Məhkəmə qərarları › İş №1(004)-362/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-362/2025

12.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-362/2025 12.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2003-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talayıb, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgə əmlakını ələ keçirmək məqsədi ilə 26 aprel 2025-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs ünvan 4ə Mehman Bünyadzadə küçəsinin kəsişməsində yerləşən “Dream Tower” yaşayış kompleksinin yaxınlığında saxladığı 2200 manat dəyərində “Tufan Cub 50S” markalı, 99-G-653 dövlət qeydiyyat nişanlı motosikli, arxa hissəsində olan 120 manat dəyərində, üzərində “Wolt” yazısı olan göy rəngli termo çanta, həmin çantanın içərisində olan 120 manat dəyərində moto dəbilqə, 25 manat dəyərində 01 cüt moto əlcək, 15 manat dəyərində 01 ədəd şalvar və 50 manat dəyərində 01 ədəd gödəkçəni gizli yolla talayıb zərərçəkmiş şəxsə ümumilikdə 2.530 (iki min beş yüz otuz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 26 aprel 2025-ci il tarixində axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində gəzərkən bir neçə nəfərin motosikllərlə dayanıb söhbət etdiklərini görmüşdür. O, həmin vaxt işsiz olduğundan özü üçün motosikl alıb kuryer işləyərək pul qazanmaq qərarına gəlmişdir. Bu məqsədlə o, həmin şəxslərə yaxınlaşaraq Rəsul adlı şəxsdən 200 manat pul müqabilində “Tufan 50s” markalı motosikl almışdır. Həmin vaxt motosiklin arxa hissəsində üzərində “Volt” yazısı olan göy rəngli termo çanta iplə bağlı vəziyyətdə olmuşdur. Həmin motosikl sənədsiz və motoru nasaz vəziyyətdə olmuşdur. O, motosikli evə aparmaq məqsədilə dostu Şahid1 zəng vuraraq köməyə gəlməsini xahiş etmişdir. Hüseyn gəldikdən sonra onlar motosikli gətirib onun yaşadığı evin həyətində saxlamışlar. O, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra motosiklin oğurluq olması ona məlum olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, “Tufan 50S” markalı, 99-G-653 dövlət qeydiyyat nişanlı motosikl ona məxsusdur. 2025-ci ilin aprel ayının sonlarında o, həmin motosikli yaşadığı evin yaxınlığında, ünvan 2 ünvanının qarşısında saxlayaraq evə getmişdir. İki gün sonra, səhər saat 11:30 radələrində o, qeyd olunan ünvana yaxınlaşdıqda özünə məxsus motosiklin yerində olmadığını aşkar edib buna görə DİN-in 102 xidmətinə məlumat vermişdir. Bundan sonra əraziyə polis əməkdaşları gələrək baxış keçirmişdirlər. Motosikli oğurlanarkən arxa hissəsində 100 manat dəyərində, üzərində “Volt” yazısı olan termo çanta, 20-30 manat dəyərində moto dəbilqə, 20 manat dəyərində 01 cüt moto əlcək olmuşdur. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin ödənildiyini və onunla barışdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur. 26 aprel 2025-ci il tarixində “Memar Əcəmi” metrostansiyasının yaxınlığında olan zaman Vüqar ona zəng edərək mopedinin xarab olduğunu və ona kömək lazım olduğunu bildirmişdir. O, Vüqara etiraz etməyərək onun olduğu, Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi 205B ünvanına özünə məxsus mopedlə gəlmişdir. Bundan sonra Vüqar öz motosiklini onun mopedinə bağlamış və onlar birlikdə həmin mopedi Vüqarın yaşadığı evin həyətinə gətirmişlər. Bundan sonra onlar məhlədə qohumu Elminlə rastlaşmışlar, bir qədər dayanıb söhbət etdikdən sonra o, sağollaşaraq yaşadığı evə yollanmışdır. Səhərisi gün o, Vüqarın polis əməkdaşları tərəfindən saxlanıldığını eşitmişdir. 01 may 2025-ci il tarixində polis əməkdaşları onu bölməyə dəvət etdikləri zaman Vüqarın motosiklinin oğurluq olması ona məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Şahid1 onun qohumu, Təqsirləndirilən şəxs isə yaşadığı ərazidən tanıdığı dostudur. 26 aprel 2025ci il tarixində o, Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsində yerləşən “Araz” supermarketinin yaxınlığında tək dayandığı zaman Hüseyn və Vüqarı görmüşdür. Onlar ona yaxınlaşmış və birlikdə təxminən 20 dəqiqə ərzində dayanaraq söhbət etmişdirlər. Bundan sonra o, Hüseynlə birlikdə yaşadığı ünvana getmişdir. Səhəri gün polis əməkdaşları onu və Hüseyni bölməyə dəvət etdikləri zaman Vüqarın oğurluq yolu ilə motosikl əldə etməsi ona məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun nəvəsidir. Dəqiq xatırlamadığı tarixdə yaşadığı evə gəldiyi zaman polis əməkdaşlarının gəldiyini görmüşdür. O, nə baş verdiyini soruşduqda polis əməkdaşları ona nəvəsinin motosikl gətirdiyini bildirmişlər. Daha sonra o, evdə yaşayan şəxslərdən məsələni dəqiqləşdirdikdən sonra mətbəxdə saxlanılan qara rəngli “Tufan 50S” markalı, 99-G-653 dövlət qeydiyyat nişanlı motosikli Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinə aparıb könüllü olaraq polisə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 28 aprel 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Eldar Ağayev küçəsində yerləşən “Dream Tover” yaşayış kompleksinin qarşısıdır. Hadisə yerinə baxış zamanı hadisə yerinin 06 ədəd foto şəkli çəkilərək iş materiallarına əlavə edilmişdir. (i.v. 9-12) “İfadənin yerində yoxlanması haqqında” 03 may 2025-ci il tarixli protokoldan görünür ki, iş üzrə Şahid1 ünvan 4ə Mehman Bünyadzadə küçəsinin kəsişməsini göstərərək həmin ünvanda Təqsirləndirilən şəxs özünə məxsus olduğunu dediyi «Tufan Cub 50S» markalı, 99-G-653 dövlət qeydiyyat nişanlı motosiklin özünün idarə etdiyi mopedə qoşaraq sonuncunun yaşadığı ünvana aparmağa kömək etdiyini bildirirərək istintaq zamanı ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı hadisə yerinin 02 ədəd foto şəkli çəkilərək cinayət işinə əlavə edilmişdir. (i.v. 43-45) “Əşyanın şəxsə tanınmaya təqdim edilməsi barədə” 07 may 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 4 ədəd motosikl təqdim edildikdə sonuncu 4 ədəd motosikldən, 3-cü sıraya qoyulmuş «Tufan 50S» markalı motosikli göstərərək həmin motosiklin ona məxsus “Tufan 50S” markalı, 99-G-653 dövlət qeydiyyat nişanlı motosikl olmasını, həmin həmin motosiklin oğurlanmamışdan əvvəl qırmızı rəngdə olduğunu, sonradan qara rənglə boyanmasını, motosikli xarici görünüşünə görə tanımasını bildirdi. (i.v. 66-67) 22 may 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 Sadiq oğlu 26 aprel 2025-ci il tarixdə, təxminən saat 01:00 radələrində tanışı Təqsirləndirilən şəxs ilə ünvan 3 ünvanında ilə görüşüb sonuncunun xahişi ilə ünvan 4ə Mehman Bünyadzadə küçəsinin kəsişməsinə gedərək Təqsirləndirilən şəxs özünə məxsus olduğunu və nasaz olduğunu bildirdiyi «Tufan Cub 50S» markalı, 99-G-653 dövlət qeydiyyat nişanlı motosikli həmin ünvandan sonuncunun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, İsrafil Həşimov küçəsinə aparmağa kömək etməsini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (i.v. 119-123) “Sübutların qiymətləndirilməsi haqqında” 22 may 2025-ci il tarixli qərardan görünür ki, “Tufan 50S” markalı, 99-G-653 dövlət qeydiyyat nişanlı motosikl, 01 cüt əlcək, 01 ədəd dəbilqə, 01 ədəd şalvar və 01 ədəd gödəkçə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılmışdır. (i.v. 124-133) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni “Tufan 50S” markalı, 99-G-653 dövlət qeydiyyat nişanlı motosiklı Rəsul adlı şəxsdən 200 manata alması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. CM-nin: 177.1-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)-252/2025 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində həbsdə və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 14 (on dörd) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmuş və o, dərhal məhkəmə iclas zalından həbs edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 28 aprel 2025-ci il tarixdən hesablanmışdır. (i.v. 48-58) Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(103)-1269/2025 saylı qərarına əsasən apellyasiya şikayəti təmin edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-252/2025 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. “Təqsirəndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması barədə” 16 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)-252/2025 saylı hökmünə əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməsi nəzərə alınmışdır. (i.v. 101-102) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 109-110) Zərərçəkmiş şəxs tərəfindən verilmiş 18 iyul 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində cinayət işinə xitam verilməsi ilə bağlı qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi və cinayətləri törətmiş şəxs heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edıimış, əsaslar uzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə həmin cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinəyət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azerbaycan Respublikası məhkəməsinin müraciətinə dair" 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum olunmuş şəxsin barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubliksı Cinayət Məcəlləsinin 221.3-cü madəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib və CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 09 (doqquz) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Onun törətdiyi əməl Binəqədi Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli hökmündən əvvəl törədildiyindən ona Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, barəsində olan cinayət işinin məhkəmə istintaqı dövründə bir daha cinayət əməlinin törətməsini və hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-in 66.2 və 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)-252/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan cəzaya qismən toplanmalı və ona qəti olaraq cəzası təyin olunmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə 08 avqust 2024-cü il tarixdən 22 oktyabr 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 02 (iki) ay 14 (on dörd) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və onun azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalı, cəzaçəkmənin əvvəli 28 aprel 2025-ci il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Tufan 50S” markalı, 99-G-653 dövlət qeydiyyat nişanlı motosikl, 01 cüt əlcək, 01 ədəd dəbilqə, 01 ədəd şalvar və 01 ədəd gödəkçə qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən məhkəmədə iştirak etdiyi və iş materilları ilə tanış olduğu 35 (otuz beş) saata görə 385 (üç yüz səksən beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)-252/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan cəzaya qismən toplansın və ona qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə 08 avqust 2024-cü il tarixdən 22 oktyabr 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 02 (iki) ay 14 (on dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 28 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Maddi sübut kimi tanınmış “Tufan 50S” markalı, 99-G-653 dövlət qeydiyyat nişanlı motosikl, 01 cüt əlcək, 01 ədəd dəbilqə, 01 ədəd şalvar və 01 ədəd gödəkçə qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 385 (üç yüz səksən beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirilən şəxsə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar