Məhkəmə qərarları › İş №1(004)-360/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-360/2025

06.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-360/2025 06.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X8, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs: X1 iştirakları ilə, xx.xx.1973-cü ildə Çəmbərək rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15 radələrində ünvan 2 ünvanda yerləşən gözəllik salonunun qarşısında küçədə keçmiş arvadı X2 barışmaq və yenidən ailə kimi birlikdə yaşamağı təklif etdikdə sonuncunun cavabında ona barışmayacağını, boşanmaqda fikrinin qəti olduğunu bildirməsi səbəbindən aralarında uzun müddət sürən qərəzli münasibətdən yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı qəsdən Reyhan Həsənovanın sifətinə yumruqla zərbə vuraraq ona sol göz yuvasının alt divarının parçalı çökmə sınığı (Blow-out sınığı), hemosinusla müşahidə edilən sol maksillar sinusun lateral divarında yerdəyişmiş parçalı sınıqları, sol gözün konyuktiva qişası altına qansızma ilə müşayiət olunan sol göz ətrafının şişkinliyi və qançırı kimi xəsarətləri yetirməklə dərəcəsinə görə həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa Az Ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, bu qadın onu 2 dəfə həbs elətdirib. Bir dəfə 10 sutka, bir dəfə 15 sutka. Özü Sədərəkdə usta işləyir. Məhz pul istədiyinə görə onu həbs elətdirib. Hadisə günü belə olub ki, xanım Şəfahət Mehdiyev küçəsində gözəllik salonunda çalışır. O, qadına deyib ki, pulunu götürsün, qaytarsın. Alnına vurdursun ki, “boş başına girmir?, pul zad yoxdu”. Sonra evə gəliblər. Evdə onu görməyib, anasını yıxıb yerə. O, zərərçəkmişi vurmamışdır. Digər şahid qız gəlməyib. Polis – təcili yardım gələn kimi özünü yıxıb yerə. O, veteran adamdır, ali təhsillidir, 26 illik ailə həyatları var. Hazırda zərərçəkmiş şəxslə barışdığını, ondan üzr istədiyini, ona dəymiş ziyanı tam ödədiyi üçün, zərər çəkən şəxsin ondan şikayət və tələbinin olmadığı üçün, bunu nəzərə alaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 26 ildir ki, qarşı tərəfdən şiddət görür. Oğlunu qışda qarda saxlayıb, qızını turba ilə döyüb. Elə uşaqları boşanmağını istəyib. Qızını hazırlaşmağa qoymayıb. Başlayıb qızını döyməyə. Həmin gün anasıgilə gedib. Metroda, avtobusda hamının içində girib onu təhqir edib. Hadisə günü gəl barışaq deyib. Həmişə belə deyib. O, da deyib ki, barışıq olmayacaq. Ona 2 yumruq vurub. Dərhal polisə xəbər verib. Anası isə ayağı büdrəyib yıxılıb. Təqsirləndirilən şəxs isə necə insandırsa, anasına kömək üçün qaçmaq əvəzinə əlində telefonla aşağı düşüb ki, onu çəksin. Çünki düşünür ki, o, anasını yıxmışdır. Bundan əlavə zərər çəkmiş şəxs artıq təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirərək, bunu nəzərə alaraq məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, evdə paltar yuyurdu. Reyhan evə gəlib onu boğazından tutub çırpıb yerə. Sonrda da yalandan özünü çırpıb yerə. Onu heç kim yerdən qaldırmayıb. Bu qadın onu çox incidib. O, hələ onun barəsində çox şeyi demir. Yazığ gəlir. Ailəni niyə dağıdır? Oğlunun arvadını vurmağını görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, tərəflər onun valideynləridir. Atası tərəfindən daim şiddətə məruz qalmışdırlar. Atası ilə əlaqəsi yoxdur, ancaq salam-sağol var. Hər dəfə atası ilə anası dalaşanda onlar pərişan olurdular. Dəfələrlə aralarında mübahisə olmuş, qardaş qaçıb gəlib onları ayırmışdır. Atası neçə dəfə şəxsi əşyaları qırmışdır. Sonra onları döyməyə başlayırdı. Hadisə günü atası onu görəndə, o, qaçıb universitetə girib. Orada mühafizə olduğu üçün içəri girməz deyə fikirləşib. O, anasının tapşırığı ilə xalasının yeznəsinin salonuna getmişdir. Bu vaxt anası zəng edib ki, xəstəxanadadır, ona görə narahat olmasın. O, təkrar-təkrar soruşduqdan sonra deyib ki, onu Elman döyüb, xəstəxanalıq edib. Hadisənin birbaşa şahidi olmasa da, anasının yumruq zərbəsindən gözü şişmişdi. Alnı və ətraf hissələr qızarmışdı. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Elmanı 50 ildir ki, tanıyır. Onun antenalarını düzəltmişdir. Reyhanı tanımır. Küçədən keçəndə onları danışarkən görüb. Qadının saç ustası işlədiyini bilirdi. Elman onunla danışırdı. O, onları sadəcə görüb və küçədən gedib. Başqa bir hadisənin şahidi olmamışdır. Reyhanın yıxıldığını uzaqdan görüb, amma vurulmaqla yıxılmamışdı. Ayağı pilləkənə ilişmişdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, şəsxlər arasında ailə münaqişəsi mövcud olmuş, hadisə çöldə baş vermiş, o, amma içəridə oturmuşdur. Salonda dırnaq ustası işləyir, həmin vaxt müştərisi var idi. Çöldəki söhbətdən xəbəri olmayıb, Reyhan üzünü tutaraq işəri girdi, Elmanın onu vurduğunu dedi. Reyhanın üzü qızarmışdır, burnundan qan gəlirdi. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 255 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən vətəndaş R.İ.Həsənovada sol göz yuvasının alt divarının parçalı çökmə sınığı (Blow-out sınığı), hemosinusla müşahidə edilən sol maksillar sinusun lateral divarında yerdəyişmiş parçalı sınıqları, sol gözün konyuktiva qişası altına qansızına ilə müşayiət olunan sol göz ətrafının şişkinliyi və qançırı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yumruqla yetirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 950 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol almacıq-əng sümüklərinin sınıqları, sol gözün konyuktiva qişası altına qansızma ilə müşayiət olunan sol göz ətrafı nahiyəsinin şişkinliyi və qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs kartotekasında heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 321.2.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə - cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə qərar çıxarır. Hazırkı iş üzrə müəyyən edilir ki, zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışmışdır, zərər çəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs cinayət işinin icraatına xitam verilməsini xahiş edirlər. Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədiyi halda, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar