Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-354/2021 24.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi: Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, işləyən, məhkum olunmayan, Sabirabad rayonu Moranlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs avtomobil idarə edərkən yol-hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuş cinayət əməlini törətmişdir. Belə ki, o, 19 iyun 2021-ci il tarixdə, saat 19 radələrində yol vərəqi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «London Taxi TX4 minik» markalı, Az **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu Müzəffər Həsənov küçəsi ilə Alatava yaşayış massivi istiqamətində 40 km/saat sürətlə hərəkətdə olarkən həmin küçədə yerləşən 31 saylı ünvanın qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyə texniki imkanı olduğu halda, bu qaydaya əməl etməyərək idarə etdiyi avtomobilin qabaq hissəsi ilə yolu sağdan sola asta yerişlə keçən piyada Zərərçəkmiş şəxs vuraraq, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol təpə sümyünün sınığı, sol baldır sümüklərinin aşağı 1/3-nin açıq sınığı, sol bud sümüyü boynunun sınığı, sağ iç və bayır topuğun qapalı, yerdəyişmiş sınığı kimi xəsarətlərlə müşayət olan dərəcəsinə görə həyat üçün təhlükəli olmasına səbəb olmuş sağlamlığa ağır zərər vurmaya aid olan bədən xəsarətləri yetirərək yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 4 ilə yaxındır ki, “London” taksisində sürücü kimi fəaliyyət göstərir. 19.06.2021-ci il tarixdə saat təxminən 19 radələrində Müzəffər Həsənov küçəsində yerləşən "xxxx" səhmdar cəmiyyətinin qarşısında müştərini avtomobilinə mindirib üzü Alatava adlanan əraziyə istiqamətdə hərəkətə başlamışdır. Təxminən 60 metr məsafə qət etdikdən sonra təxminən 5 metr məsafədən iki nəfər piyadanın yolu keçdiyini görmüşdür. Həmin piyadalardan biri yolu keçmiş, digəri isə ani bir anda geri qayıtmışdır. Bu zaman o avtomobilin tormuz əyləcinə basmış, lakin avtomaşının qabaq sol hissəsi ilə həmin piyadanı vurmuşdur. Bundan dərhal sonra o, avtomaşını saxlayıb, düşərək həmin piyadaya yaxınlaş və ətrafda olan şəxslərin köməkliyi ilə həmin piyadanı öz avtomaşınına mindirib tibbi yardım göstərmək üçün Respublika xəstəxanasına aparmışdır. Bundan sonra hadisə nəticəsində zərəçəkmış şəxsi həmin xəstəxanada təcili tibbi yardım avtomaşınına qoyaraq 3 saylı şəhər kiliniki xəstəxanasına aparmışlar. O isə öz avtomaşını ilə 3 saylı Sabuncu xəstəxanasına getmişdir. Orada zərərçəkmiş şəxsə tibbi yardım göstərilərək reanimasiya şöbəsinə yerləşdirilmişdir. Əlavə olaraq bildirmişdir ki, cəhd etməyinə baxmayaq o zərərçəkmiş şəxslə barışıq əldə edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 19 iyun 2021-ci il tarixdə axşam saatlarında ona zəng edib məlumat vermişlər ki, atası Bəhruzu Yasamal rayonu ərazisində avtomobil vurmuş və bunun nəticəsində xəsarət almışdır. Bu məlumatı aldıqdan sonra “20 Yanvar” dairəsinin yaxınlığında yerləşən Respublika Kliniki Xəstəxanasına gedib orada atasının ağır xəsarət almasını görmüşdür. Həmin xəstxanadan atasını 3 saylı şəhər Kliniki Xəstəxanasına aparmış, 2 gündən sonra isə atası Tibb Universitetinin Tədris Cərrahiyə Xəstəxanasına köçürülmüş və həmin gündən atası orada müalicə almağa başlamışdır. Sonradan ona məlum olmuşdur ki, atası Zərərçəkmiş şəxs Yasamal rayonu Müzəffər Həsənov küçəsində yolu keçərkən «London» taksisi tərəfindən vurululmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 19 iyun 2021-ci il tarixdə axşam saatlarında qohumu Zərərçəkmiş şəxs istifadə etdiyi mobil telefon nömrəsindən onun istifadə etdiyi mobil telefona zəng gəlmişdir. O, telefonu açıb “Salam Bəhruz” dedikdə danışan şəxs onun Bəhruz olmadığını, mobil telefonun sahibinin avtomobil vurduğunu telefonu və avtomobilə məxsus açarları yerdən tapdığını, hazırda onda olduğunu bildirmişdir. O, telefonda danışdığı şəxsə hazırda harada olmasını soruşduqda həmin şəxs hazırda Yasamal rayonu ərazisində yerləşən "xxxx" ASC-nin yaxınlığında olduğunu demişdir. O, dərhad həmin yerə gədərək onunla danışan şəxslə görüşüb Bəhruza məxsus mobil telefonu və avtomobilinin açarlarını götürmüşdür. Bundan sonra oradan 3 saylı şəhər Xəstəxanasına gəlmiş və xəstəxanada Bəhruzun “London” taksisi tərəfindən vurulduğunu öyrənmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi, cinayət işinin 38-40-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, 19 iyun 2021-ci il tarixdə saat 19 radələrində özünə məxsus avtomobilə Yasamal rayonu, Müzəffər Həsənov küçəsi ilə hərəkət etmiş, "xxxx" ASC-nin binasının qarşısında qərara gəlmişdir ki, aptekdən dərman alsın. Avtomobili yolun kənarında saxlayıb adi addımlarla yolu sağdan sola keçməyə başlamışdır. Bu zaman onu “London” taksisi onu vurmuşdur. Zərbədən huşunu itirmiş, ayılanda xəstəxanada olduğunu görmüşdür. Onu vuran avtomobilin hansı sürətlə hərəkət etməsini bilməmiş, avtomobilin gəldiyini görməmişdir. Xəsarət alması nəticəsində 37292 manat maddi zərər dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 20.06.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Hüseynov küçəsində yolun üzəri hamar və düzdür. Yolun üzəri asvaltlı və quru haldadır. Piyadanın vurulması "xxxx" ASC-nin qarşısında yolun hərəkət istiqamətinin sağ zolağında səkidən 4 metr məsafədədir. (i.v. 9- 12) “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” 20.06.2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-yə məxsus “London Taxi TX 4” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobildə heç bir zədə aşkar olunmamışdır. (i.v. 13-15) "xxxx" MMC tərəfindən verilmiş 16 iyun 2021-ci il tarixli 4727 nömrəli minik avtomobili üçün yol vərəqəsindən görünür ki, “London Taxi TX 4” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil 23 iyun 2021-ci il tarixə qədər idarə olunması üçün Təqsirləndirilən şəxs verilmişdir. (i.v. 18) AB seriyalı 663723 nömrəli Azərbaycan Respublikası Sürücülük Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs BC dərəcəli sürücüdür. (i.v. 19) Təqsirləndirilən şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, etibarnamə ilə idarə etdiyi “London Taxi TX 4” markalı **-TH-*** qeydiyyat nişanlı avtomobili Yasamal RPİ-nin İstintaq Şöbəsindən təhvil almışdır. (i.v. 22) AZE seriyalı 11245840 nömrəli Azərbaycan Respublikasının Vətəndaşının Şəxsiyyət Vəsiqəsindən görünür ki, 27.04.2011-ci il təvəllüdlü Həbullazadə Zəhranın atası Təqsirləndirilən şəxsdır. (i.v. 27) AZE seriyalı 11245844 nömrəli Azərbaycan Respublikasının Vətəndaşının Şəxsiyyət Vəsiqəsindən görünür ki, 01.07.2012-ci il təvəllüdlü Həbullazadə Zeynəbin atası Təqsirləndirilən şəxsdır. (i.v. 27) AZE seriyalı 11245836 nömrəli Azərbaycan Respublikasının Vətəndaşının Şəxsiyyət Vəsiqəsindən görünür ki, 19.11.2015-ci il təvəllüdlü Həbullazadə Əlifağanın atası Təqsirləndirilən şəxsdır. (i.v. 27) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06.08.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 44) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 20 avqust 2021-ci il tarixli 794 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sol təpə sümyünün sınığı, sol baldır sümüklərinin aşağı 1/3-nin açıq sınığı, sol bud sümüyü boynunun sınığı, sağ iç və bayır topuğun qapalı, yerdəyişmiş sınığı küt əşyanın (əşyaların) təsirindən törəmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 09.06.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddirlər. (i.v. 79- 82) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 avqust 2021-ci il tarixli 8/1819 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə ekspert rəyindən görünür ki, «London Taxi TX4» markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 85-88) “Sübutların qiymətləndirilməsi haqqında” İş üzrə yol-nəqliyyat hadisəsi yerinə baxış protokolu, Təqsirləndirilən şəxs ifadəsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, Zərərçəkmiş şəxs, şahid qismində dindilmiş Şahid1 və Şahid2 ifadələri, məhkəmə tibbi ekspertizası üzrə Azərbaycan Respublikası SN-in “MTE və PA” ETT Birliyinin Yasamal rayon şöbəsinin verdiyi 20.08.2021-ci il tarixli 794 No-li rəy, məhkəmə yol- nəqliyyat hadisələri üzrə ekspertizası üzrə Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 24.08.2021-ci il tarixli 8/1819 nömrəli rəy, BDYPİ-in Qeydiyyat-İmtahan şöbəsindən daxil olmuş 11.08.2021-ci il tarixli 016-93490- 1221 saylı məktub, Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzinin 20.06.2021-ci il tarixli 2/8200 saylı sərxoşluq vəziyyətinin tibbi müayinə aktı iş materialları ilə təsdiq olunduğundan sübut növü kimi qiymətləndirilmişdir. İş üzrə «London Taxi TX4» markalı, **-TH-*** qeydiyyat nişanlı avtomobil iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü sahiblərinə təhvil verilmişdir. (i.v. 90-94) “Qətimkan tədbirinin seçilməsi haqqında” 08 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 118-119) İş materiallarında olan 24 noyabr 2021-ci il tarixli Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə ərizə yazaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə özünü tam təqsirli bilərək barəsində amnistiya aktının tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 263-1.1 maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-cü hissəsinin tələblərinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Amnistiya qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verməklə və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarmaqla (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) müvafiq olaraq amnistiya tətbiq edir. Həmin qərarının 28-ci bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinin tələbinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət işi üzrə yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik normalarını əsas götürərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı olduğundan müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsi ilə bağlı razılığının olması nəzərə alınmalı və təqsirləndirilən şəxs barəsində “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməklə, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, “London Taxi TX 4” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizaları üzrə aparılmış tədqiqatların dəyəri olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hazırki cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğu hallarda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcədə, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq - iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi, iddianın baxılmamış saxlanması barədə qərar qəbul edə bilər. Beləliklə göstərilənlərə əsəsən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində 05 noyabr 2021-ci il tarixli amnistiya aktı tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməli, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia araşdırma tələb etdiyindən baxılmamış saxlanılmalı və ona mülki qaydada məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12, 40.2, 40.2.2, 43.3, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut “London Taxi TX 4” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlansın və ona mülki qaydada məhkəməyə müraciət etmə hüququ izah olunsun. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X1, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-354/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-354/2021
24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver