Məhkəmə qərarları › İş №1(004)-36/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-36/2024

25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-36/2024 25.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun, Məhkəmə iclasının katibi: X6, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X4, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: X2 və onun müdafiəçiləri Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs: 06 avqust 1992-ci il tarixdə İsmayıllı rayonunun Topçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X7 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X2 onun haqqında qəsdən böhtan və təhqir dolu məlumatlar paylaşdığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, ona həmin maddələrdə nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, 17 iyul 2023-cü il tarixdə saat 23 radələrində tik-tok sosial şəbəkəsindən istifadə edərkən X9 tərəfindən barəsində şərəf və ləyaqətini ləkəyən böhtan xarakterli məlumatlar yayıldığını görmüşdür. Musayeva Aynurə əvvəllər həyat yoldaşı Şahid ilə ailə münasibətində olmuş və ailəllərinə olan dərin nifrəti zəminində ona göndərdiyi mesajda həyat yoldaşı Elvinin məhkəməyə getməyəcəyi təqdirdə övladları üçün hər şeyin pis olacağı ilə hədələyərək, onlardan pul tələb etmişdir. 27 iyul 2023-cü il tarixdə saat 19 radələrində yazdığı növbəti mesajda isə həyat yoldaşının məhkəməyə getməyəcəyi və ona pul ödəməyəcəyi təqdirdə onun və ailəsinin şəkillərini yaymaqla onları biabr edəcəyini söyləmiş və daha sonra 29 iyul tarixdə tik-tok sosial şəbəkəsində “səmədlilərailəsi” adı ilə hesab açaraq həmin hesabdan onun, həyat yoldaşı Şahid və qız övladlarının şəkillərini yayımlayaraq ailəsinin şərəf və ləyaqətinə xələl gətirəcək nalayiq ifadələr yazmışdır. Həmin şəkillərin üzərində “ailəlikcə tərbiyəsizlik, ailəmizin bütün üzvlərinin zibillikdə yaşaması və maddi vardıma ehtiyacı olması” kimi həqiqətə uyğun olmayan cümlələrdən istifadə etmişdir. Yayımlanan şəkillər və onların üzərindəki yazılar şikayət ərizəsinə əlavə olunmuşdur. Göründüyü kimi X5 bu cür qanunsuz hərəkətləri ilə onun icazəsi olmadan onun və ailəsinin şəkillərini tik-tok sosial şəbəkəsində yaymaqla və onların üzərində “ailəlikcə tərbiyəsizlik, anam, mən övladım, ərim, qayınanam, qayınım zibillikdə qalırıq, bizə kömək edin biz də varlı olaq, daha pula çıxmıyaq” kimi ailəsinin şərəf və ləyaqətini ləkələyən ifadələr yazmaqla ailəsi barəsində mənfi rəy yaratmağa çalışmış və ailə üzvləri arasında psixi sarsıntıya səbəb olmuşdur. Ona dəymiş zərəri qiymətləndirmək çətin olsa da, onun çəkdiyi istirabların əvəzi kimi X2 ona 15.000 manat pul ödəməsini tələb edir. Şərəf və ləyaqəti ləkələyən böhtan xarakterli yazılara görə Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq onun haqqında ciddi tədbirlər görülməsini tələb edir. Göstərilənləri nəzərə alaraq X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə və mənəvi zərərin haqqı kimi X1 15000 manat pulun tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X7 bildirmişdir ki, o X5 ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. O, xüsusi ittiham qaydasında şikayəti geri götürür və iş üzrə icraata xitam verilməsini xahiş edir və bu barədə müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X5 iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 müdafiəçisi Müdafiəçi bildirmişdir ki, artıq X5 və X7 arasında barışıq olmuşdur, X7 verdiyi xüsusi ittiham qaydasında şikayəti geri götürür və iş üzrə icraata xitam verilməsini xahiş edir. Buna görə də həm tərəflər arasında barışıq olduğundan, xüsusi ittihamçı şikayətindən imtina etdiyinə görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X2 digər müdafiəçisi X10 və X4 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclası barədə məlumatlandırılsa da, məhkəmə iclasına üzrlü səbəb gəlməmiş, məhkəmə iclasına gəlməməyin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, bu səbəblərin həqiqətən üzürlü olmasını təsdiq edən sübutları məhkəməyə göndərməmişdir. Həmin xüsusi ittiham qaydasında şikayət üzrə Yasamal Rayon Məhkəməsinin 1(004)-451/2023 saylı, 27 sentyabr 2023-ci il tarixli qərarı ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət məhkəmənin icraatına qəbul edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə), həmçinin CPM-nin 39.1.9. zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə, 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 311.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin iştirakı olmadan məhkəmə baxışına yalnız aşağıdakı müstəsna hallarda yol verilir: 311.2.1. Azərbaycan Respublikasının hüdudlarından kənarda olan təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən qəsdən boyun qaçırdıqda; 311.2.2. cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmamaq şərtilə böyük ictimai təhlükə törətməyən cinayətdə təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihama məhkəmədə onun iştirakı olmadan baxılması barədə vəsatət qaldırdıqda. 311.3-cü maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan keçirildikdə onun müdafiəçisinin məhkəmə iclasında iştirakı məcburidir. Beləliklə, xüsusi ittihamçı şikayətindən imtina etdiyindən, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxslə barışdığından, işin icraatına xitam verilməsini xahiş etdiyindən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılı olduğundan, bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməli olduğundan, cinayət təqibi xüsusi ittihamçının cinayət təqibindən imtina edənədək həyata keçirilməli olduğundan cinayət təqibinə xitam verilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – X2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X8 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X3 göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhər 17 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam verilsin. X3 göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhər 17 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar