Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-351/2025 25.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, ev 122-də qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, S.Rəhimov küçəsi, ev 55-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini xeyli miqdarda əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə günorta saatlarında Yasamal rayonu «Sovetski» adlanan ərazidən istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 0,297 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib, üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 21:10 dəqiqədə ünvan 1 ünvanda Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Polis İdarəsinə gətirilmiş və üzərində axtarış və götürmə aparılan zaman, əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə xeyli miqdar təşkil edən təmiz çəkisi 0,297 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 mart 2025-ci il tarixdə günorta saatlarında Yasamal rayonu «Sovetski» deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir nəfər şəxsdən 10 manat pul vəsaiti müqabilində narkotik vasitə heroin əldə etmişdir ki, axşam saatlarında istifadə etsin. Daha sonra elə həmin gün saat 21:10 radələrində yaşadığı Yasamal rayonu, S.Rəhimov küçəsi 57 ünvanının qarşısından evə tərəf piyada keçən zaman polis əməkdaşları onu saxlamışlar və Yasamal RPİ-ə aparmışlar. Video çəkiliş vasitəsi ilə axtarış keçirilməyə başlanmış, şəxsi axtarış zamanı ona paltarında hər hansı bir əşya və ya predmet olacağı təqdirdə, həmin əşyaları könüllü olaraq təqdim etmək təklif edilmiş və o, razılaşaraq könüllü olaraq şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd selofana bükülü halda olan bükümü çıxararaq təqdim etmişdir. Həmin bükümü açıb içərisinə baxdıqdan sonra orada olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən götürülərək, orada olan şəxslərin iştirakı ilə qablaşdırılmış və möhürlə möhürlənmişdir. Həmin vaxtı o, şalvarının sol yan cibindən 10 manat pulu, 1 ədəd alışqan və 1 ədəd Azəriqaz, 1 ədəd Azərişıq, 1 ədəd Bakı kart, 1 ədəd araz kartını və 1 ədəd Birbank və 1 ədəd Leobanka aid kartları da polis əməkdaşlarına təqdim etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, üzərindən aşkar olunmuş 1 ədəd Birbank və 1 ədəd Leobanka aid kartlardan başqa digər əşyalar özünə qaytarılmış, polis əməkdaşları tərəfindən ona qarşı hər hansısa bir fiziki zor tətbiq edilməmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, himayəsində 2 azyaşlı övladının olmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 bildirmişdir ki, 10 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, onun ətrafında əməliyyat axtarış tədbirləri həyata keçirilməli idi, bu məqsədlə o və Yasamal RPİ NMB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün axşam saatlarında ünvan 3 ünvanında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Belə ki, Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və üzərinə baxış keçirilməsi üçün Yasamal RPİ-ə dəvət etmişlər. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki şalvarının sağ yan cibindən 1 ədəd selofana bükülü halda olan maddəni çıxarıb təqdim edərək həmin 1 ədəd bükülünün içərisində kakos-heroin adlandırdığı narkotik vasitə olduğunu, həmin maddəni bu gün “Sovetski” deyilən ərazidən tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün alaraq sonradan istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş maddə qablaşdırılaraq Ədliyyə Nazirliyi MEM-ə göndərilmiş, ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd bükümdə təmiz çəkisi 0,297 qram çəkidə maddə narkotik vasitə heroindir. Əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat aparatında konkret olaraq hər hansısa bir məlumat və fakt olmamışdır. Şahid Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı ifadə vermiş Şahid1 məhkəmə iclasında dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 mart 2025-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü, sol yan cibindən bir ədəd alışqan, 10 manat pul və 6 ədəd kartı çıxararaq təqdim etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi büküm açıldıqda içərisində qəhvəyi rəngli kütlə olması müəyyən edildi. Kartların isə 1 ədəd “Azəriqaz”, 1 ədəd “Azərişıq”, 1 ədəd “Bakı kart” nəqliyyat kartı, 1 ədəd “Araz Supermarket” kartı, 1 ədəd “Birbank” kartı və 1 ədəd “Leobank” kartı olması müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümdə olan maddənin “kokos” adlanan narkotik vasitə heroin olduğunu, həmin maddəni “Sovetski” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manat pulun müqabilində ahb, şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirdi. Təhqiqatçı tərəfindən bir ədəd büküm bir ədəd kağız zərfdə qablaşdırılaraq, 42 nömrəli möhürlə möhürlənib götürüldü. Bundan başqa 1 ədəd “Birbank” kartı və 1 ədəd “Leobank” kartı götürüldü. 1 ədəd alışqan, 1 ədəd “Azəriqaz”, 1 ədəd “Azərişıq”, 1 ədəd “Bakı kart” nəqliyyat kartı, 1 ədəd “Araz Supermarket” kartı və 10 manat pul özünə qaytarıldı. Bundan başqa digər qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet tapılmadı (i.v. 32- 33). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2025ci il tarixli, 6/1047 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №42”-li dairəvi möhür əksi, “şübhəli şəxs: (imza)” yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə bükümdə təmiz çəkisi 0,297 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v. 39-43). “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 18 mart 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı X3 icraatında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 85, 236.1-cı maddələrinin tələblərini rəhbər tutub tərtib etmişdir həmin protokolu Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasında, 315 nömrəli xidməti otağında cinayət işi üzrə obyektiv həqiqətin müəyyən edilməsi, habelə ittihamın düzgün həlli üçün toplanmış təhqiqat sübutlarının həqiqiliyinə və mötəbərliyinə qiymət verilməsi məqsədi ilə Yasamal RPİ-nin TŞ-dən daxil olmuş disk məlumatlarına baxış keçirmiş, baxış zamanı diskdə olan məlumatlara “DELL” markalı kompüterdən istifadə edilərək baxılacaqdır. Azərbaycan Respublikası CPM-nin 236.1-ci maddəsinə əsasən baxışın keçirilməsində hər hansı digər texniki vasitədən istifadə olunmamışdır. Baxış zamanı məlum olmuşdur ki, həmin dvd diskdə əks edilmiş görüntülər 10 mart 2025-ci il tarixdə qeydə alınır. Görüntü 07 dəqiqə 09 saniyədən ibarətdir. Süni işıqlandırma şəraitində otaq Yasamal RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı X1 xidməti otağıdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı M.Məhərrəmov özünü təqdim etdikdən sonra, Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz olaraq əldə edilib saxlanılmasında şübhəli bilinərək Yasamal RPİ-ə gətirilmiş və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, 22 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Yasamal RPİ NMB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1, kiçik əməliyyat müvəkkili polis serjantı Şahid2 təqdim etdikdən sonra şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs özünü təqdim etmiş, 3-4 il olar ki, narkoitik vasitə qəbul etdiyini, videoçəkilişin davamında təhqiqatçı M.Məhərrəmov şübhəli şəxsə saxlanılarkən AR CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah olunduğunu xatırlatmış, baxışın mobil telefon vasitəsilə həyata keçirilməsini qeyd etmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və etirazının olmadığını demiş, təhqiqatçı tərəfindən AR CPMnin 246-cı maddəsində nəzərdə tutulan tələblər səsləndirildikdən sonra Təqsirləndirilən şəxs üzərində, geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. X10 könüllü olaraq əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd selofan bükümü, sol yan cibindən isə 1 ədəd alışqan,10 manat pul, 1 ədəd «Azəriqaz», 1 ədəd «Azərişıq», 1 ədəd «Bakı kart», 1 ədəd «Araz Supermarket kartı, 1 ədəd «Birbank» və 1 ədəd «Leobank» kartını çıxarıb təqdim etməsi müşahidə olunur. Təhqiqatçı M.Məhərrəomovun sualına cavab olaraq şühbləi şəxs Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə kakos-heroin olduğunu, bu maddənin saxlanıldığı gün «Sovetski» adlanan ərazidən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata aldığını, evə gələrkən yolda polis əməkdaşları tərəfindən saxlanıldığını bildirir, şübhəli şəxsə məxsus 10 manat pul, alışqan, 4 ədəd kartı şübhəli şəxsə qaytarılır. Bir bank və Leobanka aid kartlar təhqiqatçı tərəfindən götürülür, aşkar olunmuş heroinə oxşar maddə təhqiqatçı tərəfindən görüntüdəkı şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılır və möhürlənir, iştirakçılar tərəfindən imzalanır, təhqiqatçı M.Məhərrəmovun sualına cavab olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən, eləcə də Polis idarəsinə gətirilərkən ona qarşı heç bir təzyiq edilmədiyini bildirmişdir. Bundan sonra heç bir sual, əlavə və qeyd olmadığından şəxsi axtarış və götürmə aparılması başa çatmışdır (i.v. 74). “Maddi sübut kimi tanınma haqqında” 18 mart 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş narkotik vasitənin götürülməsini videoçəkilişdən istifadə etməklə həmin prosessual hərəkətlərin edilməsini özündə əks etdirən 1 ədəd disk cinayət işi üzrə sübutedici əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınıb, cinayət işinə əlavə edilmişdir (i.v. 75). “Maddi sübut kimi tanınma haqqında” 19 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi tədqiqata təqdim edilmiş təmiz çəkisi 0,297 qram narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, qalıq qalmış 0,247 qram heroin saxlanılması üçün Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (i.v. 76). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 aprel 2025-ci il tarixli, 2160 nömrəli rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür ( i.v. 83-84). “250090156 nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işinə nəticə verilməsi barədə” 12 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın mahiyyətinə heç bir təsiri olmadığından Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə elan olunmuş ittiham və barəsində 12 mart 2025-ci il tarixdə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilmədən öz qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.2-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətlərinin olması istintaq materialları ilə tam təkzib edildiyindən, bu hissədə barəsində həmin xüsusatla əlaqədar cinayət təqibi üzrə icraatın rədd edilməsi, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 0,297 qram narkotik vasitə heroin əldə etmə mənbəyinin müəyyən edilməsi məqsədilə cinayət işindən materialın ayrılıb əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün Yasamal RPİ-nin 26-cı PŞ-nə göndərilməsi, Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitənin polis əməkdaşlarına təqdim etməsinin könüllü təqdimetmə kimi qiymətləndirilməməsinin nəzərə alınması, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs oğundan aşkar olunaraq götürlmüş 1 ədəd «Birbank» və 1 ədəd «Leobanka» aid kartların iş üzrə sübut əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılması, iş üzrə Təqsirləndirilən şəxs ifadəsi işin digər halları ilə təsdiq edildiyindən, şahidlər Şahid1, Şahid2 ifadələri, Təqsirləndirilən şəxs üstündən narkotik vasitənin götürülməsi barədə Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli protokol, eləcə də video çəkilişdən istifadə etməklə həmin prosessual hərəkətlərin edilməsini özündə əks etdirən 1 ədəd «DVD» disk, həmin diskə baxış protokolu, cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in verdiyi 11 mart 2025-ci il tarixli 3-16- 16/2-6/1047 saylı rəy, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-ın ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair xx.xx.2025-ci il tarixli 2160 saylı rəy, iş üzrə maddi sübut kimi tanınmış 0,297 qram narkotik vasitə heroinin sübut kimi qiymətləndirilməsi, qərarın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır (i.v. 86-95). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidin ifadəsi, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 11 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir (i.v. 1). “Şübhəli şəxsin tutulması haqqında” 10 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2025-ci il tarixdə, saat 21:10-dan tutulmuş hesab edilmişdir (i.v. 21). “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 11 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaq davam etdirilmişdir (i.v. 46). “Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” 12 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, qərar ona elan olunmaqla, həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 50). “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 12 mart 2025-ci il tarixli qərardan görünür ki, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, ev 122-də qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, S.Rəhimov küçəsi, ev 55-də yaşayan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Yasamal RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı Vüsal Şahbazovun xx.xx.2025-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı Yasamal RPİ-nin MSY-dən dərhal azad edilməsi və barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilməsinin təmin edilməsi, qərar icra olunmasından ötrü Yasamal RPİ-nə göndərilməsi qərara alınmışdır (i.v. 63-65). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” 12 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 66-67). Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 adında övladları vardır (i.v. 71-72). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 25 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 77). Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində iki azyaşlı övladının olmasını (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, onun şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan heroinin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “36 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 mart 2025-ci il tarixdən 12 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş narkotik vasitə olan 0,247 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 10 iş saatına görə 110 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “36 saylı” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-351/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-351/2025
25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver