Məhkəmə qərarları › İş №1(004)-355/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-355/2021

19.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-355/2021 19.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, Səbail Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib özündə saxlamaqla daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 12 iyul 2021-ci il tarixdə təxminən saat 14 radələrində Abşeron rayonu Novxanı qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 02 (iki) ədəd kibrit qutusunda ayrı- ayrılıqda təmiz çəkiləri 3,801 qram və 2,512 qram, ümumi çəkisi 6,313 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış və 20 iyul 2021-ci il tarixdə saat 01:10-da ünvan 3 ünvanının qarşısında Yasamal RPİ-nin 26-cı PB-nin və Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 02 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,801 qram və 2,512 qram, ümumi çəkisi 6,313 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək qeyd etmişdir ki, narkotik maddə olan marixuanadan istifadə edir. Nartotik maddəni tanımadığı şəxslərdən özünün istifadə etməsi üçün alır. 12 iyul 2021-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu Novxanı qəsəbəsində tanımadığı, adını, soyadını, yaşadığı ünvanı bilmədiyi şəxsdən şəxsi istehlakı üçün 50 manata iki ədəd kibrit qutusunda narkotik vasitə olan “marixuana” almış, cibinə qoyaraq özü istifadə etmək üçün saxlamışdır. 20 iyul 2021-ci il tarixdə saat 01:10-da ünvan 6 ünvanının qarşısında olarkən bir neçə nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edəndən sonra onu Yasamal RPİ-nin 26-cı PB-nə dəvət etmiş, o, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nə gəlmişlər. Polis İdarəsində hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş, vəkilin, polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən video çəkilişlə saat 02:10-da üstünə şəxsi axtarış keçirilərkən ona üzərində hər hansı qanunsuz əşyanın könüllü təqdim olunması təklif edilmişdir. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd kibrit qutusunda narkotik vasitə olan marixuananı təqdim etmişdir. Sorğu zamanı həmin narkotik vasitəni Abşeron rayonu Novxanı qəsəbəsində tanımadığı şəxsdən 50 manata öz istehlakı üçün aldığını bildirmişdir. Aşkar edilən narkotik vasitə zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmişdir, o vəkilin və polis əməkdaşlarının iştirakları ilə tərtib edilmiş protokolu və zərfi imzalamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 20 iyul 2021-ci il tarixdə xidmət etdiyi bölməyə Bakı şəhəri, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla əlaqədar əməliyyat tədbirləri keçrilmiş, Təqsirləndirilən şəxs ünvan 7 ünvanının qarşısında saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşqul olması barədə məlumatlarının olduğunu bildirmiş, Yasamal RPİ-nin 26-cı PB-nə getmələrini təklif etmiş, Təqsirləndirilən şəxs da razılışaraq onlarla birlikdə oradan Yasamal RPİ-nin 26-cı PB-nə gəlmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs saxlanılaraq bölməyə gətirilməsi barədə tərəflərindən dərhal raport əsasında rəhbərliyə məruzə edilmişdir və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı Roman Məmmədova həvalə olunmuşdur. Bununla bağlı, Roman Məmmədov öz növbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək vəkillərin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməkdən ötrü “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosnun vəkili X7 tərəfindən dövlət büdcəsi hesabına müdafiə olunmasını istədiyindən təhqiqatçı Roman Məmmədov vəkil Faiq Yusubovu idarəyə dəvət etmişdir. Roman Məmmədov tərəfindən Təqsirləndirilən şəxs 20 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra video yazan texniki vasitə kimi «İphone» markalı mobil telefon aparatından istifadə edilərək çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirməyə başlayarkən ona üzərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa onda könüllü çıxarıb təqdim etməsin təklif olunmuşdur. Təqsirləndirilən şəxs da həmin təklifi qəbul edərək özü əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd kibrit qutusunda narkotik vasitə olan marixuananı könüllü çıxardıb təqdim edərək bildirmişdir ki, həmin iki ədəd kibrit qutularının içindəki maddə narkotik vasitə olan marixuanadır. Həmin narkotik vasitəni tutulmamışdan əvvəl 12 iyul 2021-ci il tarixdə Abşeron rayonu Novxanı qəsəbəsində tanımadığı şəxsdən özünün istifadəsi üçün alıb əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuş və 20.07.2021-ci il tarixdə saat 01:10-da ünvan 7 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına gətirilmişdir. Həmin iki ədəd kibrit qutuları açıldıqda içərisində narkotik maddə hesab olunan marixuanaya oxşar maddə aşkar edilmişdir. Bundan sonra Roman Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra isə keçirilmiş şəxsi axtarışla və həmin maddənin Təqsirləndirilən şəxs aşkar olunub götürülməsi ilə bağlı Roman Məmmədov tərəfindən müvafiq protokol tərtib olunmaqla ondan aşkar olunmuş həmin maddə zərfə qoyulmuş və möhürlənərək götürülmüşdür. Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis serjantı Şahid1 məhkəməyə ərizə ilə müraciət edərək xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis serjantı Şahid1 Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin təhqiqatçısı polis mayoru X6 tərəfindən tərtib edilmiş və həmin bölmənin əməliyyat müvəkkili Şahid2, narkotiklərlə mübarizə bölməsinin kiçik inspektoru polis serjantı Şahid1, şübhəli şəxs Təqsirləndirilən şəxs oğlu və müdafiəçi X7 tərəfindən imzalanmış 20 iyul 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan marixuananı təqdim edərək həmin bükülüdə narkotik vasitə marixuana olduğunu, narkotik vasitəni tutulmamışdan əvvəl 12 iyul 2021-ci il tarixdə Abşeron rayonu Novxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 manata aldığını bildirmişdir. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, səh. 39-40). Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə müdafiəçisi X7, Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili Şahid2 və Yasamal RPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili Şahid1 iştirakı ilə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan marixuananı olduğunu, narkotik vasitəni tutulmamışdan əvvəl 12 iyul 2021-ci il tarixdə Abşeron rayonu Novxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 manata aldığını bildirmişdir. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq möhürlənir, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 7/688 saylı 20 iyul 2021-ci il tarixli ekspertiza rəyi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs götürülmüş iki ədəd kibrit qutusunda ayrıl-ayrılıqda təmiz çəkiləri 3,801 qram, 2,512 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Ümumi çəkisi 6,313 qramdır. Ekspertiza tədqiqatına 0,1 qram, (hər obyektdən 0,05qram) sərf edildikdən sonra qalıq 6,213 qram çəkidə narkotik vasitə olan marixuananın qalığı bağlamaya qoyularaq möhürlənib qaytarılmışdır (cild 1, səh. 46-49). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 avqust 2021-ci il tarixli “Əşyanın maddi sübut kimi tanınması haqqında” qərarından məlum olur ki, iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə marixuananın ekspertiza tədqiqatından qalıq qalmış 6,213 qram çəkidə olan hissəsi iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ- nin Növbətçi Hissəsinə təhvil verilmişdir (cild 1, səh. 103-104). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 şəxsin Ambulator X1 2576 saylı 30.07.2021-ci il tarixli rəyi ilə təsdiq olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu ( narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal- hazırda abstinensiya, intiksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, səh. 111-112). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “sübutların qiymətləndirilməsi haqqında” 08.09.2021-ci il tarixli qərardan görünür ki, maddi sübut kimi tanınmış, təhqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq narkotik vasitə marixuananın ekspertiza tədqiqatından qalıq qalmış 6,213 qram marixuana ibtidai istintaq yekunlaşdıqdan sonra saxlanılması üçün Yasamal RPİ-nin NH-nə təhvil verilmişdir. Həmçinin iş üzrə madi sübut növü kimi tanınmış 01 ədəd DVD disk cinayət işinə əlavə edilmişdir (cild 1, səh. 113-121). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Səbail Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir (cild 1, səh. 93-102). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 iyul 2021-ci il tarixli “şübhəli olan şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 iyul 2021-ci il tarixində saat 01:10 radələrində şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, səh. 26). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 4(004)-380/2021 nömrəli 21 iyul 2021-cı il tarixli Yasamal Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 20 iyul 2021-cı il tarixdən hesablanmışdır (1-cild, səh. 73-77). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-122/2020 nömrəli, 25.09.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (cild 1, səh. 95-102). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş AZ-İİİ seriyalı 587075 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, 22.08.2010-cu il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxs anası isə X3ir (cild 1, səh. 83). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş AZ-İİİ seriyalı 019950 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, 15.12.2012-ci il təvəllüdlü X4 atası Təqsirləndirilən şəxs anası isə X3ir (cild 1, səh. 84). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhər Probasiya İdarəsinin 08 oktyabr 2021-ci il tarixli 21-1/180273-15 nömrəli məktubunun surətindən məlum olur ki, Səbail Rayon Məhkəməsinin 25.09.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş Təqsirləndirilən şəxs 12.11,2020-ci il tarixdə cəzanı icra edən orqana gələrək qeydiyyatdan keçdiyindən və Yasamal Rayon Məhkəməsinin 21.07.2021-ci il tarixli qərarı ilə 03 (üç) ay müddətinə həbs olunduğundan, həbs etmənin əvvəli 20.07.2021-ci il tarixdən hesablandığından onun 09 (doqquz) ay 18 (on səkkiz) gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan marixuana şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 1(009)-122/2020 saylı hökmü ilə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu müəyyən edildiyindən hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 1(009)-122/2020 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 9 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 04 (dörd) ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 20 iyul 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 6,213 qram narkotik vasitə marixuana məhv edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən, iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 78 manat 82 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan məhkəmə məsrəfi kimi tutulub dövlət nəfinə köçürülməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.09.2021-ci il tarixli, 1(004)-355/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 1(004)-122/2020 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 09 (doqquz) ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 04 (dörd) ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin olunsun. Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlunun tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli tutulduğu 20 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs oğlu ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 78 manat 82 qəpik məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 6,213 qram narkotik vasitə marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar