Məhkəmə qərarları › İş №1(004)-356/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-356/2024

11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-356/2024 11.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:35 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin xx.xx.2009cu il tarixli hökmü ilə CM-nin 234.2, 234.4.1, 234.4.3cü maddələri ilə 12 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi 5 inzibati binada qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində “Corat” qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 30 manat müqabilində xeyli miqdarda bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,310 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısf’na (Siyahı İ) daxil olan psixotrop maddə metamfetamin, şəxsi istehlak miqdarında bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,112 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan narkotik vasitə heroin və iki ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,35 qram, 0,43 qram, ümumi təmiz çəkisi 0,78 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Yasamal rayon Polis idarəsinin 28-ci Polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanda saxlanılaraq 28-ci Polis şöbəsinə gətirilmiş, polis şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarının sol yan cibindən həmin bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,310 qram psixotrop maddə metamfetamin, bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,112 qram narkotik vasitə heroin və iki ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,35 qram, 0,43 qram, ümumi təmiz çəkisi 0,78 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir. Təxminən bir neçə il müddətdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. xx.xx.2024-cü il tarixdə saat təxminən 18 radələrində Corat qəsəbəsində olan zaman tanımadığı şəxsdən 30 manat müqabilində bir ədəd şəffaf sellofan bükümdə el arasında “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin, bir ədəd şəffaf sellofan bükümdə “kakos“ kimi tanınan narkotik vasitə heroin və iki ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş bükümdə “nəşə” kimi tanınan narkotik vasitə qurudulmuş marixuana almışdır. Həmin bükümləri sonra istifadə etmək üçün əynində olan qara rəngli şalvarının sol yan cibinə qoymuşdur. Səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsində olan zaman iki nəfər mülki geyimdə özlərini təqdim etdikdən sonra bildiyi polis əməkdaşları ona yaxınlaşmışlar. Onunla söhbət zamanı polislər narkotik vasitə və psixotrop maddə istifadəsində şübhəli olduğunu deyərək onu Yasamal rayon polis idarəsinin 28-ci Polis şöbəsinə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə 28-ci polis şöbəsinə getmişdir. Orada müdafiəçi dəvət olunmuşdur. Sonradan polis şöbəsinin inzibati binasında ona videoçəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. O, da etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan edilmiş hər hansı əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuş, o, da əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd kiçik ölçüdə şəffaf sellofanı çıxarıb təqdim etmişdir. Həmin sellofan açıldıqda içərisindən bir gün əvvəl aldığı həmin bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamin, bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin və iki ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Bundan başqa o, şalvarının sol yan cibindən narkotik vasitə və psixotrop maddəni istifadə etmək üçün aptekdən aldığı istifadə olunmamış şiprisi də təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilən zaman özünə məxsus bir ədəd “Samsung” markalı mobil telefondan savayı qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Bundan sonra onun təqdim etdiyi həmin psixotrop maddə, narkotik vasitələr, şipris və mobil telefonu təhqiqatçı tərəfindən götürülmüşdür. Sorğu zamanı o, polis əməkdaşlarına üzərindən aşkar olunmuş psixotrop maddə və narkotik vasitələri bir gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə təxminən saat 18 radələrində Corat qəsəbəsində olan zaman tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Daha sonra polislər onun təqdim etdiyi həmin psixotrop maddə, narkotik vasitələr, şipris və mobil telefonunu zərfə qoyaraq möhürləyib bu barədə protokol tərtib etmişlər. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alıb barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin 28-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi 5 inzibati binada qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə, yəni xx.xx.2024-cü il tarixdə saat 12 radələrində məlumat əsasında yaradılmış əməliyyat qrupunun üzvü Yasamal RPİ-nin 28-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə daxil olmuş məlumatı yoxlamaq üçün ünvan 2 ünvanın qarşısında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra Natiqə narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Yasamal rayon Polis idarəsinin 28-ci PŞ-nə dəvət etmişlər. Natiq də heç bir etiraz etməyib onlarla 28-ci Polis şöbəsinə gəlmişdir. 28-ci Polis şöbəsinin inzibati binasında təhqiqatçı Azər Əliyev və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir.Natiq də üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını demişdir. Bundan sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Natiqdən üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığı soruşulmuşdur. Həmin vaxt Natiq əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd kiçik ölçüdə şəffaf sellofanı çıxarıb təqdim etmişdir. Həmin sellofan açıldıqda içərisindən bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamin, bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin və iki ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Cinayət işinin İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 28ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 məhkəmədə elan olunmuş ifadəsindən məlum olmuşdur ki, o da digər Şahid1 dediklərini təsdiq etmiş və eyni məzmunda ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 29 fevral 2024-cü il tarixdə (saat 12:00 dəqiqədən) Yasamal Rayon Polis İdarəsinin 28-cu PŞ-nin təhqiqatçısı polis mayoru X4 tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 23). “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamin, bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin, iki ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş bükümdə narkotik vasitə qurudulmuş marixuana və bir ədəd istifadə olunmamış şipris aşkar edilərək götürülmüşdür. (İ/V. 32-34). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 29 fevral 2024-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/1239 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 167” dairəvi möhür əksi, “(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki, 1 (bir) bükümdə təmiz çəkisi 0,112 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,310 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfet amilidir. Həmin zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,350 qram ağ rəngli xırda kristallardan ibarət maddə narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid deyildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrinin siyahısı”na (Siyahı İ) daxildirlər. Ekspertiza tədqiqatında tədqiq olunmuş heroinin təmiz çəkisi 0,112 qram, tədqiqata sərf olunan miqdar 0,05 qram, qalıq 0.062 qram, metamfetaminin təmiz çəkisi 0,310 qram, tədqiqata sərf olunan miqdar 0,1 qram, qalıq 0,210 qram və qeyri narkotik tərkibli maddə 0,350 qram, sərf olunan miqdar 0.1 qram, qalıq 0,250 qram təşkil edir. (İ/V. 47-52). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/342 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş zərfdə olan iki ədəd gümüşü rəngli kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,35 qram və 0,43 qram, ümumi çəkisi 0,78 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatında tədqiq olunmuş marixuananın ümumi çəkisi 0,78 qram, tədqiqata sərf olunan miqdar 0,04 qram (hər obyektdən 0,02 qram), qalıq 0,74 qram təşkil edir. (İ/V. 53-56). “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” 2 mart 2024-cü il tarixli qərardan görünür ki, tutulduğu andan 48 saat müddətin başa çatmasını (yəni 29 fevral 2024-cü il tarixdən saat 12:00 dəqiqədən) nəzərə alaraq Təqsirləndirilən şəxs 2 mart 2024-cü il tarixdə saxlanıldığı Yasamal rayon polis idarəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-197/2024 saylı, 2 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 2 mart 2024-cü il tarixdən hesablanmaqla 2 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Elektron məhkəmə informasiya sistemində olan məlumatdan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)- 197/2024 saylı, 02 mart 2024-cü il tarixli həbs qərarı (şəxs Yasamal RPİ-nin MSY-dən azad edildikdən beş saatdan artıq bir vaxtdan sonra) 02 mart 2024-cü il tarixdə saat 17:02-də qəbul olunmuşdur. Azərbaycan Respublikası DlN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2, 234.4.1, 234.4.3, 66.3, 93.1.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2010-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən 11 (on bir) il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. (İ/V. 116-118). “Sübutların qiymətləndirilməsi haqqında” 3 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus təmiz çəkiləri 0,112 qram olan narkotik vasitə heroin, 0,310 qram olan psixotrop maddə metamfetamin, 0,350 qram qeyri narkotik tərkibli maddə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,35 qram və 0,43 qram, ümumi çəkisi 0,78 qram qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,062 qram olan narkotik vasitə heroin, 0,210 qram olan psixotrop maddə metamfetamin, 0,250 qram qeyri narkotik tərkibli maddə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,35 qram və 0,43 qram, ümumi çəkisi 0,74 qram qurudulmuş marixuana hissəsi məhkəmənin yekun hökmünədək saxlanması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü 01 ədəd DVD-R formatındakı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır (İ/V. 139-145). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini, psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetamin və heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Həmin Qanuna əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır və iş materiallarında olan tələbnamədən və məhkəmə hökmün surətindən məlum olur ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2, 234.4.1, 234.4.3, 66.3, 93.1.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2010-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən 11 (on bir) il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir və hazırda məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən (saat 12:00 dəqiqədən) xx.xx.2024-cü il tarixədək (saat 12:00 dəqiqədən) şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 2 mart 2024-cü il tarixdən saat 17:02-dən hesablanmalı (belə ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar onun şübhəli şəxs qismində tutulduğu vaxtdan 48 saat keçdiyi üçün Yasamal RPİ-nin MSY-dən azad edildikdən, yəni sərbəst qaldıqdan beş saatdan artıq bir vaxt keçdikdən sonra qəbul edilmişdir), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə 186 (bir yüz səksən altı) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkiləri 0,210 qram psixotrop maddə metamfetamin, 0,062 qram narkotik vaasitə heroin, 0,74 qram narkotik vasitə qurudulmuş marixuana, 0,250 qram qeyri narkotik tərkibli maddə və bir ədəd istifadə olunmamış şipris məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, X2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)- 356/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında iştirak etməyə sərf edilmiş vaxtın 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 02 mart 2024-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 186 (bir yüz səksən altı) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 0,210 qram psixotrop maddə metamfetamin, 0,062 qram narkotik vaasitə heroin, 0,74 qram narkotik vasitə qurudulmuş marixuana, 0,250 qram qeyri narkotik tərkibli maddə və bir ədəd istifadə olunmamış şipris məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş DVD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar