Məhkəmə qərarları › İş №1(004)-359/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-359/2025

06.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-359/2025 06.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Mübariz oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1966-cı ildə Abşeron rayonu, Altı-Ağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 8 qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda ƏN-nin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq ümumilikdə xeyli miqdarda 175 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində qanunsuz saxlamaqla yaşadığı ünvan 1 ünvanın yaxınlığına daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 14 mart 2025-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:30-da qeyd edilən ünvanın yaxınlığında saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilmiş, orada həmin gün saat 15:17-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli idman şalvarının bel hissəsinin arxa sol nahiyəsindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd sellofan bağlamada təmiz çəkisi xeyli miqdarda 175 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, səhhətində yaranmış problemlərə görə, konkret olaraq isə şəkər xəstəsi olduğu üçün və insult keçirdiyinə görə 7 aydır ki, heç bir yerdə işləmirmiş. Tutulmamışdan öncə təxminən 2-3 ay olarmış ki, təsadüf nəticəsində sosial şəbəkədə adını hazırda xatırlamadığı bir nəfər şəxslə tanış olmuşdur. Həmin şəxs onun aradabir nəşə istifadə etdiyini biləndən sonra özünün narkotik vasitələrin satışı ilə məşğul olan bir şəxs olduğunu bildirmiş və ona qismən ucuz qiymətə özündən nəşə kimi tanınan narkotik vasitə almağı təklif etmişdir. O da marixuana istifadəçisi olduğuna görə həmin şəxslə bir müddət söhbət edib ondan bir neçə dəfə narkotik vasitə almışdır. Belə ki, həmin şəxsin ona bildirdiyi elektron hesaba danışılan məbləği göndərməklə həmin şəxs ona narkotikin gizlədildiyi yeri izah edirmiş və o, gedib həmin maddəni taparaq götürüb istifadə edirmiş. Ona görə də həmin şəxslə növbəti dəfə əlaqə saxlayıb marixuana almaq istədiyini bildirmişdir. Lakin üzərində pul yox imiş. Bunu həmin şəxsə demiş və sonuncu aralarında yaranmış inama görə bildirmişdir ki, heç bir problem yoxdur, pulu sonra verə bilər. Beləliklə, ümumilikdə 300 manata danışaraq həmin şəxsdən təxminən 150 qram çəkidə narkotik vasitə marixuana almışdır. Həmin maddəni də Bakı şəhərinin Yasamal rayonu ərazisindən gizlədilmiş yerdən əldə etmişdir. Saxlanıldığı gün, yəni 14 mart 2025-ci il tarixdə saat təxminən günorta vaxtlarında o, yaşadığı ünvanın yaxınlığında olan zaman ona mülki geyimdə olan şəxslər yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını bildirib, onu BMCMİ-nin İnzibati binasına aparmışlar. Beləliklə də onu saxlayan polis əməkdaşlarının və dəvət edilmiş vəkilinin iştirakı ilə videoçəkiliş tətbiq edilməklə üzərinə şəxsi axtarış keçirilmiş və bu vaxt ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etsin. O da həmin vaxt polis əməkdaşlarına üzərində narkotik vasitə “nəşə” olduğunu bildirmiş və masaya yaxınlaşaraq üzərində olan bütün əşyaları, konkret olaraq isə əynində olan şalvarın arxa sol nahiyəsində gizlədib saxladığı içərisində marixuana kütləsi olan sellofan bükümü, daha sonra isə şalvarının cibində olan mobil telefonunu və gödəkçəsinin cibində olan siqaret qutusu ilə alışqanı çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Qeyd edilənlərdən əlavə olaraq polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə baxış keçirilərkən ona qarşı hər hansı bir formada təzyiq olunmadığını, əldə etmiş olduğu narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, narkotik vasitələrdən ancaq “nəşə”-dən istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 14 mart 2025-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda xx.xx.1966-cı ildə Abşeron rayonu, Altı-Ağac kəndində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 8 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üstündə saxlaması və daşıması bildirilmişdir. Yaradılmış əməliyyat qrupuna rəhbərlik edilməsi ona həvalə edilmiş, 14 mart 2025-ci il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saat 13:30-da yaşadığı Bakı şəhəri, Yasamal rayonu ərazisində saxlanılmışdır. Bundan sonra saxlanılmış şəxsin üzərinə yerində baxış keçirməyə şərait olmadığından Təqsirləndirilən şəxs onların müşaiyəti ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. BMCMİ-nin inzibati binasının xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs araşdırma aparan təhqiqatçı tərəfindən təyin edilərək dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədlər varsa könüllü təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində marixuana adlı maddə olduğunu bildirərək əynində olan şalvarının bel hissəsində olan bir ədəd sellofan bağlamanı, daha sonra isə üzərində olan siqaret qutusu ilə alışqanı və mobil telefonunu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra saxlanılmış şəxsin üzərinə şəxsi axtarış keçirilmiş, lakin əlavə heç bir maddə və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bağlamanın içərisində olan maddə narkotik vasitə marixuanadır və həmin maddəni Yasamal rayonu ərazisində tanımadığı şəxsdən alaraq xəstəliyi ilə əlaqədar olaraq şəxsi istifadəsi məqsədi ilə əldə edib heç kimə satmadığını və vermədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində ot şəkilli maddələr olan bağlama bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Maddələrin qablaşdırıldığı zərf tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefon sübut əhəmiyyəti kəsb edə biləcəyi ehtimalından götürülmüş, siqaretlə alışqanı isə onun özünə geri qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 2-3 il əvvəl “nəşə” çəkməyə başlamış, lakin sonradan reabilitasiya keçərək narkotik vasitə qəbul etməsə də, təxminən 3-4 ay olarmış ki, atası dünyasını dəyişəndən sonra o, yenidən həmin maddədən istifadə etməyə başlamışdır. Marixuananı təxminən bir il yarım olan müddətdir ki, tanıdığı Seyran adlı şəxsdən əldə etmişdir. Belə ki, həmin şəxslə işlədiyi iaşə obyekti tərəflərində təsadüfən tanış olmuşdur. Beləliklə də, Seyrandan pul müqabilində ümumilikdə həmin vaxtdan etibarən 7-8 dəfə olmaqla hər dəfəsinə 50-100 manat pul müqabilində “nəşə” almışdır. Pulu da Seyrana hər dəfə əlbəəl olaraq nağd şəklində vermişdir. Sonuncu dəfə də Seyrandan təxminən bir həftə əvvəl 100 manat müqabilində adı çəkilən maddədən alıb istifadə etmişdir. Həmin şəxsin ondan başqa kiməsə narkotik satması barədə məlumatının olmadığını, Seyran adlı şəxsin ona satdığı narkotik vasitəni sonradan kiməsə satmadığını və yaxud bəxşiş qaydasında hədiyyə kimi kiməsə vermədiyini, Seyranın telefon nömrəsinin ***-***-**-** olduğunu qeyd etmişdir. Verilən suallara cavab olaraq isə Seyrandan narkotik vasitə əldə edib istifadə etdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılaraq məhkəməyə çıxarıldığını və inzibati həbs olunduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 mart 2025-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verildi, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə adını “marixuana” kimi bildiyi narkotik vasitə olduğunu bildirərək əynində olan qara rəngli idman şalvarının belinin sol nahiyəsindən göy rəngli sellofan bağlamanı, əynində olan qolsuz gödəkçəsinin sol yan cibindən 01 ədəd “Winston” markalı siqaret qutusunu və 01 ədəd alışqanı, şalvarının sol yan cibindən isə mobil telefonu çıxarıb təqdim etməklə masanın üzərinə qoydu. Təqsirləndirilən şəxs üstünə əlavə şəxsi axtarış həyata keçirilsə də, hər hansı bir əşya və ya predmet aşkar edilmədi. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar olaraq insult Keçirdiyi üçün sağ qolunu hərəkət etdirməsində çətinlik olduğunu bildirdi. Bundan sonra təhqiqatçı tərəfindən təqdim olunmuş əşyalara baxış keçirilməyə başlanıldı. İlk öncə Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd göy rəngli bağlamaya baxış keçirildi və həmin bağlamanın çərisində yaşıl rəngli, xüsusi spesifik iyə malik olan, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edildi. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş göy rəngli bağlamada olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefona baxış zamanı həmin mobil telefonun “Samsung” markalı olması və Təqsirləndirilən şəxs deməsinə görə telefonun içərisində ***- ***-**-** saylı mobil nömrənin olması müəyyən edildi. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürüldü. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Winston” markalı siqaret qutusuna baxış keçirilən zaman isə qutunun içərisində 01 ədəd siqaret giləsinin, siqaret kötüklərinin və külün olması müəyyən edildi. Bundan sonra 01 ədəd siqaret qutusu və 01 ədəd alışqan Təqsirləndirilən şəxs geri qaytarıldı. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin özünə məxsus olmasını, Bakı şəhəri, Yasamal rayonu ərazisindən anket məlumatlarını bilmədiyi naməlum şəxsdən pulunu sonradan ödəmək şərti ilə 300-400 manat qarşılığında əldə etdiyini, xəstəliyi ilə əlaqədar olaraq şəxsi istifadəsi üçün aldığını, həmin kütlələrdən heç kimə vermədiyini və satmadığını, həmin kütlənin üstündə olmasından heç kimin məlumatınm olmadığını bildirdi (i.v. 39-41). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 mart 2025-ci il tarixli, 7/451 saylı rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş marixuanaya oxşar kütlə” yazılar və imzalar olan kağız paketdə üzəri skoçla bağlanmış göy rəngli sellofan bağlamadakı 1 (bir) ədəd üzəri skoçla bağlanmış ağ rəngli sellofan bağlamada təmiz çəkisi-175,0qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır (i.v. 54-58). 15 mart 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, cinayət işi üzrə Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzlışdirmə istintaq hərəkəti keçirilmiş, Şahid2 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (i.v. 88- 90). “Maddi sübut hesab edilməsi haqqında” 17 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanadan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 174,9 qramı maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır (i.v. 112-113). “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 07 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin baş müstəntiqi, polis polkovnikleytenantı X1 Seyran Əbülfəz oğlunun Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə həmin protokolu Azərbaycan Respublikası CPM-in 51, 85-ci maddələrinin tələblərinə riayət etməklə tərtib etmişdir ondan ötrü ki, həmin tarixdə Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının 310 nömrəli xidməti otağında Təqsirləndirilən şəxs istifadəsində olmuş «Samsung» markalı mobil telefon aparatına baxış keçirmişdir. Baxış zamanı məlum oldu ki, sözügedən «Samsung» markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, şüşə-metal gövdəli, sensor ekranlı, daxili antenalı, daxili yaddaşlı və fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara, “Kontaktlar” qovluğu, “SMS” bölməsi, daha sonra, mobil telefonun yaddaşına yüklənmiş “Whatsapp” mobil tətbiqinə keçirilən baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir (i.v. 129). “Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” 15 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin baş müstəntiqi, polis polkovnikleytenantı X4 icraatında Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə həmin protokolu Azərbaycan Respublikası CPMin 51, 85-ci maddələrinin tələblərinə riayət etməklə tərtib etmişdir ondan ötrü ki, həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının 310 nömrəli xidməti otağında "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli AZF/LGL-2793/24 saylı məktubla müşayiət olunan 01 ədəd diskə baxış keçirmiş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə aid 15 mart 2024-cü il tarixdən 15 mart 2025-ci il tarixədək olan məlumatlara keçirilmiş baxış zamanı iş üzrə istintaq əhəmiyyəti kəsb edən hal aşkar olunmamışdır. Qeyd olunan danışıq məlumatlarına baxış 15 aprel 2025-ci il tarixdə saat 17.50-dən həmin tarixdə saat 18.00-dək davam etdi (i.v. 132). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 aprel 2025-ci il tarixli 1930 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən BNM-da (F11x2) diaqnozu ilə dispanser qeydiyyatdadır (i.v. 149-150). “Sübutların qiymətləndirilməsi haqqında” 15 may 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan ittihamın ona yenidən elan olunması və barəsində həbs qətimkan tədbirinin seçilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri şəxsi istifadəsi məqsədi ilə əldə edərək üzərində saxlamasını bildirməsinin həmin maddələri satış məqsədi ilə əldə etmə, saxlama və daşıma cinayətini törətməkdə öz təqsirini qismən etiraf etməsinin cinayət işi üzrə toplanmış bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilməsi, iş üzrə Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçı polis leytenantı Əli Sadıqlı tərəfindən şəxsi axtarış və götürmə aparılarkən “Sony” markalı videokamera ilə videoçəkiliş aparılmış və videoçəkiliş bir ədəd DVD diskə əlavə olunmuşdur. Qeyd olunan diskin maddi sübut kimi tanınması və cinayət işinə əlavə olunmasının nəzərə alınması, iş üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşlarının 14 mart 2025-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində keçirmiş olduqları əməliyyat-axtarış tədbiri, həmin tarixdə Nərimanov rayon ərazisində şəxsi axtarış və götürmə aparılması haqqında protokol, xx.xx.2025-ci il tarixli 7/451 nömrəli məhkəməbioloji ekspertizasının, xx.xx.2025-ci il tarixli 1930 nömrəli ambulator-narkoloji ekspertizasının rəyləri, təqsirləndirilən şəxsin ifadələri, şahidlərin ifadələri, üzləşdirmə protokolu və əməliyyat tapşırığına cavab olaraq daxil olmuş məktubun iş üzrə toplanmış digər sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun olduğundan sübut növü kimi qəbul edilməsi və cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi - 175 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanadan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 174,9 qramının maddi sübut kimi tanınaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi barədə 17 mart 2025-ci il tarixli qərarın nəzərə alınması, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 175 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın əldə edilmə mənbəyinə görə ayrıca icraata materialın ayrılması, cinayət işi üzrə Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra üzərində saxladığı 175 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etməsinin Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinə əsasən narkotik vasitəni könüllü surətdə təhvil vermə kimi qiymətləndirilməməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş «Samsung» markalı mobil telefon aparatının maddi sübut kimi tanınmaması və Təqsirləndirilən şəxs qohumlarına, yaxud vəkilinə təhvil verilməsi, cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş məlumatların köçürüldüyü bir ədəd CD diskin iş üzrə maddi sübut kimi tanınmaması və iş materiallarına əlavə edilməsinin nəzərə alınması, "xxxx" ASC-dən daxil olacaq bank məlumatlarının ayrıca icraata ayrılacaq materiala əlavə edilərək baxış keçirilməklə müvafiq hüquqi qiymət veriləcəyinin nəzərə alınması, Şahid2 əməlində inzibati hüquqpozmanın tərkib əlamətləri müəyyən edilərək barəsində məhkəmə qərarı ilə inzibati həbs seçilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi residivin müəyyən edilməməsinin nəzərə alınması, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası Baş prokurorluğuna göndərilməsi qərara alınmışdır (i.v. 151-158). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-812/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şahid2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 15 gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində əldə etmiş olduğu narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, narkotik vasitələrdən ancaq “nəşə”-dən istifadə etdiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq həmin narkotik vasitələri satış məqsədilə əldə etməməsinə, saxlamamasına, daşımamasına və satmamasına dair vermiş olduğu ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir, həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə verilməsi qənaətinə gəlir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın ilk günündən sonunadək özünü ona elan edilmiş ittihamda təqsirli bilməmiş, həmin narkotik vasitələri şəxsi istifadəsi üçün əldə edərək saxladığını, ibtidai istintaq zamanı müstəntiq tərəfindən, o cümlədən, hazırda məhkəmə iclasında dövlət ittihamçısı və sədrlik edən tərəfindən ona hər hansı zor və fiziki güc tətbiq edilib-edilməməsi ilə bağlı verilmiş suallara cavab olaraq ona istintaq zamanı hər hansı fiziki zor tətbiq edilmədiyini bildirmişdir. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Seyrandan pul müqabilində ümumilikdə həmin vaxtdan etibarən 7-8 dəfə olmaqla hər dəfəsinə 50-100 manat pul müqabilində “nəşə” almışdır. Pulu da Seyrana hər dəfə əlbəəl olaraq nağd şəklində vermişdir. Sonuncu dəfə də Seyrandan təxminən bir həftə əvvəl 100 manat müqabilində adı çəkilən maddədən alıb istifadə etmişdir. Verilən suallara cavab olaraq isə Seyrandan narkotik vasitə əldə edib istifadə etdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılaraq məhkəməyə çıxarıldığını və inzibati həbs olunduğunu bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunma faktı onun narkotik vasitəni məhz Seyrandan əldə etməsi və istifadə etməsi barədə ifadəsini bir daha təsdiq edir. Təqsirləndirilən şəxsin xx.xx.2025-ci il tarixində saxlanılması ilə şahidin ifadəsində göstərilən “təxminən bir həftə əvvəl” son satış vaxtı arasında tam uyğunluq mövcuddur. Belə ki, şahid sonuncu satışın təxminən xx.xx.2025-ci il tarixində baş verdiyini, daha sonra isə saxlanıldığını bildirmişdir. Həmin ardıcıllıq xx.xx.2025-ci il tarixli məhkəmə qərarı ilə də təsdiqlənir. Yuxarıda göstərilən hallar, yəni şahidin narkotik alması barədə ifadəsi, ödənişlərin nağd qaydada aparılması, sonuncu alışın dərhal ardınca şahidin inzibati məsuliyyətə cəlb olunması və təqsirləndirilən şəxsin eyni tarixdə saxlanılması – məhkəməyə satış faktının mövcudluğunu təsdiq edən kifayət qədər əsas verir. Buna görə də, məhkəmə təqsirləndirilənin şəxsin istifadə ilə bağlı müdafiə mövqeyini əsassız hesab edir və onun barəsində AR CM-nin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın sübuta yetirildiyi qənaətinə gəlir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin “14” iyun 2024-cü il qərarında qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etmədiyini bildirsə də, toplanılmış sübutların məcmusu bunu deməyə kifayət etmir. Belə ki, Təqsirləndirilən şəxs əynindəki şalvarının bel hissəsinin arxa sol nahiyəsindən aşkar edilmiş bir ədəd sellofan bağlamada təmiz çəkisi xeyli miqdarda 175 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi və şahidin isə ifadəsində həmin şəxsdən narkotik vasitə aldığını bildirməsi, ondan aldığı narkotik vasitəni istifadə etdiyi üçün inzibati məsuliyyətə cəlb olunması təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Məhkəmə qeyd edir ki, müdafiə tərəfin mövqeyi nəinki iş materialları ilə öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 15 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə cinayət işi başlanılması və icraata qəbul edilərək istintaqının aparılması, başlanılmış cinayət işinə ********* nömrəsi verilməsi qərara alınmışdır (i.v. 1). “Şübhəli şəxsin tutulması haqqında” 14 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2025-ci il tarixdə, saat 13:30-dan tutulmuş hesab edilmişdir (i.v. 31). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 15 mart 2025-ci il tarixli qərardan görünür ki, xx.xx.1966-cı ildə Abşeron rayonu, Altı-Ağac kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkum olunmuş, orta təhsilli, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 73-74). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 mart 2025-ci il tarixli, 4(005)- 3500/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 14 mart 2025-ci il tarixdən hesablanmışdır (i.v. 102-105). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 25 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Əliyev X3 Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 226-1-ci maddəsinin 2-ci hissəsi (köhnə redaksiya) ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, daha sonra Yasamal Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2004-cü il tarixdə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarına əsasən 01 il 03 ay vaxtından əvvəl şərti olaraq azad edilmiş, bundan sonra Yasamal Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən xx.xx.2003-cü il tarixli hökmünə birləşdirilməklə qəti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, daha sonra Yasamal Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarına əsasən 07 ay 10 gün müddət vaxtından əvvəl şərti azad edilmiş, həmçinin Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə ona narkomaniyadan məcburi müalicə təyin olunmuş, xx.xx.2013-cü il tarixdə AR Milli Məclisin xx.xx.2013-cü il tarixli Amnistiya Qərarının 2.5-ci bəndi ilə cəzadan azad edilmiş, daha sonra Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə ona narkomaniyadan məcburi müalicə təyin olunmuş və ərazi narkoloji dispanserdə qeydiyyata alınmış, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 119-120). Yasamal Rayonu "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 01/25-K nömrəli arayışdan görünür ki, Dadaş Bünyadzadə küçəsi, ev 8 ünvanında xx.xx.1966-cı il tarixdə Abşeron rayonunda doğulmuş Təqsirləndirilən şəxs bu ünvanda yaşamır və qeydiyyatda yoxdur (i.v. 136). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 16 may 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş yenidən ittiham elan olunması qərara alınmışdır (i.v. 160-161). “Cinayət işindən materialın ayrılması haqqında” 16 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından narkotik vasitənin əldə edilməsi mənbəyinin araşdırılması məqsədi ilə ayrıca materialın ayrılması, qərarın surətinin 24 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır (i.v. 174). X7 tərəfindən BMCMİ-nin istintaq idarəsinə verilmiş 19 may 2025-ci il tarixli qəbzdən görünür ki, X2 Seyran Əbülfəz oğluna məxsus Samsung markalı mobil telefonu təhvil almışdır (i.v. 178). Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərməyərək təqsirini boynuna almamasını və müxtəlif vaxtlarda AR CM-nin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmasını şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə iş materiallarını qiymətləndirərkən müəyyən etmişdir ki, ittiham predmetini təşkil edən narkotik vasitə marixuanadır. Beynəlxalq təcrübə göstərir ki, marixuana öz zərərli təsirləri baxımından digər ağır narkotik vasitə heroin, həmçinin psixotrop maddələr metamfetaminlə və s. müqayisədə insan həyatı və sağlamlığı üçün nisbətən daha az təhlükəlidir. Bu amil məhkəmə tərəfindən cəzanın fərdiləşdirilməsində nəzərə alınmalıdır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs 59 yaşının olmasını, yaş amilinin insan orqanizminin sağlamlıq risklərini artırdığını və bu baxımdan yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının onun həyatına daha ciddi təsir göstərə biləcəyini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin prinsiplərinə görə, humanizm və ədalətlilik cəza siyasətinin əsas qaydalarındandır və məhkəmə bu halları nəzərə almağa borcludur. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs dəfələrlə narkotik vasitələrdən istifadə etdiyi üçün məhkum olmuşdur. Bu fakt onun narkotik vasitələrdən asılılıq əlamətləri daşıdığını göstərir. Belə hallarda yalnız sərt azadlıqdan məhrum etmə cəzasının deyil, həm də tibbi nəzarət, məcburi müalicə və reabilitasiya tədbirlərinin tətbiq edilməsi vacib hesab olunur. Bu həm cəmiyyətin təhlükəsizliyini təmin edir, həm də şəxsin sağlamlığının bərpasına şərait yaradır. Yuxarıda göstərilən bütün halları, yəni ittiham predmetinin marixuana olmasını, onun digər narkotik vasitələrlə müqayisədə daha az zərərli xarakterini, təqsirləndirilən şəxsin 59 yaşı olmasını, qanunvericilikdə həmin cinayət əməlinə görə (AR CM-nin 234.2-ci maddəsi) yalnız azadlıqdan məhrumetmə cəzasının tətbiq edilə biləcəyini məhkəmə nəzərə alaraq belə qənaətə gəlir ki, cəzanın qanunda nəzərdə tutulmuş son həddinin yarısı həcmində müəyyən edilməsi ədalətlilik və humanizm prinsiplərinə tam uyğun olacaqdır. Bu yanaşma həm ictimai təhlükənin qarşısını alır, həm də şəxsin sağlamlığının qorunması və gələcəkdə təkrar cinayət törətməsinin qarşısının alınması məqsədlərinə xidmət edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.2.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Mübariz oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 14 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut– Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş 174,9 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 72 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Mübariz oğluna sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar