Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-356/2021 22.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Təqsirləndirilən şəxsin müdafiəçisi: “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1971-ci ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum edilməmiş, Bakı şəhəri Binəqədi rayonu, 276 nömrəli orta məktəbdə texniki işçi işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanda yerləşən yataqxanada qaçqın və məcburi köçkün kimi müvəqqəti məskunlaşaraq yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01.07.2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən «Papanin» adlanan yaşayış sahəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə təmiz çəkisi 1,645 qram təşkil edən qəhveyi rəngli qətranabənzər spesifik iyli maddə olan xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə hesab olunan tiryəki və bir ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə təmiz çəkisi 2,017 qram təşkil edən qəhvəyi rəngli toz şəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini, həmçinin şəxsi istehlak miqdarında olan iki ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,311 qram və 0,303 qram, ümumi çəkisi 0,614 qram təşkil edən bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsullar hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşıyaraq ünvan 3 ünvanın qarşısına gətirdikdən sonra, həmin gün saat 22:30 dəqiqədə Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində göstərilən ünvanda saxlanılıb Yasamal RPİ-nin inzibati binasına gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarının sağ yan cibindən qeyd olunan 1,645 qram çəkidə narkotik vasitə tiryək, 2,017 qram çəkidə narkotik vasitə heroin və 0,614 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 6ayır və Bakı şəhəri Binəqədi rayonu, 276 nömrəli orta məktəbin texniki işçisidir. Təxminən 1 il olar ki, bədənində mütəmadi olaraq əzələ və sair ağrılar olduğu üçün narkotik vasitə “heroini” iynəmək və tiryəki udma yolu ilə, eləcə də qurudulmuş marixuananı siqaretə doldurub çəkmək yolu ilə qəbul edir. Bundan əvvəl narkotik vasitələri Bakı şəhərində «Kubinka», «Sovetski» və “Papanin» adlanan ərazilərdə tanımadığı müxtəlif şəxslərdən alıb sonradan da qəbul etmişdir. Tutulmamışdan əvvəl sonuncu dəfə, yəni 01 iyul 2021-ci il tarixdə günorta saatlarında o, növbəti dəfə narkotik vasitə almaq məqsədi ilə Bakı şəhəri Nəsimi rayonunda yerləşən «Papanin» adlanan yaşayış sahəsinə gəlib, orada olan Hərbi Hospitalın yaxınlığındakı məhlələrdə təxminən 35-40 dəqiqə ərzində ora-bura gəzərək narkotik satan şəxsləri axtarmağa başlamışdır. Təxminən 5-6 dəqiqədən sonra oraya bir nəfər üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanını bilmədiyi orta yaşlı, orta bədən qurluşlu kişi gəldikdə ona yaxınlaşıb, narkotik vasitəsi olubolmamasını soruşmuş və həmin şəxs də üstündə 20 manata satdığı bir ədəd bükümdə “kokos” adlanan narkotik vasitə heroinin, 10 manata satdığı bir ədəd bükümdə narkotik vasitə tiryəkin və 10 manata satdığı 2 ədəd bükümdə “nəşə” adlanan narkotik vasitə qurudulmuş marixuananın olduğunu ona bildirmişdir. O da, razılaşıb, özündə olan 40 manat pulu həmin kişiyə verərək ondan bir büküm şəffaf selofana parçasına bükülmüş vəziyyətdə olan çəkisini dəqiq bilmədiyi narkotik vasitə olan heroini, bir büküm şəffaf sellofana parçasına bükülmüş vəziyyətdə olan çəkisini dəqiq bilmədiyi narkotik vasitə olan tiryəki və 2 ədəd qızılı rəngli kağız parçasına bükülmüş vəziyyətdə olan çəkisini dəqiq bilmədiyi narkotik vasitə qurudulmuş marixuananı alıb, sonradan qəbul etmək məqsədi ilə onları əynində olan göy rəngli şalvarının sağ yan cibinə qoyaraq oradan uzaqlaşmışdır. Bundan sonra o, bir qədər şəhərdə gəzişmiş və axşam saatlarında yaşadığı ünvan 8 ünvanına gəldikdə təxminən saat 22:15-22:25 radələrində yaşadığı evin yaxınlığında yerləşən A.Abbasov küçəsi 5 saylı ünvanın qarşısında iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və vəsiqələrini çıxarıb özlərini Yasamal RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin polis əməkdaşları kimi təqdim edərək qanunsuz olaraq narkotik vasitələrin əldə edib, saxlamaqda və istehlak etməyi ilə bağlı şübhəli olduğunu bildirərək ondan Yasamal RPİ-nə getməyini tələb etmişlər. O da, çıxışsız vəziyyətdə qaldığından onların həmin tələbləri ilə razılaşmış və onlar onu avtomobilərinə əyləşdirib özləri ilə Yasamal RPİ-nin inzibati binasına gətirmişlər. Təxminən 10-15 dəqiqə Yasamal RPİ-nin inzibati binasında olan otaqların birində gözlədikdən sonra digər polis əməkdaşı ona yaxınlaşaraq təhqiqatçı Ariz Qədiməliyev olduğunu və onun üzərinə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün axtarış və götürmə aparılacağını bildirib, ondan vəkil istəyibistəmədiyimi soruşmuş və o da, cavabında maddi vəziyyəti ağır olduğu üçün vəkil dəvət etməyə imkanının olmadığını və əgər mümkündürsə, dövlət hesabına onun üçün vəkil dəvət olunmasını bildirərək bu barədə ərizədə yazdırıb imzalamışdır. Bununla bağlı, həmin təhqiqatçı ona Yasamal rayonunda fəaliyyət göstərən Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunda işləyən vəkillərin siyahısını təqdim etmiş və o, həmin siyahıdan vəkil X3, həmin vəkil tərəfindən dövlət hesabına hüquqlarını müdafiə edilməsini xahiş etmişdir. Təxminən 40-45 dəqiqədən sonra oraya özünü göstərilən büronun vəkili Faiq Qarayev kimi təqdim edən şəxs gəldiyi üçün vəkil Faiq Qarayevi təhqiqatçı ona təqdim etmiş və o da, etiraz etmədiyi üçün təhqiqatçı bu barədə protokol tərtib etmişdir. Bundan sonra isə təhqiqatçı Ariz Qədiməliyev onu və vəkil F.Qarayevi, eləcə də onu küçədə saxlamış həmin polis əməkdaşlarını göstərilən Polis idarəsinin inzibati binasında yerləşən xidməti otağına dəvət edərək ilkin olaraq orada vəkil F.Qarayevin iştirakı ilə onun şübhəli şəxs qismində tutulmağına aid qərar yazmış və həmçinin protokol tərtib etməklə ona hüquq və vəzifələrinə dair müvafiq bildirişləri vermişdir. Daha sonra isə təhqiqatçı A.Qədiməliyev, video yazan texniki vasitə kimi «İphone» markalı mobil telefon aparatının video kamerasını istifadə etməklə çəkiliş aparıb onun üstünə şəxsi axtarış keçirməyə başlayarkən ona təklif etmişdir ki, əgər üstündə qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa, onda könüllü çıxarıb təqdim etsin. O da, hər bir halda tutulduğundan ifşa olunacağını anladığı üçün məcbur olub özü əynindəki göy rəngli şalvarının sağ yan cibində saxladığı yuxarıda göstərilən qaydada əldə etdiyi həmin, yəni iki ədəd qızılı rəngli kağız parçasına bükülmüş vəziyyətdə olan «nəşə» adlanan bitki mənşəli kütləni, yəni narkotik vasitə olan qurudulmuş marixuananı, bir ədəd şəffaf sellofan parçasına bükülmüş tünd qəhvəyi rəngli maddəni, yəni narkotik vasitə olan tiryəki və bir ədəd şəffaf sellofan parçasına bükülmüş qəhvəyi rəngli toz şəkilli «kokos» adlanan maddəni, yəni narkotik vasitə olan heroini könüllü olaraq təqdim edərək bildirmişdir ki, həmin bükümlərin içərisində olanlar narkotik vasitələrdi və onları tutulmamışdan bir neçə saat əvvəl, yəni dünən 01 iyul 2021-ci il tarixdə günorta saatlarında “Papanin” adlanan ərazidə yalnız üzdən tanıdığı və barəsində heç bir anket məlumatını bilmədiyi bir kişi cinsli şəxsdən öz istifadəsi üçün 40 manata almış və göstərilən bükümləri əynindəki şalvarının sağ yan cibinə qoymaqla sonradan istifadə etməkdən ötrü üstündə saxlamışdır. Daha sonra isə təhqiqatçı A.Qədiməliyev özü onun üstünü axtırmış, lakin ondan heç bir digər qanunsuz əşya və ya predmetlər aşkar olunmamışdır. Bundan sonra, təhqiqatçı A.Qədiməliyev onun təqdim etdiyi həmin bükümlərə baxaraq içərisində həqiqətəndə qeyd olunan narkotik vasitələrə bənzər maddələrin olmasını müəyyən etmişdir. Bununla da, təhqiqatçı A.Qədiməliyev, onun və vəkili F.Qarayevin, eləcə də orada iştirak edən, yəni onu yaxalamış həmin 2 nəfər polis əməkdaşlarımın iştirakı ilə keçirilmiş şəxsi axtarışla və həmin bükümlərdə olan narkotik vasitələrin ondan aşkar olunub-götürülməsi ilə əlaqədar müvafiq protokol tərtib etdiyi üçün o da, həmin protokolu bütün iştirakçılar kimi öz imzası ilə təsdiq etmişdir. Həmçinin, ondan aşkar olunmuş həmin bükümlər içindəki narkotik vasitələrlə birlikdə zərfə qoyularaq qablaşdırılaraq möhürlənib bağlandığı üçün, o, həmin zərfin tamlığını da öz imzası ilə təsdiq etmişdir. Əməlindən səmimi peşman olmasını, ailəli olmasını, yetkinlik yaşına çatmayan uşağının olmasını, evə yeganə qazanc gətirən şəxs olmasını, himayəsində yaşlı anasının olmasını, məcburi köçkün olmasını, ilk dəfə cinayət törətməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, polis baş leytenantı rütbəsində Bakı şəhəri Yasamal RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 01 iyul 2021-ci il tarixdə xidmət etdiyi bölməyə daxil olmuş əməliyyat məlumatına əsasən məlum olmuşdur ki, xx.xx.1971-ci il təvəllüdlü, ünvan 9 ünvanında qeydiyyatda olan və ünvan 10aşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifatəsində şübhəlidir. Həmin məlumat haqqında dərhal onun tərəfindən raport əsasında RPİ-nin rəhbərliyinə məruzə edilmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən onun özünə həvalə edilərək onun rəhbərliyi altında bölmənin kiçik inspektoru polis serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra dərhal kiçik inspektor Şahid2la birlikdə Yasamal RPİnin Narkotiklərlə Mübarizə bölməsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamış və nəticədə də həmin gün, yəni 01 iyul 2021-ci il tarixdə saat 22:30 radələrində əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin ünvan 11 ünvanın qarşısında dayandığını müəyyən edərək yaxınlaşıb onu saxlamışlar. Həmin şəxsi saxlayıb, onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən olmuşdur ki, həqiqətəndə o, xx.xx.1971-ci il təvəllüdlü, ünvan 12 ünvanında qeydiyyatda olan və ünvan 10aşayan Təqsirləndirilən şəxsdur. Onlar Təqsirləndirilən şəxs saxlayarkən özülərini təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələrin istifadəsi ilə məşğul olmaqda şübhəli olması barədə məlumatların olduğunu bildirərək ondan onlarla Yasamal RPİ-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə oradan Yasamal RPİ-nə gəlmişdir. Bundan sonra, əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs yaxalanaraq Yasamal RPİ-nə gətirilməsi barədə tərəfindən dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Polis İdarəsinin TŞ-nin təhqiqatçısı polis baş leytenantı X4 həvalə olunmuşdur. Bununla bağlı, təhqiqatçı A.Qədiməliyev Yasamal RPİ-nin TŞ-də iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkillərinin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs vəkillərin siyahısından vəkil X3, maddi vəziyyətinin ağır olduğu üçün vəkil dəvət etməyə maddi imkanı olmadığını bildirərək həmin vəkil tərəfindən dövlət hesabına müdafiə olunmasını xahiş edərək bu barədə ərizə də yazdırıb imzalamışdır. Bununla bağlı, təhqiqatçı A.Qədiməliyev dövlət büdcəsi hesabına Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X8 TŞ-nə dəvət etmiş, bundan sonra isə təhqiqatçı A.Qədiməliyev, Təqsirləndirilən şəxs dəvət olunmuş vəkil Faiq Qarayevi təqdim etmiş və o da, təqdim olunan vəkil tərəfindən hüqüqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra, təhqiqatçı A.Qədiməliyev, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edərək ona hüquq və vəzifələrini izah etmiş, daha sonra isə Təqsirləndirilən şəxs üzərinə vəkilinin, eləcə də onun və əməliyyat qrupun üzvü kiçik inspektor Şahid2 iştirakı ilə axtarış və götürmə keçirməyə başlamışdır. Beləliklə, təhqiqatçı A.Qədiməliyev, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı «İphone» markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar etmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır. Bundan sonra video yazan texniki vasitə kimi «İphone» markalı mobil telefon aparatından istifadə edilərək çəkiliş aparılmaqla təhqiqatçı A.Qədiməliyev tərəfindən şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üçün sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən iki ədəd qızılı rəngli kağıza bükülmüş bitki mənşəli kütlə, bir ədəd şəffaf sellofanda qara rəngli bərk maddə və bir ədəd şəffaf sellofanda qəhvəyi rəngli toz şəkilli maddəni könüllü olaraq çıxarıb masanın üzərinə qoymuşdur. Həmin maddələrin nədən ibarət olması barədə sual verilərkən Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərin içində olan maddələr narkotik vasitələrdir və onları dünən, günorta saatlarında “Papanin” adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən özünün şəxsi istifadəsi üçün 40 manata alaraq sonradan qəbul etmək məqsədi ilə üstündə daşımışdır. Daha sonra təhqiqatçı A.Qədiməliyev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmış, lakin sonuncunun üzərindən hər hansı əşya və predmet aşkar olunmamışdır. Bundan sonra isə keçirilmiş şəxsi axtarışla və həmin kütlə və maddələrin Təqsirləndirilən şəxs aşkar olunubgötürülməsi ilə bağlı təhqiqatçı A.Qədiməliyev tərəfindən müvafiq protokol tərtib olunmaqla ondan aşkar olunmuş həmin bükümlər içindəki kütlə və maddələrlə birlikdə ağ rəngli kağız zərfə qoyularaq möhürlənib götürülmüş, eləcə də aparılmış videoçəkiliş 01 ədəd CD-R disk maqnit məlumat daşıyıcısına köçürülərək həmin protokola əlavə edilmişdir. O da, şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Sonra isə Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş həmin maddələr və kütlə ekspertizaya təqdim olunmuş və ekspertizadan alınmış rəylərə əsasən müəyyən olunmuşdur ki, həmin sellofan bükümlərdən birində olan maddə narkotik vasitə hesab olunan heroindir və çəkisi 2,017 qram təşkil edir, digərində isə olan maddə narkotik vasitə hesab olunan tiryəkdir və çəkisi 1,645 qram təşkil edir, digər 2 ədəd qızılı rəngli kağız bükümlərdə isə ayrı-ayrılıqda təmiz çəkiləri 0,311 qram və 0,303 qram, yəni ümumi çəkisi 0,614 qram təşkil edən kütlə isə narkotik vasitə hesab olunan qurudulmuş marixuanadır. Beləliklə də, Təqsirləndirilən şəxs əməlində qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlama cinayətin tərkibi olduğu üçün toplanmış material aidiyyəti üzrə Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. Bununla yanaşı, Şahid1 ifadəsində bildirmişdir ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşqul olması barədə məlumat əldə olunmayaraq yalnız müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs xeyli müddətdir ki, narkomaniyaya qurşanmış şəxsdir. Həmçinin, müəyyən olmuşdur ki, üzərindən aşkar olunmuş yuxarıda göstərilən narkotik vasitələr hesab olunan heroini, tiryəki və qurudulmuş marixuananı Təqsirləndirilən şəxs məhz öz istehlakı üçün qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşqul olması və ya bilavasitə üzərindən aşkar olunmuş həmin narkotik vasitələr hesab olunan heroini, tiryəki və qurudulmuş marixuananı hər hansı bir şəxsə satmasına cəhd etməsi və yaxud da bununla bağlı hər hansı bir alıcının mövcud olması barədə əməliyyat aparatı tərəfindən heç bir məlumat əldə olunmamışdır. Həmin narkotik vasitələrin mənbəsi ilə bağlı xidmət etdiyi bölmənin digər əməkdaşları ilə müvafiq qayda da təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərini həyata keçirmişlər, lakin bu sahədə hər hansı bir müsbət nəticələr əldə etmək mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 02.07.2021-ci il tarixli, 6/2669 № saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 1,645 qram təşkil edən qəhveyi rəngli qətranabənzər spesifik iyli maddə olan xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə hesab olunan tiryək və bir ədəd bükümdə təmiz çəkisi 2,017 qram təşkil edən qəhvəyi rəngli toz şəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroindir. Həmin heroinin 0,05 qram çəkidə olan hissəsi tədqiqata sərf edildiyindən qalığı 1,967 qram, həmin tiryəkin 0,1 qram çəkidə olan hissəsi təhqiqata sərf edildiyindən qalığı 1,545 qram təşkil edir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 02.07.2021-ci il tarixli, 7/627 № saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş iki ədəd qızılı rəngli kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,311 qram və 0,303 qram, ümumi çəkisi 0, 614 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis bitkisindən kustar üsullar hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. Həmin marixuananın 0,04 qram çəkidə olan hissəsi tədqiqata sərf edildiyindən qalığı 0, 574 qram təşkil edir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X2 16.07.2021-ci il tarixli 2364 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan X1 Yataqxanasının rəhbərliyi tərəfindən verilmiş 05.07.2021ci il tarixli arayışa əsasən Təqsirləndirilən şəxs həqiqətən Ə.Əliyev adına Azərbaycan Dövlət X1 A.Abbaslv küçəsi, məhəllə 31/47 ünvanında yerləşən yataqxanasında 520 saylı otaqda məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamənin surətinə əsasən Təqsirləndirilən şəxs 25.02.2010-cu il təvəllüdlü Südabə Rüstəmova adlı uşağı vardır. İş materiallarında olan X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, ailəli olmasını, himayəsində azyaşlı uşağının olmasını, məcburi köçkün olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində 03.07.2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 01.07.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 08 ay (səkkiz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 01 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 186 manat (yüz səksən altı manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,967 qram narkotik vasitə olan heroin, 1,545 qram narkotik vasitə olan tiryək və 0,574 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 250 (iki yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-356/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-356/2021
22.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver