Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-365/2022 30.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Əlizadə Şamil Akif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru X1, Zərərçəkmiş şəxs Əliabas oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1975-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyalı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, 03 fevral 2022-ci il tarixdə saat 16 radələrində ünvan 2 ünvanda yerləşən Yasamal Qəbirstanlığında mollalıq fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs Əliabas oğlunun ondan söz soruşmasını cüzi səbəb kimi qəbul edib heç bir əsaslı səbəb olmadan onun ünvanına nalayiq ifadələr işlətdikdən sonra aralarında baş vermiş münaqişə zamanı xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs sinəsinə yumruqla vurub badalaq fəndi işlədərək yerə yıxıb Vİİ-Vİİİ qabırğalarının yerdəyişən sınığı kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş bədən xəsarəti yetirərək Zərərçəkmiş şəxs Əliabas oğluna qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Yasamal rayonu ərazisində yerləşən Yasamal Qəbirstanlığında mollalıq fəaliyyəti ilə məşğul olur, Zərərçəkmiş şəxs Əliabas oğlu da həmin qəbirstanlığında mollalıq fəaliyyəti ilə məşğul olur. 03 fevral 2022-ci il tarixdə Yasamal Qəbirstanlığının "Qurd Qapısı" restoranına tərəf çıxışı olan hissədə məzarların arasında dayanıb müqqədəs "Qurani Kərim" kitabından sürə oxuyurmuş. Həmin vaxt Zakir ona yaxınlaşıb kiminsə gəlib gəlmədiyi barədə soruşmuş, o, “Qurani Kərim” kitabını oxuduğu üçün Zakirə əli ilə işarə eləmişdir ki, xəbəri yoxdur. Həmin vaxt Şahid2 və Şahid1 onlardan bir qədər aralıqda dayanmışlar. O “Qurani Kərim” kitabını oxuyub qurtarandan sonra Zakir bir daha ona yaxınlaşmış, tam xatırlamadığı bir müştərini görüb görmədiyini bir daha soruşmuş, o, heç kimi görmədiyini həmin şəxslər üçün kimin “Qurani Kərim” oxuduğunu bilmədiyini demişdir. Bundan sonra Zakir ona həmin müştərinin kimə “Qurani Kərim” oxutdurduğunu bilərəkdən demədiyini bildirərək onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Bundan sonra o Zakirə ondan uzaq olmasını bildirib əlini-üzünü yumaq üçün su başına düşmüşdür. Lakin buna baxmayaraq Zərərçəkmiş şəxs onun arxası ilə gələrək ona qarşı xoşagəlməz ifadələr işlətməkdə davam etmişdir. Bundan sonra o, Zakirin yaxasından tutub özünə tərəf çəkmişdir və onlar hər ikisi yerə yıxılmışlar. Zakir yerdən qalxıb ona qarşı nalayiq ifadələr işlətməyə davam etmişdir. Bu zaman həmin ərazidə taksi fəaliyyət ilə məşğul olan Ömər adlı şəxs gəlib Zakiri aralayıb aparmış və Zakir hansısa məzarın üstünə “Qurani Kərim” oxumağa getmişdir. Bundan sonra Zakir onun barəsində polisə şikayət ətməməsi üçün ondan 500 manat, daha sonra əlavə olaraq 300 manat, sonra isə 1000 manat pul istəmiş o isə həmin məbləğdə pulu Zakirə verməyə razılaşmışdır. Lakin Zakir həmin məbləğlə kifayətlənməyərək ondan əlavə 1500 manat, daha sonra 10.000-15.000 manat pul tələb etmişdir. Lakin o hazırda mollalıq fəaliyyəti ilə məşğul olur, himayəsində 2 uşağı var, zərərçəkmiş şəxslə barışıq etmək üçün dəfələrlə cəhd etməsinə baxmayaraq hazırki gəliri zərərçəkmiş şəxsin ondan tələb etdiyi məbləğdə pulu ödəməyə imkan vermir. Əməlindən peşimandır, himayəsində azyaşlı uşağının olmasını və onun ailənin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Əliabas oğlu ifadəsində göstərdi ki, 1998-ci ildən Yasamal rayonu, ərazisində yerləşən Yasamal Qəbirstanlığında molla kimi fəaliyyət göstərir. 03 fevral 2022-ci il tarixdə saat təxminən 16 radələrində Yasamal Qəbirstanlığında mollalıq fəaliyyəti ilə məşğul olan İlqar adlı şəxsdən söz soruşanda, İlqar buna narazılığını bildirmiş və demişdir ki, “əl çək məndən”. O, isə ona cavabında bildirmişdir ki, “burada nə var ki, səndən söz soruşuram”. Buna görə aralarında mübahisə başlamış və İlqar onun yaxasından tutub kənara çəkmişdir. Bundan sonra İlqar ona badalaq fəndi işlədərək yerə yıxmışdır. O sağ tərəfinin üzərinə yerə yıxılmış və qabırğa nahiyyəsindən xəsarət almışdır. Onların arasında olan mübahisə 10-15 dəqiqə davam etmişdir. Onları ətrafda olan şəxslər aralamışlar. 10 fevral 2022-ci il tarixdə bədənində olan ağrılarla bağlı Zabrat Müalicə-Diaqnostika mərkəzinə müraciət etmişdir. Orada onun Vİİ-Vİİİ qabırğalarında sınıq xətli izlənildiyi müəyyən edilmişdir. Əlavə olaraq bildirmişdir ki, o İlqara yaxınlaşıb söz soruşan zaman İlqar ifadəsində göstərdiyi kimi “Qurani Kərim” kitabını oxumurdu və o İlqarı təhqir etməmiş, ümumiyyətlə ona qarşı heç bir nəlayiq ifadə işlətməmişdir. Yekun olaraq Təqsirləndirilən şəxs onunla barışması üçün etdiyi 1500 manat məbləğində təklifi qəbul etmir, hazırda onun himayəsində 2 universitetdə oxuyan uşağı var və aldığı xəsarətlə bağlı işləyə bilmir, bu səbəbdən o barışıq üçün 3000 manat məbləğində pul tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Yasamal rayonu ərazisində yerləşən Yasamal Qəbirstanlığında mollalıq fəaliyyəti ilə məşğul olur. 03 fevral 2022-ci il tarixində saat 16-17 radələrində Şahid2 ilə Yasamal Qəbirtstanlığının giriş qapısının yanında əyləşmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs bir qədər kənarda olan qəbirlərin arasında oturub “Qurani Kərim” kitabını oxuyurmuş. Bu zaman Zərərçəkmiş şəxs İlqara yaxınlaşıb kiminsə gəlib-gəlmədiyi barədə soruşmuş, İlqar isə “Qurani Kərim” kitabını oxuduğu üçün Zakirə əli ilə işarə eləmişdir ki, xəbəri yoxdur. Bundan qısa bir müddət sonra Zakir bir daha İlqara yaxınlaşaraq hansısa müştəriyə kimin “Yasin” oxuduğunu soruşmuş, İlqar isə buna cavab olaraq bimədiyini demişdir. Bundan sonra Zakir onu təhqir etmiş, İlqar isə Zakiri bir qədər kənara çəkərək yaxsından tutub özünə tərəf dartdıqda hər ikisi yerə yıxılmışlar. Bu zaman yaxınlıqda olan Ömər adlı şəxs onları aralamışdır. Daha sonra Zakir yerdən qalxaraq hansısa qəbirin üstünə “Yasin” oxumağa getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər şаhid Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 28 fevral 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Yasamal qəbirsanlığı”nın ərazisidir. (i.v. 7-10) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 11 mart 2022-ci il tarixli, 203 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Əliabbas oğlunun almış olduğu xəsarətlər sağ Vİİ-Vİİİ qabırğaların yerdəyişən sınığı küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə, törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa az zərər vurmaya aiddir. (i.v. 19-21) 13 aprel 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Əliabbas oğlu ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (i.v. 38-40) “İfadənin yerində yoxlanılması haqqında” 19 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yerləşən “Yasamal Qəbirstanlığı”nın girişini göstərib bildirdi ki, 03 fevral 2022-ci il tarixdə Yasamal Qəbirstanlığının "Qurd Qapısı" restoranına tərəf çıxışı olan hissədə məzarların arasında dayanıb müqqədəs "Qurani Kərim" kitabından sürə oxuduğunu. Yaxınlığında Şahid2 və Şahid1 adh şəxslərin bir qədər aralıda isə Zərərçəkmiş şəxs dayandığını bildirdi. Bu zaman Zakirin ona yaxınlaşıb kiminsə gəlib gəlmədiyi barədə soruşduğunu, o, Qurani Kərimi oxuduğu üçün Zakirə əli ilə işarə elədiyini xəbəri olmadığnı bildirmişdir. Qurani Kərimi oxuyub qurtarandan sonra Zakirin yenə ona yaxınlaşdığını, tam xatırlamadığı adamı görüb görmədiyini bir daha soruşduğunu, o. heç kimi görmədiyini həmin şəxslər üçün kimin Qurani Kərim oxuduğunu bilmədiyini dedi. Zərərçəkmiş şəxs onun guya qəsdən xəbər verdməiyini bildirib onu nalayiq ifadələrlə təhqir etməyə başladığını bildirmişdir. O, Zakirə, oruc tutduğunu, ondan uzaq olmasını və yanından aralanıb əlini-üzünü yumaq üçün su başına düşdüyünü bildirmişdir.Zərərçəkmiş şəxs onu nalayiq ifadələrlə təhqir edərək arxasınca gəlib yaxasından tutub təhqir etməyə başladığını bildirmişdir. O, Zakirin əlini yaxasından çəkib itələdiyini ondan uzaqlaşmağını, bu zaman Zakirin yerə yıxıldığını bildirmişdir.Zərərçəkmiş şəxs yerdən qalxıb onu nalayiq ifadələrlə təhqir etməyə davam etdiyini həmin ərazidə taksi fəaliyyət ilə məşğul olan Ömər adh şəxsin gəlib Zakiri aralayıb apardığını bildirmişdir. Bu zaman Zakirin onun barəsində şikayət edəcəyi ilə hədələdiyini, bir neçə gün sonra Zərərçəkmiş şəxs ona yaxınlaşıb ondan 500 manat pul istədiyini onun barəsində şikayət etməyəcəyini bildirmişdir.O, Zakirlə razılaşmayıb sonuncunu yanından uzaqlaşdığını bildirmişdir. (i.v. 41-42) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün və zərərçəkmiş şəxslərin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”nın 19-cu bəndinə əsasən, Sağlamlığın qısa müddətə pozulması dedikdə, əmək qabiliyyətinin 21 (iyirmi bir) gündən – 3 (üç) həftədən az olan müddətdə müvəqqəti itirilməsi başa düşülməlidir. Həmin Qaydaların 20-ci bəndinə əsasən, Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Sağlamlığı qısa müddətə pozan yüngül zərər vurmaya aid edilə bilərlər: 1) Xİ-Xİİ qabırğalar istisna olmaqla 1 (bir) qabırğanın fraqmentlərinin yeri dəyişməyən sınıqları; 2) burun sümüyünün cərrahi müdaxilə tələb etməyən, əhəmiyyətli deformasiyası olmayan sınığı; 3) əl və ayaq barmaqlarının falanqa sümüklərinin sadə (yerini dəyişməyən, qəlpəsiz) sınıqları (əllərin İ barmaqları, ayaqların İ, İİ və İİİ barmaqları istisna olmaqla); 4) stasionar və ambulator müalicə alıb-almamasından asılı olmayaraq cərrahi tikilən və ya cərrahi tikişə ehtiyacı olan yaralar; 5) baş beyin silkələnməsi. Qeyd: a) həyat üçün təhlükəli olmayan baş beyin əzilmə və silkələnmələrinin zərər vurma dərəcəsinin təyinində bu zədələrə dair metodik tövsiyə rəhbər tutulmalıdır; b) əgər yetirilmiş xəsarətlər əmək qabiliyyətinin müvəqqəti itirilməsinə və ya ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsinə səbəb olmayan sıyrıq, qançır, cərrahi tikişə ehtiyacı olmayan kiçik yaralar halındadırsa, onda bu xəsarətlərin xarakteri, lokalizasiyası, onları törətmiş əşyanın xüsusiyyətlərini əks etdirən əlamətləri, əmələ gəlmə müddəti və mexanizmi qeyd edilməklə onların sağlamlığa zərər vurmadığı göstərilməli və dərəcəsi təyin edilməməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Qaydalarda sağlamlığa az ağır zərər vurmanın ifadə olunduğu xəsarətlər sadalanmasa da, belə zərərə xırda sümüklərin sınığı, kiçik oynaqların çıxığı, müalicəsi 21 gündən artıq davam edən yaralanmalar, nitqin çətinləşməsi, eşitmə və görmə qabiliyyətinin əhəmiyyətli dərəcədə zəifləməsi və.s aid edilir. Cinayət qanunvericiliyində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti həyat və sağlamlıq əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər çıxış edir. Qəsdən sağlamlığa az ağır zərər vurma obyektiv cəhətdən CM-in 127-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərlə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlərin törədilməsi nəticəsində CM-nin 126-cı maddəsində nəzərdə tutulmuş nəticələr mövcud olmamalıdır; ikincisi, belə ictimai təhlükəli nəticə sağlamlığın uzun müddət pozulmasında və ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsində ifadə olunmalıdır; üçüncüsü isə bu əməllə ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmalıdır. Qeyd olunmalıdır ki, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına az ağır zərər vurmada ifadə olunur. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi sağlamlığa zərər vurmaq üçün bəhanə etməklə törədilir. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox hallarda təqsirkarın neqativ davranışı barədə zərərəçəkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Əməlin xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Əgər digər motivlər (qisas, qısqanclıq və.s) xuliqanlıq niyyətinin tərkib hissəsi kimi çıxış edirsə, bu zəmində törədilən qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Buna görə də, qəsdən sağlamlığa az ağır zərər vurmada motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın sağlamlığa zərər vurmadan əvvəlki, sağlamlığa zərər vurma prosesində və cinayət törədildikdən sonra hər bir davranışı dərindən təhlil edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1 və 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya qərarının 1.1-ci bəndinə əsasən azad olunmuşdur. (i.v. 45-46) AZ-İİ № 248219 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxsdur. (i.v. 69) AZ-İİİ № 099112 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxsdur. (i.v. 70) “Qətimkan tədbiri seçilməsi haqqında” 28 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 71) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf etməklə səmimi peşmançılığını, himayəsində iki azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışığa real cəhd etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş zərərin əvəzi kimi 1500 manat pul təklif edərək, daha artıq məbləğdə pul təklif etmək imkanının olmadığını bildirmiş, lakin zərəçəkmiş şəxs barışıq üçün daha artıq məbləğdə pul tələb etmişdir. Bundan əlavə zərəçəkmiş şəxs tələb etdiyi məbləğin hazırki ittihamla əlaqəsinə dair faktiki və hüquqi əsasları barədə məhkəməyə hər hansı dəlil təqdim edə bilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını, himayəsində iki azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışığa real cəhd etməsini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müəyyən ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini müəyyən vaxtlarda tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin0 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı, Sumqayıt şəhələrinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-365/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-365/2022
30.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver