Məhkəmə qərarları › İş №1(004)-352/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-352/2023

05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-352/2023 05.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx xxx 1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 aprel 2023-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu «Papanin» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi-1,250 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, üzərində saxlayaraq daşımış, 07 aprel 2023-cü il tarixdə saat 11:30-da Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi-1,250 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 2022-ci ilin yanvar ayının əvvəllərindən narkotik vasitə qəbul edir. O, narkotik vasitəni qəbul etməyə başlayanda Bakı şəhəri, Nəsimi rayonu « Papanin» adlanan ərazidə adını bilmədiyi bir nəfər şəxslə tanış olmuş və həmin şəxs ona bildirmişdir ki, heroin lazım olanda bura gəlib ondan ala bilər. Buna görə də ona narkotik vasitə lazım olanda Bakı şəhəri, Nəsimi rayonu « Papanin» adlanan əraziyə gedərək həmin şəxsi tapıb ondan almışdır. Bundan sonra o, narkotik vasitə aldıqdan sonra münasib yer taparaq orada qəbul etmişdir. Belə ki, 07 aprel 2023-cü il tarixdə səhər saatlarında o, Bakı şəhəri, Nəsimi rayonu « Papanin» adlanan əraziyə gedib həmin şəxsi taparaq və ona 10 manat verib, ona narkotik vasitə olan bir büküm heroin gətirməsini istəmişdir. Təxminən 15-20 dəqiqə sonra həmin şəxs ona bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan bir büküm heroini təqdim edərək vermişdir. Bundan sonra o, əynində olan mavi rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra o, elə həmin günü yəni 07 aprel 2023-cü il tarixdə saat təxminən 11:30 radələrində ünvan 4 ünvanın qarşısında olan zaman, iki nəfər mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edərək, polis əməklaşları olduqlarını bildirərək, Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər, o, da heç bir etiraz etmədən onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis şöbəsində üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunaraq və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşları, ona dövlət tərəfindən təqdim edilmiş vəkilin iştirakı ilə video çəkilişlə üzərimə şəxsi axtarış keçirildi. Bu zaman onun üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O, da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan , əynində oan mavi rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan bir büküm heroini təqdim etmiş və narkotik vasitə olan heroin olmasını bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroin haradan aldığını soruşanda, o, həmin narkotik vasitə olan heroin öz istifadəsi üçün bu gün yəni 07 aprel 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən 10 manat pula aldığını bildirmişdir. Həmin vaxt üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış onun, müdafiəçinin və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənərək və o, imzası ilə protokolun doğruluğunu təsdiq etmişdir. Törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş şahidlərin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə şahidlərin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. CPM-nin 327.1.2, 328, 329.1, 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal RPİ-nin 29-cu PŞ-də CA-üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Baş vermiş hadisə ilə bağlı göstərmişdir ki, 07 aprel 2023-cü il tarixdə xidmət etdiyi Yasamal RPİ-nin 29-cu PŞ-nə Bakı şəhəri, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə dərhal onun tərəfindən raport əsasında vasitəsilə Yasamal RPİ-nin 29-cu PŞ-nin rəhbərliyinə məruzə edilərək məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmaqla əməliyyat tədbirinin keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Həmin məlumatla əlaqədar əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən ona həvalə edilərək rəhbərliyi altında və Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə rəisi polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o və Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə rəisi polis mayoru Şahid2la birlikdə, 07 aprel 2023-cü il tarixdə saat 11:00 radələrindən, həmin günü saat 11:30 radələrindək əməliyyat məlumatında bildirilən X3 radələrində ünvan 5 ünvanın qarşısında dayandığını müəyyən edərək dərhal yaxınlaşıb onu saxlamışlar. Həmin şəxsi saxlayıb, onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən olunmuşdur ki, həqiqətəndə o, xx xxx 1967-ci ildə ünvan 5 ünvanda qeydiyytada olan və həmin ünvanda Təqsirləndirilən şəxsdur. Bundan sonra onlar Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək onun narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə məşqul olması barədə məlumatılarının olduğunu bildirərək ondan Yasamal RPİ-nin 29-cu PŞ-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs razılışaraq onlarla birlikdə oradan Yasamal RPİ-nin 29-cu PŞ-nə gəlmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilməsi barədə dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi bölmənin təhqiqatçısı polis kapitanı Yusif Ağayevə həvalə olunmuşdur. Bununla bağlı, təhqiqatçı Yusif Ağayev öz növbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl ona müdafiəçi seçmək hüququ izah edilərək vəkillərin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməkdən ötrü Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili X1 tərəfindən dövlət büdcəsi hesabına müdafiə olunmasını istədiyindən təhqiqatçı Yusif Ağayev vəkil Rasim Almuradovu, şöbəyə dəvət etmişdir. Bundan sonra Yusif Ağayev tərəfindən Təqsirləndirilən şəxs 07 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, bundan sonra video yazan texniki vasitə olan mobil telefon aparatından istifadə edilərək çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirməyə başlayarkən ona təklif olunmuşdur ki, əgər üzərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa, onda könüllü çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs həmin təklifi qəbul edərək özü əynində olan mavi rəngli cins şalvannın sağ yan cibində olan bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümü könüllü çıxardıb təqaı- eaərə- bildirmişdir ki-, həmin bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroindir. Həmin narkotik vasitə olan heroini 07 aprel 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu «Papanin» deyilən yerdə üzdən tanıdığı şəxsdən özünün istifadəsi üçün 10 manata alıb əynində olan mavi rəngli cins şalvarının sağ yan cibinə qoymuş və 07 aprel 2023-cü il tarixdə saat 11:30-da ünvan 7 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPl-nin 29-cu PŞ-nin inzibati binasına gətirilmişdir. Bundan sonra narkotik vasitə olan heroinə oxşar maddə aşkar edilmişdir. Bundan sonra təhqiqatçı Yusif Ağayev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra isə keçirilmiş şəxsi axtarışla və həmin maddənin Təqsirləndirilən şəxs aşkar olunub götürülməsi ilə bağlı təhqiqatçı Yusif Ağayev tərəfindən müvafiq protokol tərtib olunmaqla ondan aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroini zərfə qoyularaq möhürlənmişdir. O, da şəxsi axtarışda iştirak edərək, bütün şəxslər kimi həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Həmçinin şəxsi axtarış və götürmə apanlarkən videoyazan texniki vasitə olan telefon vasitəsilə çəkilmiş görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni satan şəxsi və onun narkotik vasitəni əldə edib satması müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs saxlanılarkən və ondan əvvəl də narkotik vasitə satması ilə məşqul olması müəyyən edilməmişdir. Hal-hazırda Əfqan Hüseynovun narkotik vasitəni satan şəxsi müəyyən etmək istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində Şahid1 ibtidai istintaqa verdiyi ifadəsinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 08 aprel 2023-cü il tarixli 6/2047 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində ”... Təqsirləndirilən şəxs (imza)...” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,250 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2552 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona 09 ay (doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 07 aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,150 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Kredo” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar