Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-36/2021 19.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 1(012)-81/2020 nömrəli hökmü ilə qəti olaraq 11 (on bir) ay, 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə və 4000 manat cərimə cəzalarına məhkum edilməklə hazırda cəza çəkən, ünvan 1 mənzil 256 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə www.tap.az sosial ticarət səhifəsində əlaqə nömrəsi ***-***-**-** göstərilməklə dəyəri 1340 manat göstərilmiş «İphone XS-Max» cold markalı mobil telefon satışı elanının sahibi Zərərçəkmiş şəxs özünün istifadəsində olan ***-***-**-** mobil nömrəsinin “Whats app” proqramı vasitəsilə səsli ismarıc göndərərək özünü Samir kimi təqdim edib elanda yerləşdirilmiş mobil telefonun texniki vəziyyəti ilə maraqlanmış və Zərərçəkmiş şəxs telefon barədə lazımi məlumatlar aldıqdan sonra həmin telefonu anası üçün alacağını bildirərək xx xxx 2020-ci il tarixdə, saat 18:00 radələrində guya anasının işlədiyi, ünvan 2 ünvanında yerləşən “Məryam Plaza” ofis mərkəzinin qarşısına dəvət edib onunla həmin ünvanda görüşərək Zərərçəkmiş şəxs üzərində 7 manat dəyərində “Bakcell” mobil şəbəkəsinə aid ***-***-**-** GSM nömrə olan 1340 manat dəyərində «İphone XS-Max» cold markalı mobil telefonu və həmin telefona aid 1 ədəd qulaqcıq, 1 ədəd cərəyan qidalayıcısı, 1 ədəd əlavə telefon üzlüyü, 1 ədəd USB cihazı yerləşdirilmiş qutunu ofisdə işləyən anasına göstərmək adı ilə alıb ələ keçirməklə binanın yan tərəfindən pilləkənlərlə düşərək, Zərərçəkmiş şəxs əmlakı qaytarması tələbinə əhəmiyyət vermədən açıq talayıb binanın qarşısında əvvəlcədən saxlatdırdığı **-UR-*** dövlət qeydiyyat nişanlı “Wolkswagen Polo” markalı taksi avtomobilinə minərək hadisə yerindən uzaqlaşmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus cəmi 1347 (bir min üç yüz qırx yeddi) manat məbləğində əmlakı açıq talamaqla soyğunçuluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər “www.tap.az” sosial ticarət səhifəsindəki elanlarına baxıb elan yerləşdirmiş telefon sahibləri ilə danışaraq onlardan mobil telefonu sərfəli qiymətə alıb 10-20 manat baha qiymətə satmaqla gəlir əldə etmişdir. Zərərçəkmiş şəxs da “www.tap.az” sosial ticarət səhifəsində özünə məxsus “İphone XS-Max” markalı mobil telefonunu bütün aksesuarları ilə birlikdə 1340 manata satmasına dair yerləşdirdiyi elanla maraqlanarkən tanımışdır. xx xxx 2020-ci il tarixdə Zamiqin elanda yerləşdirdiyi mobil nömrəyə özünün istifadəsində olan mobil nömrəsinin “Whats app” proqramı vasitəsilə səsli ismarıc göndərərək özünü Samir kimi təqdim edib onun təklif etdiyi mobil telefonu yaxın adamına almaq istədiyini və həmin şəxsə göstərmək üçün onunla görüşmək istədiyini bildirmişdir. Belə ki, Zamiqin elanda yerləşdirdiyi telefon xoşuna gəldiyindən və yaxşı qiymətə satıb pul əldə edə biləcəyini düşündüyündən həmin telefonu ələ keçirmək üçün guya telefonu almaq istədiyi şəxsin ünvan 2 ünvanında yerləşən “Məryam Plaza”da işlədiyini deyib onu inandırmaqla Zamiqin xx xxx 2020-ci il tarixdə saat 18 radələrində telefonla birlikdə həmin binanın qarşısına gəlməsini səsli ismarıcla bildirmiş və Zamiq də ona eyni qaydada səsli ismarıc göndərərək təyin olunmuş vaxtda həmin ünvanda olacağına söz vermişdir. xx xxx 2020-ci il tarixdə saat təxminən 16 radələrində şəxsi işi ilə bağlı Binəqədi rayonu, Sulutəpə qəsəbəsinə getmiş, oradan çıxıb pivə zavodunun qarşısına gələrək əvvəl Nərimanov rayonuna, sonra isə Zamiq adlı şəxslə görüşmək üçün getmək məqsədilə taksi saxlatdırmaq qərarına gəlmişdir. Pivə zavodunun qarşısına çıxarkən dayanacaqda təsadüfən 10 il əvvəldən İlqar adı ilə tanıdığı dostu ilə qarşılaşmışdır. Onunla görüşərək hara getdiyini, nə işlə məşğul olduğunu soruşmuş və İlqar şəxsi işi ilə bağlı şəhərə getmək istədiyini bildirmişdir. Taksi ilə şəhərə getmək niyyətində olduğunu dedikdə İlqar onu da şəhərin bir yerində düşürməsini xahiş etmişdir. O, isə İlqara əvvəl Nərimanov rayonu, sonra isə Yasamal rayonunda şəxsi işləri ilə bağlı görüşlərinin olduğunu deyib, vaxtı olduğu halda onunla gedə biləcəyini təklif etmişdir. İlqar hələlik bir-iki saat vaxtının olduğunu və onunla gedə biləcəyini bildirdikdən sonra o, yoldan keçən “Wolkswagen Polo” markalı taksi avtomobilinə əl ilə işarə edib saxlatmış və sonradan adının Rəhman olduğunu bildiyi tanımadığı sürücüyə onları Nərimanov rayonuna, oradan da Yasamal rayonu “Statistika” dairəsinə aparmağı, orada müəyyən vaxt gözlədiyi halda 20 manat, gözləmədiyi halda 15 manat verə biləcəyini bildirmişdir. Taksi sürücüsü onunla razılaşdıqdan sonra taksiyə əyləşmələrinə işarə etmişdir. Həmin vaxt taksidə qabaq oturacaqda bir nəfər orta yaşlı kişi müştərinin oturduğuna görə onlar hər ikisi taksidə arxa oturacaqda oturmuş və Bakı şəhərinə doğru hərəkət etmişlər. Qabaq oturacaqda oturmuş müştəri Bakı şəhəri, “Şamaxinka” adlanan ərazidəki “Alov” zavodunun qarşısında düşdükdən sonra o, arxa oturacaqdan düşərək qabaq sağ oturacaqda oturmuş və Nərimanov rayonu, “Şəki” restoranının yanına getmişlər. Orada bir neçə dəqiqəlik müddətdə şəxsi işləri ilə məşğul olub yenidən taksiyə qayıtmış və Rəhman adlı sürücüdən onları Yasamal rayonu “Statistika”dairəsinə aparmasını xahiş etmişdir. Rəhman adlı sürücü onları dediyi ünvana aparmış və orada sürücüyə yaxınlıqdakı B.Bağırova küçəsi 15 ünvanında yerləşən “Məryam Plaza”nın qarşısına sürməsini, orada bir nəfərlə şəxsi görüşünün olduğunu bildirib 5-10 dəqiqə gözləmələrini xahiş etmişdir. Razılaşma əsasında saat 18 radələrində Zamiqlə “Məryam Plaza”nın qarşısında görüşmüşlər. Həmin vaxt o, Zamiqdən özü ilə gətirdiyi “İpone XS-Max” markalı mobil telefonu qutusu və bütün aksesuarları ilə birlikdə alıb baxmış və telefonun texniki vəziyyəti ilə maraqlanmış, ekran kilidi və digər şəxsi kodlarını soruşub öyrənmiş və onun öz yanında dediyi kodlardan istifadə edib telefonun hər bir funksiyası ilə tanış olmuşdur. Bunu həm də ona görə etmişdir ki, sonradan həmin telefonu başqasına satarkən şəxsi əmlakı, yaxud doğmalarına aid olduğunu deyib alıcıya satarkən gizli kodlarını bilmiş olsun və onlardan anında istifadə edib telefonu aça, istifadə edə bilsin. Bütün bunları biləndən sonra mobil telefonu və 1 ədəd qulaqcıq, 1 ədəd üzlük, 1 ədəd cərəyan qidalayıcısı, 1 ədəd USB-ni telefonun qutusu ilə birlikdə Zamiqdən alaraq qarşısında dayandıqları “Məryam Plaza”nı göstərib guya telefon almaq istədiyi yaxınının həmin ofisdə işlədiyini və obyektə daxil olub telefonu ona göstərdikdən və onun bəyənməsindən sonra 1340 manat pulunu verəcəyini demişdir. Bundan sonra “Məryam Plaza”nın giriş-çıxış qapısına doğru getmiş, Zamiqə isə sol tərəfdən qapını onun üçün açacağı və onun içəri daxil olaraq yaxını ilə görüşüb sonuncunun yanında pulunu verəcəyini bildirmişdir. Zamiq onun dediklərinə inanıb göstərdiyi qapıya doğru hərəkət etmiş, o, isə “Məryam Plaza”nın girişinə deyil, yan tərəfinə gedərək oradan aşağı enib taksiyə yaxınlaşdıqda Zamiq onu görmüşdür. Aldadıldığını anlayan Zamiq onun arxasınca gəldikdə onu gözləyən, lakin əməllərindən xəbərsiz olan Rəhman adlı sürücünün idarə etdiyi taksi avtomobilinə minərək oradan uzaqlaşmışdır. Taksi sürücüsü və dostu İlqar da onun həmin telefonu ələ keçirdiyini bilməmiş və İlqar telefonu onda gördükdə bir nəfər şəxsdən onu aldığını və üstünə 5-10 manat əlavə edib satacağını demişdir. Taksidə hərəkət edərkən təxminən bir ay əvvəldən telefon alqı-satqısı ilə məşğul olan, Nəsimi rayonu 3-cü mikrorayon dairəsində kiçik dükanı olan Fərid adlı şəxsə zəng edərək onda “İphone XS-Max” markalı mobil telefon olduğunu və həmin telefonu satmaq istədiyini demiş və olduğu ünvanı soruşmuşdur. Fərid “Papanin” körpüsü yaxınlığındakı məhəllədə olduğunu dedikdən sonra taksi sürücüsündən onu “Papanin” körpüsünün yanına aparmasını xahiş etmişdir. Taksi sürücüsü “Statistika” dairəsindən Tbilisi prospektinə düşərək “20 yanvar” dairəsinə doğru hərəkət etməyə başlamış və Tbilisi prospekti ilə hərəkət edib “Avropa” otelinə doğru gedəndə arxadan qırmızı rəngli “Ford” markalı, qeydiyyat nişanını xatırlamadığı taksi avtomobilinin sürücüsünün işıqlarını yandırıb-söndürməklə onların olduğu taksini saxlamasına işarə verdiyini gördükdə Zamiq adlı telefon sahibinin onu təqib etdiyini başa düşmüşdür. Hətta, özünün olduğu taksi avtomobilinin sürücüsü bu işarəni görüb arxadakı avtomobilin işarəni onlara veribvermədiyini soruşduqda qırmızı rəngli “Ford” markalı avtomobildəki sərnişinin onun dostu olmasını və ona əhəmiyyət verməməsini deyərək hərəkətini davam etməsini bildirmişdir. Bundan sonra onlar “Avropa” otelinin qarşı tərəfindəki işıqfora çatdıqda arxadan gələn həmin taksi avtomobilinin bir daha işıqlarını yandırıb-söndürdüyünü, hətta Zamiqin taksidən düşüb onun olduğu taksiyə tərəf gəlmək istədiyini görmüşdür. Bu dəfə də onun olduğu taksinin sürücüsü arxadan təqib edən taksinin onlara saxla işarəsi verdiyini dedikdə sürücünü inandırmaq üçün “bir nəfər dostuna borcu olduğunu və taksidəki həmin dostunun ondan borcunu almaq üçün arxasınca gəldiyini” deyərək hərəkəti davam etdirməsini xahiş etmişdir. İşıqforun yaşıl işığı yandıqdan sonra o, taksi sürücüsünə Həsən Əliyev prospektinə dönərək oradan da “Papanin” körpüsünün yerləşdiyi ünvana sürməsini bildirmiş və Rəhman adlı sürücü onun dediyi istiqamətdə hərəkət etmişdir. Arxaya baxıb Zamiqin artıq onun olduğu taksini itirdiyini başa düşərək körpünün altında bir kənarda sürücü ilə İlqarın onu gözləməsini xahiş edib taksidən düşmüş və orada “KİA Optimo” markalı avtomobili ilə onu gözləyən Fərid adlı şəxsə yaxınlaşmışdır. Özü ilə apardığı “İphone XS-Max” markalı mobil telefonu Fəridə göstərərək telefonun qardaşına məxsus olduğunu, pula ehtiyacları olduğu üçün satmaq istədiklərini demişdir. Zamiqdən telefona aid bütün lazımi bilgi və kodları soruşduğundan telefonun ekran kilidini və digər şəxsi kodlarını açıb telefonun texniki vəziyyəti ilə Fəridi tanış etmiş və 1000 manata satmaq istədiyini demiş, Fərid isə bu qiyməti verə bilməyəcəyini, yalnız yaxınlıqdakı dükanına gedib orada telefonla ətraflı tanış olduqdan sonra 800 manat verə biləcəyini bildirmişdir. Bundan sonra o, kənarda gözləyən taksiyə yaxınlaşaraq sürücüyə 20 manat pul verib yola salmış və İlqardan onunla 3-cü mikrorayon dairəsinə getməsini xahiş etmişdir. İlqar taksidən düşdükdən sonra birlikdə Fəridə məxsus avtomobilə minərək Nəsimi rayonu, 3cü mikrorayon dairəsi yaxınlığındakı dükana getmişlər və orada Fərid maşından düşüb pul gətirmək üçün getdikdə İlqar onları gözləməyə vaxtının olmadığını deyərək maşından düşüb getmiş, o isə bir neçə dəqiqə də Fəridin gəlməsini gözləmiş, lakin Fəridin təklif etdiyi qiymətin onu qane etmədiyini düşünərək Fəridin gəlişini gözləmədən maşından düşüb oradan uzaqlaşmışdır. Telefonun üzərində olan mobil nömrəni çıxarıb sındırıb atmaqla 3-cü mikrorayon dairəsində yoldan keçən tanımadığı şəxslərə 1.000 manata təklif etsə də həmin qiymətə telefonu alan müştəri tapmamış, yalnız “3-ün dairəsi” adlanan ərazidə yoldan keçən bir nəfər tanımadığı 30-35 yaşında kişi telefona 800 manat təklif etdikdə razılaşıb telefonun özünə aid olmasını, pula ehtiyacının olduğunu deməklə, Fəridin yanına bir də qayıtmaq istəmədiyi üçün həmin qiymətə tanımadığı müştəriyə satmış və əldə etdiyi pulları özünün şəxsi məsrəflərinə xərcləmişdir. Sonradan Zamiqin özü və polis tərəfindən zəng edilib axtarılacağını bilərək istifadə etdiyi mobil nömrəsini də sındırıb atmışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, İlqarın, Rəhman adlı taksi sürücüsünün və Fəridin onun törətdiyi cinayət barədə məlumatları olmamışdır. Bundan başqa o, qeyd etmişdir ki, mobil telefonun satışından əldə etdiyi pulu şəxsi məsrəflərinə xərclədiyindən Zərərçəkmiş şəxs vurmuş olduğu maddi ziyanı ödəməmiş, hadisədən sonra tutulduğundan hazırda ödəmək iqtidarında deyildir, gələcək günlərdə isə ziyanı ödəyib-ödəməyəcəyini bilmir, çünki bu barədə düşünməmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı gedişatında, eləcə də son sözündə əməlindən peşmançılığını ifadə etməmiş və dövlət ittihamçısı tərəfindən təklif edilmiş cəzaya münasibət bildirməkdən imtina etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2020-ci ilin yanvar ayında valideynləri tərəfindən 1700 manata alınaraq ona hədiyyə edilmiş “İphone XS-Max” cold duas modelli mobil telefonunu satmaq istədiyindən xx xxx 2020-ci il tarixdə www.tap.az. sosial ticarət saytında 1340 manata satışına dair elan yerləşdirmiş və istifadəsində olan mobil nömrəsini də əlaqə saxlanılması üçün elanda qeyd etmişdir. xx xxx 2020-ci il tarixdə istifadəsində olan mobil nömrəsinə “Whats app” proqramı vasitəsilə özünü Samir kimi təqdim edən şəxs səsli ismarıc göndərərək satışda yerləşdirilmiş mobil telefonu anası üçün almaq istədiyini bildirməklə telefonun vəziyyəti ilə maraqlanmışdır. Onun ismarıcına cavab olaraq “Whats app” proqramı vasitəsilə səsli ismarıcla, həmçinin yazılı məlumat verdikdən sonra adını Samir kimi təqdim edən şəxs xx xxx 2020-ci il tarixdə saat 18 radələrində onunla Yasamal rayonu, B.Bağırova küçəsi 15 ünvanında yerləşən “Məryam Plaza”nın qarşısında görüşməyi təklif etmiş və məhz həmin yerdə görüşməsinin səbəbini anasının “Məryam Plaza”da işləməsi, telefonu onun bəyənməsindən sonra alacağı ilə izah etmişdir. Özünü Samir adı ilə təqdim etmiş və sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs dəvəti ilə xx xxx 2020-ci il tarixdə saat 18 radələrində qeyd olunan ünvanda onunla görüşmüş və özü ilə apardığı **********29016 İMEİ kodlu “İphone XS-Max” cold markalı mobil telefonu üzərindəki 055 511-32-46 GSM mobil nömrəsi, 1 ədəd qulaqcıq, 1 ədəd elektrik qidalayıcısı (adaptor), 1 ədəd telefon üzlüyü, 1 ədəd USB qurğusu və telefona aid qutu ilə birlikdə baxması üçün Zülfüqara vermişdir. Zülfüqar telefonu qutusu və aksesuarları ilə birlikdə alaraq baxıb ondan lazım olan kilid və kodları, şəxsi qeydləri soruşub telefonun vəziyyətini nəzərdən keçirdikdən sonra “Məryam Plaza” binasının girişinə tərəf gedərək orada anasına göstərəcəyini və arxa tərəfdən qapını açaraq onun da içəri daxil olmasına şərait yaradacağını və anasının bəyənməsindən sonra 1340 manat pulu ona verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs mobil telefonla birlikdə ondan kənarlaşaraq “Məryam Plaza” binasının girişinə deyil, yan tərəfinə getdiyindən ondan şübhələnmiş və getdiyi istiqamətə doğru hərəkət edərkən Zülfüqar ona əhəmiyyət vermədən binanın yan tərəfi ilə düşərək qarşıda dayanmış və sürücüdən başqa içərisində daha bir nəfər tanımadığı oğlanın da olduğu “Wolkswagen Polo” markalı **-UR-*** qeydiyyat nişanlı tünd boz rəngli taksi avtomobilinə əyləşərək oradan uzaqlaşmışdır. Onu təqib etmək üçün dərhal yoldan keçən qırmızı rəngli, qeydiyyat nişanını xatırlamadığı və sürücüsünü tanımadığı “Ford” markalı taksi avtomobilinə əyləşərək Zülfüqarın olduğu “Wolkswagen Polo” markalı **-UR- *** dövlət qeydiyyat nişanlı taksinin arxasınca sürməsini xahiş etmişdir. Zülfüqarın və ikinci bir şəxsin olduğu taksi avtomobilini Tbilisi prospektində təqib etmiş, videogörüntüyə almış, işıqlarla sürücüyə saxla işarəsi verilmişdir. Hətta işıqforda qırmızı işıq yanarkən avtomobildən enib Zülfüqarın əyləşdiyi avtomobilə yaxınlaşmaq istəmiş, lakin sürücü hərəkətini davam etdirərək oradan uzaqlaşmışdır. O, da özünün əyləşdiyi taksi sürücüsündən xahiş etmişdir ki, hərəkətini davam etdirsin. Lakin ona çata bilməmiş və “Avropa” oteli yaxınlığında onun izini itirdiyindən hadisə barədə Yasamal RPİ-nin 27-ci PBnə müraciət etmişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində təqsirləndirilən şəxs tərəfindən göstərilən xüsusata etiraz edərək təkidlə bildirmişdir ki, Zülfüqar ondan mobil telefonu ələ keçirərkən anası üçün alacağını bildirmişdir. Qeyd olunan xüsusatla bağlı o, məhkəməyə Zülfüqarın “Whats app” proqramı vasitəsilə ona göndərdiyi səsli ismarıcı sübut olaraq təqdim etmişdir. Göstərilənlərlə yanaşı Zərərçəkmiş şəxs ifadəsində qeyd olunan cinayət əməli nəticəsində ona ümumilikdə 1347 manat məbləğində maddi ziyan vurulduğunu, buna görə də Təqsirləndirilən şəxs şikayətçi olmaqla həmin pulun ona ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, atası Rəhim Rəfiyevin mülkiyyətində olan **-UR-*** dövlət qeydiyyat nişanlı “Wolkswagen Polo” sedan minik markalı avtomobili baş etibarnamə əsasında idarə edib fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. xx xxx 2020-ci il tarixdə saat 15:30 radələrində taksi fəaliyyəti ilə məşğul olmaq üçün yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsindən çıxaraq Bakı şəhərinə gedərkən, boş getməmək üçün yolboyu 1 manat ödəyən müştərilər götürmək qərarına gəlmişdir. Məhəllədən çıxarkən Qobu sakini olan qonşusu Ədalətlə rastlaşmış və müştəri kimi onun idarə etdiyi avtomobilə minmişdir. Onlar Binəqədi rayonu, Sulutəpə qəsəbəsində pivə zavodunun qarşısına çatarkən dayanacaqda dayanmış şəxslərdən 2 nəfər oğlan onun avtomobilinə yaxınlaşmış və onlardan biri, yəni adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs onları Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Şəki” restoranının yanına aparmağı xahiş etmiş və bildirmişdir ki, ünvanda gözlədiyi halda 20 manat, əks halda 15 manat ödəniş edəcəkdir. Onunla razılaşaraq əvvəllər tanımadığı müştərilərin avtomobilin salonunda oturmalarına razılıq vermiş və yoluna davam etmişdir. Bakı şəhəri, Yasamal rayonu, “Şamaxinka” adlanan yerdə qonşusu Ədalət avtomobildən enmiş və bu vaxt arxa oturacaqda əyləşmiş Təqsirləndirilən şəxs yeri dəyişərək qabaq sağ oturacağa keçmişdir. Sifariş əsasında onları Nərimanov rayonuna aparmış və orada “Şəki” restoranının yaxınlığında Zülfüqar enərək taksidən uzaqlaşmış və bir neçə dəqiqə sonra qayıdıb onları Yasamal rayonu “Statistika” dairəsi adlanan yerə aparmağı xahiş etmişdir. Zülfüqarın sifarişi əsasında onları göstərilən ünvanın yaxınlığındakı “Məryam Plaza” ofis binasının qarşısına aparmışdır. Həmin ünvanda Zülfüqar taksidən enib bir nəfər şəxslə görüşüb pul aldıqdan sonra 5-10 dəqiqəyə geri qayıdacağını demişdir. Bu vaxt o, taksidə arxa oturacaqda oturan oğlanla birlikdə onu gözləmişlər. Zülfüqar təxminən 20-25 dəqiqə sonra əlində “İPHONE” markalı mobil telefonla qayıdaraq yenə qabaq oturacaqda oturmuş və onları “Papanin” adlanan məhəlləyə aparmağı bildirmişdir. Zülfüqar pul götürəcəyini desə də mobil telefonla qayıtmasına baxmayaraq ona bu barədə sual verməmişdir. Avtomobili işə salıb hərəkətə başlamış və olduqları ərazidən Tbilisi prospektinə enmiş oradan “Avropa” oteli və “20 yanvar” dairəsi istiqamətinə hərəkət etmişdir. “Avropa” oteli istiqamətinə doğru hərəkətdə olarkən onun arxasınca gələn qırmızı rəngli “Ford” markalı, qeydiyyat nişanına diqqət yetirmədiyi taksi avtomobilinin sürücüsü tərəfindən işıqların yandırılıb-söndürülməsini görüb Zülfüqardan nə baş verdiyini soruşmuş və Zülfüqar isə işarənin onlara aid olmadığını, əhəmiyyət vermədən hərəkəti davam etdirməyi bildirmişdir. “Avropa” otelini keçib işıqforda dayanaraq yenidən hərəkətə başladığı anda həmin “Ford” markalı qırmızı rəngli avtomobildən bir nəfər oğlanın düşərək onun idarə etdiyi avtomobilə tərəf gəlmək istədiyini, lakin o, artıq hərəkətə başladığından yenidən qayıtdığını gördükdə həmin şəxsin az əvvəl başqasına deyil, ona “saxla” işarəsi verdiyini başa düşüb Zülfüqardan təkrar olaraq nə baş verdiyini soruşmuşdur. Onun təkid etdiyini görən Zülfüqar yaxınlaşmaq istəyən oğlanın onun dostu olduğunu, ona borcu olduğuna görə dostundan qaçdığını və ona görə də əhəmiyət vermədən hərəkəti davam etməyi bildirmişdir. Bundan sonra Zülfüqara inanaraq hərəkəti davam etdirmiş, onun dediyi Həsən Əliyev prospekti ilə “Papanin” adlanan əraziyə gedərək körpünün yanındakı məhəllədə saxlamışdır. Zülfüqar avtomobildən düşüb orada dayanmış bir nəfər oğlanla görüşüb aralarında nəsə söhbət etdikdən sonra yenidən onun idarə etdiyi taksiyə yaxınlaşıb 20 manat gediş haqqı verərək avtomobildə gözləyən ikinci oğlanı çağırıb özü ilə aparmış və az əvvəl söhbət etdiyi oğlana məxsus olan “Kia Optima” markalı **-TT-*** qeydiyyat nişanlı, qara rəngli avtomobilə minərək oradan uzaqlaşmışlar. Aradan təxminən bir saat keçdikdən sonra onun mobil nömrəsinə Yasamal RPİ-nin 27-ci PB-dən zəng daxil olmuş və o, polis bölməsinə dəvət edilmişdir. Polis bölməsində olarkən ona məlum olmuşdur ki, onun taksi xidmətindən müştəri olaraq istifadə etmiş Zülfüqar Yasamal rayonu, B.Bağırova küçəsi 15 ünvanında yerləşən “Məryam Plaza”nın qarşısında adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs “İphone” markalı mobil telefonunu alaraq pulunu vermədən ələ keçirib taksi kimi orada gözlətdiyi ona məxsus avtomobilə minməklə uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Mehti oğlu ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri “Şamaxinka” adlanan əraziyə getmək üçün yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsindən yola çıxaraq 1 manatlıq yol maşını gözləyərkən üzdən tanıdığı Qobu sakini qonşusu Rəhmana məxsus **-UR-*** dövlət qeydiyyat nişanlı “Wolkswagen Polo” sedan minik markalı taksi avtomobilinin gəldiyini görüb saxlatmış və həmin taksidə qabaq oturacaqda oturmaqla Bakı şəhərinə doğru hərəkətə başlamışlar. Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, “Pivəzavodun qarşısı” deyilən ərazidə Rəhman əlavə müştəri götürmək üçün yol kənarında dayananlara işarə edərkən tanımadığı 2 nəfər oğlan taksiyə yaxınlaşmış və onlardan biri onları Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Şəki” restoranının yanına aparmağı xahiş etmiş və bildirmişdir ki, ünvanda gözlədiyi halda 20 manat, əks halda 15 manat ödəniş edəcəkdir. Danışıqları aparan şəxsin üzünə baxdığından həmin şəxsin hazırda Təqsirləndirilən şəxs olmasını əminliklə qeyd edə bilər. Rəhmanın razılığı ilə Zülfüqar və onun yanındakı oğlan taksiyə oturduqdan sonra onlar Bakıya yola düşmüşlər. O, Bakı şəhəri, “Şamaxinka” adlanan ərazidə “Alov” zavodun qarşısında 1 manat pul ödəyib enmiş, bu vaxt Zülfüqar qabaq oturacağa keçmiş və onlar yoluna davam etmişlər. Daha sonra nə baş verməsi barədə məlumatı olmamışdır. Şahid2 Mehti oğlu verilmiş suallar əsasında əlavə olaraq bildirmişdir ki, ümumi yaranmış şəraitdən taksi sürücüsü Rəhmanın onun idarə etdiyi avtomobilə müştəri kimi əyləşən Zülfüqar və onun dostunu tanımadığını müşahidə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 4 il müddətdir Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən 10- 12 kv.m sahəni icarəyə götürüb mobil telefonların alqı-satqısı ilə məşğul olur. Əvvəllər üzdən tanıdığı və özünü ona Ziko kimi təqdim edən, sonradan istintaq zamanı adı ona məlum olan Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin aprel ayından onun işlədiyi dükana gələrək 40 manat dəyərində “Mikromax” markalı mobil telefon almışdır. Söhbət zamanı özünü “tap.az” sosial ticarət saytı vasitəsilə mobil telefon alveri edən şəxs kimi tanıdaraq sərfəli telefon olduğu halda ona təklif edə biləcəyini demişdir. Həmin söhbətdən təxminən bir ay sonra, yəni xx xxx 2020-ci il tarixdə saat 18:00 radələrində Zülfüqar ona zəng edərək onda “İphone” markalı mobil telefonun olduğunu deyib olduğu yeri soruşmuş və o, həmin vaxt iş yerində olmadığını, “Papanin” adlanan körpünün yaxınlığındakı ərazidə olduğunu deyərək həmin ünvanda görüş təyin etmişdir. Bir neçə dəqiqə sonra Zülfüqar həmin ünvana gələrək ona “İphone XS-Max” markalı mobil telefonu göstərib qardaşına aid olduğunu və pula ehtiyacı olduğundan satmaq istədiyini bildirmiş, 1000 manata almağı ona təklif etmişdir. Zülfüqar telefona aid bütün bilgi və kodları açaraq ona göstərsə də o, dükana gedib orada telefona baxdıqdan sonra yalnız 800 manat pul verə biləcəyini demişdir. Bundan sonra Zülfüqar yaxınlıqdakı “Wolkswagen Polo” markalı taksi avtomobilinə yaxınlaşaraq sürücüyə pul verib yola salmış və taksidən düşən bir nəfər oğlanla onun yanına gəlmişdir. Onun təklifi ilə həmin şəxslər özünün idarə etdiyi “Kia- Optimo” markalı avtomobilinə əyləşərək birlikdə yaxınlıqda yerləşən dükana getmişlər. O, Zülfüqara təklif etdiyi pulu gətirmək üçün maşından düşərək dükana getmiş, həmin şəxslər isə onu maşında gözləmişlər. Lakin bir neçə dəqiqə sonra geri qayıdıb maşına yaxınlaşdıqda onların getdiyinin şahidi olmuş və onun təklif etdiyi qiymətin Zülfüqarı qane etmədiyini düşünərək ona zəng etməmiş və getməsinin səbəbini soruşmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinin törədilməsində təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə və istintaq hərəkətlərinin protokolları, iş materiallarına əlavə edilmiş DVD diskdə olan videogörüntü və səsyazısı, o cümlədən aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarından, o cümlədən xx xxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolun məzmunundan və ona əlavə edilmiş foto-cədvəldən müəyyən edilir ki, hadisə yeri ünvan 4 saylı ünvandır və həmin ünvandan sağ tərəfdə “Məryam Plaza” yerləşir. İş materiallarında olan və maddi sübut kimi tanınmış DVD disk məhkəmə iclasında nümayiş etdirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ona məxsus “İphone XS- Max” cold markalı mobil telefon Təqsirləndirilən şəxs tərəfindən ələ keçirildikdən bilavasitə sonra onun əyləşdiyi taksi kimi fəaliyyət göstərən “Wolkswagen Polo” markalı **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobili təqib etmişdir. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, avtomobillər arasındakı məsafə təxminən 8-10 metr intervalında olmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokol və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs ona tanınmaya təqdim edilmiş dörd nəfər şəxsin arasından Təqsirləndirilən şəxs göstərərək sonuncunun xx xxx 2020-ci il tarixdə ona məxsus mobil telefonunu açıq şəkildə ələ keçirməklə soyğunçuluq cinayət əməlini törətmiş şəxs olduğunu təsdiq etmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokol və fotocədvəldən görünür ki, Şahid1 ona tanınmaya təqdim edilmiş dörd nəfər şəxsin sırasından Təqsirləndirilən şəxs göstərərək sonuncunun xx xxx 2020-ci il tarixdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində taksiyə müştəri qismində əyləşərək Nərimanov və Yasamal rayonları ərazilərindəki ünvanlara gedən, Yasamal rayonu, B.Bağırova küçəsi 15 ünvanındakı “Məryam Plaza” binasının qarşısında bir nəfərlə görüşüb qayıdacağını deməklə taksidən düşüb 15-20 dəqiqə sonra “İphone” markalı mobil telefonla qayıdaraq taksiyə təkrar əyləşməklə “Papanin” körpüsünün yerləşdiyi ünvana gedib başqa bir nəfərlə görüşən şəxs olduğunu təsdiq etmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş CD diskdə olan “Whats app” proqramı vasitəsilə göndərilmiş səsyazısı məhkəmə iclasında texniki vasitələrdən istifadə edilməklə səsləndirildikdə müəyyən edildi ki, Təqsirləndirilən şəxs onu hadisə yeri olan “Məryam Plaza” binasının qarşısına görüşə dəvət edib ona məxsus mobil telefonu anasına almaq istədiyini bildirmişdir. Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun özgənin əmlakını açıq talamaqla soyğunçuluq əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələr və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli Qərarının 5-ci bəndində göstərilmişdir ki, oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları halları nəzərə alır: İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(006)- 1267/2020 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla barəsində 3 ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri təyin edilmişdir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və istintaq orqanı tərəfindən onun inzibati həbsdə olması nəzərə alınaraq barəsində hər hansı bir qətimkan tədbiri seçilməmişdir. Bundan başqa iş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin icraatında olan 1(012)-81/2020 nömrəli cinayət işi üzrə o, məhkəmə istintaqından yayındığı üçün barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və xx xxxxxxxx 2020-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 1(012)-81/2020 nömrəli hökmündən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə və 4000 manat cərimə cəzası təyin edilmişdir. Hökmlə onun cəzaçəkmə müddətinin xx xxxxxxxx 2020-ci il tarixdən hesablanması və hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göstərilənlərə əsasən hazırki cinayət işi üzrə Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 1(004)-259/2020 nömrəli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə onun Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 1(012)-81/2020 nömrəli hökmünə əsasən həbsdə saxlanılması nəzərə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair tələbnamələrdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ilk dəfə olaraq Nəsimi rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 178.2.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 1(103)-26/2015 nömrəli qərarı ilə Nəsimi Rayon Məhkəməsinin qeyd olunan hökmü dəyişdirilərək CM-nin 178.2.1-ci maddəsi ilə təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası 4000 (dörd min) manat cərimə cəzası ilə əvəz edilmiş və CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza 234.1-ci maddəyə görə təyin edilmiş cəzaya tamamilə toplanılmaqla onun üzərində qəti olaraq 4000 manat cərimə cəzası və 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, o cümlədən CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra olunması qərara alınmışdır. Təqsirləndirilən şəxs xx xxxxxx 2015-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasından cəzasının sonu ilə azad olunmuşdur. Lakin iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 178.2.1-ci maddəsi ilə ona təyin edilmiş cərimə cəzası hal-hazıradək icra edilməmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 1(012)-81/2020 nömrəli hökmündən müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu üzrə çəkilməmiş qalan 4000 manat cərimə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına birləşdirilmiş və CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icraya yönəldilməsi hökm edilmişdir. Hökmlə həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs ilkin məhkumluğu üzrə azadlıqdan məhrum etmə növündə cəzasını çəkib qurtarmasından 2 ildən artıq müddət keçdiyindən o, məhkumluğu olmayan şəxs hesab edilmişdir. Məhkəmə qeyd edir ki, xx xxxxxx 2015-ci il tarixdə Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad edilmişdir. Yəni hökmün azadlıqdan məhrum etmə cəzası hissəsi artıq icra edilmişdir. Belə olduğu təqdirdə CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğun ödənilməsi şərtləri müəyyən edilmişdir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Beləliklə hazırda qüvvədə olan CM-nin 83-cü maddəsinə əsasən məhkumluq həm cinayətlərin təsnifatına görə, həm də cəzaların növünə görə müəyyən edilir. Nəsimi Rayon Məhkəməsinin qeyd edilən hökmündə təqsirləndirilən şəxs az ağır cinayətə görə azadlıqdan məhrum etmə cəzasına və cərimə cəzasına məhkum edilmişdir. Həmin cəzalar isə müstəqil icra edilməlidir. Belə olan halda cəzalar müstəqil icra edildiyi üçün, həmin cəzalara görə məhkumluğun ödənilməsi müddəti də müstəqil hesablanmalıdır. Bundan başqa, hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə təyin edilən cərimə cəzası üzrə məhkumluq, yəni daha doğrusu həmin cəza təyin edilmiş cinayətə görə məhkumluq (CM-nin 18.4.4-cü maddəsinin dəqiq mənasına görə), residiv müəyyən edilərkən nəzərə alınmır. Bu cür halda məhz cəzaya görə yox, cinayətə görə məhkumluq əhəmiyyət kəsb edir və residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Hazırki halda isə Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə təyin edilən azadlıqdan məhrum etmə cəzası artıq icra edilib, müstəqil icra edilməli olan cərimə cəzası isə CM-nin 67.1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına birləşdirilmişdir. Dolayısı ilə hazırda Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə icrasız qalan cəza yoxdur. Bu səbəbdən də azadlıqdan məhrum etmə cəzasına münasibətdə, həmin cəza icra edilib qurtardığı vaxtdan, həmin cəzaya görə məhkumluğun ödənilməsi müddətinin axımı başlayır və hazırda qüvvədə olan CM-nin müddəalarına əsasən 2 il keçdikdən sonra, yəni xx xxxxxx 2017-ci ildən sonra məhkumluq ödənilmiş hesab edilir. Bu səbəbdən Nəsimi Rayon Məhkəməsinin qeyd edilən hökmünün azadlıqdan məhrum etmə cəzasının yaratdığı məhkumluq bitmişdir, hazırda nəzərə alına bilməz. Odur ki, yuxarıda göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməlidir. Beləliklə məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 59 və 61-ci maddələri ilə nəzərdə tutulan cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığı müəyyən edilmişdir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, cinayətin xarakterini və törədilmə üsulunu, əməlin ictimai təhlükəliliyini, onun şəxsiyyətini xarakterizə edən halları, yəni onun talama əməlinə görə inzibati və cinayət məsuliyyətinə cəlb edilməsini şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 1(012)-81/2020 nömrəli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə və 4000 manat cərimə cəzası hazırki hökmlə ona təyin edilmiş cəzaya qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cərimə cəzası müstəqil icra edilməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd videogörüntünün olduğu DVD disk və 1 ədəd səsyazısının olduğu CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X2 məhkəməyədək icraat zamanı iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat, Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 (altımış) saata görə 360 (üç yüz altımış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə baxışı gedişatında Zərərçəkmiş şəxs tərəfindən ona dəymiş ziyanın Təqsirləndirilən şəxs şifahi qaydada tələb edilməsinə baxmayaraq məhkəməyə hər hansı bir yazılı mülki iddia ərizəsi daxil olmamışdır. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-81/2020 nömrəli xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 4000 manat cərimə cəzası hazırki hökmlə ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 4000 manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası müstəqil icra olunsun. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd videogörüntünün olduğu DVD disk və 1 ədəd səsyazısının olduğu CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X2 məhkəməyədək icraat zamanı iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat, Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 (altımış) saata görə 360 (üç yüz altımış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma qərarın surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(004)-36/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-36/2021
19.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver