Məhkəmə qərarları › İş №1(004)-362/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-362/2024

05.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-362/2024 05.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, 11 avqust 1982-ci il tarixdə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 05 mart 2024-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Kubinka» adlanan yerdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən xeyli miqdarda satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd bükümdə 0,401 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanının qarşısına daşımış, Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitələrin saxlaması və istifadəsində şübhəli olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Yasamal RPİ-nin NMBnin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 05 mart 2024-cü il tarixdə saat 14:10-da ünvan 3 ünvanının qarşısında saxlanılaraq, Yasamal RPİ-nə dəvət edilmiş və həmin gün İdarənin inzibati binasında saat 15:45-dən etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,401 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrin aludəçisidir və bədənində ağrılar olduğu üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qəbul edir. Onu narkotik vasitə istifadə etməyə heç kim məcbur etmir. Belə ki, 05 mart 2024-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Kubinka» adlanan yerdə üzdən tanıdığı, lakin əlaqə nömrəsi və anket məlumatlarını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 10 manat pulun müqabilində 01 büküm psixotrop maddə metamfetamin almış və istifadə etmək üçün həmin vaxtı əynində olan boz rəngli şalvarın sağ yan cibində gizlətmişdir. Həmin gün, yəni 05 mart 2024-cü il tarixdə, saat 14:10-də ünvan 6 ünvanının qarşısında olarkən, iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib narkotik vasitələrin əldə olunması və istifadə edilməsində şübhəli olduğunu izahat edərək onu Yasamal RPİ-nə dəvət etmişlər. O da heç bir etiraz etməyərək polis əməkdaşları ilə Yasamal RPİ-nə yollanmışdır. Yolda olarkən xidməti avtomobildə polis əməkdaşlarından birinin diqqəti onun üzərində olduğu üçün o, üzərində olan psixotrop maddə metamfetamini özündən kənara ata bilməmişdir. Yasamal rayon Polis İdarəsinin inzibati binasında xidməti otaqların birində hüquqlarının müdafiə olunmasından ötrü vəkil dəvət olunaraq ona təqdim edilmişdir. O, həmin vəkilə hüquqlarını müdafiə etməsinə heç bir etirazının olmadığını bildirmişdir. Sonra Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ildə şübhəli şəxs qismində tutularaq, şübhəli şəxs qismində tutma haqqında qərarla tanış edilmişdir. Bundan sonra polis əməkdaşları vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla ona üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü şəkildə təqdim etməyini təklif etmişlər. O, artıq ifşa olunduğunu başa düşərək, əynində olan boz rəngli şalvarın sağ yan cibində saxladığı, 01 ədəd «Nokia» markalı mobil telefonu və şalvarın sol yan cibindən içərisində el arasında «şüşə» deyilən psixotrop maddə metamfetamin olan 01 ədəd şəffaf sellofan bükümü çıxarıb könüllü olaraq masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. O, həmin bükümün özünə məxsus olduğunu, həmin bükümün içərisində «şüşə» kimi tanıdığı psixotrop maddə metamfetamin olmasını, həmin narkotik vasitəni saxlanılmazdan əvvəl, yəni 05 mart 2024-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən «Kubinka» adlanan yerdə tanımadığı şəxsdən özü istifadə etmək üçün 10 manat pulun müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Onun təqdim etdiyi içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Həmçinin ona məxsus bir ədəd «Nokia» markalı mobil telefon sübut əhəmiyyətinə malik olduğundan ağ kağız zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib edilərək iştirakçılar və onun tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkilli Şahid1 ifadəsində bildirmişdir ki, 05 mart 2024-cü il tarixdə Yasamal RPİ-nə xx.xx.1982-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin saxlaması və istifadəsində şübhəli olması barədə daxil olmuş məlumat barədə Yasamal RPİ-nin rəhbərliyinə məruzə olunduqdan sonra Yasamal RPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və onun iştirakından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05 mart 2024- cü il tarixdə, saat 14:10-da ünvan 8 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələri saxlaması və istifadəsində şübhəli bilindiyini izah edib Yasamal RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyib, onlarla birlikdə Polis İdarəsinə yollanmışdır. Polis İdarəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs vəkil təqdim olunduqda sonuncu vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra vəkilin iştirakı ilə videoçəkiliş həyata keçirilməklə hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd düyməli «Nokia» markalı mobil telefonu və şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümün içərisində «şüşə» kimi tanıdığı psixotrop maddə metamfetamin olmasını, həmin psixotrop maddəni saxlanılmazdan əvvəl, yəni 05 mart 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Kubinka» deyilən ərazidən üzdən tanıdığı şəxsdən 10 manat pul müqabilində əldə etməklə özü qəbul etməsi üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan 01 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd «Nokia» markalı mobil telefonu sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılmasına dair protokol tərtib edilərək şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş NMB-nin kiçik əməliyyat müvəkilli Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 05 mart 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edildikdən sonra üzərində hər hansı bir qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd “Nokia” markalı mobil telefon, sol yan cibindən isə şəffaf sellofan büküm içərisində ağ rəngli kristal şəkilli çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin nədən ibarət olduğunu soruşduqda, o, həmin kütlə psixotrop maddənin metamfetamin olduğunu, həmin psixotrop maddənin kimdən əldən aldığını soruşduqda isə o, həmin psixotrop maddəni Kubinka adlanan ərazidən üzdən tanıdığı şəxsdən 10 manat pul ödəyərək əldə etdiyini bildirmişdir ( i.v. 33- 34). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 06 mart 2024-cü il tarixli, 6/1341 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 42 dairəvi möhür əksi olan, “Şübhəli şəxs “imza” Təqsirləndirilən şəxs” və digər ad, soyad, imzalar qeyd edilmiş zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,401 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir (i.v. 43-46). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12 mart 2024-cü il tarixli, 1660 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür ( i.v. 92-93). “Maddi sübut kimi tanıma haqqında” 04 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə 0,401 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq çəki 0,351 qram metamfetamin saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməsi qərara alınmışdır (i.v.132-133). “Sübutların qiymətləndirilməsi haqqında” 06 may 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs öz təqsirini etiraf etməsi bütün sübutlar məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilmiş, cinayət işi üzrə şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntü olan bir ədəd “DVD” formatlı disk sübut növü hesab edilərək iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır (135-143). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin xeyli miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 05 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2024-cü il tarixdə, saat 14:10-dan tutulmuş hesab edilmişdir (i.v.22). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 07 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.77-78). “Qətimkan tədbirinin seçilməsi haqqında” 07 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.79-80). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 30 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Alıyev X3 Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən AR CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 03 il müddətə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə, 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən AR CM-in 263.2 və 264-cü maddələri ilə təqsirli bilinərək barəsində 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, AR CM-in 67.1-ci maddəsinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü təyin edilmiş cəza hazırki cəza ilə birləşdirilməklə ona qəti olaraq 05 il müddətə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə, 08 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən AR CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26 avqust 2010-cı il tarixli, 1(004)-176/2010 saylı hökmü ilə təyin edilmiş 05 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzası CM-in 67.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunan cəzaya tam birləşdirilməklə, ona qəti olaraq 5 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. (i.v.105-107). Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 1(004)- 218/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26 avqust 2010-cı il tarixli, 1(004)-176/2010 saylı hökmü ilə təyin edilmiş 5 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzası CM-in 67.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunan cəzaya tam birləşdirilməklə, ona qəti olaraq 5 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (i.v 112-117). Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 7(002)- 930/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndini tətbiq edilməsi barədə təqdimat təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 1(004)-218/2020 saylı hökmünə əsasən CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin Məcəllənin 67.5-ci maddəsinə əsasən qəti olaraq 05 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır (i.v 118-121). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 05 iyun 2024-cü il tarixli, 21-1/-3-11430-11 saylı məktubdan görünür ki, Alıyev X4 Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 1(004)-176/2010 saylı hökmü ilə təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası Yasamal Rayon Məhkəməsinin 1(004)-218/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzaya tam birləşdirilməklə ona qəti olaraq 05 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs əsas cəza müddəti başa çatdığından xx.xx.2021-ci il tarixdə azad edilmişdir. xx.xx.2024-cü il tarixə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəzanın çəkilmiş hissəsi 2 il 5 ay 16 gün, çəkilməmiş hissəsi isə 2 il 6 ay 15 gün təşkil edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etdiyini və peşman olduğunu (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 67.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, əlavə cəzanı çəkib qurtarmadan və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmasının mümkün olmadığını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə təyin olunmuş cəzanın çəkilməmiş 02 il 05 ay 13 gün müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzası AR CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya birləşdirilməklə ona qəti cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM- 65.2.) nəzərə alınmalı, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (iş materiallarında görünür ki, 05 mart 2024-cü il saat 14:10-da şübhəli şəxs qismində tutulmuş, 07 mart 2024-cü il saat 14:05 təqsirləndirilən şəxs qismində dindirməsi başa çatmış və bundan sonra prokuror qarşısına həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı çıxarılmış və prokuror tərəfindən vəsatətin müdafiə olunmasında imtina olunmasından sonra təqsirləndirilən şəxs azad olunmuşdur, bu isə şəxsin 48 saatdan artıq azadlığının məhdudlaşdırılmasının göstəricisidir), cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məhkəmə iclas zalından həbsə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “04 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 07 ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə təyin olunmuş cəzanın çəkilməmiş 02 il 05 ay 13 gün müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzası hazırkı hökmlə təyin olunmuş cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 il 05 ay 13 gün müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 mart 2024-cü il tarixdən 07 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 03 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 il 05 ay 13 gün müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 05 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan psixotrop maddə olan 0,351 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın Ekspertiza tədqiqatının dəyəri 89 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar