Məhkəmə qərarları › İş №1(004)-355/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-355/2023

25.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-355/2023 25.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri "Mərkəz" Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1992-cü ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Quba rayonu, Çiçi kəndində qeydiyyatda olub, Quba rayonu, Amsar kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi 14 dekabr 2022-ci il tarixdə saat 11:30 radələrində ünvan 1 ünvanda yerləşən çamaşırxanadan Zərərçəkmiş şəxs orada olmamasından istifadə edərək masanın üzərində olan 15 manat dəyərində pul kisəsini, həmin pul kisəsinin içərisində olan sonuncuya məxsus 1100 manat nağd pulu, üzərində 5 manat dəyərində “Azercell operatoruna aid ***-***-**-** nömrəli sim kart olan 1300 manat dəyərində “Xioami Note 10 Lite” markalı mobil telefonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 2420 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəlidir və himayəsində iki az yaşlı uşağı var, mağazada satıçı işləyərək ailəsini dorandırır. 14 dekabr 2022-ci il tarixdə saat 11 radələrində o, həmin vaxt işlədiyi çamaşırxanada olan zaman görmüşdür ki, tanışı Rabil öz kreslosunda yatıb və özünə məxsus “Xioami Note 10 Lite" markalı mobil telefonu və pul kisəsini masanın üzərinə qoyub. Bundan sonra o Rabilə məxsus “Xioami Note 10 Lite” markalı mobil telefonu və pul kisəsini oğurlayıb kirayədə yaşadığı evə gəlmişdir. O. oğurladığı pul kisəsinin içərisinə baxanda görmüşdür ki, pul kisəsinin içərisində 400 manat nağd pul Rabilə məxsus şəxsiyyət vəsiqəsi, tələbə bileti və bank kartları var. Bundan sonra o, “20 yanvar” metrostansiyasının yaxınlığında yerləşən mobil telefonların alqı-satqı mağazasına gəlmişdir. Oradan o həmin mobil telefonu 170 manata satmışdır. Daha sonra isə o, oğurladığı 400 manatı və 170 manat telefonun pulunu götürmüş, işərisində sənədlər və bank kartları olan pul kisəsini isə kirayədə yaşadığı evdə çarpayının altına qoyub yaşadığı Quba rayonu, Amsar kəndində yerləşən evinə getmişdir. Həmin gün o, Rabilə zəng vurub bildirmişdir ki, ona məxsus pul kisəsini kirayədə yaşadığı evdə çarpayının alt hissəsinə qoymuşdur. Lakin yekun məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs pul kisəsinin içərisində 1100 manat nağd pul olmuşdur. Yekun olaraq o əməlindən peşiman olduğunu, zərəçəkmiş səxsə dəymiş zərərin ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 26-28-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşayır və hazırda Bakı Dövlət Universitetinin Beynalxalq Ticarət və Laqislika fakültəsinin 2-ci kurs tələbəsidir. Təqsirləndirilən şəxs o, 2021-ci ildən tanıyır, belə ki, Xəzərlə o, həmin vaxt "AMMAR GRAND" hoteldə işləmiş və Xəzərlə normal münasibəti olmuşdur. ünvan 3 ünvanda tanışı Həsən Soltanovun çamaşırxanası yerləşir və o, boş vaxtlarında Həsənin yanına gedibgəlirmiş. Həmin vaxt çamaşırxanada işçi tələb olunduğundan o, Xəzəri həmin yerə maşinist işinə düzəltdirmişdir. 14 dekabr 2022-ci il tarixdə saat 11 radələrində o, Xəzərin işlədiyi çamaşırxanaya gəlmiş və bir qədər onunla söhbət etdikdən sonra özünə məxsus olan "Xioami Note 10 Lite" markalı mobil telefonunu və içərisində 1100 manat nağd pul, şəxsiyyət vəsiqəsi, tələbə bileti, vizit kartları və bank kartları olan pul kisəsini masanın üzərinə qoyub sanitar qovşağına getmişdir. O, sanitar qovşağına gedən zaman Xəzər orada olmuşdur. Təxminən 7-8 dəqiqədən sonra o, geri qayıdanda görmüşdür ki, orada nə Xəzər, nədə ki, ona məxsus olan "Xioami Note 10 Lite" markalı mobil telefonu və içərisində 1100 manat nağd pul, şəxsiyyət vəsiqəsi, tələbə bileti, vizit kartları və bank kartları olan pul kisəsi yoxdur. Bundan sonra o, Xəzərə məxsus və özünə məxsus olan mobil telefonlara zəng vurmuş, lakin həmin vaxt Xəzərə və ona məxsus olan mobil telefonları söndürülmüşdür. Həmin gün saat 15 radələrində Xəzər “Watsapp” vasitəsi ilə ona yazıb bildirmişdir ki, ona məxsus olan "Xioami Note 10 Lite" markalı mobil telefonunu və içərisində 1100 manat nağd pul, şəxsiyyət vəsiqəsi, tələbə bileti, vizit kartları və bank kartları olan pul kisəsini o, götürüb və tezliklə qaytaracaq. Xəzər ondan xahiş etmişdir ki, o, bu barədə polisə müraciət etməsin. Həmin gün təxminən saat 19 radələrində Xəzər yenə də “Watsapp” vasitəsi ilə ona kirayədə yaşadığı evin sahibinin nömrəsini göndərmiş və bildirmişdir ki, ona məxsus olan əşyaları kirayədə yaşadığı evdə çarpayının altına gizlədib. Bundan sonra Xəzərin göndərdiyi mobil telefona zəng vurub onun kitrayədə yaşadığı evə getmiş və Xəzərin yatdığı çarpayının altında olan ona məxsus şalvarın cinbinə baxanda görmüşdür ki, ona məxsus olan şəxsiyyət vəsiqəsi, tələbə bileti, vizit kartları və bank kartları ordadır, lakin ona məxsus "Xioami Note 10 Lite" markalı mobil telefon, 1100 manat nağd pul və pul kisəsi orada yoxdur. Bundan sonra o, Xəzərə sms yazıb soruşmuşdur ki, ona məxsus olan digər əşyalar hardadır, lakin Xəzər ona cavab verməmişdir. Sorğu zamanlı Zərərçəkmiş şəxs bildirmişdir ki, o, özünə məxsus olan "Xioami Note 10 Lite" markalı mobil telefonu 1300 manata almış və baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2420 manat maddi ziyan vurulmuşdur. Ona məxsus olan "Xioami Note 10 Lite" markalı mobil telefon oğurlanan zaman həmin telefonun üzərində 5 manat dəyərində “Azercell” operatoruna aid ***-***-**-** nömrəli sim nömrə olmuş və o, əsasən “Watsapp” sosial şəbəkəsi vasitəsindən istifadə eldiyi üçün nömrədə kontur olmamış, pul kisəsinin içərisində olan bank kartlarının hesabında pul olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən ünvan ünvan 4 binanın zirzəmisidir, həmin yerdə quru təmizləmə çamaşırxana yerləşir, çamaşırxananın giriş qapısı plastik qapıdan ibarətdir, çamaşırxananın sol tərəfindən ümumi otaqda çamaşırxanaya aid dəzgahlar qurlaşdırılıb. Qarşıda isə qəbul üçün stul və stol qoyulmuşdur. Baxışda iştirak edən vətəndaş Zərərçəkmiş şəxs bildirir ki, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində həmin çamaşırxanada tanışı Təqsirləndirilən şəxs ona məxsus içərisində 1100 manat pul və 3 ədəd bank kartları və “Xiaomi Not 10 Lite” markalı mobil telefon olan pul kisəsini çamaşırxanada olan masanın üzərindən oğurlamışdır. Protokol tərtib edilərkən ərizə və şikayət daxil olmamışdır. Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 11-13) “İfadənin yerində yoxlanılması haqqında” 02 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən, ifadəsində göstərdiyi xüsusalları hadisə yerində göstərərək ifadəsini təsdiq etmişdir. (i.v. 65-66) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. CM-nin: 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 31 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 41) “Qətimkan tədbirinin seçilməsi haqqında” 03 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 81-83) “Təqsirləndirilən şəxsin azad edilməsi haqqında” 03 aprel 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Lalayev X5 RPİ-nin MSY-dən azad edilmişdir. (i.v. 84) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 2626 saylı əfv fərmanına əsasən çəkilməmiş cəzadan azad edilmişdir. (i.v. 88-89) AA1106166 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxsdur. AA1451734 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X4 atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təqsirləndirilən şəxs barəsində olan 24 oktyabr 2011-ci il tarixli hökm üzrə məhkumluğu ödənilmişdir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 36 saylı qərarının 3cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, sonuncunun onunla barışmasını və ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməli, onun tutulduğu 31 mart 2023-cü il tarixdən 03 aprel 2023-cü il tarixədək 03 (üç) gün həbsdə saxlamanın bir günü islah işlərinin dörd gününə bərabər tutulmaqla ona təyin edilmiş islah işləri cəzasından çıxılaraq üzərində qəti cəza müəyyən edilməli (CM 69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-132). İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilinsin və ona hər ay qazancından 15 (on beş) faiz dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 31 mart 2023-cü il tarixdən 03 aprel 2023-cü il tarixədək 03 (üç) gün həbsdə saxlamanın bir günü islah işlərinin dörd gününə bərabər tutulmaqla, ona təyin edilmiş islah işləri cəzasından çıxılaraq, üzərində qəti olaraq hər ay qazancından 15 (on beş) faiz dövlət nəfinə tutulmaqla 11 (on bir) ay 18 (on səkkiz) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş islah işləri cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri "Mərkəz" Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri "Mərkəz" Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar