Məhkəmə qərarları › İş №1(004)-35/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-35/2024

01.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-35/2024 01.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Zəfər” vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxxxx 1983-cü ildə Ermənistan Respublikası Basarkeçər rayonunda anadan olan, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Tovuz rayonu, Hunanlar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Favər Əliyev küçəsi yeni yaşayış massivində yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs2 özünə Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən Yasamal rayonu ərazisində inşa edilən sosial evlərdən mənzil alınmasında köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan Zərərçəkmiş şəxs2 güzəştli şərtlərlə üç otaqlı mənzilin alınmasında köməklik göstərəcəyi imkanına malik olması görüntüsü yaratmaqla əslində sonuncuya məxsus pulu ələ keçirmək niyyəti ilə aldadıb 2020-ci ilin dekabr ayının əvvəllərində ünvan 1 ünvanın qarşısında Zərərçəkmiş şəxs2 3.500 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncuya qeyd edilən məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışlıq münasibətlərinə, həmçinin bundan əvvəl Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən Yasamal rayonu ərazisində inşa edilən sosial evlərdən mənzil alınmasında köməklik göstərəcəyi görüntüsü yaratmaqla özünə qarşı inam və etibar yaratdığı Zərərçəkmiş şəxs2 yaxınları Samirə Qasımova, Emil Həsənov və Əli Rəhimov üçün güzəştli şərtlərlə mənzil alınmasında köməklik göstərmək imkanına malik olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib əslində sonuncuya məxsus pulu ələ keçirmək niyyəti ilə aldadaraq 2020-ci ilin dekabr ayının ortalarında ünvan 2 ünvanın qarşısında Zərərçəkmiş şəxs2 7500 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 xeyli miqdarda, yəni 7500 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışlıq münasibətlərinə görə aralarında inam və etibarın olduğu Zərərçəkmiş şəxs2 mal-qara saxlamaqla gəlir əldə etmək niyyətində olmasını bildikdən sonra sonuncuya guya Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları ilə işgüzar və şəxsi əlaqələrinin olması, lizinq yolu ilə güzəştli şərtlərlə mal-qara alınmasında köməklik etmək imkanına malik olması barədə biləbilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs2 lizinq yolu ilə güzəştli şərtlərlə 16 baş iribuynuzlu mal-qara və 1 baş erkək dana alınmasında köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya həmin məsələdə köməklik göstərəcəyi imkanına malik olması görüntüsü yaratmaqla əslində sonuncuya məxsus pulu ələ keçirmək niyyəti ilə aldadaraq 2020-ci ilin dekabr ayının sonunda ünvan 1 ünvanın qarşısında Zərərçəkmiş şəxs2 5000 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncuya qeyd edilən məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 vasitəsi ilə Zərərçəkmiş şəxs1 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs2 vasitəsi ilə özünə Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən Yasamal rayonu ərazisində inşa edilən sosial evlərdən mənzil alınmasında köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan Zərərçəkmiş şəxs1 güzəştli şərtlərlə üç otaqlı mənzilin alınmasında köməklik göstərəcəyi imkanına malik olması görüntüsü yaratmaqla əslində sonuncuya məxsus pulu ələ keçirmək niyyəti ilə aldadıb Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 vasitəsi ilə göndərdiyi 6.500 manat pulu 14 yanvar 2021-ci il tarixdə axşam saatlarında ünvan 1 ünvanın qarşısında sonuncudan alıb ələ keçirərək verdiyi vədə əməl etməyib etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni 6500 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, bu ayın 28-dək ödənişləri edəcək. Rəhmanla o müvəqqəti saxlama yerində tanış olmuşdurlar. O, həmin vaxtı AR CM-nin 178-ci maddəsi ilə həbs edilmişdir. Daha sonra istintaq təcridxanasına göndərilmişdirlər və bundan sonra da münasibətləri olmuşdur, bir birilərini tanımışdırlar. Azadlığa çıxdıqdan sonra da əlaqələrini kəsməmişdirlər. Bir gün Rəhmanın “MİDA”dan ev götürmək istədiyini bilmişdir. Bu işdə ona kömək edə biləcəyini bildirmişdir. O, da pulu gətirmişdir. Lakin iş alınmamışdır. 2021-ci ilin qış aylarında ümumilikdə 20500 manat pul götürmüş. Həmin pulun bir hissəsinə evi alıb, qalan hissəsinə heyvandarlıq sahəsinə xərcləyəcəkdi. Həmin pulu həbsdən çıxdıqdan sonra borclu olduğu insanlara borclarını qaytardı, bir hissəsini də xərclədi. Hazırda borcu 12500 manatdır. İlk dəfə pulu 2020-ci ilin dekabr ayında almışdır. Törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, ziyanın bir hissəsinin ödənilməsini və himayəsində 1 azyaşlı övladının olmasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, hadisə təqsirləndirilən şəxsin dediyi kimi olub. Müvəqqəti saxlama yerində tanış olanda o, Kənanın dələduzluğa görə məhkum olunduğunu bilmirdi. O, isə əlbəyaxa dava etdiyi üçün müvəqqəti saxlama yerinə düşmüşdür. O, tikinti sahəsində sahə rəisi işləmişdir. Həbsdən çıxdıqdan sonra isə fərdi villaların tikintisi ilə məşğul olmuşdur. Kənan üçün hətta iş də təşkil eləmişdir ki, pul qazansın. Təqsirləndirilən şəxsin dediyi kimi “MİDA”dan ev almaq üçün pul vermişdir. Digər zərərçəkmiş şəxsə pulu o ödəmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, bu məsələ ilə bağlı o, izahatında da bildirmişdir, Təqsirləndirilən şəxs ilə heç bir tanışlığı yoxdur, elə bir şəxsin adını eşitməmişdir, onun şikayəti Rəhmandan idi, istintaq vaxtı o, artıq Yasamal Rayon Baş Polis İdarəsinə getdikdə orada Rəhmanın ərizəsi ilə tanış olmuşdur, ondan bir ay qabaq Rəhman artıq Kənandan şikayətçi idi, məsələ sadəcə 1 il yarıma qədər getmişdir, Rəhman bütün zərəri ödəmişdir və o da bu barədə ərizə yazmışdır, şikayətçi olmamışdır. İstintaq zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs imiş, Rəhman özü də zərərçəkmiş şəxs sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 10 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, daha sonra cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarına əsasən (AZEMİS Elektron Məhkəmə Sistemi məlumatları) Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü X1 adlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, təqsirləndirilən şəxsin azyaşlı uşağının olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın bir hissəsini ödədiyini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə saat 00:25 radələrində tutulmuş, bundan sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatətlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edilmiş, Yasamal rayon prokurorunun xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da həmin müddətdə o, 24 saatdan çox, yəni 02 gün həbsdə qalmışdır. Beləliklə o, ibtidai istintaq dövründə 02 gün həbsdə olmuşdur. Bundan sonra Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Bundan sonra Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinin məhkəməyə ünvanladığı məktubdan və Qax Rayon Məhkəməsinin 4(024)-21/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının sürətindən görünür ki, Təqsirləndirilən şəxs Qax RPŞ-nin İŞ-də istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Qax Rayon Məhkəməsinin 4(024)- 21/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 11 ay 28 gün (bir il on bir ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 01 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Qax Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 4(024)- 21/2024 saylı qərarı ilə 17 may 2024-cü il tarixdən həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Zəfər” vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 260 (iki yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Zəfər” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar