Məhkəmə qərarları › İş №1(004)-352/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-352/2024

04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-352/2024 04.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, ev 59M 80V-də qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 yanvar 2024-cü il tarixdə saat 18:09-da ünvan 1 ünvanında yerləşən “Hanifa” qadın geyim aksesuarlarının satıldğı mağazaya müştəri kimi daxil olaraq orada olan masanın üzərindən həmin mağazanın işçisi Zərərçəkmiş şəxs məxsus 01 ədəd boz rəngli, dəri materiallı, içərisində 930 manat nəğd pul, 01 ədəd 70 manat dəyərində mobil telefon üçün nəzərdə tutulmuş cəryan qidalandırıcısı, 01 ədəd 2 manat dəyərində metro kartı və 01 ədəd 5 manat dəyərində lift kartı olan 20 manat dəyərində qadın əl çantasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1.027 (min iyirmi yeddi) manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Subaydır və bir azyaşlı uşağı var. Maddi vəziyyəti pis olduğu üçün xx.xx.2024cü il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Hanifa” qadın paltarı mağazasına daxil olmuşdur. Bundan sonra o, mağazanın içərisində gəzərək ətrafa baxıb heç kimin onu görmədiyinə əmin olduqdan sonra orada olan kassa masasının üzərində olan əl çantasını götürüb dərhal oradan uzaqlaşmışdır. Həmin yerdən uzaqdaldıqdan sonra əl çantasına baxan zaman, həmin çantanın içərisində 930 manat pul və digər əşyalar olduğunu görmüşdür. O dərhal həmin çantanın içərisindən olan 930 manat pulu götürüb yerdə qalan əşyaları çanta ilə birlikdə hazırda xatırlamadığı yerə atmışdır. Oğurluq nəticəsində əldə etdiyi pulu öz şəxsi ehdiyaclarına xərcləmişdir. Etdiyi əməldən peşmandır. Hazırda zərərçəkmiş şəxsə dəymiş zərəri ödəyə bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 1 ünvanında yerləşən “Hanifa” qadın geyimləri mağazasında satıcı işləyir. xx.xx.2024-cü il tarixdə 19:30 radələrində mağazada olan zaman özünə məxsus içərisində 930 manat pul, şəxsiyyət vəsiqəsi, 01 ədəd yaşadığı binaya giriş kartı, bir neçə ədəd qapı açarı, 01 metro kart, 01 ədəd telefon üçün nəzərdə tutulmuş cərəyan qidalandırıcısı olan boz rəngli, dəri materiallı çantasını kassa olan masanın üzərinə qoymuş və arxa otağa keçmişdir. Qısa müddət sonra qayıdıb çantasının yerində olmadıgını görmüşdür. Bundan sonra o, mağazanın müşahidə kameralarının qeydə aldığı videogörüntülərə baxan zaman o depoda olan vaxt bir qadının mağazanın içərisinə baxaraq içərinin boş olduğunu görüb mağazaya daxil olduğunu və ona məxsus çantanı götürərək mağazadan çıxdığını görmüşdür. Səhəri gün o, Azərbaycan Respublikası DİNnin 102 zəng xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin ödənilmədiyini və onunla barışmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 30 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanında yerləşən “Hanifa” qadın geyimləri mağazasıdır. (i.v. 8-11) “Təqdim edilmiş əşyanın götürülməsi haqqında” 11 mart 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 19:30 radələriııdə ünvan 2 ünvanında yerləşən “Hanifa” qadın geyimləri mağazasında baş vermiş oğurluq hadisəsinin qeydə alındığı videogörüntülərin köçürüldüyü 01 ədəd CD disk iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən xx.xx.2024-cü il tarixdə tərəfimdən Zərərçəkmiş şəxs götürülmüşdür. (i.v. 31) “Videogörüntüyə baxış keçirilməsi barədə” 12 mart 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən “Hanifa” qadın geyimləri mağazasının qarşısına quraşdırılmış müşahidə kamerasının xx.xx.2024-cü il tarixdə qeydə aldığı videogörüntülərin köçürldüyü 01 ədəd CD diskə baxış zamanı aşağıdakılar müəyyən edildi: baxış keçirilən CD diskdə 01 ədəd VİD-20240130-WA0016 adlı fayl vardır. VİD- 20240130-WA0016 adlı fayl açıldıqda 00:02:05 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü ünvan 2 ünvanında yerləşən “Hanifa” qadın geyimləri mağazasının qarşısına quraşdırılmış müşahidə kamerası ilə qeydə alınmışdır. Həmin müşahidə kamerası xx.xx.2024-ci il tarixdə saat 18:08:00-dan başlayaraq ünvan 2 ünvanında yerləşən “Hanifa” qadın geyimləri mağazasının qarşısını bir istiqamətdə müşahidə edir. Videogörüntüyə baxış zamanı görüntünün 00:00:44-cü saniyəsindən əynində qara rəngli gödəkçə, qara rəngli cins şalvar, çəhrayı rəngli kofta, başında boz rəngli papaq və əlində çanta olan qadının ünvan 3 ünvanında yerləşən “Hanifa” qadın geyimləri mağzasmın qarşısındakı pilləkənlərdən aşağı düşdüyü görünür. Təqsirləndirilən şəxs iştirakı ilə Zərərçəkmiş şəxs təqdim etdiyi ünvan 4 ünvanında yerləşən “Hanifa” qadın geyimləri mağazasından edilmiş oğurluq hadisəsini əks etdirən 01 CD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs həmin videogörüntüdə olan qadını tanıyaraq həmin şəxsin onun özü olduğunu bildirmişdir. Bundan sonra videogörüntünün 00:00:52-ci saniyəsində Təqsirləndirilən şəxs ilk olaraq sol tərəfdə olan mağazanın qarşısına gəldiyi və mağazanın içərisinə baxdığı görünür. Videogörüntünün 00:01:01 -ci saniyəsində Təqsirləndirilən şəxs A.M.Şərifzadə küçəsi 162 ünvanında yerləşən “Hanifa” qadın geyimləri mağzasının qarşısına gəlməsi görünür. Videogörüntünün 00:01:05-ci saniyəsində yəni 29 01.2024-cli il tarixdə saat 18:09-da isə Təqsirləndirilən şəxs həmin mağazaya daxil olması müşahidə olunur. Videogörüntünün 00:01:44-cü saniyəsində Təqsirləndirilən şəxs A.M.Şərifzadə küçəsi 162 ünvanında yerləşən “Hanifa” qadın geyimləri mağzasından çıxaraq oradan uzaqlaşması görünür. Faylda olan videogörüntünün sonunadək iş üçün qeyd edilənlərdən başqa əhəmiyyətli hal müşahidə edilmir. Baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən “Hanifa” qadın geyimləri mağazasına xx.xx.2024-cü il tarixdə saat 18:09-da daxil olmuşdur. Faylda olan videogörüntünün sonunadək iş üçün qeyd edilənlərdən başqa əhəmiyyətli hal müşahidə edilmir. (i.v. 40-41) İfadənin yerində yoxlanılması haqqında 13 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən, ibtidai istintaq zamanı ilkin ifadəsində göstərdiyi xüsusatları hadisə yerində göstərərək ifadəsini təsdiq etmişdir. (i.v. 42-45) “Sübutların qiymətləndirilməsi haqqında” 25 mart 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən ünvan 1 ünvanında yerləşən "Hanifa” qadın geyimləri mağazasından edilmiş oğurluq cinayət əməlinin müşahidə kamerası tərəfindən qeydə alındığı videogörüntünün olduğu 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 76-82) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün və zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. CM-nin: 177.1-ci maddələrinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 106-108) “Qətimkan tədbiri seçilməsi haqqında” 17 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 68-69) Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı vardır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(011)-243/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 29 mart 2024cü il tarixdən hesablanmaqla 01 ay 24 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(011)-316/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 (bir) gün həbsdə saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəza çəkmə müddətinin əvvəli 29 mart 2024-cü il tarixdən hesablanmışdır. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi və cinayətləri törətmiş şəxs heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edıimış, əsaslar uzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə həmin cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinəyət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azerbaycan Respublikası məhkəməsinin müraciətinə dair" 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum olunmuş şəxsin barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Bakı şəhəri Xətai rayon məhkəməsinin 06 iyun 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respubliksı Cinayət Məcəlləsinin 177.2.2-ci madəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib və CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Onun törətdiyi əməl Xətai Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli hökmündən əvvəl törədildiyindən ona Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını və əməlini səmimi etiraf edərək peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, barəsində olan cinayət işinin məhkəmə istintaqı dövründə bir daha cinayət əməlinin törətməsini və hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-in 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-316/2024 saylı, 06 iyun 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan cəzaya qismən toplanmalı və ona qəti olaraq cəzası təyin olunmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə 08 mart 2024-cü il tarixdən 09 mart 2024-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və onun azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalı, cəzaçəkmənin əvvəli 29 mart 2024-cü il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddələrinə əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-316/2024 saylı, 06 iyun 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan cəzaya qismən toplansın və ona qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə 08 mart 2024-cü il tarixdən 09 mart 2024-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 29 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, onun azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirilən şəxsə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar