Məhkəmə qərarları › İş №1(004)-358/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-358/2021

23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-358/2021 23.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1986-cı il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşaqları olan, Hacı Cavad məscidində sürücü işləyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Xreptovu küçəsi, ev 63-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol-hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 24 may 2021-ci il tarixdə saat 08:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ilə Azərbaycan Nəşriyyatı istiqamətində yolun sağ hərəkət zolağında BB 201628 seriya nömrəli sürücülük hüququ əsasında etibarnamə ilə idarə etdiyi ’’Renault Megane” markalı, ** HY *** dövlət qeydiyyat nişanlı avtomobili ilə saatda 20 km sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətə başlayarkən, yerdəyişərkən, dönərkən manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamaqla bağlı tədbirləri yerinə yetirməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyərək hərəkətlərini davam etdirib A.M.Şərifzadə küçəsi 21 saylı ünvanda yerləşən “Hacı Cavad” məsçidinin qarşısında idarəetdiyi avtomobili sağa doğru manevr etdirməklə onunla eyni hərəkət zolağında və eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Haojue TR 150S” markalı 99 В 574 dövlət qeydiyyat nişanlı motosikletlə toqquşması nəticəsində ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs sağ əlin V daraq sümüyünün orta 1/3-nin yerdəyişmiş sınığı, sol çiyin və sol diz oynağının zədələnməsi kimi ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirib yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 may 2021-ci il tarixdə saat 08:30 radələrində o, idarə etdiyi avtomobillə Yasamal rayonu, Şərifzadə küçəsi ilə iki zolaqlı yolla sağ tərəfdən birinci zolaqla, yəni yolun kənarı ilə üzü Nəşriyyat istiqamətində saatda 20 km sürətlə hərəkət edərkən, avtomobilin sağa tərəf dönmə işığını yandırıb sağa tərəf dönən zaman sağ tərəfdən motosiklet gələrək özünü onun idarə etdiyi avtomobilin arxa sağ tərəfinə çırpmış və motosikletin sürücüsü yerə yıxılmışdır. Bundan sonra o, idarə etdiyi avtomobili saxlayıb yerə düşmüş və motosikletin sürücüsünün yerdən qalxdığını görmüşdür. Hadisə yerinə TTYS-nın həkimləri gəlib motosikletin sürücüsünü Travmatologiya xəstəxanasına aparmış, daha sonra isə hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olduğunu bildirərək və ərizə ilə məhkəməyə müraciət edərək, barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməsini və cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi ərizəni müdafiə edərək, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməsini və cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməsinə etiraz etmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs X4 dəfələrlə məhkəmə iclaslarının vaxtı və yeri haqqında dəfələrlə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, zərərçəkmiş şəxs X2 ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Belə ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 24 may 2021-ci il tarixdə saat 08:30 radələrində o, idarə etdiyi motosikletlə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ilə üzü Mətbuat prospektində saatda 30-40 km sürətlə sağ kənar hərəkət zolağı ilə hərəkətdə olan zaman ondan irəlidə hərəkətdə olan “Reno Meqan” markalı avtomobilin sürücüsü idarə etdiyi avtomobili qəflətən sağa tərəf istiqamətləndirib dönmüş, o, da idarə etdiyi motosikleti saxlaya bilməyib həmin avtomobilin arxa sağ qapısına dəyərək toqquşmuşdur. Həmin vaxt o, yerə yıxılmış və dərhal ayağa qalxmışdır. Zərbədən idarə etdiyi motosiklet aşsada, motosikletin hər hansı bir ehtiyyat hissəsi zədələnməmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları və TTYS-nın həkimləri gəlmiş, polis əməkdaşları hadisə yerini müayinə etmiş, TTYS-nın həkimləri isə onu Travmatologiya xəstəxanasına aparmışlar. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 16 iyul 2021-ci il tarixli, 8/1472 nömrəli rəyi ilə təsdiq olunur ki, Haojue TR 150S markalı, 99 В 574 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısını alması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyinəzərdən tədqiq etməyə lüzum yoxdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Reno Megane markalı, ** HY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (cild 1, səh. 44-47). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 01.06.202l-ci il tarixli, 429 saylı rəyi ilə təsdiq olunur ki, X1 əlin V daraq sümüyünün orta 1/3-nin yerdəyişmiş sınığı, sol çiyin və sol diz oynağının sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 24.05.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AGİR zərər vurmaya aiddir (cild 1, səh 24-26). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 31 iyul 2021- ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və ya cinayət məsuliyyətinə cəlb edilməmişdir (cild 1, səh. 59). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 avqust 2021-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan məlum olur ki, 01 ədəd DVD disk madi sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 1, səh.91-92). Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, avtomobillər Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Hacı Cavad məsçidinin qarşısında hərəkətdədirlər, yolun sağ tərəfdən ikinci hərəkət zolağı ilə hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi “Renault Megane” markalı ** HV *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən idarə etdiyi avtomobili sağa tərəf dönən zaman eyni istiqamətdə yolun sağ tərəfi ilə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “Haojue TR 150S” markalı 99 В 574 dövlət qeydiyyat nişanlı motosikleti saxlaya bilməyərək Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sağ tərəfindən dəyərək toqquşur. Nəticədə motosikletin sürücüsü Zərərçəkmiş şəxs yerə yıxılır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 avqust 2021-ci il tarixli Qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir (cild 1, səh. 84-85). Cinayət işində olan Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, o barəsində Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi amnistiya haqqında qərarın tətbiq edilməsini və cinayət işinə xitam verilməsini xahiş edir. İş materiallarında olan elektron məhkəmə elektron sistemindən çıxarılmış çıxarışdan görünür ki Təqsirləndirilən şəxs oğlunun himayəsində 27.10.2015-ci il təvəllüdlü X5 və 05.08.2012-ci il təvəllüdlü Hüseynova zəhra Rasim qızı adlı övladları vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətməsi, təqsirləndirilən şəxsin törədilən əməli etiraf etməsi barədə verdiyi ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin iş materiallarında olan ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs aid deyildir. Digər tərəfdən Təqsirləndirilən şəxs ohdəsində (himayəsində) iki azyaşlı övladları olmaqla bərabər, cinayət işinin materiallarında maddi ziyanın vurulmasına dair məlumatlar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli 28-ci bəndindən görünür ki, qərarın tətbiqi qaydalarına əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə təqdim etdiyi ərizəsini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlu cinayət məsuliyyətindən azad edilməli, CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-nin 43.3-cü maddəsinə əsasən xitam verilməli və hazırki cinayət işi üzrə onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübut kimi tanınmış hadisənin videogörüntüləri olan 01 ədəd disk iş materiallarında saxlanılmalı, iş üzrə məhkəmə xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs oğlundan alınaraq Dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 1(004)-358/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs oğluna məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə “8 Noyabr –Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış hadisənin videogörüntüləri olan 01 ədəd disk iş materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat pul köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar