Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-355/2024 13.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsnun, Tərcüməçi: X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 26 saylı Vəkl Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ikilmiş evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 09:40 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən bir mərtəbəli fərdi tikilmiş evin dəhlizinə yəni yaşayış sahəsinə qanunsuz daxil olaraq masanın üzərində olan sonuncuya məxsus üzərində 10 manat məbləğində ***-***-**-** GSM nömrəsi olan 890 manat dəyərində “Samsung S6 EDGE” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 900 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 29 may 2023-cü il tarixində o, piyada gəzərək Nizami metrostansiyasından Əlibəy Hüseynzadə küçəsinə tərəf gəlmiş və həmin vaxt hava isti olduğundan su içmək istəmişdir. Bu vaxt o, həmin küçədə yerləşən həyətdə açıq qapının yanında yaşlı bir qadının əyləşdiyini görmüşdür. O, həmin xanıma su içmək istədiyini bildirmiş və həyətdə su kranının olub-olmadığını soruşmuşdur. Yaşlı qadın ona həyətdə su kranının olmadığını bildirmiş, lakin həyətə keçərək suyu digər qonşulardan istəyə biləcəyini bildirmişdir. Bundan sonra o, ünvan 4 ünvanında yerləşən evin həyətinə daxil olmuşdur. Həmin həyətdə 2-3 ev olmuş və həyətdə yerləşən evlərdən birinin qapısını açıq olduğunu görmüşdür. O, evin içərisinə baxdıqda içəridə evin qapısının yanında yerləşən masada mobil telefon olduğunu görmüşdür. O, həmin evdə heç kəsin olmadığından əmin olduqdan sonra evin içərisində, qapının yanında yerləşən masanın üzərində olan mobil telefonu oğurlayaraq oradan uzaqlaşmışdır. Lakin sonradan polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmişdir. Yekun olaraq o əməlindən peşman olduğunu, zərəçəkmiş səxsə dəymiş zərərin ödənildiyini və onunla barışdığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ünvan 4 ünvanında yerləşən evdə anası ilə birlikdə yaşayır və anası iflic xəstəliyindən əziyyət çəkir. Onların yaşadıqları ev ümumi həyətdə yerləşir və həmin həyətdə üç qonşu yaşayır. 29 may 2023-cü il tarixində o, evdə olan zaman o, evin qapısının yanında yerləşən masanın üzərinə qoyduğu, özünə məxsus “Samsung S6 Edge” markalı mobil telefonun masanın üstündə olmadığını görmüş və telefonunu axtarmağa başlamışdır. O, telefonunu tapmadığı üçün onun harada ola biləcəyini anasından soruşmuş, anası isə ona bir qədər əvvəl bir nəfər tanımadığı şəxsə su içmək məqsədilə həyətə keçməyə icazə verdiyini bildirmişdir. Bundan sonra o, mobil telefonunun oğurlandığını başa düşmüş və bu barədə sahə inspektroruna məlumat vermişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 99-100-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, o Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nın sahə inspektoru vəzifəsində işləyir, polis kapitanıdır. xx.xx.2023-cü il tarixdə xidməti ərazidə xidmət aparan zaman saat 10 radələrində bir nəfər kişi cinsindən olan şəxsin ünvan 5 ünvanında mobil telefon oğurlaması barədə məlumat daxil olmuşdur. Həmin gün yəni xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində ünvan 6 ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını, gizlənərək getdiyini görmüşdür. O, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqəsini göstərib özünü təqdim etmişdir. Həmin şəxsin kim olduğunu, hara getdiyini soruşmuşdur. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu və yaşadığı evə getdiyini demişdir. O, həmin şəxsə ərazidən oğurluq olduğunu bildirmişdir. Bu zaman həmin şəxs özünü şübhəli aparmağa başlamış və o, onu şübhəli apardığından polis bölməsinə gətirmişdir. Polis bölməsində olan zaman o şifahi olaraq oğurluq etdiyini bildirmişdir. Həmin şəxs təhqiqatçısının xidməti otağında könüllü olaraq 01 ədəd mobil telefonu təqdim edərək oğurluq etdiyini səmimi etiraf eləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 29 may 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanda yerləşən mənzildir. (i.v. 6-7) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2024-cü il tarixli 9/4001 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd “Samsung S6 Edge” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, orta istismar müddəti və orta intensivliyi parametirlərinə uyğun olaraq 2023-cü ilin may ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 120,00 manat müəyyən olunur. (i.v. 18-20) “Əşyaların tanınmaya təqdim edilməsi barədə” 05 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq oğurladığı 01 ədəd “Samsung S6 edge” markalı mobil telefonunu təqdim etmişdir. Təqdim edilmiş mobil telefon Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş və zərəçəkmiş şəxs mobil telefonu markasına, rənginə görə ona məxsus olduğunu bildirmişdir. (i.v. 94) “Maddi sübut kimi tanınma haqqında” 20 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung S6 Edge” markalı mobil telefon maddi sübut kimi tanınmışdır. (i.v. 97) Zərərçəkmiş şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung S6 Edge” markalı mobil telefon saxlanması üçün ona geri qaytarılmışdır. (i.v. 98) “İfadənin yerində yoxlanılması haqqında” 18 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Rəşdi oğlunun ifadəsi yerində yoxlanılmış və sonuncu hadisənin necə baş verdiyini əyanı olaraq təsvir edərək evə daxil olduğunu və masanın üzərindən mobil telefonu götürərək uzaqlaşdığını bildirmişdir. (i.v. 121-122) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. CM-nin: 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihama görə o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 09:40 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən bir mərtəbəli fərdi tikilmiş evin dəhlizinə yəni yaşayış sahəsinə qanunsuz daxil olaraq masanın üzərində olan sonuncuya məxsus üzərində 10 manat məbləğində ***-***-**-** GSM nömrəsi olan 890 manat dəyərində “Samsung S6 EDGE” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 900 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2024-cü il tarixli 9/4001 nömrəli ekspert rəyindən görünür ki, 01 ədəd “Samsung S6 Edge” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, orta istismar müddəti və orta intensivliyi parametirlərinə uyğun olaraq 2023-cü ilin may ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 120,00 manat müəyyən olunur. İstintaq orqanı əsassız olaraq zərərçəkmiş şəxsə məxsus 01 ədəd “Samsung S6 Edge” markalı, mobil telefonun qiymətinin 890 manat olduğunu qeyd etmiş və bunu mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, əldə olunmuş Ekspertiza Mərkəzinin 30 may 2024-cü il tarixli 9/4001 saylı rəyində həmin mobil telefonun qiymətinin 120 manat müəyyən edilmişdir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə “Samsung S6 EDGE” markalı mobil telefonu oğurladığına görə vurduğu maddi ziyanın miqdarının 120 (bir yüz iyirmi) manat olması, yəni ümumi vurduğu maddi ziyanın miqdarının 130 (bir yüz otuz) manat olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 30 may 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 40) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin medafiə edilməsindən imtina edilməsi barədə” 01 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (i.v. 85-87) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmışdır. xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 92-93) “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 01 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 116-117) Zərərçəkmiş şəxs tərəfindən verilmiş 13 iyun 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təqsirləndirilən şəxs barəsində olan 02 dekabr 2015-ci il tarixli hökm üzrə məhkumluğu ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında ciddi cəza növü qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, maddi ziyanın könüllü olaraq tam ödənilərək aradan qaldırılması kimi yüngülləşdirici halı nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə, təqsirləndirilən şəxs barəsində qeyd olunanları, yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, habelə qeyd olunan normaları Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 may 2023-cü il tarixdən 01 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər hesabı ilə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatların dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs dövlət büdcəsinə tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Samsung S6 EDGE” markalı mobil telefon maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 26 saylı Vəkl Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 26 saylı Vəkl Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 26 saylı Vəkl Bürosunun hesabına köçürülməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 30 may 2023-cü il tarixdən 01 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan bir ədəd “Samsung S6 EDGE” markalı mobil telefon maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 26 saylı Vəkl Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 26 saylı Vəkl Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-355/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-355/2024
13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver