Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-366/2024 21.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Seyidovun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X1, müdafiəçi Bakı şəhəri 36 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 15 avqust 1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 24 dekabr 2023-cü il tarixdə saat 13:00 radələrində ünvan 2 ünvanında gələrək usta kimi işləyən Zərərçəkmiş şəxs3 Ənvar oğluna özünü usta kimi təqdim edərək ev sahibinin qapı düzəltməsi üçün göndərdiyini bildirərək sonuncunun icazəsi ilə həmin mənzilə daxil olmuş, daha sonra mənzilin yataq otağında olan asılqana asılmış Zərərçəkmiş şəxs3 məxsus olan şalvarının arxa cibindən həmin dövr üzrə azərbaycan manatı ilə 374 manat olan 220 ABŞ dolları və 385 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 759 (yeddi yüz əlli doqquz ) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədilə 09 yanvar 2024-cü il tarixdə saat 10:00 radələrində özünü ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs4 yalandan “KATV” şirkətinin əməkdaşı kimi təqdim edib mənzildən keçən kabellərə baxış keçirmək adı ilə həmin mənzilə daxil olmuş, daha sonra qonaq otağında olan və saxlanc yeri hesab edilən şüşəli şkafın qapısını açaraq saxlanc yerinə qanunsuz daxil olmaqla oradan Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd 940 manat dəyərində 583 əyarlı, Rusiya istehsalı olan, üzəri briliyant qaşlarla bəzədilmiş, çəkisi 10 qram olan sarı rəngli qızıl metaldan hazırlanmış üzüyü, 01 ədəd 1060 manat dəyərində 750 əyarlı, İtaliya istehsalı olan, üzəri briliyant qaşlarla bəzədilmiş, çəkisi 10 qram olan sarı rəngli qızıl metaldan hazırlanmış üzüyü, 01 ədəd 170 manat dəyərində 925 əyarlı, İtaliya istehsalı olan, gül formalı, çəkisi 20 qram olan gümüş üzüyü, 01 ədəd 200 manat dəyərində 925 əyarlı, İtaliya istehsalı olan, üzəri yaşıl rəngli adi qaşlarla bəzədilmiş, çəkisi 15 qram olan gümüş üzüyü, 01 ədəd 62 manat dəyərində, adi ağ rəngli paslanmayan metaldan hazırlanmış, 07 qram çəkidə, üzərində budaqşəkilli mirvari qaşı olan üzüyü və 01 ədəd 68 manat dəyərində, adi sarlı rəngli paslanmayan metaldan hazırlanmış, 10 qram çəkidə, üzəri ağ və albalı rəngli qaşlarla bəzədilmiş üzüyü gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 11 fevral 2024-cü il tarixdə saat 16:00 radələrində ünvan 4 ünvanında yaşayan Şahid2 mənzilinə gələrək özünü binada təmir işləri aparan usta kimi təqdim edərək sonuncunun icazəsi ilə həmin mənzilə daxil olmuş, daha sonra mənzilin qonaq otağında olan şkafın üzərindən Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 350 manat dəyərində 750 əyarlı üzərində tək qaşı olan qızıl materialdan hazırlanmış üzüyünü, 01 cüt 350 manat dəyərində içərisində cartier yazısı olan qızıl materialdan hazırlanmış qızıl sırğanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 700 (yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 12 fevral 2024-cü il tarixdə saat 22:10 radələrində ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 əlində olan torbaları mənzilə qaldırmasına kömək edib, özünü usta kimi təqdim edib sonuncunun icazəsi ilə mənzilə daxil olmuş, daha sonra mənzilin yataq otağında olan və saxlanc yeri hesab edilən paltar dolabın qapısını açaraq saxlanc yerinə qanunsuz daxil olmaqla pencəyinin cibindən içərisində 995 manat pul, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd ABB banka məxsus bank kartı olan 5 manat dəyrəində pul kisəsini və üzərində 10 manat dəyərində kəmər və cibində 55 manat pul olan 100 manat dəyrəində şalvarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1165 (bir min yüz altımış beş) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırkı işə hazırlıq iclasında baxılarkən ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulub-pozulmaması barədə məsələlər araşdırılmış, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303cü maddələrinin tələblərini rəhbər tutmaqla, cinayət işinin ibtidai istintaqı zamanı məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, o cümlədən, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarılmalıdır. Belə ki, məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilən hazırlıq iclasında iştirak edən Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində ünvan 6 ünvanında gizli olaraq talanmış 01 ədəd 350 manat dəyərində 750 əyarlı üzərində tək qaşı olan qızıl materialdan hazırlanmış üzük, 01 cüt 350 manat dəyərində içərisində cartier yazısı olan qızıl materialdan hazırlanmış qızıl sırğanın onun özünə deyil, həyat yoldaşına məxsus olduğunu, 2018-ci ildə evlənənə yaxın hədiyyə kimi həyat yoldaşına alındığını, həmin qızıl əşyalarının həyat yoldaşının əmlakı olduğunu, həmin əşyalara sərəncam hüququnun həyat yoldaşına məxsus olduğunu, 1 cüt sırğanı qaynanasının yoldaşına hədiyyə etdiyini, üzüyü isə özünün yoldaşına toy münasibəti ilə hədiyyə etdiyini, oğurluq nəticəsində maddi ziyanın ona deyil, həyat yoldaşına dəydiyini, müstəntiqə oğurlanmış əmlakların özünə məxsus olduğunu bildirmədiyini göstərmişdir. İş materiallarında olan: 3-13-53-3/2-1422 saylı raportdan da görünür ki, Şahid2 15 fevral 2024-cü il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 28-ci polis şöbəsnə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə evinə gəlmiş naməlum şəxsin onun fikrini qəsdən yayındıraraq qonaq otağında olan dolabdan 700 manat dəyərində bir ədəd qızıl üzüyün və bir cüt qızıl sırğanın oğurlanması barədə məlumat vermişdir. “Cinayət işini başlama və icraata qəbul etmə və zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 22:10 radələrində ünvan 7 ünvanında yaşayan X4 mənzilinin sanitar qovşağına girməsindən istifadə edərək mənzilin yataq otağında olan paltar dolabın asdığı pencəyinin cibindən içərsində 995 manat pul, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd ABB banka məxsus bank kartı olan pul kisəsini gizli olaraq talayaraq vətəndaş X5 ümumilikdə 995 manat məbləğində maddi ziyan vuraraq təkrarən oğurluq etmişdir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 izhatından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində yataq otağında olan pencəyinin cibinə baxanda pul kisəsinin olmadığını gördükdə oğurlandığını başa düşmüşdür. xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxsin dindirmə protokolunda” Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə saat 22 radələrində ona pul lazım olduğu üçün mən mənzilin yataq otağına daxil olmuş və yataq otağında olan dolabın içərisindəki pencəyinin cibindənki pul kisəsini götürmək istəmiş və bu zaman oğurlandığını aşkar etmişdir. Həmçinin həmin gün saat 12:30 radələrində marketdən ərzaq alıb evlərinə gələn zaman binanın blokunda bir nəfər şəxsin dayandığını gördüyünü, onun sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyini, yaşlı olduğu üçün onu köməyə çagırdığını, həmin şəxslə evə daxil olduqlarını və həmin vaxt ayaqyoluna getdiyini bildirmişdir. 14 may 2024-cü il tarixli İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını talamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 22:10 radələrində ünvan 5 ünvanında Zərərçəkmiş şəxs1 əlində olan torbaları mənzilə qaldırmasına kömək edib, özünü usta kimi təqdim edib sonuncunun icazəsi ilə mənzilə daxil olmuş, daha sonra mənzilinin yataq otağında olan və saxlanc yeri hesab edilən paltar dolabının qapısını açaraq saxlanc yerinə qanunsuz daxil olmaqla pencəyinin cibindən 995 manat pul, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd ABB banka məxsus bank kartı olan 5 manat dəyərində pul kisəsini və üzərində 10 manat dəyərində kəmər və cibində 55 manat olan pul olan 100 manat dəyərində şalvarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1165 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı dövlət ittihamçısı şifahi olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs və müdafiəçisi məhkəmə baxışının təyin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 göstərdiyi xüsusatları nəzərə alaraq hesab edir ki, cinayət işinə baxılmasına xitam verilməli və onun ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 87.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. 87.4-cü maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən bu barədə qərar qəbul olunduğu andan şəxs zərər çəkmiş şəxs qismində tanınır. Cinayət işi başlanan anda şəxsi zərər çəkmiş şəxs qismində tanımağa əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. 87.6.1-87.6.10-cu maddələrinə əsasən zərər çəkmiş şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir: 87.6.1. ittihamın mahiyyətini bilmək; 87.6.2. ifadə vermək; 87.6.3. izahat vermək; 87.6.4. cinayət işinə əlavə olunması və məhkəmə iclasında tədqiq edilməsi üçün materiallar təqdim etmək; 87.6.5. etirazlar etmək; 87.6.6. vəsatətlər vermək; 87.6.7. məhkəmə istintaqı başlananadək hər an onun xüsusi ittihamçı qismində tanınmasını tələb etmək; 87.6.8. cinayət prosesini həyata keçirən orqanların hərəkətlərinə qarşı öz etirazını bildirmək və həmin etirazın istintaq və ya digər prosessual hərəkət protokollarında qeyd olunmasını tələb etmək; 87.6.9. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq və protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlər vermək; istintaq və ya digər prosessual hərəkətlərdə iştirak edərkən, habelə məhkəmə iclasında qeyd olunması zəruri olan halların protokolda öz əksini tapmasını tələb etmək; məhkəmə iclasının protokolu və ona əlavə edilmiş audioyazı ilə tanış olmaq, protokola qeydlərini vermək; 87.6.10. ibtidai istintaq başa çatdığı, o cümlədən cinayət işinin icraatına xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq. 284.1.1-ci maddəsinə əsasən ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir. 284.2-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. 285.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. 285.-ci maddəsinə əsasən cinayət prosesinin iştirakçılarını cinayət işinin materialları ilə tanış edərkən müstəntiq onların xahişi ilə müvafiq texniki vasitələrdən istifadə etməklə protokollara əlavə edilən yazılar, fotoşəkillər, çəkiliş lentləri və başqa məlumat daşıyıcılarını nümayiş etdirir. 285.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs və müdafiəçi cinayət işinin materialları ilə cinayət prosesinin digər iştirakçılarından əvvəl tanış olur və bu tanışlığı birlikdə və ya ayrı-ayrılıqda aparmaq hüququna malikdirlər. Zərər çəkmiş şəxs, mülki iddiaçı və ya mülki cavabdeh cinayət işinin materialları ilə öz nümayəndəsi ilə birlikdə tanış olmaq hüququna malikdirlər. 285.5-ci maddəsinə əsasən cinayət işinin materialları ilə tanış olan şəxslər ona aid zəruri sənədlərdən çıxarışlar etmək, surət çıxarmaq, maddi sübutların fotoşəklini çəkmək hüququna malikdirlər. 287.1-ci maddəsinə əsasən cinayət işinin materialları ilə tanış olduqdan sonra müstəntiq təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin və onların nümayəndələrinin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsi barədə vəsatətlərinin olubolmamasını aydınlaşdırır. Cinayət prosesi iştirakçısının xahişi ilə yazılı vəsatətin hazırlanması və verilməsi üçün 48 saatadək vaxt verilə bilər. 287.2-ci maddəsinə əsasən vəsatətin tam və ya qismən rədd edilməsi haqqında müstəntiq əsaslandırılmış qərar çıxarır və həmin qərarın surətini vəsatətin verildiyi andan 48 saatdan gec olmayaraq vəsatəti vermiş şəxsə təqdim edir. Vəsatət həll edilməyənədək cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilə bilməz. 287.3-cü maddəsinə əsasən müstəntiqin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsindən imtina olunması barədə qərarından bu vəsatətin rədd edilməsi barədə qərarın surəti verildiyi vaxtdan 48 saat müddətində istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət verilə bilər. 288-ci maddəsinə əsasən vəsatətin kimin tərəfindən verilməsindən və kimin mənafeyinə toxunmasından asılı olmayaraq, vəsatət təmin edildikdən sonra müstəntiq təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, habelə zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə cinayət işinin materiallarının vəsatətə dair hissəsi ilə tanış olmaq üçün imkan yaratmalıdır. 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 284—288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. 289.3.1. cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar; 289.3.5-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsindəzərər çəkmiş şəxsi səciyyələndirən hallar göstərilir. 292.2-ci maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsə və onun qanuni nümayəndəsinə, habelə zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə, onların qanuni nümayəndələrinə və nümayəndələrinə gələcəkdə vəsatət və şikayətlərini məhkəməyə göndərmək hüququnu izah etməklə cinayət işinin məhkəməyə göndərilməsi barədə onlara dərhal məlumat verməlidir. 290.2.11 və 290.2.12-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror müstəntiqin tərtib etdiyi ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğunluğunu, o cümlədən, AR CPM-nin müddəalarına uyğun olaraq ibtidai istintaqın aparılma qaydalarına riayət edilməsini yoxlamaq üçün ittiham aktı ilə daxil olmuş cinayət işini öyrənir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli Plenum qərarının 5.10-cu bəndinə əsasən Nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyaları onların ayrıca əmlakı sayılır və Ailə Məcəlləsinin 34.2-ci maddəsində müəyyən edilmiş istisnanın təsir dairəsinə düşmür. Məhkəmə tərəfindən iş materiallarının ilkin öyrənilməsi zamanı aşkar edildi ki, ittiham aktı ilə cinayət işi materialları arasında cinayətin törədlimə vaxtı ilə bağlı ziddiyyətlər də mövcuddur. Məhkəmə qeyd edir ki, cinayət nəticəsində maddi, mənəvi və fiziki zərər vurulmamış şəxsin zərərçəkmiş şəxs kimi tanınması cinayət əsasında həqiqətən zərərçəkmiş şəxsin hüquqlarının pozulması və AR CPM-nin ona verdiyi hüquqlardan istifadə etməsinin qanunsuz olaraq istisna edilməsi ilə nəticələnir ki, bu isə yolverilməz olmaqla məhkəməyə təqdim edilmiş ittiham aktının AR CPM-nin 289 və 290.3.2-ci maddələrinin tələblərinə uyğun olmamasının göstəricisidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır; 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir; 303.3.6-ci maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmamasından ibarət kobud pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı ibtidai araşdırma orqanı tərəfindən yol verilmiş pozuntular əhəmiyyətli və kobud olduğundan və aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından hazırkı cinayət işinin baxılmasına xitam verilməli və qeyd olunan pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilərək, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə cinayət işi üzrə CPM-nin yuxarıda qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin müstəntiqi, polis kapitanı X6 barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Bununla yanaşı CPM-nin 306.1-ci maddələrinin müddəaları baxımından cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul etmiş məhkəmə, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi, uzadılması və ya ləğv edilməsi ilə bağlı məsələyə münasibət bildirməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Təqsirləndirilən şəxs həbsdə saxlanılması üçün maddi və prosessual əsasların aradan qalxmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 173.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı hallar istisna olmaqla, qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin müstəntiqi, polis kapitanı X6 barəsində ayrıca xüsusi qərar çıxarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin 04 iyul 2024-cü il tarixədək müəyyən edilməsi nəzərə alınsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-366/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-366/2024
21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver