Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-352/2021 08.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, 19 avqust 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Yasamal rayonu, Zərgərpalan 82 ünvanında yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 20 iyul 2021-ci il tarixdə saat 15 radələrində Nəsimi rayonu “Kubinka” adlanan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,634 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, 20.07.2021-ci il tarixdə saat 17:30-da ünvan 3 ünvanının qarşısında olarkən Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 27-ci polis bölməsinə gətirilmiş və polis bölməsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,634 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o 12-13 ildir ki, narkotik vasitə olan heroini inyeksiya yolu ilə qəbul edir və uzun müddətdir narkomaniya xəstəliyindən əziyyət çəkir. Bu əməllərinə görə 2009-cu ildə Yasamal Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə, 2014-cu ildə isə Yasamal Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 20 iyul 2021-ci il tarixdə saat 15 radələrində narkotik vasitə əldə etmək məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan yaşayış sahəsinə gedərək, orada üzdən tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi bir şəxsdən özünün şəxsi istifadəsi üçün 01 ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyədə olan “kakos” adlanan narkotik vasitəni 20 manata alaraq özündə saxlamışdır. Həmin gün saat 17:30 radələrində ünvan 5 ünvanının qarşısında iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, özlərini Yasamal rayon Polis İdarəsinin 27-cı Polis Bölməsinin əməkdaşları kimi təqdim etdikdən sonra ondan şəxsiyyəti barədə məlumat almışlar. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin istifadəsində şübhəli olduğunu ehtimal etdiklərini bildirib onu Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər və o polis əməkdaşının qanuni tələbinə tabe olaraq onlarla 27-ci polis bölməsinə getmişdir. Orada polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o əynində olan qara rəngli idman şalvarının sağ yan cibində olan şəffaf rəngli sellofana bükülmüş heroini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, həmin narkotik vasitəni 20 iyul 2021-ci il tarixdə saat 15 radələrdə Bakı şəhəri Nəsimi rayonunun ərazisində yerləşən “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən 20 manata almışdır. Polis əməkdaşları ona məxsus narkotik vasitə olan heroini zərfə qoyub qablaşdırmışlar. O, həmin zərfi və protokolu imzalamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin 27-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 20 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələrin və narkotik vasitələrin dövriyyəsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında Yasamal RPİ-nin 27-ci polis bölməsinin rəhbərliyi tərəfindən ondan və əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Əməliyyat tədbirləri keçirilən ərəfədə Təqsirləndirilən şəxs anası Şahid3 da DİN-in 102 məlumat xidmətinə oğlunun evdə narkotik vasitə qəbul etməsi barədə məlumat vermişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 20 iyul 2021-ci il tarixdə saat 17:30 radələrində Yasamal rayonu Zərgərpalan küçəsi ev 80 ünvanının qarşısında zahiri əlamətləri onlara əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs müəyyən edilmiş və onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək ona narkotik vasitələrin qanunsuz olaraq əldə etməsində şübhəli olmasını bildirmişlər. Ona 27-ci Polis Bölməsinə getməli olduğunu bildirilmiş və onu avtomobillə 27-ci PB-nin inzibati binasına gətirmişlər. Orada polis əməkdaşının və X19 təqdim olunmuş vəkilin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə ona üzərində olan dövriyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşının sualına cavab olaraq Mir Fərid həmin narkotik vasitə olan heroini həmin gün təxminən saat 15 radələrində Baki şəhəri Nəsimi rayonunun ərazisində yerləşən “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən 20 manata alıb üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Mir Fərid təxminən 10 ildir ki, narkotik vasitə istifadəçisidir. Həmin əməlinə görə iki dəfə cinayət məsuliyyətinə cəlb edilərək məhkəmənin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə 2015-ci ildə azadlığa çıxdıqdan sonra təxminən 2 ildir ki, Mir Fərid narkotik vasitədən istifadə etməmişdir. Təxminən 2017-2018-ci ildən Mir Fərid yenidən narkotik vasitədən istifadə etməsinə başlamışdır. Oğluna dəfələrlə narkotik vasitədən istifadə etməməsini bildirsədə bu heç bir müsbət nəticə verməmişdir. O, küçədə zibilliklərdən dəmir yığıb sataraq özünə narkotik vasitə alır. Onun öz sağlamlığını məhv etməsi, eləcə də küçələrdə zibil axtarıb sataraq pul əldə etməsini qəbul edə bilməmiş və çıxış yolu kimi polisə məlumat vermək qərarına gəlmişdir. Belə ki, 20 iyul 2021-ci il tarixdə o, DİN-in 102 məlumat xidmətinə zəng edərək oğlu Mir Fəridin narkotik vasitədən istifadə etməsi və hal-hazırda evdə olması barədə məlumat vermişdir. Lakin polis əməkdaşları gələnə kimi oğlu evdən çıxmışdır. Küçəyə çıxanda Mir Fəridin küçədə olmasını görmüşdür. Polis əməkdaşları ona yaxınlaşmışlar. Həmin vaxt o evə girmişdir ki, oğlu Mir Fərid onu görməsin. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 112-115-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin 27-ci polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində polis mayoru xüsusi rütbəsi ilə xidmət edir. 20 iyul 2021-ci il tarixdə ünvan 7 ünvanında pasport qeydiyyatında olan və ünvan 8 Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələrin və narkotik vasitələrin dövriyyəsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat Yasamal RPİ-nin rəhbərliyinə raport şəklində məruzə edildikdən sonra müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün onun və 27-ci polis bölməsinin əməliyyat müvəkkili polis mayoru Şahid1 iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. Müvafiq əmrə əsasən qrupun rəhbəri o, iştirakçısı isə Şahid1 təyin edilmişdir. Bundan sonra əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Əməliyyat tədbirləri keçirilən ərəfədə Təqsirləndirilən şəxs anası Şahid3 da DİN-in 102 məlumat xidmətinə oğlunun evdə narkotik vasitə qəbul etməsi barədə məlumat vermişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 20 iyul 2021-ci il tarixdə saat 17:30 radələrində Yasamal rayonu Zərgərpalan küçəsi ev 80 ünvanının qarşısında zahiri əlamətləri onlara əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs müəyyən edilmiş və onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmçinin həmin şəxsin Təqsirləndirilən şəxs olması tərəflərindən müəyyən edildiyi üçün ona narkotik vasitələrin qanunsuz olaraq əldə etməsində şübhəli olması bildirilərək onu özləri ilə ərazi üzrə Yasamal RPİ-nin 27-ci polis bölməsinə gətirmişlər. Bundan sonra Yasamal RPİ-nin 27-ci polis bölməsinin inzibati binasında müvafiq araşdırmanın aparılması 27-ci polis bölməsinin təhqiqatçısı polis baş leytenantı X13 həvalə edilmişdir. Təhqiqatçı tərəfindən müvafiq sənədləşmə aparılmış və prosessual qanunvericiliyə müvafiq olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri ona izah edilmiş, onun öz istəyinə uyğun şəkildə hüquqlarının Dövlət tərəfindən vəkillə müdafiəsi təmin edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra, Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə onun üzərində şəxsi axtarış və götürülmə aparılmış, həmçinin həmin prosessual hərəkət video çəkilişlə müşaiyət edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli bükümü təqdim edərək içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sonra о, üzərində digər başqa əşya və maddə olmadığını qeyd etmişdir. Ona görə də, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın yan və arxa ciblərinə о cümlədən ayağındakı ayaqqabının içərisinə baxış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar olunmаmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli bükümə baxış keçirilmiş, həmin bükümün içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən edilmişdir. Həmin maddə bir ədəd içərisi boş olan zərfin içərisinə qoyularaq üzəri DİN-in «zərflər üçün 168 saylı» möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs uzun müddətdir ki, narkotik vasitələrin istifadəçisi olduğunu, həmin maddənin özünə məxsus olduğunu, öz istifadəsi üçün «Kubinka» adlanan küçədən üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Göstərilənlərlə yanaşı müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs saxlanılan zaman ona qarşı hər-hansı bir qanuna zidd davranışın olub-olmaması sorğu edilmiş, о isə özünə qarşı heç bir qanunsuz hərəkətin edilmədiyini bildirmişdir. Həmin prosessual sənədləşmə protokol iştirakçılarına ucadan oxunmuş, doğru tərtib edildiyi üçün imzalərımız ilə təstiq edilmişdir. Şahid2 həmçinin ifadəsində göstərmişdir ki, raport tərtib edilən zaman Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə də şübhələr olmuşdur Lakin istintaq zamanı keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat öz təstiqini tapmamışdır. Bununla bağlı müvafiq əməliyyat tapşırığına yazılı cavab verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 20 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 iyul 2021-ci il tarixdə, saat 17:30-da Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən ünvan 9 ünvanının qarşısında saxlanılaraq həmin bölməyə aparılmış, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü polis əməkdaşlarına təqdim etmiş, həmin şəffaf sellofana bükülmüş bükümün içərisində, narkotik vasitə hesab edilən heroinə oxşar vasitə aşkar edilərək götürülmüş, bu zaman Mir Cavadov həmin bükümdəki vasitənin heroin olduğunu bildirmişdir. (i.v. 32-33) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 21 iyul 2021-ci il tarixli 6/2997 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs (imza) X3...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,634 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təstiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilənnarkotik vasitələr”-in İ siyahısına daxildir. (i.v. 40-44) “Video görüntüyə baxış keçirilməsi haqqında” 25 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə ona təklif edildikdən sonra əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarаrаq, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Baxış zamanı həmin bükümün içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddəni «Kubinka» adlanan ərazidə tanımadığı kişi cinsli şəxsdən öz istifadəsi məqsədi ilə 20 manata alaraq özündə saxladığını və göstərilən məddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. (i.v. 116-117) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X17 Şəxsi Ambulator X1 nəticələrinə dair 23.07.2021-ci il tarixli 2427 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (i.v. 130-131) “Sübutların qiymətləndirilməsinə haqqında” 02 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə şəxsi axtarış götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş ümumi təmiz çəkisi 0.634 qram təşkil edən, lakin məhkəmə kimyəvi ekspertizası tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0.584 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar olunduğu yerə, vaxtına və digər xüsusiyyətlərinə görə iş üzrə maddi sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxs cinayət işinin istintaq materialları ilə birlikdə həmin maddi sübutla tanış olduqdan sonra maddi sübut saxlanılması üçün Yasamal RPİ-nin “maddi sübutların saxlanılması otağına” verilmişdir. Təqsirləndirilən şəxs barəsində aparılan şəxsi axtarış və götürmə zamanı Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasında çəkiliş və özündə iş üzrə mühüm əhəmiyyət kəsb edən video görüntüləri əks etdirən bir ədəd disk aşkar olunduğu yerə, vaxtına və digər xüsusiyyətlərinə görə iş üzrə maddi sübut əhəmiyyətli olduğundan, maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. İş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadələri, şahid ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyul 2021-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının 6/2997 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 28 iyul 2021-ci il tarixli 2522 nömrəli rəyi, şəxsi axtarış və götürmə haqqında protokol, diskə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolu və digər sənədlər işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut kimi tanınmışdır. (i.v. 141-151) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0.634 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 20 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 24) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli 4(004)-383/2021 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 20 iyul 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 80-82) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi 03.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 06.11.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 14.10.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qərarı ilə 09 ay 20 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03.07.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 01.08.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 92-94) Azərbaycan Respublikası Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərüffat Birliyi 24 saylı Mənzil Kommunal Təsərrüfat sahəsinin 17.08.2021-ci il tarixli 166 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Şahtaxtinski küçəsi 34 saylı evdə atası, anası, bacısı və iki qardaşı ilə birlikdə qeydiyyatdadır. (i.v. 110) Azərbaycan Respublikası Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərüffat Birliyi 24 saylı Mənzil Kommunal Təsərrüfat sahəsinin 18.08.2021-ciil tarixli 67/x nömrəli arayışından görünür ki, Yasamal rayon 24 saylı Mənzil Kommunal İstismar Sahəsinə vətəndaş Təqsirləndirilən şəxs barəsində yazılı və ya şifahi surətdə heç bir şikayət daxil olmamışdır. (i.v. 111) Yasamal Rayon Məhkəməsinin 06 noyabr 2009-cu il tarixli 1(004)-448/2009 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i.v. 104-107) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyul 2014-cü ilı tarixli 1(004)-73/2014 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Cəzaçəkmə müddətinin başlanğıcı 02 avqust 2013-cü il tarixdən hesablanmışdır. (i.v. 122-127) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təqsirləndirilən şəxs əvvəllər Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyul 2014-cü ilı tarixli 1(004)-73/2014 saylı hökmünə əsasən 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 01 avqust 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-nın 83.3.3-cü maddələrinə əsasən onun məhkumluğu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİNnin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.584 qram qalıq çəkisi olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 81.82 (səksən bir manat səksən iki qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 20 iyul 2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə saxlanca verilmiş narkotik vasitə heroinin qalıq çəkisi məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri ona aid hissədə təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkilləri X5 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 20 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.584 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 81.82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun "xxxx" ASC-nin Yasamal filialı kod:200037; VÖEN; **********; M/h:- AZ37NABZ013501**********1944; S.W.İ.F.T. Kod AİİBAZ2X; Benefisiarın hes. №-si AZ39AİİB**********0815793103; VÖEN-********** olan hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-352/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-352/2021
08.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver