Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-357/2022 15.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi «Zəfər» Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci il ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “Şaurma 1” Restoranlar şəbəkəsində Barmen vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, A.Məhəmmədov küçəsu ev 15-də qeydiyyatda olmaqla ünvan 1 ünvanda kirayə yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2021-ci il tarixdə saat 17 radələrində dostları ilə birlikdə 200 manat müqabilində kirayə qaldığı ünvan 2 ünvanda yerləşən fərdi evdə, ev sahibi Zərərçəkmiş şəxs ilə onun evində kirayə qaldığı müddətdə evin kirayə haqqını və evdə olan əl-üzyuyanı sındırdıqlarına görə vurduqları ziyanın pulunu verməmələri ilə bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs sinə nahiyyəsinə qəsdən bir dəfə vurmaqla itələyıb yerə yıxaraq sonuncuya sol bazunun hematoması (yumşaq toxumaları arasında qan yığılması), sağ bazunun, sağ diz oynağı nahiyyəsinin, sol baldırın, sağ döş vəzisi altı nahiyyənin qançırlarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, həmçinin əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmadığını nəzərə alaraq barasində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışmasını, sonuncuya qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını, ona görə də sonuncu barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət işinin 155-ci vərəqəsində olan qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 12-13-cü vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 xx.xx.2021-ci il tarixli, 593 saylı canlı şəxsin ekspertizasının rəyindən görünür ki, 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər-sol bazunun hematoması(yumşaq toxumaları arasında qan yığılması), sağ bazunun, sağ diz oynağı nahiyyəsinin, sol badırın, sağ döş vəzisi altı nahiyyənin qançırları küt əşyanın(əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə yəni xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Yuxarıda qeyd olunan xəsarəti vət. Zərərçəkmiş şəxs özünün-özünə yetirməsi nəticəsində törənməsi inkar olunur. Cinayət işinin 19-20-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 xx.xx.2021-ci il tarixli, 597 saylı canlı şəxsin ekspertizasının rəyindən görünür ki, 2000-ci il təvəllüdlü Şahid1 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ saidin sıyrığı küt əşya (alət) təsirindən törənmişdir, qərarda qeyd olunan şərait və müddətdə, yəni xx.xx.2021-ci il tarixə uyğun deyil, sağlamlığa zəərə vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. Yuxarıda qeyd olunan xəsarəti vət. təvəllüdlü Şahid1 özünün-özünə yetirməsi nəticəsində törənməsi inkar olunmur. Cinayət işinin 26-27-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 xx.xx.2021-ci il tarixli, 596 saylı canlı şəxsin ekspertizasının rəyindən görünür ki, 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmadı. Cinayət işinin 33-34-cü vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 xx.xx.2021-ci il tarixli, 595 saylı canlı şəxsin ekspertizasının rəyindən görünür ki, 2000-ci il təvəllüdlü Şahid2 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmadı. Cinayət işinin 79-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Zəfər” Vəkil Bürosunun vəkili V.Ə.Mirzəyevə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Zəfər” Vəkil Bürosunun vəkili V.Ə.Mirzəyevə məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Zəfər” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43, 305, 321, 344-347 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Zəfər” Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Zəfər” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-357/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-357/2022
15.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver