Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-361/2024 12.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1994-cü il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidən istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısına daxil edilmiş Xeyli miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 1,076 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini alıb, əldə edib, üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 21:00 dəqiqədə ünvan 3 ünvanda Yasamal RPİ-nin 26-cı PBnin əməkdaşları tərəfindən saxlanılaraq, Yasamal RPİ-nin 26-cı PB-ə gətirilmiş və üzərinə axtarış və götürmə aparılan zaman, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofana bükülü halda olan qanunsuz olaraq əldə edib, üstündə saxladığı 1 büküm - 1,076 qram çəkidə qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman aldığı narkotik vasitə olan maddə əslində torpaq olmuşdur, həmin narkotik vasitə olan maddə möhürləyib ekspertizaya aparılmışdır, polis əməkdaşları tərəfindən döyülmüş və ona psixoloji təsir edilmişdir, döyülməyi ilə bağlı istintaq dövründə heç bir dövlət orqanına müraciət etməmiş, 3–4 il olar ki, narkotik vasitə olan heroin istifadə edir, ağır xəstəliyi ilə əlaqədar onkologiyada qeydiyyatda olmuşdur. Özünü o mənada təqsirli hesab edir ki, 10 manat dəyərində narkotik vasitə əldə etmək üçün getmişdir. Lakin hesab edir ki, əldə etdiyi bükümün içərisindəki maddə narkotik vasitə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 13 fevral 2024-cü il tarixdə Sabirabad rayonunda anadan olmuş, həmin ünvanda qeydyyatda olsa da ünvan 6 ünvanında yaşayan xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə Yasamal RPİ 26-cı PB-ə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Onun narkotik vasitəni, psixotrop maddəni əldə edib üzərində saxlaması, gəzdirməsi və onun digər hüquqazidd əməllərini ifşa etmək məqsədilə ətrafında əməliyyat axtarış tədbirləri həyata keçirilməli idi. Bu məqsədlə o və Yasamal RPİ 26-cı PBnin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və 13 fevral 2024-cü il tarixdə saat 19:00-dan saat 21:00-dək olan müddətdə Nurlan Musazadənin ətrafında soraqlaşma əməliyyat əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Həmin gün saat 21:00-da Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 27 ünvanında Nurlan Musazadə tərəflərindən saxlanılmışdır. Belə ki, Nurlan Musazadəyə yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmiş, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və üzərinə baxış keçirilməsi üçün Yasamal RPİ 26-cı PB-ə dəvət etmişlər. Orada xidməti otaqda Nurlan Musazadənin hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş, videoçəkilişdən istifadə edilməklə onun üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl prosessual hərəkətin aparılması zamanı mobil telefon vasitəsilə videoçəkilişin həyata keçirilməsi ilə bağlı iştirakçılar tərəfindən şikayət və ya etiraz daxil olmamışdır. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl şübhəli şəxs Nurlan Musazadə geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra X1 olaraq əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş maddəni çıxarıb təqdim edərək həmin bükülünün içərisində heoin olduğunu, həmin maddəni bu gün saat 17 radələrində “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını və digər anket məlumatlarını bilmədiyi kişi cinsli şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün alaraq sonradan istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürülmə zamanı Nurlan Musazadənin üzərində cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik digər əşya və maddələr aşkar edilməmişdir. Nurlan Musazadənin üzərindən aşkar olunmuş maddə zərfə qoyulmuş, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Aşkar olunmuş maddə qablaşdırılaraq Ədliyyə Nazirliyi MEM-ə göndərilmişdir. Ekspert rəyinə əsasən müəyyən olundu ki, Nurlan Musazadədən aşkar olunmuş 1 ədəd bükümdə təmiz çəkisi 1,076 qram çəkidə narkotik vasitə olan heroindir. Əlavə olaraq qeyd etmişdir ki, Nurlan Musazadənin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat aparatında konkret olaraq hər hansısa bir fakt olmasa da, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, daşınması və saxlanması ilə bağlı məlumatlar tez-tez daxil olurmuş. Suallara cavab olaraq, Şahid1 təqsirləndirilən şəxsin tutulmasının axşam saatlarında olduğunu, ona qarşı fiziki və psixi təsir olmadığını, tutulan zaman təqsirləndirilən şəxsə qarşı zor tətbiq olunmadığını, onlarda Şahid1 barəsində yalnız narkotik vasitələrin istifadəsi və üzərində daşıması ilə bağlı əməliyyat məlumatının olduğunu bildirmişdir. Şahid Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsindən sonra, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadə elan olunmuş və bundan sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, özü heç bir yerdə işləmir, təxminən 4 ilə yaxındır ki, narkotik vasitə istifadə edir. xx.xx.2023-cü il tarixdə Abşeron rayon məhkəməsinin hökmü ilə AR CM-nin 177.2.2 maddələri ilə təqsirli bilinib 10 ay 6 gün müddətinə azadlığını məhdulaşdırılması cəzasına məhkum olunmuşdur.13 fevral 2024-cü il tarixdə saat təxminən 17 radələrində «Kubinka» adlanan ərazidən əvvəllər tanımadığı, şəxsiyyəti barədə dəqiq məlumatı olmayan şəxsdən 10 manata 1 büküm kakos-heroini öz şəxsi istifadəsi üçün almışdır, məqsədi bədənində olan ağrılar yaranacağı təqdirdə istifadə etmək olmuşdur. Axşam saat 21 radələrində ünvan 8 ünvanda olarkən zaman tanımadığı 2 nəfər ona yaxınlaşmış, özlərini Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları kimi təqdim etmişlər və ona sorğu-sual etməyə başlamışlar və ondan Yasamal RPİ-nin 26-cı PB-ə getməyini xahiş etmişlər. Həmin vaxt heroin əynindəki qara rəngli idman şalvarının sağ yan cibində omuşdur. Polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin 26-cı PB-ə gəlmiş və şəxsiyyətini müəyyənləşdirmişlər və həmin vaxtı xidməti otaqların birində üzərinə hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkilişdən istifadə etməklə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları üzərində qeyri qanuni nə varsa çıxarıb təqdim etməyini bildirmişlər. Əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd selofanda olan 1 ədəd bükülü heroini könüllü olaraq çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ondan bu maddənin nə olduğunu soruşduqda 1 bükümün içərsində maddənin heroin olduğunu, narkotik vasitəni Kubinka adlanan ərazidən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar olunmuş heroin hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə zərfə qoyulmuş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğunu imzasıyla təsdiq etmişdir. Aşkar olunmuş heroini isə ekspertizaya göndərmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək içərisində narkotik maddə heroin olduğunu, bu maddəni 2024-cü ilin fevral ayının 13-də saat 17:00 radələrində Bakı şəhəri Nəsimi rayonu, “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini, habelə həmin tarixdə saat 21:00-da Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 27 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirildiyini bildirmişdir. (i.v. 40-41). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 14 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/868 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №170” dairəvi möhür əksi, “şübhəli şəxs : Musazadə N. “yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 1,076 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v.47-49). “Maddi sübut kimi tanınma haqqında” 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs dan götürülmüş ilkin çəkisi 1,076 qram çəkidə narkotik vasitə heroin və 01 ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınmış, həmin heroinin tədqiqatdan sonra 1,026 qram qalığı saxlanılması üçün Yasamal RPİ-nin saxlancına təhvil verilmiş, 01 ədəd disk isə cinayət işinə əlavə edilmişdir (i.v.101). “Maddi sübut kimi tanınma haqqında” 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsini özündə əks etdirən bir ədəd diskin maddi sübut tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.103). Məhkəmə-narkoloji ekspertizasının 22 aprel 2024-cü il tarixli, 2586 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.135-136). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman aldığı narkotik vasitə olan heroinin əslində torpaq olduğunu, polis əməkdaşları tərəfindən döyüldüyünü və ona psixoloji təsir edildiyini bildirsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın ilk günündən sonunadək özünü ona elan edilmiş ittihamda təqsirli bilmiş, ibtidai istintaq zamanı müstəntiq tərəfindən hər hansı zor və fiziki güc tətbiq edilib-edilməməsi ilə bağlı verilmiş suallara cavab olaraq ona istintaq zamanı hər hansı fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs fiziki təsir göstərilməsinin araşdırılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxansına ünvanlanmış sorğuya cavab olaraq Təqsirləndirilən şəxs tibb kitabçası götürülmüş və həmin kitabçada ilk tibbi baxış zamanı Təqsirləndirilən şəxs xəsarət almadığını bildirmiş, zədə və xəsarət aşkar edilməmiş və deməsinə görə metamfetamin və heroin istifadə etdiyini bildirməsi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs ona psixoloji təzyiqlər göstərildiyini bildirsə də, bunu ümumi sözlərlə ifadə edərək ona göstərilən təzyiqlər barədə ətraflı və təfərrüatlı ifadə verə bilməmişdir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması”na dair istintaq hərəkətinin görüntülərini özündə əks etdirən videodiskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərində daşınması qadağan olunmuş qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək içərisində narkotik maddə heroin olduğunu, bu maddəni 2024-cü ilin fevral ayının 13-də saat 17:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini könüllü şəkildə bildirmiş və üzərində olan kustar üsulla hazırlanmış narkotik vasitə qablaşdırılaraq Azərbaycan Respublikası DİN Zərflər üçün №170” dairəvi möhürlənərək ekspertizası üçün göndərilmiş və Məhkəmə kimyəvi ekspertizasının 14 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/868 saylı rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №170” dairəvi möhür əksi, “şübhəli şəxs : Musazadə N. “yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 1,076 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı ilkin verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 02 qram olduqda isə külli miqdar, 800 qram olduqda isə xususilə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 13 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 fevral 2024-cü il tarixdə, saat 21:00-dan tutulmuş hesab edilmişdir (i.v.28). Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 4(004)- 136/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v.82-86). Abşeron Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 1(012)-128/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 08 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı 10 ay 27 gün müddət nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 10 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (i.v.107-115). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 26 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 06 may 2022-ci il tarixdə AR CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş və 05 noyabr 2022-ci il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir (i.v.133-134). Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 11 may 2024-cü il tarixli, 4(004)- 433/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 20 gün müddətinə həbs qətimkan tədbiri uzadılmışdır (i.v.180-182). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 05 iyun 2024-cü il tarixli, 21-1/3-11445-16 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-128/2023 saylı, 31 mart 2023cü il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 10 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Probasiya Şöbəsində qeydiyyata alınmışdır. Məhkum Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçildiyi və qətimkan tədbirinin əvvəli xx.xx.2024-cü il tarixə ona təyin olunmuş cəzanın 08 ay 26 gününü çəkmiş, 01 ay 10 gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinə ünvanlanmış sorğuya 11 iyul 2024-cü il tarixli, 4/341-569 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs onkologiya mərkəzində müraciət etməmiş və qeydiyyatda olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olduğunu (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin 1(012)- 128/2023 saylı, 31 mart 2023-cü il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hal, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət işi üzrə törədilmiş AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli Abşeron Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 1(012)- 128/2023 saylı hökmündən sonra, yəni 13 fevral 2024-cü il tarixdə törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanın ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-128/2023 saylı, 31 mart 2023cü il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə qəti olaraq təyin edilmiş 10 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi AR CM-nin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla AR CMnin 67.1-ci maddəsinə əsasən hazırki hökmklə təyin edilmiş cəzaya birləşdirilməklə ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 1(012)- 128/2023 saylı hökmü ilə təyin olunmuş 10 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 ay 10 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla- 20 gün müddət, hazırkı hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 9 ay 20 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 13 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Yasamal RPİ-nin saxlancına 1,026 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-361/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-361/2024
12.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver