Məhkəmə qərarları › İş №1(004)-362/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-362/2023

14.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-362/2023 14.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili X2 iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu “Sovetski” adlanan ərazidən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd şəffaf sellofana bükülmüş 0,325 qram psixotrop maddə metamfetamini 20 manata əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 18:30 radələrində Yasamal rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Yasamal rayon Polis İdarəsinə gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılan zamanı əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şaffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,325 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, fiziki və psixi cəhətdən sağlamdır, yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirmək istəyir ki, təxminən 2 ilə yaxındır ki, narkotik vasitə istifadə edir, daimi olaraq heç bir yerdə işləmir, iş olanda fəhləçilik edir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Yasamal rayon ərazisində Sovetski adlanan ərazidən üzdən tanıdığı lakin, anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün narkotik vasitə almışdır. xx.xx.2023-cü il tarixdə təxminən 18:30 radələrində ünvan 5 ünvanın yaxınlığında olarkən iki nəfər mülki geyimdə olan şəxslər özlərini polis əməkdaşları kimi təqdim edib narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirib onlarla birlikdə Yasamal RPİ-nin inzibatı binasına getməli olduğunu dedilər. O, onlara heç bir etiraz etmədən Yasamal RPY-yə getmiş, orada xidməti otaqlardan birində polis əməkdaşları onun üzərinə baxış keçirilməsini bildirmişlər və üzərində hər hansı bir gəzdirilməsi və saxlanması qadağan olunmuş əşya və maddənin olub-olmamamasını soruşmuşlar. O, əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofanda olan narkotik vasitəni könüllü olaraq çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşları həmin 01 ədəd şəffaf sellofan bükümdə olan kristal şəkilli metamfetaminə və sonra isə üzərinə baxış keçirmişlər. Üzərindən başqa hər-hansı qeyri qanuni əşya və maddə aşkar edilməmişdir. Ondan aşkar olunmuş narkotik vasitə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və o, həmin protokola imza etmişdir. Göstərilənlərlə bağlı isə orada olan şəxslərin iştirakı ilə müvafiq protokol tərtib edilmişdir. Əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, bel fəqərələrinin vərəmi xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş şahidlərin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə şahidlərin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. CPM-nin 327.1.2, 328, 329.1, 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs mütamadi olaraq qanunsuz narkotik vasitələrin əldə etməsi, saxlanması və qəbulu ilə məşğul olması barədə Yasamal rayon Polis İdarəsinin NMB-nə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 14 mart 2023-cü il tarixdə o, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 18:30-da Bakı şəhəri Yasamal rayonu, Ələsgər Ələkbərov 57 C ünvanının yaxınlığında Ağa- X15 yaxınlaşıb özlərini təqdim etmişlər və onu Bakı şəhər Yasamal rayon Polis İdarəsinə dəvət etmişlər. Həmin vaxtı Ağa-X20 oğlu onlarla razılaşaraq birlikdə Yasamal rayon Polis İdarəsinin inzibati binasına gəlmişlər xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Ağa-X8 üstünə şəxsi axtarış aparılması ona bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Ağa-X15 təklif edilmişdir ki, üstündə hər hansı qeyriqanuni və ya qanuni nə varsa, təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə narkotik vasitəyə oxşar maddəni çıxarab könüllü təqdim edərək, 01 ədəd bükümün içərisindəki maddənin narkotik vasitə metamfetamin olduğunu, həmin narkotik vasitəni 14 mart 2023-cü il tarixdə səhər saatlarında Yasamal rayonu Svetski adlanan yerdən tanımadığı şəxsdən 20 manat pulun müqabilində əldə etdiyini, sonradan istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Ağa-X12 təqdim etdiyi 1 ədəd bükümdə kristalik şəkilli narkotik vasitəyə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, bu barədə tərəflərindən müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Baxış zamanı Ağa-X15 qarşı heç bir təzyiq və təsir olunmamışdır. Onuda qeyd edir ki, Ağa-X12 narkotik vasitə və ya psixtrop maddələrin satışı ilə məşqul olması müəyyən olunmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahidlər Şahid2 ibtidai istintaqa verdikləri ifadələrində Şahid1 ibtidai istintaqa verdiyi ifadəsinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 15 mart 2023-cü il tarixli 6/1578 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim olunmuş üzərində «Azərbaycan Respublikası Daxili İlşər Nazirliyi zərflər üçün № 42» dairəvi möhür əksi olan № Saxlanılan şəxs Təqsirləndirilən şəxs» sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,325 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2023-cü il tarixli, 2062 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahidlərin ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki, həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan X21 ciyər xəstəlikləri institutunun xx.xx.2021-ci il tarixli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktından görünür ki, Təqsirləndirilən şəxs “Bel fəqərələrinin vərəmi spondilitik faza, absesslə fəsadlaşma” diaqnozu qoyulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, əməlini etiraf etməsini, səmimi peşman olmasını, xəstəlikdən əziyyət çəkməsini, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal rayon prokurorunun xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 02 gün həbsdə olmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351- 353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona 01 il 06 ay (bir il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 05 ay 26 gün (bir il beş ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 55 manat (əlli beş manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,275 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili X3 ödənilmək üçün 100 (yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar