı ildə Bаkı şəhərində anadan olmuş, Аzərbаycаn Rеspublikаsı vətəndаşı, subay, ali təhsilli, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qеydiyyаtdа оlan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş «həbs» qətimkаn tədbiri sеçilmiş və hаzırdа ƏN-nin PХ-nin Bаkı İT-dа sахlаnılаn Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq nаrkоtik vаsitə оlаn hеrоini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamаqlа dаşımışdır. Bеlə ki, о, 13 iyul 2021-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlı ərazidə məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 1,743 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üstündə saxlamaqla daşımış və 13 iyul 2021-ci il tarixdə, saat 19:10-da ünvan 2 ünvanın qarşısında Yasamal RPİ-nin 26-cı Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq bölmənin inzibati binasına gətirilmiş, inzibati binada onun üstünə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan tünd boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə 1,743 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o əvvəllər narkotik vasitə olan heroindən istifadə edib. 13 iyul 2021-ci il tаriхdə ünvan 4 ünvanının qarşısında olan zaman 2 nəfər mülki gеyimli şəхs ona yахınlаşıb özlərini Yаsаmаl RPİ-nin 26-cı PB-nin əməkdаşlаrı kimi təqdim etmişlər. Bundan sonra həmin polis əməkdaşları onu Yasamal RPİ-nin 26-cı PB-nin binasında olan otaqlardan birinə gətirmişlər. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmamış, lakin polis əməkdaşları ona narkotik vasitə verərək video çəkiliş zamanı üzərindən çıxardaraq ona məxsusmuş kimi polis əməkdaşlarına təqdim etməsini tələb etmişlər. O isə qorxduğu üçün polis əməkdaşlarına heç bir etiraz etməmiş, polis əməkdaşları təfərindən ona təqdim olunmuş narkotik vasitəni cibinə qoymuşdur. Daha sonra polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o əynində olan tünd boz rəngli idman şаlvаrın sаğ yаn cibindən bir ədəd bükülü hеrоini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, həmin narkotik vasitəni həmin gün, saat 17 radələrində “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən 10 manata almışdır. Polis əməkdaşları onun təqdim etdiyi narkotik vasitə olan heroini zərfə qoyub qablaşdırmışlar. O, həmin zərfi və protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 оğlu ifаdəsində göstərdi ki, Yasamal RPİ 26-cı PB-nin əməliyyаt müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi və dövriyyəsi ilə məşğul olması bağlı bölməyə məlumat daxil olduğundan Yasamal RPİ-nin 26-cı Polis bölməsinin rəisinin əmri əsasında əməliyyat qrupu təşkil olunmuş və 13 iyul 2021-ci il tarixdə, saat təxminən 19 radələrində cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2lə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün Bakı şəhəri Yasamal rayonu Ə.Ələkbərov küçəsinə yollanmışlar. Həmin vaxt Ə.Ələkbərov küçəsi 36 nömrəli ünvanın qarşısında dayanan əməliyyat məlumatı əsasında xarici görünüşü onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra Yasamal RPİ-nin 26-cı Polis bölməsinə dəvət etmişlər. O, da onların təklifilə razılaşaq heç bir müqavimət göstərmədən onlarla birlikdə bölməyə gəlmişdir. Bundan sonra isə xidməti otaqların birində video çəkiliş aparılmaqla onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. O, da əynində olan tünd boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb təhqiqatçıya təqdim etmiş, həmin büküm açılmış və içərisində narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin heroin olmasını və şəxsi istifadəsi üçün həmin gün “Kubinka” adlanan ərazidə narkotik satışı ilə məşğul olan üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manata aldığını etiraf etmişdir. Həmin maddə zərfə qoyularaq möhürlənmiş, protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hazırda Nizami RPİ-nin 25-ci Polis bölməsinin sahə inspektoru vəzifəsində xidmət edir. Bakı şəhəri Yasamal RPİ-nin 26-cı Polis bölməsinin əməliyyat müvəkkili vəzifəsinə xidmət edərkən Bakı şəhər sakini Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi və dövriyyəsi ilə məşğul olması bağlı bölməyə məlumat daxil olduğundan əməliyyat qrupu təşkil olunmuş və 13 iyul 2021-ci il tarixdə, saat təxminən 19 radələrində əməliyyat müvəkkili Şahid1lə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsinə yollanmışlar. Həmin vaxt Ə.Ələkbərov küçəsi 36 nömrəli ünvanın qarşısında dayanan əməliyyat məlumatı əsasında xarici görünüşü onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra Yasamal RPİ-nin 26-cı Polis bölməsinə dəvət etmişlər. O, da onların təklifilə razılaşaq heç bir müqavimət göstərmədən onlarla birlikdə bölməyə gəlmişdir. Bundan sonra isə xidməti otaqların birində onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmiş, sonuncu da əynində olan tünd boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin büküm açılmış və içərisində narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin heroin olmasını və şəxsi istifadəsi üçün həmin gün “Kubinka” adlanan ərazidə narkotik satışı ilə məşğul olan üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 10 manata aldığını etiraf etmişdir. Həmin maddə zərfə qoyularaq möhürlənmiş, protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsi axtarış və götürmə aparılması haqqında 13 iyul 2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman, əynində olan tünd boz rəngli idman şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd gümüşü rəngli siqaret kağızı bükümünün içərisində olan narkotik vasitənin heroin olmasını və şəxsi istifadəsi üçün 13 iyul 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlanan ərazidə üzdən tanıdığı şəxsdən 10 manat müqabilində əldə etməsini bildirmişdir. (i.v. 34-38) CD-R diskinə baxış keçirilməsi haqqında 17 iyul 2021-ci il tarixli protokoldan görünür ki, 13 iyul 2021-ci il saat 20:10-da Bakı şəhəri Yasamal RPİ-nin 26-cı Polis bölməsinin inzibati binasında xidməti otaqlardan birində Bakı şəhəri Yasamal RPİ-nin 26-cı Polis bölməsinin əməkdaşlarının və “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli idman şalvarının sağ yan cibindən içərisində heroin olan bir ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxararaq təqdim etmiş və narkotik vasitə heroini şəxsi istifadəsi üçün saxlanıldığı gün “Kubinka” adlanan ərazidə anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat müqabilində almasını etiraf etmişdir.. (i.v. 86-88) Məhkəmə-kimyəvi ekspertizasının 14 iyul 2021-ci il tarixli 6/2855 nömrəli ekspert rəyindən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 1,743 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. (i.v.42-47); Məhkəmə narkoloji ekspertizasının 12 oktyabr 2021-ci il tarixli 3910 nömrəli ekspert rəyindən aydın olmuşdur ki, müayinə olunan Təqsirləndirilən şəxs Opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.126-128) Maddi sübut kimi tanınma haqqında 17 iyul 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə şəxsi axtarış və götürmə aparılması zamanı istifadə edilmiş video çəkiliş görüntülərinin əks olunduğu üzərində “700 MB 80 MİN 1-52 x” sözləri həkk olunmuş bir ədəd CD-R modelli “Kodak” markalı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, tədqiqat keçirildikdən sonra qalan 1,693 qram çəkidə narkotik vasitə heroin isə 17 iyul 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (i.v.88, 90-91); Məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən beş ildir ki, narkotik vasitə aludəçisi olmaqla müxtəlif üsullarla narkotik vasitələr qəbul etmişdir. Sonuncu dəfə 2019-cu il tarixdə Bakı şəhəri Binəqədi rayon məhkəməsi tərəfindən çıxarılmış hökm əsasında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2020- ci ilin iyul ayında isə cəzasının çəkilməmiş 03 ay müddətindən vaxtından əvvəl azad edilmişdir. 13 iyul 2021-ci il tarixdə təxminən günorta saatlarında bədənində kəskin ağrılar başladığından narkotik vasitə heroin qəbul etmək qərarına gəlmişdir. Odur ki, həmin tarixdə saat 17 radələrində əvvəllər də bir neçə dəfə narkotik vasitə aldığı Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlanan əraziyə gəlib orada üzdən tanıdığı, lakin anket məlumatlarını və əlaqə vasitələrini bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manat müqabilində içərisində “heroin” olan gümüşü rəngli siqaret kağızı bükümünü alıb əynində olan tünd boz rəngli idman şalvarının sağ yan cibinə qoyaraq yaşadığı ünvana yollanmışdır. Həmin tarixdə saat 19 radələrində isə o, yaşadığı ünvan 5 ünvanın qarşısında olan zaman mülki geyimdə olan iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq hüquqlarını izah etdikdən sonra narkotik vasitə əldə etməyi ilə bağlı şübhələr əsasında onu Bakı şəhəri Yasamal RPİ-nin 26-cı Polis bölməsinin inzibati binasına dəvət etmişlər. O, da heç bir etiraz etmədən onlarla birlikdə Bakı şəhəri Yasamal RPİ-nin 26-cı Polis bölməsinin inzibati binasına gəldikdən sonra xidməti otaqların birinə dəvət edilmiş və orada təhqiqatçı tərəfindən təkrarən ona hüquqları izah edildikdən sonra hüquqlarının müdafiə olunması üçün vəkil siyahısı təqdim edilmiş və heç bir etirazı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Bundan sonra isə təqdim edilmiş müdafiəçinin də iştirakı ilə şübhəli şəxs qismində tutulmağı elan olunmaqla hüquq və vəzifələrim izah edildikdən sonra təhqiqatçı tərəfindən ondan üzərində olan qeyri-qanuni əşyaları onlara təqdim etməyi təklif edilibdir. Həmin vaxt təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkiliş aparılacağı izah edilmiş və o, heç bir etiraz etmədiyindən videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilməsi başlanmışdır. O, da öz məsuliyyətini və etdiyi əməli dərk etdiyindən təhqiqatçının təklifindən sonra əynində olan tünd boz rəngli idman şalvarının sağ yan cibindən içərisində heroin olan bir ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb təhqiqatçıya təqdim etmiş və həmin maddənin narkotik vasitə heroin olmasını bildirib hansı yolla əldə etməyi barədə məlumat vermişdir. Daha sonra isə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılması davam etdirilsə də, heç bir qanunsuz predmet aşkar olunmamışdır. Bundan sonra isə polis əməkdaşlarının və orada olan iştirakçıların da iştirakı ilə protokol tərtib edilmiş və o, doğruluğunu imza edərək təsdiq etmişdir. Onun üzərində olan və təqdim etdiyi içərisində heroin olan bir ədəd gümüşü rəngli siqaret kağızı bükümü isə zərfə qoyularaq möhürlənmiş və protokolla birlikdə götürülmüşdür. Qeyd etmişdir ki, o, tutularkən və polis bölməsində olarkən, istərsə də MSY-də saxlanılarkən ona heç bir zor tətbiq edilməmişdir. Ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, o, narkotik vasitə aldığı həmin şəxsi təxminən bir aydır ki, narkotik satışı ilə məşğul olan şəxs kimi tanısa da, onun anket məlumatları və əlaqə vasitələri barədə heç bir məlumatı yoxdur. O, sadəcə şəxsi istifadəsi üçün müştəri kimi 10 manat müqabilində bir büküm heroin almışdır. Həmçinin bildirmişdir ki, həmin şəxs təxminən 30-35 yaşlarında olan, orta bədən quruluşlu, kişi cinsindən olan orta boylu bir şəxs olmuşdur. Bundan başqa onun xarici əlamətləri barədə heç bir məlumat xatırladığını göstərmişdir. Onun başqa hər hansı bir əlamətini xatırlamır və hazırda görsə onu tanımağı mümkün deyildir. Çünki onların arasında ümumiyyətlə dövriyyə qısa zaman kəsiyində baş vermişdir. Belə ki, son dövrərdə polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirildiyindən ona ehtiyatla yaxınlaşaraq gizli formada iki ədəd 5(beş) manatlıq əskinası təqdim edən zaman o, isə dərhal içərisində heroin olan bir ədəd bükümü ona verərək uzaqlaşmışdır. Yəni ki, onun xarici əlamətlərini görməyə imkanı olmamışdır. Törətdiyi cinayət əməlindən peşmandır. (i.v. 67-70) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmamasına dair məhkəmədə verdiyi ifadələrini müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,743 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 13 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 23-24) İş materiallarında olan Bakı şəhəri Yasamal rayon prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Rəşadət Orucov tərəfindən qəbul edilmiş 15 iyul 2021-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Bakı şəhəri Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. (i.v.74-82) İş materiallarında olan 15 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 83-85) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(004)-441/2021 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Yasamal RPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur. İş materiallarında olan tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon məhkəməsinin 25 iyul 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il islah işləri-15% cəzasına məhkum edilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 07 mart 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-cü maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli qərarı ilə cəzası 01 il 04 aya endirilmiş, 14 mart 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 29 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Xətai rayon məhkəməsinin 08 iyul 2020-ci il tarixli qərarı ilə cəzasının 03 ay 09 gün müddətindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. (i.v. 93-105) Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs cəza müddətindən vaxtından əvvəl şərti olaraq azad edildiyi tarixdən yəni 08 iyul 2020-ci il tarixdən iki il keçməmiş 13 iyul 2021-ci il tarixdə hazırkı cinayət əməlini törətdiyindən o, CM-nin 83.1-ci maddəsinə əsasən məhkumluğu olan şəxsdir və törətdiyi əməli cinayətin residivini yaradır. Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmaması və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Belə olan halda Təqsirləndirilən şəxs 13 iyul 2021-ci il tarixdən 15 iyul 2021-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı müddət təyin olunacaq cəzaya daxil edilməlidir. Məhkəmə narkoloji ekspertizasının 12 oktyabr 2021-ci il tarixli, 3910 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.693 qram qalıq çəkisi olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs ətrafında həyata keçirilmiş əməliyyat tədbiri zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 13 iyul 2021-ci il tarixdən 15 iyul 2021-ci il tarixədək, yəni 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 25 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 1.693 qram olan narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X1, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları Vəkil Bürosunun” vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları Vəkil Bürosunun” hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-35/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-35/2022
09.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver