Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-358/2022 19.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X9 qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi ev 4-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə verilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsə həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, X7 20 fevral 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi ilə S.Rəhimov küçəsinin kəsişdiyi yerdə yerləşən Mərkəzi parkın qarşısında Şahid1 ilə söz mübahisəsi etmiş, bunu görən sonuncunun oğlu Zərərçəkmiş şəxs onlara yaxınlaşıb ayırmaq məqsədi ilə arxadan Təqsirləndirilən şəxs tutub kənara çəkdikdə sonuncu ayağı sürüşərək yerə yıxılmasını bəhanə edib özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoymaqla sonuncunun ünvanına nalayiq ifadələr işlədərək davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə yumruqla Zərərçəkmiş şəxs üz nahiyəsinə bir dəfə vuraraq ona sol gözaltı nahiyənin qançırı və burun sümüklərinin ikiləşmiş, yerdəyişən sınığı kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirərək qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs və Şahid1 adlı şəxsləri əvvəllər tanımamışdır. 20 fevral 2022-ci il tarixdə o, tanışı Şahid2 ilə Yasamal rayonu ərazisində yerləşən Mərkəzi park tərəfdə yol gedən zaman siqaretini yandırmaq məqsədi ilə yaxınlıqda yerləşən meyvə-tərəvəz mağazasına daxil olaraq mağaza sahibindən alışqan istəmişdir. Həmin vaxt sonradan adının Şahid1 olduğunu öyrəndiyi mağaza sahibi müştəri ilə məşğul olduğunu bildirərək onun üstünə qışqırmış və onun sinə nahiyəsindən itələyərək mağazadan çıxarmışdır. Həmin vaxt Zahidin əlində bıçaq olmuşdur. Bu zaman kim olduğunu bilmədiyi, sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi bir nəfər şəxs arxadan gəlib onu qaldıraraq yerə yıxmışdır. Həmin vaxt onun Əlinin Zahid adlı şəxsin oğlu olduğundan xəbəri olmamışdır. Bundan sonra Əli onu arxadan tutaraq yerə yıxdığı üçün o, Əlini bir dəfə yumruqla vurmuşdur. Hazırda o, Zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid1 onun atasıdır. 20 fevral 2022-ci il tarixdə nahar vaxtı işdən qayıdan zaman Yasamal rayonu, Murtuza Muxtarov küçəsi ilə Süleyman Rəhimov küçəsinin kəsişdiyi yerdə yerləşən meyvə-tərəvəz mağazasında işləyən işçini həmin gün müvəqqəti əvəz edən atasının həmin mağazanın qarşısında əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi bir nəfər şəxslə sözlü mübahisə etdiyini və Qədirin onun atasının üstünə getdiyini görmüşdür. O, atası Zahidi və Qədiri aralamaq məqsədilə arxadan gələrək Qədiri tutub qaldırmış, bu zaman ayağı yaxınlıqda olan darvazanın kənarına ilişdiyi üçün o müvazinətini itirmiş və onlar hər ikisi yerə yıxılmışlar. Qədir onu səhv başa düşərək onun Qədiri yıxmaq istədiyini zənn etmişdir. Çünki Qədirin onun Şahid1 oğlu olduğundan xəbəri olmamış və onu tanımamışdır. Bu zaman onlar bir-birinə yaxınlaşaraq üzbəüz gəlmişlər və Qədir onun burun nahiyəsinə yumruq zərbəsi vurmuşdur. Bundan sonra onun burnundan qan axmış və burnu sınmışdır. Hadisədən sonra isə Qədir adlı şəxslə barışmışdır və Qədirin ondan şikayəti yoxdur. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, o, Qədirin atası Zahidlə çox ciddi şəkildə mübahisə etdiyini görmüş, lakin bu zaman onlara heç bir söz demədən, aralarına girib ayırmadan, Qədiri arxadan tutaraq istəmədən onu yerə yıxmışdır, həmin vaxt o, özü də yerə yıxılmışdır. Həmin vaxt Qədir onun mübahisə etdiyi şəxsin, yəni Zahidin oğlu olmasından xəbəri olmamışdır. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs atasıdır. 20 fevral 2022-ci il tarixdə, saat 14 radələrində Yasamal rayonu, Murtuza Muxtarov küçəsi ilə Süleyman Rəhimov küçəsinin kəsişməsində yerləşən meyvətərəvəz mağazasında işləyən dostunu müvəqqəti əvəz etdiyi zaman əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi bir nəfər şəxs mağazaya daxil olaraq ondan alışqan istəmiş, o isə cavabında alışqanın olmadığını bildirmiş və mağazaya gələn müştərilər ilə məşğul olmuşdur. Bundan sonra Qədir mağazada olan müştərilərdəndə alışqan istəyərək alver etməsinə mane olmuşdur. Bu zaman mağazada olan müştərilər narazılıqlarını bildirmişlər və o, Qədiri qorxutmaq məqsədilə əlinə kağız kəsmək üçün nəzərdə tutulan bıçağı alaraq onu itələyə-itələyə mağazadan çıxartmış və bundan sonra əlindəki bıçağı yerə atmışdır. Həmin vaxt oğlu Əli onların mağazanın qarşısında mübahisə etdiklərini görmüş və Qədirə arxadan yaxınlaşıb onu tutaraq onları ayırmaq istəmiş, lakin bu zaman oğlu Əlinin ayağı arxada olan söyüd ağacına ilişmiş və yıxılmış, Qədir isə onun oğlunun üzərinə yıxılmışdır. Bundan sonra o, müştərilərə ödədikləri pulun xırdasını qaytarmaq üçün yenidən mağazaya qayıtmış, müştəriləri yola saldıqdan sonra isə Qədirin oğlu Əlini burun nahiyəsindən vurduğu üçün Əlinin üzünü qan içərisində və şişmiş halda görmüşdür. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, həmin vaxt oğlu Əli Qədirə arxadan yaxınlaşdığı üçün Qədir Əlini görməmişdir, ümumiyyətlə Əlinin onun oğlu olmasından Qədirin xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən iki ildir ki, tanıyır. 20 fevral 2022-ci il tarixdə onlar birlikdə Yasamal rayonu ərazisində yerləşən Mərkəzi parkda olan zaman o, başqa bir dostu ilə söhbət etmək üçün Qədirdən aralanmış, Qədir isə yaxınlıqda olan meyvə-tərəvəz mağazasına getmişdir. O, bu zaman Qədirin hansı məqsədlə həmin mağazaya girdiyini bilməmişdir. Bundan təxminən 2-3 dəqiqə sonra ətrafda səs-küy olduğunu eşitmiş və baxdıqda bir qədər kənarda Qədiri yerdə yıxılı vəziyyətdə görmüşdür. O, bundan əvvəl Qədiri kiminsə yıxmasını və ya yerdə ona zərbə vurmasını görməmiş, mübahisə zamanı hər hansı söyüş eşitməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, 20 fevral 2022-ci il tarixdə saat 16:00 radələrində Yasamal rayonu ərazisində yerləşən Mərkəzi park tərəfdə anası ilə birlikdə yol gedən zaman tanımadığı, sonradan adlarının Təqsirləndirilən şəxs və Şahid1 olduğunu öyrəndiyi iki nəfər şəxsin sözlü mübahisə etdiyini görmüşdür. Bu zaman sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxs Qədirə arxadan yaxınlaşaraq ona qarşı fənd işlətmiş və onu yerə yıxmışdır. Bundan sonra Qədir ayağa qalxaraq arxa-arxaya getməyə başlamışdır. Həmin vaxt o, Qədirin Əli və ya Zahid adlı şəxslərdən kimisə vurmasının və ya Zahid adlı şəxsin Qədirin üzərinə bıçaqla getməsinin şahidi olmamışdır. Hadisə yerində çox dayanmamış və mübahisəni sona qədər görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 10 aprel 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs az ağır dərəcəli bədən xəsarətləri alması faktı ilə əlaqədar Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində qeydə alınmış HK- 1-335 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) “Cinayət işinin tövsif edilməsi haqqında” 19 may 2022-ci il tarixli qərardan görünür ki, CM-nin 127.1-ci maddəsi ilə başlanmış olan ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3-cü maddəsinə tövsif edilmişdir. (i.v. 110-111) “Hadisə yerinə baxış keçirilməsi barədə” 21 fevral 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu Mərkəzi parkının qarşısıdır, Murtuza Muxtarov küçəsi ilə Süleyman Rəhimov küçəsinin kəsişməsində yerləşir, həmin ünvanın sağ tərəfində Mərkəzi park adlı istirahət parkı, sol tərəfində isə iki mərtəbəli ümumi həyətdə yerləşən fərdi yaşayış evləri vardır, baxış zamanı hadisənin baş verdiyi yerə yaxın videomüşahidə kamerası müşahidə olunmamışdır. Protokol tərtib olunan zaman xəsarət alaraq şikayət vermiş vətəndaş Zərərçəkmiş şəxs bildirmişdir ki, tanımadığı şəxs onu vuran zaman ətrafında heç kəs olmayıb. Baxış zamanı təhqiqatı maraqlandıran heç bir predmet aşkar olunmamışdır. Baxış açıq havada təbii işıqlandırma şəraitində keçirilmiş, fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə olunmuşdur. (i.v. 15-19) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsin canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 09 mart 2022-ci il tarixli, 175 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gözaltı nahiyənin qançırı və burun sümüklərinin ikiləşmiş, yerdəyişən sınığı küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə törənməsi mümkündür, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. (i.v. 36-38) 18 may 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə üzləşdirmə keçirilmiş və üzləşmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deyərək ifadəsini təsdiq etmişdir. (i.v. 104-106) 18 may 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə üzləşdirmə keçirilmiş və üzləşmə zamanı X2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deyərək ifadəsini təsdiq etmişdir. (i.v. 107-109) 01 iyun 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə üzləşdirmə keçirilmiş və üzləşmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Şahid2 üzünə deyərək ifadəsini təsdiq etmişdir. (i.v. 147-149) 05 iyun 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə üzləşdirmə keçirilmiş və üzləşmə zamanı X2 ifadəsində göstərdiyi xüsusatları Şahid2 üzünə deyərək ifadəsini təsdiq etmişdir. (i.v. 150-152) “İfadənin yerində yoxlanılması haqqında” 21 may 2022-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində ifadəsi yoxlanılarkən təsdiq etmişdir. (i.v. 142-143) “Sübutların qiymətləndirilməsi haqqında” 16 iyun 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə qeyd olunan ilkin materiallar, baxış keçirilməsi protokolu, xx.xx.2022-ci il tarixli, 175 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyi, Təqsirləndirilən şəxs ifadələri, Zərərçəkmiş şəxsin ifadəsi, şahid qismində dindirilmiş Şahid1 ifadəsi, ifadənin yerində yoxlanılması protokolu və üzləşdirmə prokolları sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 160-168) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006cı ildə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2006-cı ildə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona CM-nın 66.5-ci maddəsinə əsasən 03 (üç) il, 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2014-cü ildə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2, 177.2.3-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona CM-nın 66.3 və 62-ci maddələrinə əsasən 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2016-cı il tarixdə AR Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.2-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Son olaraq Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CM-nın 67-ci maddəsinə əsasən 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. (i.v. 74-77) Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(012)-37/2022 nömrəli qərarından görünür ki, Hadıyev X4 rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 1(001)- 156/2021 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 03 ay 14 gün hissəsindən “08 noyabr- Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən azad edilmiş və məhkumluq götürülmüşdür. “Axtarışda olan şəxsin tutulması barədə” 17 may 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tutularaq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. (i.v. 80) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 19 may 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Yasamal rayon prokurorluğuna verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (i.v. 135-137) “Qətimkan tədbirinin seçilməsi haqqında” 19 may 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 138-139) Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-358/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. “Axtarışda olan şəxsin tutulması barədə” 17 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 10:20 radələrində yaşadığı ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilən ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayəti və tələbi yoxdur və onlar barışıq əldə etmişdirlər. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Hadisə ilə bağlı həm təhqiqat, həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 20 fevral 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi ilə S.Rəhimov küçəsinin kəsişdiyi yerdə yerləşən Mərkəzi parkın qarşısında yerləşən dükana yaxınlaşaq orada olan Şahid1 siqaret yandırmaq üçün alışqan istəmişdir və bu səbəbdən onların aralarında sözlü mübahisə yaranmışdır. Bu bundan sonra Şahid1 oğlu Zərərçəkmiş şəxs həmin ərazidən keçərkən atasının tanımadığı bir şəxslə mübahisə etdiyini görüb, iti sürətlə Təqsirləndirilən şəxs atasından aralamaq məqsədi ilə arxadan yapışaraq onu yerdən qaldırıb kənara çəkmək istəmiş, lakin onun ayağı ilişdiyi üçün onların hər ikisi yerə yıxılmışlar. Həmin vaxt Qədirin onu yerə yıxan şəxsin, yəni Əlinin onun mübahisə etdiyi şəxsin, yəni Zahidin oğlu olmasından xəbəri olmamışdır. Bundan sonra Qədir Əlinin onu yerə yıxması səbəbilə əli ilə Əlinin üz nahiyəsinə bir dəfə yumruqla zərbə vurmuşdur. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara, qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 20 fevral 2022-ci il tarixdə baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş, mübahisə iş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs hərəkətləri nəticəsində (yəni Qədirin onun atası Zahidlə mübahisə etməsi səbəbilə ona yaxınlaşaraq özünün Zahidin oğlu olmasını bildirmədən, Qədirə arxadan yapışıb onu yerə yıxması) başlanması məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə öz təsdiqini tapmışdır. Bununla da tərəflər arasında yaranmış mübahisə zərərçəkmiş şəxsin təşəbbüsü ilə (yəni Qədiri yerə yıxması) olduğundan xuliqanlıq niyyətinin olması kimi qiymətləndirilə bilməz. Çünki xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, bu motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Qanunun mənasına görə xuliqanlıq cinayəti qəsdən törədilən əməldir və həmin əməl obyekinə görə ictimai qaydanın və ictimai təhlükəsizlik əleyhinə olan qaydaların pozulmasına yönəlməlidir və subyektiv cəhətdən şəxs heç bir motiv olmadan ictimai qaydaya və ictimai təhlükəsizliyə qəsd etdiyini dərk etməlidir. Cinayət işinin materiallarından təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Əksinə, məhkəmə istintaqı zamanı tədqiq olunan ittiham və müdafiə tərəfinin sübutları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə Əi Məhmərzayevin arasında olan münaqişə sonuncunun təhriki ilə baş vermişdir. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı verilmiş ittihamın məzmunundan da göründüyü kimi cinayətin baş vermə səbəbi məlum olsa da, istintaq orqanı tərəfindən cinayətin baş verməsinin səbəbi düzgün müəyyən edilməmiş, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda təqsirləndirilən şəxs tərəfindən hazırkı cinayət əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə xuliqanlıq niyyəti ilə törədilməsi kimi qiymətləndirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunur: “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində qeyd edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarının hüquqi mövqeyinə görə belə hallarda, xüsusilə də mübahisə və yaxud dalaşma zərərçəkmiş şəxsin təşəbbüsü ilə başladıqda, münaqişəyə onun özünün hüquqa zidd hərəkətləri səbəb olduqda, şəxs həmin zərərçəkmişə qarşı xuliqanlıq niyyəti ilə hərəkət etməkdə və belə motivlə müşayiət olunan cinayətin törədilməsində təqsirləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan münaqişə zərərçəkmiş şəxsin təşəbbüsü ilə olduğundan Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq niyyəti kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər və cinayət işlərini, cinayət təqibi ilə bağlı digər materialları, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı isə mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 25.3., 28.5-ci mad.) Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq niyyəti kimi deyil, sadəcə sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, ekspert rəyi və cinayət işində olan digər materiallar ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir. Hal-hazırda o, zərərçəkmişlə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş halda cinayət əməlini törətmiş şəxs zərər çəkmiş şəxslə barışıq əldə etdikdə təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən,məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Qeyd edilən hüquq normaya əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.8, 43, 305, 321,344-347 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-358/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-358/2022
19.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver