Məhkəmə qərarları › İş №1(004)-354/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-354/2025

31.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-354/2025 31.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi Bakı şəhəri 28 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, heç bir yerdə işləməyən, İmişli şəhəri, Alış Məmmədov küçəsi, 01 saylı evdə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 mart 2025-ci il tarixdə günorta saat 14 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi, 33 nömrəli evin qarşısına gəlib, həmin vaxt ətrafda heç kimin olmamasından istifadə edərək qeyd olunan yaşayış binasının birinci mərtəbəsindəki boş sahədən sonuncuya məxsus 1.000 manat dəyərində Almaniya istehsalı olan bir ədəd «HYPR» markalı velosipedi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs cəmi 1.000 (bir min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddət heç bir yerdə işləmədiyi üçün ciddi maddi sıxıntılar keçirmişdir. Bununla bağlı, o, 2025-ci ilin mart ayının əvvəllərində iş axtarmaq üçün yaşadığı İmişli şəhərindən Bakı şəhərinə gəlmişdir. O, 03 mart 2025-ci il tarixdə günorta saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi, 33 nömrəli yaşayış binasının qarşısındakı həyətə gəlmişdir. Bundan sonra o, qeyd olunan yaşayış binasının birinci mərtəbəsindəki boş olan sahəyə daxil olmuşdur. Həmin boş olan sahədən keçən zaman o, orada sahibi olmayan bir ədəd velosiped görmüşdür. O, həmin vaxt ətrafda heç kimin olmamasını görüb, sonradan şəxsiyyəti ona məlum olduğu Zərərçəkmiş şəxs məxsus Almaniya istehsalı olan bir ədəd «HYPR» markalı velosipedi oğurlamaq qərarına gəlmişdir. Daha sonra o, heç kimin diqqətini cəlb etməmək üçün sakit şəkildə həmin velosipedə minərək hadisə yerindən uzaqlaşmışdır. O, oğurladığı «HYPR» markalı velosipedi gizlədərək, bir müddət sonra tanımadığı şəxslərə satmaq qərarına gəlmişdir. Bununla da o, velosipedi tanımadığı taksiyə yerləşdirib Bakı şəhərindən yaşadığı İmişli şəhərinə aparmışdır. O, oğurladığı velosipedi yaşadığı evin həyətyanı sahəsindəki qarajda gizlətmişdir. Lakin bir müddət sonra onun olduğu yeri polis əməkdaşları aşkar etmiş və onunla birlikdə oğurladığı bir ədəd velosipedi Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə gətirmişlər. O, törətdiyi oğurluq cinayət əməlindən peşimançılıq çəkdiyini bildirmiş və gələcəkdə bir daha belə səhvlərə yol verməyəcəyinə söz vermişdir. O, əlavə olaraq qeyd etmişdir ki, hadisəni törətdiyi zaman sərxoş vəziyyətdə olmamış və hər hansı kənar bir şəxs ona qeyd olunan bu hadisədə köməklik göstərməmişdir. . Özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, heç bir yerdə işləmədiyi üçün kuryer kimi fəaliyyət göstərmək istəmişdir. Bununla bağlı o, sosial şəbəkədəki «Lalafo» saytına daxil olub, oradakı elanlarda yerləşdirilmiş müxtəlif velosipedlərin qiymətləri ilə maraqlanmağa başlamışdır. Qeyd olunan saytda velosipedin biri onun diqqətini cəlb etmişdir. Daha sonra o, həmin velosipedin sahibi ilə 13 dekabr 2024-cü il tarixdə görüşmüş və yekun qiymət barədə razılığa gəlmişlər. Həmin gün o, hal-hazırda adını xatırlamadığı şəxsə 1000 manat məbləğində pul vermiş və saytdan seçdiyi Almaniya istehsalı olan bir ədəd «HYPR» markalı velosipedi alıb sürməyə başlamışdır. O, velosipedi götürdükdən sonra kuryer fəaliyyəti ilə məşğul olmağa başlamışdır. 25 fevral 2025-ci il tarixdə axşam saatlarında o, həmin velosipedi yaşadığı binanın birinci mərtəbəsindəki boş sahədə saxlamışdır. 03 mart 2025-ci il tarixdə o, özünə məxsus velosipedi həmin yerdən götürmək istəyən zaman velosipedin artıq orada olmadığını aşkar etmişdir. O, ətrafa diqqətlə nəzər yetirmiş və velosipedin oğurlandığını bildikdən sonra, bununla bağlı dərhal Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Beləliklə baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1.000 manat məbləğində maddi ziyan dəymişdir. Cinayət işinin 35-ci vərəqəsində olan maddi sübut kimi tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 01 (bir) ədəd «HYPR» markalı velosiped cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün qəbzlə Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinin 57-57-ci vərəqələrində olan qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 71-75-ci vərəqələrində olan iş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası üzrə «X3” MMC-nin 12 may 2025-ci il tarixli, 95 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Almaniya istehsalı olan bir ədəd «HYPR» markalı velosipedin dəyəri 1000,00 (bir min) manat məbləğində müəyyən edilir. Cinayət işinin 31-32-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 11 aprel 2025-ci il tarixli tələbnamədəki arayışdan görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 17 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 182.2.2. və 182.2.3cü maddələri ilə təqsirli bilinərək, 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsədə, barəsində 02 (iki) il müddətinə şərti sınaq müddəti təyin edilmişdir. 25 iyun 2018-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə hökm qüvvəsində saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmə cinayətini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Qeyd olunlanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə cəza təyin edilməli və onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 47.1-ci maddəsinə əsasən ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd «HYPR» markalı velosiped saxlanılması üçün qəbzlə Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 saata görə 440 (dörd yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) saat müddətinə ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd «HYPR» markalı velosiped saxlanılması üçün qəbzlə Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 saata görə 440 (dörd yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar